writer1

Səhər Əhməd

Məqalə sayı

168
clock08:15 calendar-gray 27 May 2013 view-gray1207 dəfə oxunub
view-gray1207 dəfə oxunub

Bizim 28 May

Çoxları tərk etdi bu şəhəri, bəziləri çəkib getdi bu şəhərdən, bəziləri eləcə itdi bu şəhərdə. Gedərkən mənə:

- Sən bu şəhərdən getmə, dedilər, – heç olmasa sən getmə.

- Məni bu şəhərdə saxlayan heç nə yoxdu,-dedim.

- Saxlamayan heç nə də yoxdu,-dedilər.

Onlar hardan biləydilər ki, sona qalmaq ən çətinidi.

İlk tələbə yoldaşımızı rayona yola salanda qız çantasından diplomunu çıxarıb hiddətlə silkələmişdi:


- Biz bunun üçünmü bir araya gəlmişdik, bu kağız parçası üçünmü? Əgər ayrılacaqdıqsa, onda niyə görüşdük, bir-birimizi niyə tanıdıq?


Çətin və maraqlı sual idi, hamımız susmuşduq. Çünki o sual bizdən daha çox tanrıya aid idi.

Uzun müddət bu suala cavab tapa bilmədim. Sonda bu nəticəyə gəldim ki, gerçəkdən “ayrılıq da sevdaya daxil”. Bəlkə heç bu da dəqiq cavab deyil, çarəsizliyin uydurduğu təsəllidi, sadəcə. Bəlkə tanrı özü də bu sualın dəqiq cavabını bilmir. Bilirsə də, onu heç vaxt bizə deməyəcək. Bəlkə də bu fani dünyada hansısa sualın dəqiq cavabını axtarmaq özü də mənasızdı.

Məni ən son tərk edən rəfiqəmi – ən yaxın dostumu yola salanda həmişə ayrılanda söylədiyi bayatını söyləmədi.

Gedib yenə gələrəm,
Özgəyə bel bağlama.

Çünki bilirdi ki, daha gəlməyəcək. Mənim kiməsə bel bağlamaq yaşım isə artıq keçib.

O gün-səhərin alatoranlığında son dostumu yola salıb hələ yuxudan oyanmamış şəhərin adamsız küçələriylə tək-tənha qayıdırdım, addım səslərim əks-səda verirdi və nədənsə İsa İsmayılzadənin bir şerini xatırlayırdım.

Getdilər atları çimizdirməyə,
Geri qayıtmadılar.
Çiyələk yığmağa, moruq dərməyə
Bizi aparmadılar…

O vaxtdan çox keçib, amma hərdən ən izdihamlı küçələrdə belə mənə elə gəlir ki, bu şəhərdə təmtəkəm, ayaq səslərim əks-səda verir.

Hərdən zəngləşirəm onlarla, darıxdığımı demirəm. Çünki “necəsən?”dən daha çox “uşaqlar necədir?” soruşurlar. Hərdən doğum günümü unudurlar, inciyirəm onlardan. Sonra zəng edib Qurban bayramı münasibətilə təbrik edirlər.


Düşünürəm ki, əslində, təkcə onlar məni satmayıb, həm də mən onları satmışam. Mən də onları bu şəhərə, tanımadıqları təzə tanışlarıma, oxumadıqları yeni yazılarıma, üzünü görmədikləri balaca oğluma, Facebookdakı çoxlu “dostlar”a satmışam. Onlar artıq mənim şəbəkəmin kənarındadırlar, əhatə dairəsi xaricində.

Hərdən yolumu Sahil bağından salıram. İndi oralar çox dəyişib. Bizim xatirələrimiz yaşayan küçələrin üzünə təzə daş döşəyiblər. Daha o bağda heç bir tanış üzə rast gəlmək olmur. Yadıma düşür ki, biz hər il may ayının iyirmi səkkizində dünyanın harasında olsaq, bu bağa yığışmağa söz vermişdik. Qəribə də olsa, hələ də mənə elə gəlir ki, nə vaxtsa biz-doxsanıncı illərin havalı tələbələri yenidən bir araya gələcəyik və daha həyat bizi təkləyə bilməyəcək.


Yəqin ki, bu da çarəsizliyin uydurduğu təsəllidir, xam xəyaldır. Lakin ən xam xəyalın belə həqiqət olma ehtimalı həmişə var. Həyatın gücü də elə bundadı. Buna görə də, əziz dostlarım, mən sizin hamınızı bağışlayıram. Gücünüzü itirməyin, vəfasızlar!

Paylaş

REKLAM

Yazarın digər yazıları