Burnunu erməninin yox, itin dişlədiyi Qarabağ qazisi

Burnunu erməninin yox, itin dişlədiyi Qarabağ qazisi
18 iyun 2013
# 16:34

Samir Balaşov

Çapıq

26 iyun, 9 may kimi hərbi bayram günlərinə onun kefi xüsusilə kök olurdu. Başqa günlərdə kapitanın əlindən zara gələn əsgərlər yalnız həmin gün onun kaprizlərinin bir az da olsa səngiyəcəyinə ümid edə bilərdi. Belə günlərdə o hələ 10 il əvvəl qonşu qəsəbədəki qoca dərzi qadına tikdirdiyi mərasim geyimini xüsusi bir əda ilə geyinər, əsgərlərin ürəyindəki nifrət və hörmətsizliklə əsla uyğunlaşmayan müzəffər sərkərdə təkəbbürü ilə divizona gələrdi.

Səhər baxışından sonra bayram gününün planı təyin olunar və demək olar ki, bütün tədbirlərin mərkəzində məhz o dayanırdı. Necə də olsa divizonun ən qocaman hərbçisi o sayılırdı və hər şeydən önəmlisi Qarabağ müharibəsini də görmüşdü. Özü də bu vəziyyətdən kifayət qədər məmnun idi ki az qala hər yerdə danışır, danışır elə hey danışırdı…

Səhər yeməyində, baxışda, idman meydançasında ancaq o danışırdı. Öz qəhrəmanlıqlarından, müharibədən, indi hərbiyə olan laqeyd münasibətdən danışırdı. Əsasən də gənc zabitlərin rütbə eşqinə düşməsi onu yandırıb yaxırdı. Özünün 45 yaşı olmasına və hələ sovet ordusundan başlayaraq 27 il qulluq etməsinə baxmayaraq kapitan rütbəsində qalması ilə az qala fəxr edirdi. Bu “zirvəyə” də çətinliklə qalxdığını deyirdi.

Bayram günlərinə başqa vaxtlar ona yuxarıdan aşagı baxmağa adət etmiş divizionun tərbiyəvi işlər üzrə komandir müavini də kapitanı xeyli tərifləyir, bayramla bağlı söhbətlərdə onu “şərəfli ömür yolu keçmiş hərbçi” kimi təqdim edirdi.

Hələ 10 il əvvəl qonşu qəsəbədəki dərzi qadına tikdirdiyi nimdaş mərasim geyiminin üstündəki kokarda qədər onda diqqəti cəlb edən daha bir nişan var idi: burnundakı çapıq. Bu barədə o çoxlarına danışmazdı. Yalnız daima xüsusi olaraq bəslədiyi bir neçə “dembel” əsgər – o da tərxis olunmalarına az qalmış, kapitanın qəhrəmanlığı haqqında eşitmək xoşbəxtliyinə nail olurdu.

Bu cür əsgərləri o xüsusilə seçir, onlara demək olar ki, bütün məsələlərdə sərbəstlik verirdi. Əvəzində onların vəzifəsi gecəyarısı cəzaları və ilk gecə təzyiqləri ilə “molodoy”-ları muma döndərmək idi. Düzdü, hər 3 aydan bir divizionu dembellər tərk edirdi. Amma orduda belələrini həmişə tapmaq mümkündü. Hətta divizionda bu tip əsgərlərin sözü daha çox keçirdi, nəinki əksər zabitlərin.

Çapıqla bağlı əhvalatı da ancaq onlara danışardı kapitan… Deyirdi ki, Qarabağda vacib mövqelərdən biri uğrunda gedən döyüşlərdə onun başçılıq etdiyi bölük kəndə hamıdan əvvəl daxil olub və kəndin küçələrində davam edən süngü döyüşü zamanı o pərən - pərən düşmüş erməni alayının qərargahına soxulmağa da imkan tapıb. Və burda düşmən polkovnikini də məhz özü öldürüb. Sadəcə son nəfəsində xain düşmən onun burnunu bərk dişləməyə imkan tapıb. Kapitan bu hadisəni fəxrlə danışırdı və bu qəhrəmanlığına o qədər önəm verirdi ki ancaq bayramlarda danışardı.

