news-inner
clock08:45 calendar-gray 08 May 2013 view-gray2187 dəfə oxunub
view-gray2187 dəfə oxunub

“De gəlsin”in aparıcısı: “Meyxanaçılardan biri Hitler, biri də Stalin olmalıdır”

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı Antenn FM-in və ANS-də yayımlanan “De gəlsin” meyxana şousunun aparıcısı Yusif Cəfərlidir.

- Jurnalistikaya gəlişiniz barədə danışardınız.

- Rusiyada mühəndis ixtisası üzrə təhsil almışam. Ancaq ixtisasıma uyğun çalışmamışam. 1994-cü ildə Sara FM-də işləməyə başladım. Daha sonra bir il “Azad Azərbaycan” teleradiosu ilə əməkdaşlıq etdim. 2008-ci ildən isə Antenn FM-də aparıcılıq edirəm. Reytinqli verilişlərdən olan “De gəlsin” meyxana şousunu isə 2006-cı ildən aparmağa başlamışam.

- “De gəlsin” neçə ildir efirdədir?

- Veriliş efirə 2001-ci ildə çıxıb. Birinci yarışmada Aydın Xırdalanlı çempion olmuşdu.

- Niyə məhz meyxana verilişinə üstünlük verdiniz?

- Uşaqlıqdan meyxanaya marağım olub. Böyüdüyüm Nardaran kəndində toylarda muğam da oxunub, meyxana da deyilib. Sovet vaxtı Ağasəlim Çıldağın, Nizami Rəmzinin meyxanalarını kasetlərə yazıb, qulaq asırdıq. Bunu ancaq meyxanaya olan marağımla bağlayardım.

- Yarışlar əvvəl daha çox sms üzərində qurulmuşdu. Siz isə formatı dəyişdiniz. Bu dəyişiklik nə ilə bağlı oldu?

- İndi yayımlanan “De gəlsin”i klub kimi yaratmışıq. Əvvəlki yarışlarda olduğu kimi burda sms yoxdur, hədiyyə olaraq avtomobil verilmir. 2011-ci ildən artıq klub kimi fəaliyyət göstəririk. Hər şeyi smsin üzərində qurmaq olmur. Sms qalibi müəyyən etmək üçün lazım idi. Klub azad fəaliyyət göstərir. Daimi klub üzvləri ilə bərabər gəlib-gedənlər də az deyil. Toyda, şənlikdə qafiyə tutmaq rahatdır. Obrazlara girib meyxana demək isə çətindir. Həkim və xəstə mövzusu qoyursan ki, meyxanaçılar deyişsin. Meyxanaçı artıq həkim roluna girməlidir. Bu da asan məsələ deyil.

- Meyxanaçılara rol vermək ideyası necə yarandı?

- Bu ideyanın müəllifi Vüqar Maştağalıdır. O, teatr formasında yaratmaq istəyirdi. Buna imkan olmadığı üçün klub versiyasını seçdik. İnsanlar müəllimlə narazı valideynin, taksi sürücüsü ilə yol polisinin söhbətini daha çox təklif edirlər. 9 may günü ilə bağlı Stalinlə Hitlerin deyişməsini istəyiblər. Təsəvvür edin, 70 il geriyə qayıtmalısan. Meyxanaçılardan biri Hitler, biri də Stalin olmalıdır. Son verilişlərdə tamaşaçıların təklifi ilə ustadların qafiyələrini yenidən dedilər. Çox adam bilmirdi ki, bir vaxt populyar olan “Şairə gəldi şur, qurtardı getdi” qafiyəsi Əliağa Vahidə məxsusdur.

- Oqtayla Samirənin deyişməsi uzun müddət müzakirə olundu. Samirə xanımdan başqa qadın meyxana deyənlər sizə müraciət edir?

