Məktəbdə öyrədirlər: Kənddə kimin arvadı kiminlə gəzir

Məktəbdə öyrədirlər: Kənddə kimin arvadı kiminlə gəzir
28 may 2013
# 07:00

Aynur Esma

Keçmişə qısa bir baxış...

Hərdən kim olduğumu, niyə doğulduğumu, həyatdan nə gözlədiyimi özümə sual verirəm. Hətta güzgüyə baxarkən “bu mənəm?” deyə içimdən keçirdiyim axmaq vəziyyətim də çox olub.

Necə doğulduğumu heç düşünmək belə istəmirəm. Çünki bu vaxt valideynlərimin vəhşi ehtirasla yanan gozlərini xəyalımda canlandırıram.

Anam mənə hamilə olarkən uşağın cinsiyyətini müəyyən edən aparat rayona yeni gətirilibmiş. Yeni olduğundan təbii ki, qiyməti də baha olub. Anamın isə ona pul verməyə əli gəlməyib (özü həmişə belə deyir).

Qonşuluqda bir çoxbilmiş arvad yaşayırmış və o anamın çox yeməsinə, qarnının böyüklüyünə baxaraq diaqnoz qoyub: “Anamın əkiz oğulları olacaq. ”

Anam isə bu xəbərə çox sevinib. Axı o bütün “əzabları” oğlan övladına görə çəkirdi. Onun artıq 2 qızı vardı və nəsli davam etdirmək üçün ərinin qohumları ondan oğlan uşağı tələb edirdi. Atamın isə olub bitənlər vecinə deyildi. Səhər zavoda işə gedir, axşam isə kefli vəziyyətdə gəlib anamın yatağına yıxılırdı. Onun üçün uşaq düzəltmək adi bir əyləncə idi.

Anamın 9 ayı tamam olanda onu klinikaya aparırlar. Deyilənə görə dünyaya gələndə elə də anamı incitməmişəm. Tibb bacısı anama “Gözün aydın top kimi qızın olub ” deyəndə dünya anamın başına firlanıb. Əlləri ilə dizinə çırpıb və məni düz bir gün görmək istəməyib.

“Olacağa çarə yoxdur”, “Allah verən paydır” fikirləri ilə anamı təsəlli ediblər. Anam bir müddət sonra bununla barışıb və əvvəlki həyatına davam edib. Ən təəccüblüsü isə onun müəllimə olmağına rəğmən cahil fikirlərə hələ də inanmasıdır.

Ən acınacaqlısı isə bütün bunları mənə anamın danışması idi.

Anam çox qəddar qadındır. Qəddar və soyuqqanlı... İşi-gücü məktəbə gedərkən baxdığı serialları müzakirə etmək, dərs bitincə evə dönmək və uşaqlarından daha çox önəm verdiyi tövlədəki mallara qulluq etmək, onların altını kürümək, evə gəlincə paltarından və qaxaca dönmüş əllərindən tövlənin, heyvanların iyini verərək seriala baxmaq, hərəmizə bir iş tapşırmaq və yaxud verdiyi tapşırıqların yerinə yetirilməməsinə görə bizi kötəkləmək idi.

Atamız isə bu vaxt Rusiyada idi. Qışda gəlirdi, deyirdi ki, oranın soyuğuna dözmək olmur. Baharda isə yenidən qayıdırdı.

Atam qışda sobanın yanında oturaraq pəncərədən çölə baxır və siqaretini tüstülədirdi. Bir də həddən artıq çox çay içərdi. Əgər çay gec qaynasaydı və atam çaysız qalsaydı gərək onun gözünə görünməyəydik. Onun üçün fərqi yoxdur, sobada odun qurtarıb, ya da yollar buz bağladığı üçün mağazaya gedib çay almaq olmur filan. O bununla maraqlanmırdı. Əgər çay bitibsə onun əli-ayağı bizə dəyməmiş biz onu həll etməliydik, vəsalam.

Atamın bir məşğuliyyəti də vardı. Kənddə kiminsə haqqında ucadan söyüşlə müzakirə aparmaq. Atamın çox zəngin söyüşlü nitqi vardı.

Yadımdadır, bir dəfə anam məni qonşumuzun su qazanında xəmir üçün su qızdırdığıma görə çırpmışdı. Bir dəfə də həmin qonşudan sacı külləmək üçün kül almışdım.

Mən sacı külləmək üçün kül aldım bu qonşudan və anamın qəzəbinə tuş gədim. Səbəb isə çox gülməli idi. Deyimlərə görə “Kül başına” ifadəsi pis mənada işlənirdi və mən onlardan kül almaqla evimizin başına kül etmişdim filan...

Belə hadisələr, daha dəqiq anam tərəfindən səbəbsiz yerə döyülməyimin sayı lap çoxdu. Onların hərəsinə mən bir səhifə həsr etsəm və o hadisələr zamanı nə hisslər keçirdiyimi, necə alçaldığımı, bu iyrənc mühitə az yaşımla nə qədər lənət yağdırdığımı təsvir eləsəm bunların hamısını bu yazıma sığdıra bilmərəm.

Yay aylarında səhərləri çox möhtəşəm oyanırdım. Bu səhərlərdə anam məni xüsusi qayğı ilə oyadırdı.

Belə ki, pəncərənin qarşısında böyük bir çən vardı. Adətən yayda içi boş olan bu qırmızı çən anama məni yuxudan oyatmaq üçün əvəzsiz rol oynayırdı.