Yalnız bayram günlərinin sonuncu baxışından sonra hava qaralanda və zabitlər yavaş - yavaş hərbi şəhərcikdəki evlərinə çəkilməyə başlayanda kapitan alovlu söhbətlərinə ara verib qoca anası ilə birlikdə qaldığı evinə yollanardı. Yolüstü çoxdan tərxis olunmasına baxmayaraq hələ də bu şəhərcikdə yaşayan əlil bir gizirin evinin yanından keçəndə isə kapitan dəhşətli dərəcədə sıxılır və belə anlarda 10 il əvvəl dərzi qadının tikdiyi nimdaş mərasim paltarından daha miskin bir görkəm alırdı. Gizirin ona salam verərkən eyhamlı baxışları kapitanı az qala yerə girməyə məcbur edirdi…Hər halda gizir kapitanın çapıq hadisəsini əsgərlərə danışmasını hardansa eşitmişdi.

Azərbaycan ordusu Qarabağda mövqelərini bir-bir itirdiyi illərdə bu əlil gizir kapitanla eyni briqadada qulluq edirdi. Payız günlərinin birində gecə postda ikən kapitan və gizir nə fikirləşmişdisə bölüyə məxsusi UAZ-ı götürüb müharibədən xilas olmaq məqsədiylə aradan çıxmışdı. Yalnız həmin gecə postda olan 11 əsgərin hücum nəticəsində şəhid olması sonradan bu hadisəni tamamilə ört - basdır etsə də gizir və kapitan əslində nə baş verdiyini çox yaxşı bilirdi.

Postu tərk etdikdən sonra yalnız gecələr yol getmək şərtiylə müharibədən uzaqlaşmağa çalışırlar. Amma həm ərazini o qədər də yaxşı tanımamaları, həm də düşmən mövqelərinin tez - tez yer dəyişməsi onları bir neçə dəfə hərəkət istiqamətini dəyişməyə məcbur edir. İş orasındadır ki belə vəziyyətdə bizimkilərə pənah gətirmək də mümkün olmazdı. Qaçış qərarı ilə onlar azərbaycanlı - ermənili bütün cəbhəni özünə düşmən etmişdi. Yerli əhaliyə sığınmaq da mümkün deyildi, hər halda indikindən fərqli olaraq həmin vaxt müharibədən qaçanlar müharibə bölgələrində yaşayanlar üçün düşməndən artıq sayılmırdı.

Daha bir problem aclığa çarə tapmaqla bağlı idi. İllər sonra hamıya ağızdolusu döyüş şərəfindən danışacaq olan kapitan mükəmməl bir taktika fikirləşdi. UAZ -ı gizir idarə edə bildiyindən kapitan baqajda gizlənməliydi. Sonra gizir UAZ -ı köç edən kəndlilərin qoyun sürülərinin içindən sürməli və elə bu vaxt qarışıqlıqdan istifadə etməli olan kapitan baqajı açaraq cəld qoyunlardan birini gotürməliydi.

Planın birinci hissəsi uğurla həyata keçirildi. Gizir maşını guya hərbi əməliyyat üçün tələsdiklərindən düz sürünün ortasıyla sürməyə başladı. Baqajda olan kapitan da öz növbəsində əlinə çatan ilk heyvanı içəri çəkib qapını örtdü. Amma… Onun bəxtinə çoban iti düşmüşdü.

Və yalnız hərbi şəhərcikdə yaşayan əlil gizir bilirdi ki, kapitanın burnundakı çapıq erməni polkovnikinin yox, sürünü qoruyan çoban itinin əməlinin nəticəsidir.

Bayram gününün ertəsi kapitan yenə də adi günlərdə olduğu kimi diviziona gəldi. Komandir ezamiyyətdə olduğundan indi divizionda ən yüksək vəzifəli şəxs o sayılırdı. Bu gün o 10 il əvvəl qonşu qəsəbədəki qadına tikdirdiyi nimdaş mərasim geyimində yox, həmişəki səhra geyimində gəlmişdi.

Yolüstü dünən axşam özünün gül kollarının çətin görünən yerinə bəlkə də qəsdən atdığı siqaret qutusunu götürmədiyi üçün gün növbətçisinə ağzına gələni dedikdən və naryadı ikinci sutkaya saxladıqdan sonra üzərində “qərargah rəisi” yazılan otağa daxil olub hadisələrə və əsgərlərə nəzarət etməyə başladı.

# 864 dəfə oxunub

Oxşar xəbərlər

# # #