Şeir çox uzanacaq, yazmıram olanları...

Şeir çox uzanacaq, yazmıram olanları...
8 iyul 2013
# 13:45

Səni fikirləşirəm

Səni fikirləşirəm,

Səadətdən yazıram.

Qolumdakı saatın daha hər saniyəsi

Səni salır yadıma.

Məhəbbətdən yazıram.

“Sədaqət” qala-qala

“Xəyanət” qafiyəsi

Yaraşmayır adıma...

Səni fikirləşirəm

Fikirlərim qarışır.

Əllərini tutanda

Həyəcandan əllərim

Əsməməyə çalışır.

Baxma hərdən susuram,

Əgər oxuya bilsən

Baxışlarım danışır...

Səni fikirləşirəm

Hər gün, hər an, hər saat.

Duymayanda səsini bərk oluram narahat.

Mən, səni düşünürəm,

Düşünmədən görəsən

Nə düşünər camaat?!

Səni fikirləşirəm

Niyə belə fikirli dönürsən evinə sən?

Bilmirəm ki, nə edim azacıq sevinəsən.

Danışasan-güləsən,

Həyatdan bezməməyi

Öyrənəsən, biləsən

Axı niyə beləsən?!

Səni fikirləşirəm

Yadımdadır hamısı.

Mehriban davranışın,

Sevgi dolu baxışın.

Ağır-ağır yerişin,

İncə-incə qaçışın.

Öpərdi saçlarını damcıları yağışın.

Mən də o damcıları...

Beləcə unudardıq biz bütün ağrıları.

Yenə fikirləşirəm

Birgə yaşadığımız

Bütün xoşbəxt anları.

Şeir çox uzanacaq

Yazmıram olanları...

Gələcəyəm

Gözlərimdən itsən də sən,

Mənə vida etsən də sən,

İnanmıram unudasan

Uzaqlara getsən də sən.

Yorulmadan axşam-səhər

Küçə-küçə, şəhər-şəhər

Sorağına gələcəyəm.

Yerə vurma bu cəhdimi,

Məni üzmək fərəhdimi?

İnanma ki pozacağam

Öz andımı, öz əhdimi.

Sızlasa da könül simi

Alovlu bir öpüş kimi

Dodağına gələcəyəm.

Kaş itsə də neçə ilim,

Əllərinə dəysin əlim.

Kaş bir də gözündəki

Səadəti görə bilim.

Əgər mənə versən izin,

Sürünərək dizin-dizin

Ayağına gələcəyəm.

Dayan, bəlkə sənsən elə

Mahnıdakı qaragilə.

Yat hələ ki,

doyunca yat.

Mən gedəsi olsam belə,

Üz qoyacam qayıtmağa.

Bir gün səni oyatmağa

Otağına gələcəyəm

Günah eləmə

Desə qəmin çoxdur həkim, razıyam,

Üzsün taqətimi yüküm, razıyam.

Sənin də dərdini çəkim razıyam

Təki sən ağlama, sən ah eləmə...

İnan əhdimdəki sədaqətimə,

Bələd ol eşqimə, cəsarətimə

Dəyər ver, dəyərli məhəbbətimə

Bundan artığına tamah eləmə...

Şirin rəftarınla xoşa gələrsən,

Qəlbindən acını, qəmi silərsən

Sən məni bu gün də sevə bilərsən

Hər dəfə “bugün”ü “sabah” eləmə...

Mən sənə heyranam, qəlbim qəlbinə

Özgəni gətirmə bir də fikrinə

Bu ürək möhtacdır axı sevginə

Sevmirəm deyərək günah eləmə...

Əgər beləyəmsə qəbul et belə

Ağ atlı oğlanı gözləmə gələ,

Əgər sevmirsənsə, susub tərk elə

Mənə sevgi nədir izah eləmə...

Gəldim, getdim

Uzun illər sənin ünvanına gəldim-getdim,

Məni sən gözləmə dilbər daha öldüm, bitdim.

Yenə bir gəzdiyimiz bağları gəzdim, coşdum

Bu zərif sözləri tənhalığa düzdüm-qoşdum.

Özüm öz qəlb evimi hər dəfə yıxdım, hördüm.

Kaş öləydim, mən o günki səni baxdım, gördüm.

Dedin: - Ayrılmalıyıq, hər şeyi vurdum-yıxdım,

Yenə açdım qapını hirs ilə durdum, çıxdım.

Eləki bir dəfə özgəylə görüşdüm, yandım.

Şüşə tək sanki gözündən yerə düşdüm, sındım.

Baxıb hər özgə qıza əhdimi pozdum, bildim.

Adını qəlbimə min bir dəfə yazdım, sildim.

Gözümün yaşını Pərviz, yenə daşdım, tökdüm.

Qəzəlin ardı da var, ismimi çaşdım, çəkdim...

Olmuşam

Mən bu dərd əhliylə illərdir ki, həmkar olmuşam,

Dərmanım dərddir mənim axır xəbərdar olmuşam.

Yüz gözəllik gəzmişəm, tək bir gözəllik tapmışam

Bir bəladan qaçmışam, yüz dərdə düçar olmuşam.

Vaxt olub çox görmüşəm, çox bilmişəm, çox yazmışam

Vaxt olub kor olmuşam, lal olmuşam, kar olmuşam.

Məzluma rəhm etmişəm, acizlərə əl tutmuşam

Zalıma zalım baxıb, qəddarla qəddar olmuşam.

Olmuşam rəssam, rəsm çəkməkdən həsrət çəkmişəm

Abad etməklə sınan bir qəlbi memar olmuşam.

Mən sevəndən vəsli yox, hicranı hər gün dadmışam

Bunca qəmdən yazmağa bir sözlə vadar olmuşam.

Bəlkə də Məcnun yalanmış, ilk olan Məcnun mənəm

Bəlkə də Məcnun mən idim, bir də təkrar olmuşam.

Sən gedəndən əynimə səssiz qaranlıq geymişəm

Gah gedib, gah gəlmişəm kölgəmlə oxşar olmuşam.

Pərvizi hər kim ki istər yox görə, bilsin ki qoy

Mən varamsa izni Allahım verib var olmuşam...

# 711 dəfə oxunub

Oxşar xəbərlər

# # #