Taxta avtomatlı terrorçu

Taxta avtomatlı terrorçu
22 aprel 2013
# 11:09

Taleh Eminoğlu

Dəlisov terror ( hekayə )

Gedirdi. Addım-addım ölməyə və öldürməyə. Günaha doğru gedirdi. Həm ölümüylə, həm də öldürməyi ilə. Amma o bunu dərk etmirdi. Axı dəlilər üçün günah-savab, yaxşı-pis anlayışı yoxdur. Dəlilərin bircə quruca canlarıdır. Ömərin də bir quruca canıydı, bir də uşaqlığından qalan taxta avtomat oyuncağı ki, onu da bir –iki həftə olardı itirmişdi, bir partlayışdan sonra. Elə hər şeydə bu partlayışdan sonra başlandı…

Kimsə “Dəli Ömər qaç ordan, tez qaç” deyə bağırırdı. Amma o qaça bilmədi. Daha doğrusu hara qaçacağını bilmədi. Dəli ağlıya gah bir – iki addım sola, gah da sağa qaçdı və birdən düz beş addımlığında partlayış oldu...

Gözünü açanda bambaşqa bir yerdə idi. Yüz il də qalsa, lap elə dönüb birdən - birə ağıllansa da dəli Ömərin ağlına belə gəlməzdi ki, bu dağılmış, viran qalmış xaraba şəhərdə belə gözəl yer ola bilər. O, səliqəli hərbi forma geyinmiş, sifətindəki almacıq sümükləri aydınca seçilən, mavi gözlü xarici zabitin önündə dayanmışdı.

Bu zabit dəli Ömərə gördüyü digər zabit və əsgərlərdən daha zəhmli və qorxunc görünürdü. Dəli Ömərin həyatda qorxduğu birinci adam kimsəsiz uşaqlar evindəki qoca tərbiyəçiydisə, ikinci qorxduğu adam bu zabit idi. O, dəli Öməri ayaqdan başa iti baxışlarla süzür, yanındakı əli silahlı, sarı geyimli əsgərlərə nəsə deyir və onlarla birlikdə qəhqəhə çəkib gülürdü.

İti baxışlardan qorxuya düşən dəli Ömərin bədənindən soyuq bir gizilti keçirdi, amma yad adamların gülüşü bir azda olsa, bu qorxunu azaldır və onun da dodaqlarında zəif bir təbəssüm yaradırdı. Bu mənzərə elə də çox davam etmədi. İçəri dəli Ömərin də yaxşı tanıdığı şəhərdəki on – on beş nəfər oxumuş insanlardan biri olan Əbu Səid daxil oldu.

Zabitin qarşısında baş əyib salamlaşandan, yad dildə bir iki kəlmə kəsəndən sonra dəli Ömərə oturmağa yer göstərdi və zabitin dediklərini ona çatdırmağa başladı. Onsuz da gördüyü mənzərəni anlamayan, key kimi ora – bura baxan dəli Ömər Əbu Səidin də nə dediyini başa düşmürdü. Axı ac adamın fikri yalnız qarnının yanında olur. Əbu Səid onun ac olduğu başa düşüb zabitə nə isə dedi və o da yanındakı əsgərə işarə ilə əmr verdi.

Bir azdan dəli Ömərin qarşısında açılmış süfrəni o heç vaxt görməmişdi və yəqin ki bundan belə də görməyəcəkdi. İştaha ilə və acgözlüklə yeməyə girişən dəli Ömərin hərəkətləri otaqdakıların gülüşünə səbəb olurdu. Dəli Ömər özü də bilmədən onların gülüş hədəfinə çevrilmişdi və onlara sirklərdə olan meymunu xatırladırdı.

Yemək bitdikdən sonra Əbu Səid qaldığı yerdən söhbətə başladı; “hə Ömər indi necəsən?” Dəli Ömər “hə” mənasında başını tərpədib, əllərini iç-içə söykəyib ayaqları arasında sıxdı.

“Bax Ömər, bu adamlardan qorxma onlar mənim, sənin elə bu millətin də dostlarıdır onlardan ziyan gəlməz, həm də onlar səni xilas ediblər. Yadına gəlir bazardakı partlayış?” Bayaqdan bəri susub, oturduğu stulda oyan-bu yana yellənən dəli Ömər başını qaldırmadan dilləndi:

- Mənə avtomatımı verin, özü də tez.

Onun nə dediyini Əbu Səid zabitə tərcümə etdikdən sonra zabit bir stul çəkib Dəli Ömərin qarşısında əyləşdi və Əbu Səidə bildirdi ki, dediklərini tərcümə etsin.

- Sənin avtomatında var, hardan tapmısan onu? Zabitin verdiyi sualı Əbu Səid dəli Ömərə tərcümə etdi.

- Tapmamışam, özüm düzəltmişəm. Taxtadan.