- Ümumiyyətlə, keçən il meyxana üçün uğurlu il oldu. İntiqam və Ehtiram qardaşlarının “Ti kto takoy, davay dosvidaniya” meyxanası Rusiyanı sözün yaxşı mənasında dağıtdı. Məndə olan məlumata görə mayın sonlarında onlara Rusiyada klip də çəkiləcək. Samirənin çoxdan meyxana deməsinə baxmayaraq Oqtayla deyişməsi yenilik idi. Bu deyişməni də meyxananın uğuru saymaq olar. Zalda tamaşaçı kimi iştirak edən xanımlar da çox olur. Artıq cəmiyyətdə meyxanaçılarla bağlı yaranmış mənfi imic dağılmağa başlayıb. Samirə xanımın meyxana deməsi xanımlarda meyxanaya maraq oyadıb.

- Ancaq yenə də “palatka” toylarındakı deyişmələrdə qadınlar olmur.

- Meyxananı repressiya vaxtında qoruyub saxlayan “palatka” toyları, toy axşamları olub. “Palatka” toylarının özünəməxsus özəllikləri var. Əgər sabah xanımlar məşq etsələr bəlkə də deyə bilərlər. Niyə də deməsinlər? Pis çıxmasın, şalvarımızı, sükanı, vəzifələri əlimizdən alıblar. Eybi yoxdur, qoy meyxana sənətini də əlimizdən alsınlar (gülür). Ancaq təəssüf olsun ki, Samirə xanımdan başqa meyxana deyən xanım yoxdur. İkinci bir meyxana deyən xanım olsaydı maraqlı olardı. Tamaşaçılar tez-tez yazır ki, gəlin-qaynana münasibətləri barədə deyilsin. Azərbaycanda ən aktual mövzudur. Yaxşı, Samirə xanım qaynana olsun. Bəs gəlin kim olacaq?

- Klubunuza gənclər gəlir?

- Klubda 10 nəfər daimi üzv varsa, bu o demək deyil ki, başqaları kluba gələ bilməz. İstedadlı gənclərimiz üçün qapılar açıqdır. Səhv etmirəmsə keçən il Oqtayın tələbələrinin “Mənə deyirsən? Sənə deyirəm” kimi yaddaqalan deyişmələri oldu.

- Verilişiniz canlı yayımlanır. Qorxmursunuz ki, efirdə söyüş, bayağı sözlər səslənə bilər?

- ANS-də üç veriliş canlı hazırlanır ki, onlardan biri də “De gəlsin”dir. Hazırda bayağı sözlərdən heç “palatka” toylarında da istifadə olunmur. Bundan başqa verilişdə iştirak edən meyxanaçıların efir təcrübələri var, onlar yaxşı bilirlər ki, nəyi demək olar, nəyi olmaz.

- Meyxana verilişinin reytinqinə aparıcının təsiri ola bilər?

- Şirkətlə müqaviləm ildən-ilə artırsa demək verilişə lazımam (gülür).

- Meyxanaçılarla işləmək asandır, yoxsa çətin?

- 2006-cı ildə ustadları bir yerə yığmağa başladım. Bu da asanlıqla başa gəlmədi. Bu məsələ həyata keçməyəcək dərəcədə çətin idi. Düz on altı ay 12 nəfəri dilə tutdum ki, verilişə çıxsınlar. 2001-ci ildə Aydın çempion olanda, münsiflər heyətində Kərimlə, Ağamirzə oturmuşdu. İndi Ağamirzə ilə Kərim qiymət verdikləri Aydınla bir yerdə meyxana deməli idilər. On altı ay onları dilə tutanda deyirdim ki, qardaş, bu sizin sənətinizdir, sizə lazımdı. Bu mənim sənətim deyil. Sizi verilişə çəkməkdə heç bir təmənnam yoxdur. Meyxanaçılar ehtiyatlı insanlardır. Oturub fikirləşib götür-qoy etdilər. Ola bilər ki, meyxanaçılar öz aralarında bir-birlərini dindirməsin. Buna baxmayaraq mənim hər iki tərəflə də isti münasibətim var.

