“İnqilab seksdən başlayır” MÜSAHİBƏ

“İnqilab seksdən başlayır” MÜSAHİBƏ
16 mart 2013
# 08:15

Kanadada doğulan, Misir əsilli jurnalist, immunoloq Şirin Əl-Fəkinin “Seks və İstehkam” adlı kitabı Avropada yayımlanıb. O, 5 il ərzində ərəb ölkələrinin seksual həyatını araşdırıb, məsələn, bakirə qadınların fiziki tələbatlarını ödəmək üçün anal, kişilərin isə nikahda yol verilməyən oral seks üçün fahişə yanına getməsi kimi detalları analiz edib.

Müəllifin fikrincə, inqilab yataqdan başlayır, seksuallıq cəmiyyətə daha çox təsir edir, intim münasibətlər qaydasında deyilsə, ərəb ölkələrində siyasi-sosial vəziyyət də yaxşılığa doğru dəyişməyəcək.

Əl Fəki eyni zamanda kitabda cinsi münasibətləri islam dini kontekstində də analiz edir. Onun qənaətincə, əslində islamda intim münasibətlərlə bağlı geniş, liberal şərhlər var.

Oxşar fikirləri müxtəlif ərəb alimləri də səsləndirilib. Məsələn, tunisli sosioloq Əbdülvahab Buhdibin fikrincə, başlanğıcda seksuallıq dini inancın əhəmiyyətli hissəsi idi, amma sonralar müsəlmanlar subyektiv interpretasiyaları ilə dini qandalladılar. Ərəb dünyasının ən məşhur seksoloqu, psixoterapevt Heba Kotba görə, artıq ərəb baharından sonra qadınlar ərlərinə onları təmin etməmələri barədə cəsarətlə deyirlər.

Kulis.Az Ş.Əl-Fakinin Almaniyanın “Welt” və “Zeit” qəzetlərinə verdiyi müsahibəni təqdim edirik.

- Sizcə, ərəb dünyasında seksuallıq geniş mənada ictimai münasibətlərin güzgüsüdür?

- Seksual haqlar mahiyyətcə insan haqlarının əsasını təşkil edir. Bunu bütün ölkələrdə dərk etmirlər. Hər şeydən əvvəl isə Birləşmiş Millətlər Təşkilatında. Mənim üçün isə bu, absolyut fikirdir. İnanıram ki, insanın şəxsi həyatı siyasi həyata təsir edir. Təsəvvür etməyə çətinlik çəkirəm, əgər gənc insanların öz seksuallıqları və bədənləri haqda azad informasiya alma imkanları yoxdursa, onlar necə aktiv, məsuliyyətli vətəndaş ola bilərlər?

Əgər qadınların vücudlarına adi nəzarət bazisi yoxdursa, yəni onlarla mülkiyyət kimi davranırlarsa, onda bu qadınlar öz ölkəsinin sosial, iqtisadi, siyasi həyatında necə rol oynaya bilər? Əgər yataqda bərabər, sayğılı, anlayışlı münasibət yoxdursa, məktəbdə, parlamentdə kişi və qadın arasında normal münasibətlər necə qurula bilər? Əgər şəxsi həyatda azadlıq, ləyaqət, bərabərlik, ədalət keçərli deyilsə, siyasətdə bu dəyərlərə necə nail olmaq olar? Demək istəyirəm ki, hər iki məsələ bir-birilə əlaqəlidir. Qahirənin Təhrir meydanında gənc aktivistlərlə söhbət elədim. Birindən soruşdum ki, siyasi azadlığa həm də seksual azadlıq kimi baxıla bilərmi, o, bu ideyadan dəhşətə gəldi.

- Bilirik ki, din nadir hallarda seksual azadlığa imkan verir. İslamda necədir?

- İslamda da “qadağa”lar müəyyənləşib. Amma qadağanın sərhədləri hara qədərdir, nə qəbul oluna bilər, nə yox, bu haqda kifayət qədər mübahisə etmək olar. Məsələn, mənimlə televizorda fətva verən adam arasında böyük fərq var, baxmayaraq ki, ikimiz də müsəlmanıq.

İslamda söhbət hər şeydən əvvəl insanın Tanrıya şəxsi münasibətindən gedir. Ona görə də inanıram ki, insanlara azad düşünmək, hərəkət etmək, islamın sərhədləri daxilində cinsi haqlarını reallaşdırmaq icazəsi tanına bilər. Fəqət, bu məsələdə biz uzağa getməmişik, hərçənd, ərəb baharından sonra çox ümid edirdik.