Əbu Səidin tərcüməsindən sonra zabit bir qədər təəccüblə susduqdan sonra qəhqəhə çəkib güldü.

- Neyləyəcəkdin o avtomatla?

- Düşmənləri öldürüb qəhrəman olacaqdım. Dəli gülüşüylə cavab verdi.

- Çoxmu qəhrəman olmaq istəyirsən?

-...........

- İstəsən biz sənə kömək edə bilərik, amma gərək sən də bizə kömək edəsən. Hə nə deyirsən razılaşdıq?

-............

O isə susurdu. Oturduğu stulda yellənir, baxışlarını döşəmədən çəkmədən verilən suallara cavab olaraq sadəcə gülümsəyirdi. Onun nəyə güldüyü hər kəsə naməlum idi. Bu ya adi dəli gülüşüydü, ya da ki....

“Aparın onu” - zabit əmr etdi, - “Sən də gedə bilərsən” - üzünü Əbu Səidə tutub dedi. Onlar getdikdən sonra otaqdakı hərbçilərdən biri zabitdən soruşdu.

- Ser, planınız necədir?

- Bu dəli bizim işimizə çox yaraya bilər.

- Dəlidən xeyir?

- Hə. O qəhrəman olmaq istəyir, bütün şərqlilər kimi. Şərqlilər üçün qəhrəman olmağın ən asan yolu əlinə silah götürüb döyüşməkdir. O, dəli olsa da, bu şərqli cəhəti onda da var. Biz isə ona istədiyini verəcəyik.

- Axı necə? Ona silah verəcəyik? Məncə bu ağılsızlıq olar.

- Yox. Əlbəttə yox. Biz ona qəhrəman olmaq üçün şans verəcəyik...

Gedirdi. Addım-addım. Qəhrəman olmağa gedirdi dəli Ömər. Uşaqlığının arzusunu yerinə yetirməyə gedirdi. Görəcəyi işin sonunu bilmədən, yalnız dəli beynində illərdir yaranmış qəhrəmanlıq xəyalını gerçək etməyə gedirdi. Şalvarın üstündən sağ cibindəki partladıcını sıxırdı tez-tez. Dodağının altında bir həftədir ona öyrədilən tapşırığı təkrar edirdi; “Bazarın şiələr olan hissəsinə çatanda cibindəki partladıcını çıxart və barmağını onun ağzındakı halqaya salıb halqanı qopart”.

Bir həftəydi ona bu tapşırığı öyrədirdilər və oyuncaq qumbarayla məşq etdirirdilər. Hətta oyuncaq qumbaraya elə öyrəşmişdi ki, itirdiyi uşaqlığından qalan taxta avtomat oyuncağı belə yadından çıxartmışdı.

Ancaq dəli Ömər hardan biləydi ki, qumbaranın halqasının qopmasıyla neçə-neçə günahsız insanın ömrü bitəcək, göz yaşları axacaq. Onun ölümünün isə o qədər də əhəmiyyəti yox idi axı o, bu şəhərin camaatı üçün ölü kimiydi. Dəli Ömərin varlığının kimə nə xeyri vardı?! Allahın yaratdığı hər şeyin öz vəzifəsi var deyirlər, bəs bunu dəli Ömərə aid etmək olardımı?!

Bazar qapısına çatanda ayaq saxladı. Sevincindən əlləri əsirdi. Çoxdan itirdiyi taxta avtomat oyuncağını görmüşdü dəli Ömər özüdə xarici əsgərlərin əlində. Onlar avtomat oyuncağa baxıb gülürdülər.

...Bir göz qırpımındaca əsgərin əlindən avtomat oyuncağı qapıb bazar qapısından keçərək qaçmağa başladı. Var gücüylə qaçırdı. Görəcəyi tapşırığı unutmuşdu və elə cibindəki qumbaranın yaratdığı ağırlığı da hiss etmirdi. Amma yenə dəli ağlı onun qaçmasına mane oldu....Anidən dayanıb geriyə çöndü, taxta avtomat oyuncağının qundağını sağ çiyninə sıxıb atəş açırmış kimi səs çıxara-çıxara ardınca gələn əsgərlərin üstünə qaçmağa başladı.

Beş addım qaça bildi. Əsgərlərin silahından çıxan güllələr onun ağ köynəyində qırmızı dairələr yaradırdı. Arxası üstə yıxılmış dəli Ömərin alnındakı güllə deşiyindən çıxan qırmızı qan burnunun hər iki tərəfiylə axaraq çənəsinin sol tərəfində birləşib qırmızı xətt yaradırdı və bu xətlərin arası onun cəsədi ətrafına toplaşmış şəhər camaatına qədim Mesopotomiyanı xatırladırdı.

# 1155 dəfə oxunub

Oxşar xəbərlər

# # #