Füzuli intellektual deyildi?

Füzuli intellektual deyildi?
29 may 2013
# 09:47

Şərif Ağayar

“Azərbaycan aşıqları qeyri-intellektualmış”

Həm də söhbət doğrudan da əyalət qoxusu verən müasir sazandələrdən deyil, ortaçağ dövrünün məşhur söz adamlarından gedir. Məsələnin könül incidən tərəfi bu ki, tək aşıqlar deyil, məsələn, Məhəmməd Füzuli də kimlərinsə cızdığı intellektuallıq çevrəsinə daxil deyildir. Gülməlidir! Niyə illah da ingilis və ya hansısa Qərbi Avropa dillərini bilən intellektual sayılır da, fars-ərəb dillərini bilən sayılmır? Bu dillərdə xurafat yayılmışdır deyəcəksiniz. Amma bıçaqla çörək də kəsmək olar, adam da! Baxır qullanana!

Nədir intellektuallıq? Dərk etmək! Sözün adekvat qarşılığı budur. Dərk etmiş adam intellektualdır. Və hətta Umberto Ekonun təbirincə, hər dərk etmiş adam deyil də, üstəlik yaradıcı adam... Bəli, böyük alim yaradıcı olmayanı intellektual saymır.

Bizdən fərqli olaraq Qərb mütəxəssislərinin Şərqə münasibəti intellektuallıq çevrəsindən kənarda deyildir. Yəni, onlar üçün, haqlı olaraq, hansı mədəniyyətin daşıyıcısı olmağın intellektuallığa dəxli yoxdur. Məsələn, alman rejissoru Verner Hersoqun iranlı həmkarı Möhsün Mahmalbafla məşhur söhbətində Qərblə-Şərqin, alman və fars mədəniyyətinin maraqlı paralelləri aparılırkən, V.Hersoq “qalın buz laylarını xatırladan və hər layında minlərlə sirr gizləyən” İran mədəniyyətinə heyrətini gizlədə bilmir.

Mən qəti və qəti şəkildə hansısa mədəniyyətin təbliğatçısı kimi görünmək istəmirəm. Sadəcə intellektuallıq kimi geniş və mütərəqqi anlayışa məkan-zaman, din-millət kontekstində sərhədlər qoymağa etiraz edirəm.

Gələlim aşıqlarımıza...

Bircə misal çəkəcəm.

Abbas Tufarqanlı gəraylı ustasıdır. Bu gün özünü intellektual sayan və başqalarının idrakına şübhə ilə yanaşan bir çox şairlərin həvəslə imitasiya etdiyi Ramiz Rövşən də bu formadan geninə-boluna istifadə edib. Söhbət intonasiyadan və fikir dərinliyindən gedəndə Ramiz müəllim Abbas Tufarqanlıya nə qədər uduzduğunu müdrikcəsinə dərk edir. Odur ki, bu böyük sənətkar qarşısında öz yazdıqlarını “yüngül nəğmələr” adlandırır.

60-cı illərin alovlu yenilik axtarışları vaxtı Yusif və Vaqif Səmədoğlu qardaşları ataları Səməd Vurğun da daxil bütün heca şairlərini, o cümlədən klassik aşıq şeirini nihilistcəsinə inkar edirdilər. Ancaq bir zaman gəldi ki, intellektual poeziyanın nümayəndəsi sayılan Vaqif Səmədoğlu “Abbas Tufarqanlı Azərbaycan poeziyasının Allahıdır” söylədi. Yusif Səmədoğlu isə intellektual nəsrin ən yaxşı nümunələrindən sayılan “Qətl günü” romanından sonra yazdığı və vaxtsız ölümü ilə yarımçıq qoyduğu növbəti romanını belə adlandırdı: “Deyilənlər gəldi başa” Bu isə, bayaqdan adını vird etdiyimiz Abbas Tufarqanlının bir misrasıdır.

Məncə, tələsməyək...

# 1927 dəfə oxunub

Oxşar xəbərlər

# # #