- Musiqili meyxanalara münasibətiniz necədir?

- Bir insanda musiqili meyxana demək üçün səs, avaz varsa niyə də yox? Bəzən görürsən ki, adamın səsi imkan vermədiyi halda musiqili

meyxana deyir. Əgər səsin imkan vermirsə, niyə deyirsən? Namiq Qaraçuxurlunun, Vüqar Maştağalının, Kərimin yaxşı səsi var. Oqtayın musiqili meyxana deməsini qəbul etmirəm.

- Verilişi aparan zaman kameraya niyə baxmırsınız?

- Başımı aşağı salmağım gələn smslərə, qafiyələrə, mövzulara baxmağımla əlaqədardır. İnsanlar əziyyət çəkib, sms göndərir. Maraqlı nə varsa baxıram. Heç bir smsi diqqətdən kənar qoymuram. Maraqlı qafiyə olanda dərhal özüm üçün qeyd edirəm. Bu yaxınlarda tamaşaçı kisəçi ilə müştərinin söhbətini yazıb göndərmişdi. Bu, fikirləşsəydim belə ağlıma gəlməzdi. Yəqin bunu yazan tamaşaçımız hamamı sevən adamlardandır (gülür).

- Niyə mətbuatda az-az görünürsünüz?

- Əsas işdir, mətbuatda görünməsəm də olar. Həm də kifayət qədər qapalı insanam.

- Meyxana verilişinin aparıcısı olmaq sizi narahat edir?

- Əsla narahat deyiləm. İstənilən sahədə narkotik maddələrdən istifadə edən adamlar var. Bunu ancaq meyxanaçıların üzərinə atmaq düz deyil. Meyxanaçılar arasında kifayət qədər ibadət əhli olanlar da var. Ağamirzə heç siqaret çəkmir. Elşən hacıdı, Vüqar məşədidi, Rəşad kəbleyidi. Əgər nə vaxtsa bir nəfər səhv edibsə bu onun problemidir. O adamlar bizim efirimizdə yoxdular. Qulağıma xırda bir söz çatsa, bilsəm ki, kimsə narkomandır, onu efirdən uzaqlaşdıraram.

- Böyük sənətkar olsa belə?

- Fərqi yoxdur. Narkotik qəbul edən adam özündə olmur. Özündə olmayan insan da ağzına gələni danışa bilər. Bunun məsuliyyətini dərk edirəm. Böyük sənətkardır lap yaxşı, tövbə edib, haqq yoluna gəlsin.

- Siz özünüz namaz qılırsınız?

- Təəssüf ki, namaz qılmıram. Ancaq damarlarım təmizdir (gülür).

- Klubunuzda Bayram Kürdəxanılı iştirak etmir. Çağırmırsınız, yoxsa özü gəlmir?

- Bayram Novruz bayramı ərəfəsində qonağımız olmuşdu. Klubun qapıları onun üzünə hər zaman açıqdır.

- Aparıcılara fiziki görünüşə, yoxsa savada görə üstünlük verilməlidir?

- Baş nahiyəsindən qismən tükdən məhrum olmuşam. Xarici görünüş əsas deyil, əsas aparıcı apardığı verilişi normal idarə etsin. Görkəm ikinci dərəcəlidir. Bir dəfə Elariz zəng etmişdi ki, tük əkdirməyə yaxşı həkim tapmışam. Vasif də, mən də getdik, sən də get. Guya başımda tük olanda medal verəcəklər? Hazırda dünyada çox insan keçəlləşmədən əziyyət çəkir. Belə mənə sərf edir, bərbərə pul az gedir, yayda kondisioneri də üstündədir. (gülür)

Oxşar xəbərlər

Xəbər lenti

Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq – Elçin yazır…
11:01 20 Oktyabr 2020
Seymur Baycan Füzulinin azad olunmasından danışdı
10:33 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020