Şair mədh etməlidir

Şair mədh etməlidir
12 aprel 2013
# 15:59

Qismət

Klassisizm

Bilmirəm, səbəb nədir, amma mən bu yazını Nazan Öncelin "Nereye böyle" mahnısı dinləyə-dinləyə yazmışam. Əgər bu yazını oxumaq kimi axmaq bir fikrə düşsəniz, onda təvəqqe edirəm, siz də bu yazını o mahnı ilə sədaları altında oxuyun...

***

Klassisizm Qərb ədəbiyyat nəzəriyyəsində Qədim Yunanistanda və Romada yaranmış əsərləri forma/məzmun baxımından ümumiləşdirən ölçülər, dəyərlər sistemidir, ədəbi cərəyandır. Klassisizm xronoloji cəhətdən Qədim Yunan və Roma ədəbiyyatı nümunələrinin induksiya metodu ilə analizi nəticəsində yaradılmış bir sistemdir, eyni zamanda Qərb ədəbiyyat nəzəriyyəsindəki cərəyanların təməlidir. Bütün ədəbi cərəyanlar bir-birindən həm fərqli dəyər və ölçülərdən, həm də bir-birinə bənzəyən ölçülərdən ibarətdirlər. Bu mənada, klassisizmin ölçülərini də neo-klassisizmdə, romantizmdə, naturalizmdə, realizmdə və s. cərəyanlarda tapmaq mümkündür.

Klassisizmi anlamaq üçün bu cərəyanın başqa cərəyanlardan fərqini və bu fərqləri yaradan ədəbi əsərlərdəki Tanrı, Təbiət və İnsan anlayışlarını bilmək lazımdır. Bu cərəyanın kökündə Platonun və Aristotelin fəlsəfəsi dayanır. Ona görə də əvvəlcə Platon və Aristotel fəlsəfəsinin ana xətlərinə diqqət yetirməliyik.

1. Platonizm.

Bertran Rassel "Qərb fəlsəfəsinin tarixi" əsərində Platonizmi dualist fəlsəfə kimi təqdim edir. Platonun fəlsəfəsində mövcudluğun iki təməli var : Metafizik aləm və Fiziki aləm. Metafizik aləmdə əbədi, ölümsüz, reallığı mübahisə doğurmayan fikirlər və ya ideyalar, formalar var.

Platon nisbiliyə inanan sofistlərdən fərqli olaraq, konkret biliyə inanırdı. O, tez-tez dəyişən hislər dünyasına yox, ancaq düşüncə ilə qavranılan dəyişməz ideyalar dünyasına inanırdı. Bizim gördüyümüz və beş duyğu orqanımızla hiss etdiyimiz maddi dünyadakı hər şey - ağaclar, dənizlər, insanlar, heyvanlar, evlər - yalnız bir kopyadan, surətdən, təqliddən (=mimesindən) ibarətdir. Maddi aləmdəki bütün bu şeylərin metafizik aləmdə əsli, ideyası var, bizim gördüklərimiz o ideyaların, həqiqi şeylərin kölgəsidir. Platona görə sənət onsuz da kopya olan, təqlid olanı yamsılamaqla məşğuldur.

Platonun sənət haqqında fikirləri "İon" dialoqunda rastımıza çıxır. Burda Sokratla İon arasındakı dialoq vasitəsilə Platon sənət haqqında fikirlərini deyir : şair əsərlərini ilahi bir çılğınlıq anında, ilahi bir mesajı Tanrıdan alıb insanlara çatdırmaq üçün sakit, neytral mühit tapanda yaradırlar. Şairin bir əsəri yaradarkən ağlının, texniki bilgisinin heç bir rolu olmur, ona görə də o yazdıqlarına görə məsuliyyət daşımır. Platona görə ilham anında özündən gedən bir şairlə, dini ayinlərdə şövqlə rəqs edib özündən gedən rəqqaslar arasında heç bir fərq yoxdur. Kəsəsi, ilham pəriləri şairlərdə özlərini ifadə etmək imkanı tapır və şeirdəki təcrübənin məsuliyyətini də onlar daşıyırlar.

Platon "Dövlət" əsərində də Sokratdan sənət haqqında fikirlərini ifadə etmək üçün istifadə edib. O, bu əsərdə Sokratla Qlakonun söhbəti vasitəsilə "sənətçi nəyi əks etdirir ?" sualına cavab verməyə çalışmışdır :

" - ... İstəyirsən bir güzgü götür əlinə, hər tərəfə tut. Bir anın içində günəşi, ulduzları, dünyanı, özünü, evin bütün əşyalarını, bitkiləri, bütün canlı varlıqları yaratmış kimi olursan.

- Hə, ilk baxışda bütün bunları guya yaratmış sayılaram, amma bunların heç biri həqiqi olmaz.

- Elə əsas məsələ də budur, fikrimi tutdun ; bu cür yaradıcılıqla məşğul olanların sırasına rəssamları da qata bilərikmi ?

- Əlbəttə, qata bilərik.