Bizim sekslə bağlı suallar verməyə cəsarətimiz olmalıdır. Yataq otağında nə baş verir, onun siyasi və iqtisadi həyatımızda baş verənlərlə nə bağlayır? Əgər qadın öz bədəninə nəzarəti itirirsə, istismar olunursa, biz meydanlardan nə gözləyə bilərik? Seksin ikinci dərəcəli məsələ olmasına imkan vermək olmaz.

- Kitabınızda yazırsız ki, statistikaya görə, ərəb ölkələrində HİV-in (insanın immun çatışmazlığı virusu-red.) yayılması Asiya, Şərqi Avropa ölkələrinə nisbətdə aşağıdır. Amma siz buna inanmadız.

- Mən təəccüblənmişdim. Necə ola bilərdi ki, qloballaşma dövründə geniş yayılmış epidemiya yer kürəsinin bir hissəsində azdır. Bu, onu göstərirdi ki, rəqəmlər dəqiq deyil. Araşdırmadan sonra vəziyyətin mənzərəsini daha yaxşı gördük: ərəb dünyasında geylərin, narkomanların, fahişəliyin hesabına HİV- in yayılma riski artır və infeksiyanın yayılması ilə bağlı yüksək rəqəmlərlə toqquşuruq.

Onu da nəzərə almaq lazımdır ki, ərəb dünyasında əksər kişilər həm qadınları, həm də fahişələrlə yatır. Evlənmiş qadın, nikaha bakirə girir və onun ilk uşağında HIV tapılır. Faciə ondadır ki, qadınlar daha çox diskriminasiyaya məruz qalırlar. Çünki islamda nikahdan kənar seks hər ikisi üçün də qadağandır. Amma reallıqda biz patriarxal cəmiyyətdə yaşayarıq: qadınlar bakirə olmalı, kişilərin isə nikaha kimi seksual kontaktı ola bilər. Qadınların da eyni şeyi etməsi artıq başqa hekayətdir. Ərəb dünyasında seksuallıq böyük problemdir və bu, cəmiyyətin dini, siyasi, iqtisadi strukturunu yaxşı anlamaq üçün maraqlı vasitədir. Köküm bu regiona bağlı olduğundan müəyyən şeyləri bilirəm, amma daha çox şey bilmək istədim.

- Kitabınız belə başlayır ki, başıbağlı 6 qadın vibratora meyl edir.

- Siz niyə bunu təəccüblə səsləndirirsiz?

- Çünki mənim üçün dini baş örtüyü başqa şeylərlə assosiasiya olunur, nəinki seksuallıqla.

- Aydındır. Qərbdə çox adam üçün baş örtüyü möminliklə, əxlaqla bağlıdır. Amma nəzərə alın ki, rahibələr də başdan-ayağa qapanır. İslamda isə saçların görünməməsi önəmlidir. Niyə? Bu, artıq interpretasiya məsələsidir. Bəzi qadınlar bunu ona görə edirlər ki, yaxşı müsəlman olduqlarını sübut etsinlər. Bəzilərinə isə bu, seksual zorakılıqdan qaçmaq üçün lazımdır. Əlbəttə, bu gün Qahirədə tamamilə örtülü qadınlara da təcavüz edilir. Amma gəlin vibratorlara qayıdaq. Niyə müsəlman qadınları eynilə sizin kimi sekslə maraqlana bilməməlidirlər. Axı, qadınların da belə istəyə haqqı var.

- Müsəlmanlar seksual həyatlarında təmin olunmaqlarını necə müəyyənləşdirirlər?

- Yaxşı sualdır. Biz bunu bilmirik. Bu haqda araşdırma, empirik informasiya yoxdur. Əgər fikir azadlığını mümkün edəcək struktur olsa, onda bununla bağlı təhqiqat azadlığımız da mümkündür. Kitabda ərəb dünyasına qərb təsəvvürlərini proyeksiya etmək məsələsində ehtiyatlı davranmaq istəmişəm. Əgər seksual haqlardan danışıramsa, qərb ideyalarını nəzərdə tutmuram. Onsuz da biz liberalları ərəb dünyasında çox ittiham edirlər ki, siz regionda qərb ideyalarını reallaşdırmaq istəyirsiz. Anlamaq lazımdır ki, azadlıq, ləyaqət, özəl həyatın qorunması, bərabərlik, ədalət qərb təsəvvürləri yox, universal dəyərlərdir və onları islam kontekstində də tapmaq olar. Eynilə də cinsi haqlar. Və biz islamın interpretasiyasında bütün imkanlardan faydalanmalıyıq.

- İntim detallara toxunmaqdan qorxmursuz?