Anam sevimli yerində-tövlədə inəklərə qulluq edən zaman mən ona nə üçünsə lazım olurdum. Bu vaxt isə səhər saat 6-7 olduğu üçün təbii ki, mən yatmış olurdum. O isə evə gəlib bizi çağıraraq oyatmağı vaxt itkisi hesab etdiyindən əlinə keçən böyük bir daşla pəncərənin qarşısına qoyulmuş nəhəng boş çəni nişan alırdı.

Bu zaman çox möhkəm və vahiməli səs yaranırdı. Yuxudan hövlank oyanıb pəncərənin qarşısına qaçaraq nə baş verdiyini anlamağa çalışdığım zaman anamın “səhər nəvazişləri”ni eşidirdim: “Kor olasan səni, nə qədər ölüb yatacaqsan? Cəhənnəm ol, gəl filan şeyi ver mənə.”

Bu hər gün təkrarlandığından artıq adət etmişdim. Hətta yuxudan diksinib ayıldığım üçün dodaqlarımdan yara da əksik olmurdu.

Biz yolları və camaatı çox murdar olan bir kənddə yaşayırdıq. Həm də bizim ev kəndin lap ayağındaydı. Gündəlik yolumuzun gediş-gəliş sakinləri isə insandan daha çox heyvan idi. Otlaqlara gedən yol evimizin yanından keçdiyindən inək, camış, qoyun, at, eşşək və bir sıra heyvanlar yolumuzun daimi istifadəçisinə çevrilmişdilər. Ona görə də bizim yol digərlərindən daha bərbad gündəydi.

Məktəbimiz isə tam oranın camaatına görə idi. Orda dərsdən başqa hər şey öyrədirdilər. O məktəbdə oxuyan uşaq heç darıxmazdı. Kənddə kimin arvadı kiminlə gəzir, hansı oğlan hansı qısa məktub yazır, hansı qızın başında bit var, hansı toy gecələrində gəlinin qışqırtısı qonşulara səs salıb filan.... Belə mövzular həm şagirdlərin, həm də müəllimlərin müzakirə obyekti idi.

Məktəbdə otaqlar qış ayında olduqca soyuq idi. Şagirdlər üçün nəzərdə tutulmuş odunu direktor mənimsəyirdi həmişə. Zırramanın biri idi. Bir də görürdün koridorda hirslənib var gücü ilə “var-yox” söyüşü söyürdü. Əsl “mədəniyyət ocağı” idi bizim məktəb.

Nə isə. Bir gün direktor bizim sinfə girdi. Anamın dərsi idi. İngilis dilindən dərs deyirdi bizə. Direktor otağa girib məni lövhənin qarşısına çağırdı və bütün sinfin qarşısında ayaqqabımın üzü soyulmuş və cırılmış hissəsini anama göstərərək “Niyə bu qıza yeni ayaqqabı almırsan?” deyə soruşdu.

İlahi... Yer yarılsaydı xəcalətimdən yerə girərdim. Bütün sinif uşaqları mənə baxıb gülürdü. Anamın isə üzündə pərt və axmaq təbəssüm vardı. Bu an mən ona necə də nifrət edirdim.

Biz kasıb deyildik. Atam da anam da işləyirdi. Bizdən də kasıb olanların uşaqları məndən qat-qat yaxşı geyinirdi. Səbəbi bilmirdim. Anam sanki bizə paltar almağa qıymırdı. Onun inəyi ot yemesəydi təcili rayon mərkəzinə gedər və ona dərman alardı.

Əgər bizdən kimsə xəstələnsəydi “heç nə olmaz sağalarsan, canın çıxsın qalın geyin” sözlərini eşidərdik. Anamın məntiqi mənə heç cür çatmırdı. Azərbaycan dili dərsində bizə ana haqqında inşa verilən zaman mənim bir neçə səhifəlik inşam öz təmtəraqlı cümlələri ilə seçilirdi.

Ən əsası isə ana qayğısı, ananın övladına olan diqqətini təsvir edirdim inşamda. Hər halda xəyallarımda olan ananı təsvir edirdim. Hamı da məni anama tərifləyirdi. Anam isə əvəzində “Həmişə əlində bədii əsər olur. Mən ona heç bir iş gördürə bilmirəm evdə. O da yazmasın kim yazsın?” deyib onları yola verirdim. Dərslərimdə həmişə birinciydim. Yeganə istədiyim şey məni anama tərifləyərkən onun mənimlə fəxr etdiyini görməm idi. Amma nədənsə həmişə pərt olurdum.

Artıq bu gün universitet bitirmiş, işini qurmuş uğurlu gənc sayılıram. Rəfiqələrimin anaları həmişə mənə qızlarından şikayət edərkən: “Sənin anan xoşbəxtdir ki, sənin kimi qızı var ” - deyirlər.

Amma mən bunu heç vaxt hiss etməmişəm, heç vaxt da etməyəcəm. Saçımda onun əlinin istisini heç vaxt hiss etməmişəm. Onun mənim yanımda olmağını, onun dəstəyini heç vaxt hiss etməmişəm.

Bəlkə də ona görə mənim yanımdan kimsə ailə həyatından söhbət açarkən mövzunu dəyişdirməyə çalışıram. Öz yaralarım sağalmamış məsum körpəyə həyat verə biləcəyimi düşünmürəm.

# 1324 dəfə oxunub

Oxşar xəbərlər

# # #