Anasının yasıdı, evlənmək təklifi alır

Anasının yasıdı, evlənmək təklifi alır
7 mart 2013
# 17:17

Kamran Su

Yetimçə.

Yol boyu özümü onun ölüsünə inandırmağıma baxmayaraq içəri keçəndə hər şey başqa cür oldu. Qulaqlarımdan uğultu gəlməyə başladı. Əvvəl zəif sonra artan səslə və dəhşətli bir uğultu qulaqlarımı kar etməyə başladı. Bütün əsəb hüceyrələrim ayaqda idilər və beynimdə gizlənqaç oynayırdılar. Heç cürə özümü sakitləşdirə bilmirdim.

Birtəhər özümü ələ almağa çalışdım divarın dibində boynunu qısıb duran bacımdan su istədim, gətirdi. Suyu birnəfəsə içdim. Əlimin dalı ilə saqqalımda ilişib qalmış damcıları sildim.

- Bəs sən hardaydın?

Atam cavab vermədi.

- A kişi səninləyəm bəs sən hardaydın?

- ....

- Əlbəttə harda olacaqdın içməkdə idin - Üzümü çevirib sakit səslə özümçün dedim.

Atamın gözünün altı şişmişdi. Fikirimdə yanılmamışdım dünən gecə yenə bekar dayanmamışdı. Atam 1993- dən bu tərəfə az qala hər gün içir. Ayıq tapmaq olmur onu. Hələ anam da olmasa əsl səfil gününə düşərdi, amma neyniyəsən ki, anam imkan vermirdi.

Üst-başını hər gün yuyub təmizləyərdi. Cibinə bir az pul bir az da nəsihət basardı ki, içməsin. Atam da evdən çıxandan sonra hər iki cibini tərsinə çevirərdi -nəsihətləri havaya, pulları kafedəki araq şüşələrinə buraxardı. Gərçi indi anam da yox idi, amma nəisə.
İndi nə edəcəyimi fikirləşirdim. Mən bu meyitlə nə edəcəm?

Otaqda iki dənə qara milçək vardı. Biri anamın üzünə sərilmiş mələfənin üstünə qonmuşdu, o birisi isə meyitin ayaq tərəfində uçuşub vızıladayırdı. Saatın səsi ilə milçəklərin vızıltısı anamın meyitinə mənim əvəzimdən layla çalırdı.

İçəridən çıxıb bayır qapıya tərəf yönəldim paslı qapını aralayıb siqaret çıxardım. Ciblərimi eşələdim, alışqan yox idi, bacımı səsləyib alışqan gətirməsini dedim.

Gətirib mənə tərəf uzatdı. Alışqanı alanda diqqətlə baxdım. Üst-başı köhnəlmişdi. Saçları da pırtlaşmışdı. Ağlamaqdan hər iki gözü qızarmışdı. Yazığım gəldi.Əsl yetim idi indi. Bu həyatda ən çox sevdiyi adam ölmüşdü. Geriyə qalan əyyaş atası və birdə bivec qardaşı var idi. Bir ara ürəyimdən keçdi ki, indi bacım atamla məni məmnuniyyətlə anama dəyişərdi.

Həyətə adamlar girib çıxırdı. Qonşular idi. Eşidib-bilən kim var idisə gəlirdi. Onları gördükcə daha çox hüzn çökürdü üstümə. Mən neyləyəcəm indi? Bu sual beynimi gəmirirdi. Neyləyəcəm mən burda. Anamın meyitini də ortalıqda qoyub təzədən Bakıya qayıtmaq da olmazdı. Adamın üzünə tüpürərdilər.

Qonşumuz Zeynal kişi başdanxarab qızı Güləfruzun əlindən tutub gəlirdi. Güləfruzla təxminən yaşıd idik. Eyni məktəbdə oxumuşduq, amma onu 4-cü sinifdə olanda məktəbdən çıxarmışdı valideynləri. Çünki xəstə idi, ondan oxuyan olmazdı. Heç kimə dəyib dolaşan deyildi, elə arada başını yelləyir, bir də çox sevdiyi sözcükləri aramsız olaraq işlədirdi. Uşaqlıqdan da məndən xoşu gəlirdi. Mən Bakıda olanda arabir anamla telefonda danışanda anam gülə-gülə deyirdi ki, Güləfruz hər gün səni soruşur, gəl bura evləndirək səni.

Yanımdan keçəndə Zeynal dayı mənə salam verdi, mən də salamını aldım, Güləfruza da salam verib kefini soruşdum. Salamımı almadı, əvəzində atasının əlini buraxıb yanıma gəldi, düz gözümün içinə baxıb soruşdu: - Məni haçan Bakıya öz yanına aparacaqsan? ən sənlə evlənmək istəyirəm axı. İstəyirəm bizim uşaqlarımız olsun.

Maddım-maddım üzünə baxırdım. Güləfruz indi də üzünü atasına çevirdi. Sevinə-sevinə dedi ki, bax mən sənə deyirdim ki, o gələcək, gördün gəldi. Sonra da ağlamsındı.

- Bilirəm, o mənə görə gəlməyib, Pərvanə xala ölüb ona görə gəlib.

Anamın adını eşidib dəli oldum. Gəldiyim iki saat ərzində hələ anamın adını çəkən olmamışdı. Güləfruz danışmağa davam edirdi.

- Pərvanə xala ölüb ee, ata. Xəbərin yoxdu sənin? Ay sənin saqqalına i..sinlər, Pərvanə xala ölüb. Ay qanmaz, ölüb ee Pərvanə xala.

Zeynal kişi əlindən tutub içəri çəkdi Güləfruzu. Güləfruz da bir ayağını iki başmağa dirədi ki, getmiyəcəm. Pərvanə xala ölüb, hara gedirəm? Getməyəcəm. Getsəm, mən də öləcəm.

Arxama baxmadan uzaqlaşdım ordan, kəndin içinə tərəf addımladım.

Yolda kim görürdüsə başsağlığı verirdi, hal-əhval tuturdu Bakıda dərslərimin necə getdiyini soruşurdular. Bu dar macallıqda iş-güclə maraqlananlar da vardı. Guya ki, bu dünyada mənim yeganə problemin bu xiyarı Bakıda hansısa yeni tikilmiş binada fəhlə olaraq işə düzəltməyim idi.

Uşaqlıq dostum Fəridi də gördüm. Qabağında bir-sürü mal qara naxırdan gəlirdi. Çatanda qucaqlaşdıq. Kövrəldi Fərid. Ağlamsına-ağlamsına dedi ki,allah rəhmət eləsin.

- Çox sağ ol, - dedim. Başımı Fəridin yamaqlı pencəyinə qoyub durmuşdum. Təzək iyi gəlirdi Fəriddən, bir də ucuz siqaret iyi. Bir az söhbət elədik keçmişdən, yaxşı günlərdən. Aralananda paltomun iç cibindən bir qutu “Marlboro” çıxarıb verdim ona. Sevindi Fərid.

Günəş yavaş-yavaş batırdı. Evə tərəf qayıdırdım. Daha o evdə məni anam gözləmirdi. Anan olmadığını hiss etmək çox oğraş hissdi. Kaş indi anam qonşuda olaydı, mən də bacımı onun arxasınca göndərəydim. Bir azdan bacım anamın əlindən tutub gələydi. Hələ uzaqdan da soruşardı ki, acmısanmı, hər şeyim?...

# 1691 dəfə oxunub

Oxşar xəbərlər

# # #