- Yox. Bayaq dediyim kimi islam kontekstində bütün sekulyar dəyərləri tapmaq olar. Amma sual başqadır: əgər islamda daha geniş izahlar varsa, biz niyə dar izahlara

meylliyik. İllər ərzində məhdud düşüncələr islamın yozumlarına ona görə mane olub ki, bu, ictimailəşə bilər. Bununla yanaşı seks həmişə olub, təsəvvür edə biləcəyiniz bütün formalarda. Diktatura illərində bu, obrazlı desək, masanın altında baş verirdisə, indi nəhayət ki, masanın üstündədir. Amma mövzu yenə də diskussiyalara səbəb olur. Mənə görə, seks demokratiyanın açarıdır.

- Seksə qərb baxışının hansı təsiri var? Məsələn, porno.

- Bəzən absurd təsiri olur: Porno cəmiyyəti qızların sünnət olunmasına təhrik edir, çünki müsəlman kişiləri düşünürlər ki, aha, pornodakı qadınlar sünnət olmadığı üçün əxlaqsız yola düşüblər.

- Qadınların inqilabı haradək gedib çıxa bilər?

- İnqilab? Son illərdə baş verənləri belə adlandırmazdım. Dramatik dəyişikliklər indiyə kimi yoxdu. Amma qadınlar sosial dəyişikliyin təməl daşıdır. Misirdə bu gün mən dövlətə hüquqlarımı qorumağı etibar edə bilmərəm.

- Qadınların intim detallar haqda açıq danışmasını necə izah edərdiz?

- Həmişə onu deyirəm ki, biz öncə seksi yox, sağlamlıq məsələlərini gündəmə gətirməliyik. Əks halda kimsə mənlə bu haqda danışmazdı.

- Kitabınızın ərəbcəyə tərcüməsiylə regionda nəyə ümid bağlayırsız?

- Layihəm o zaman fayda verəcək ki, 5 il zəhmət çəkdiyim kitab qadınların stolüstü kitabına çevriləcək. Bunun üçün isə çox şey baş verməlidir.

- Siz feministsiz? Bəzən kişilərin mənfi obrazını yaradırsınız.

- Yox. Biz sadəcə qadınların həyat şəraitini yaxşılaşdırmalıyıq. Kişilər burda əsas problem yox, onun bir hissəsidir. Ərəb qadın dostlarıma baxıram: onlar özlərinin aktiv seksual tələbatlarını boğurlar, çünki ərdə deyillər və dinə görə nikaha qədər seksual münasibətlərə girmək istəmirlər. Amma islamda söhbət ondan getmir ki, seksuallığı boğmaq lazımdır, hərçənd, çox konservativ olanlar belə düşünürlər.

- Yəni?

- Söhbət seksuallığı yönəltməkdən, istiqamətləndirməkdən gedir, yəni məsələnin yalnız dini tərəfini yox, fiziki tələbatı ödəmək məsələsini də düşünmək lazımdır.

- 60-cı illərdə Qərbdə yaşanan ictimai çevrilişi, eyni zamanda seksual inqilabı nəzərdə tuturam, bu gün ərəb regionundakı inkişafla müqayisə etmək olarmı?

- Qərbdə seksual inqilab müəyyən tarixi prosesin bir hissəsi idi. O, siyasi, sosial dəyişikliklərin və iqtisadi inkişafın uçuş zolağı oldu. Ərəb dünyasında isə bu zolaq hələ yoxdur. Biz bunu qururuq. Mən dini sistemi süpürüb aparan inqilabdan danışmıram. Ərəb dünyasında bu sistemi elə görmək istərdim ki, o, insanlara seçim imkanı versin. Yəni onlar özləri müəyyənləşdirsinlər ki, islamın sərhədləri daxilində yaşamaq istəyirlər, ya yox. Belə seçim ərəb dünyasında yoxdur. Nə zamansa olcaqmı, bu, artıq ordakı insanlardan asılıdır.

- Şansları necə dəyərləndirirsiz?

- İndi bunu demək çox çətindir. Biz keçid dövrü mərhələsində yaşayarıq. Misirdə 6 ay əvvəl belə görünürdü ki, Müsəlman qardaşları ölkədə dominantlıq edə və qanunu dəyişə bilirlər. Amma indi elə dövrdür ki, əsla istədiklərini edə bilməzlər, çünki çoxlu etirazlar var. Məhz bu etirazlar mənə ümid verir ki, biz başqa sistem qura bilərik.

# 9425 dəfə oxunub

Oxşar xəbərlər

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

19:03 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

19:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

18:50 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

18:30 16 aprel 2024
Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

18:00 16 aprel 2024
Sviftin mahnıları yenidən "TikTok"da

Sviftin mahnıları yenidən "TikTok"da

17:30 16 aprel 2024
# # #