- Yaratdığı şeyin gerçəkliyi yoxdu deyə bilərsən, amma rəssamın çəkdiyi masa da bir növ masa deyilmi ?

- Hə, görünüş olaraq elədir.

- Bəs dülgərin yaratdığı ? Bir az əvvəl demişdim, dülgər masa ideyasını, yəni bizə görə əslini, gerçəyini yaratmır.

- Masanın əslini yaratmırsa, deməli əslini yox, əslinə bənzəyən bir nümunəsini yaradır. "

Platon demək istəyir ki, sənət reallıq dərəcəsini üç dəfə azaldır : birinci masanın ideyası ( Metafizik aləmdə olan ideya), ikinci onu təqlid edən dülgərin yaratdığı masa , üçüncü dülgərin yaratdığına əsasən onun rəsmini çəkən rəssamın yaratdığı masa, yəni təqlidin təqlidi.

Platona görə təbiəti təqlid edən usta oyunçular tragediya yazanlardır. Platon onları tənqid edib deyirdi ki, onlar insan hisləri ilə manipulyasiya edirlər; o, belə bir qənaətə gəlmişdi : sənətə ideal dövlətdə yer yoxdur !

Bu məsələni bir az da açaq. İndiki dövrdə incəsənətin əxlaqi müstəvidən kənar, müstəqil tərəfləri daha çox önə çəkilir. Müasir dünyada incəsənət əsərinin qiymətləndirilməsində nəyin düzgün, ya uydurma, faydalı və ya faydasız olub-olmamasına diqqət çəkilmir, onun, yəni incəsənətin öz meyarları var. Sənət əsəri hətta əxlaqa və həqiqətə xidmət etməsə də böyük ola bilər. Lakin həqiqətin, xeyorxahlığın və estetikanın belə ciddi fərqləndirilməsi Platon üçün yolverilməz idi. Platona görə incəsənət əxlaqdan ayrıla bilməz. Etika və estetika ayrılmazdır. Platona görə yalnız ideyalar - həqiqi reallıqlardır. Hisslərlə qavranılan dünyəvi şeylər ideyanın inikasıdır, yəni sənətkar, rəssam, şair bir şeyi təsvir edərkən təsvir etdiyi şeyin surətini çıxarır. Məsələn, o masanı təsvir edirsə, bu yalnız masa ideyasının surətidir, çünki masa ideyası masanın özündən əvvəl mövcud idi. Bu mənada sənət yalnız surətin surətini çıxarmaqla məşğuldur. Beləliklə, sənəti imitasiya kimi, mimesis ( təqlid ) kimi qavranılması Platonun sənət fəlsəfəsinin əsasıdır.

"Dövlət" əsərinin üçüncü hissəsində Platon şeirlərdə, nağıllarda olan zərərli təsirlərdən danışır və deyir ki, tanrıların, böyük qəhrəmanların özlərinə yaraşmayan hərəkətlər etməsi, ağlayıb-sıtqamaları, yalan danışmaqları, əxlaqsızlıq etməkləri, pislərin xoşbəxt olması gənclərə pis örnəkdir, belə şeyləri əsərlərdən çıxarmaq lazımdır.

Bizdə ilin-günün bu vaxtında keçirilən bir çox ədəbi mükafatların jürisi içində xeyli platonlar var, yəni ki, məyus olmağa dəyməz, biz antik yunanlardan heç də geri qalmırıq !

Platon üçün şeir yalnız difiramb kimi məqbul idi, başqa hallarda şeiri qəbul etmirdi. O deyir ki, qorxaqları, kölələri, sərxoşları, dəlilləri təqlid edib yaza-yaza adam təqlid etdiyi şeyə alışır, bu isə zərərlidir.

"Dövlət" əsərində Platon sənət adamlarının özlərini necə aparmalı olduğu haqda tələblər qoyur : "Şairlər nə qədər füsunkar olsalar da, həqiqətdən uzaqdırlar, buna görə də, ideyaların biliciləri tərəfindən nəzarət altında olmalıdırlar. Bizim dövlətdə poeziya yalnız o ölçüdə qəbul olunur ki, onun məzmunu tanrılara yönələn himnlərdən və fəzilətli insalara müraciətlə yazılmış alqışlardan ibarət olsun."

Quranın "Əş-şüəra" surəsini xatırlayın.

Platonun qadağalarına təkcə şairlər tuş gəlmir, o, öz dövlətində musiqini də istəmir. Musiqi həm ehtirasları coşduruğu üçün, həm də ruhu sakitləşdirdib insanı passivləşdirdiyi üçün Platon tərəfindən qadağan edilir, amma musiqi də digər sənət növləri kimi ruhun tərbiyəsi prosesinin bir hissəsi, əxlaqın möhkəmləndirilməsinə vasitəçi olacaqsa, yalnız o zaman ona yer vermək olar, yəni sənətçi həmişə yalnız filosofların, başbilənlərin nəzarətində olmalıdır.

Deyəsən biz dövlətin sənətə münasibətində elə Platon "Dövlət"inin vətəndaşlarıyıq.

Ardı var...

# 3306 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #