writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock12:04 calendar-gray 06 Fevral 2013 view-gray2588 dəfə oxunub
view-gray2588 dəfə oxunub

“Ünvansız sevgi” haqqında düşüncələrim

Detektiv janrının yaranmasını bəziləri Leru Qastonun “Sarı otağın sirri”, bəziləri isə Amerika yazıçısı Edqar Alan Ponun “Morq küçəsi cinayəti” romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk dedektiv roman Çarlz Feliks ləqəbli müəllifin “Nottinq Hillin sirri” romanı hesab olunur. Bu roman ilk dəfə 1862-1863-cü illərdə hissələrlə “Once a Week” jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində “Bradbury & Evans” nəşriyyatı kitabı yayımlayıb.

Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub. Amma tarix və araşdırmalar həqiqəti üzə çıxardı. 1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons isbat etdi ki, ancaq “Nottinq Hllin sirri” romanı detektiv roman kriteriyalarına cavab verir.


Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər əsl detektiv “Nottinq Hllin sirri”dir. Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar—şahidlərin dindirilməsi, maddi sübutların toplanması və başqa detektivə xas xüsusiyyətlər ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb. Yeri gəlmişkən, Çarlz Feliks adıçəkilən romanında öz həyat yoldaşını öldürməkdə təqsirli bilinən bir baronu təsvir edib. Müstəntiq Ralf Xenderson istintaq prosesində nəinki bu işin, hətta daha iki cinayətin üstünü aça bilir. Araşdırmaçılar Çarlz Feliks gizli imzası altında o dövrün məşhur vəkili Çarlz Uorren Adamsın (Charles Warren Adams) gizləndiyini güman edirlər. Onun başqa romanları da ədəbiyyat araşdırmaçılarına məlumdur. Ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal süjetlər gen-bol istifadə olunub.

Dostoyevskinin məşhur "Cinayət və Cəza" romanını klassik detektiv hesab edən tənqidçilər də var. Ancaq həm Dostoyevski də, həm də digər dünya ədəbiyyatının digər ünlü yazıçılarında detektiv macəraçılıqdan o tərəfə keçə bilmir. Edqar Alan Ponun əsərləri isə detektiv janrının bütün xüsusiyyətlərinə cavab verir.

Detektiv janrı öz inkişaf yolunda çox ciddi inkişaf mərhələlərindən keçib. İlkin dövrlərdə "hermetik detektiv"(kiçik bir məkanda-otaqda, ofisdə, vaqonda, evdə- baş verən hadisələrin təsviri) populyar olsa da ötən əsrin səksəninci illərindən başlayaraq dünya detektiv ədəbiyyatı öz inkişafının növbəti mərhələsinə başladı. Dünyaca məşhur yazıçılar artıq detektivi başqa janrlarla sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar meydana gətirməyi bacardılar. Bu cəhdlər nəticəsində tarixi detektiv, intellektual-kulturoloji detektiv, siyasi detektiv, mistik detektiv, fantastik detektiv janrları yarandı. Umberto Ekonu, Orxan Pamuku, Haruki Murakamini bu sahənin öncülləri hesab etmək olar. Ancaq sadaladığım yazıçılar detektiv ədəbiyyatı nümayəndəsi hesab olunmurlar. Onların romanlarında detektiv xətt sadəcə romanın strukturunun və süjetinin rəngarəngliyinə xidmət edir, postmodern roman xüsusiyyətlərinə isə tam cavab verir. Həmyerlimiz Çingiz Abdullayevin banisi olduğu siyasi detektiv janrı isə detektiv ədəbiyyatında yeni mərhələ hesab olunur. Baxmayaraq ki, Frederik Forsayt, Eduard Topol kimi yazıçılar da bu janrda öz qələmlərini sınayıb, amma dünyada bu janrın ən parlaq nümayəndəsi Çingiz Abdullayevdir.

Milli detektiv janrı və Müşfiq Xan

Azərbaycanda detektiv janrının ilk nümayəndəsi Cəmşid Əmirov olsa da, bu janrı oxucuya sevdirən ən populyar imza Çingiz Abdullayevdir. Cəmşid Əmirov “Sahil əməliyyatı”, “Brilliyant məsələsi”, “Qara volqa” və “Şəhər yatarkən” adlı çox populyar əsərlərin müəllifidir. Xatırlayıram ki, bir vaxtlar onun kitabları əl-əl gəzərdi. Bu gün digər janrlara nəzərən daha populyar olan və ciddi ədəbiyyat hesab olunmayan detektiv janrı ölkəmizdə də çox geniş yayılıb. Hətta qəzet köşklərində və metro stansiyalarının çıxışlarında belə detektiv romanlar satılır.

Gəncliyin böyük bir qismi məhz bu ədəbiyyata meyl göstərir. Çingiz Abdullayevdən fərqli olaraq bu janrı milliləşdirən yazarlar siyahısında Elxan Elatlı və Müşfiq Xanın adını xüsusi olaraq çəkmək lazımdır. Hər iki müəllif Çingiz Abdullayevdən fərqli olaraq əsərlərini öz dilimizdə yazır. Elxan Elatlı 15-dən artıq roman müəllifidir. BDU-nun mexanika riyaziyyat fakültəsini bitirsə də ilk detektiv romanı “Xəyanət”dən sonra detektiv yazıçı kimi məşhurlaşıb. Çingiz Abdullayev isə ixtisasca hüquqşünasdır və uzun illər məhz bu sahədə çalışaraq zəngin təcrübə qazanıb.

Bu yazımda nə Çingiz Abdullayevin, nə də Elxan Elatlının yaradıcılığına toxunacağam, baxmayaraq ki hər ikisinin yaradıcılığı ilə kifayət qədər tanışam. Hələlik mən diqqətimi sadəcə detektiv romançı Müşfiq Xanın yaradıcılığına cəlb edəcəyəm. Çingiz Abdullayev qlobal siyasi detektivlər müəllifi kimi tanındığı üçün, onun yaradıcılığı daha geniş araşdırma mövzusudur. Elxan Elatlının yaradıcılığı isə o qədər diqqətçəkən deyil. Gənclər arasında çox geniş yayılsa da, tanış olduğum əsərləri heç bir xüsusiyyəti ilə məni ilgiləndirmədi. Ancaq Müşfiq Xanın ilk romanı ilə tanışlıqdan sonra başa düşdüm ki, populyar və çox satılan, ciddi hesab edilməyən janrda söz demək mümkündür.

1982-ci ildə Biləsuvar rayonunda doğulan Müşfiq Xan ixtisasca bioloqdur və pedaqoq kimi çox uğurlu işlərə imza atıb. 2003-cü ildə BDU-nun Biologiya fakültəsini (bakalavr) və NDU-nin magistatura pilləsini və AMEA-nın aspiranturasını bitirib. Müxtəlif sahələrdə çalışıb. Sələfləri kimi o da ədəbiyyatdan kənar sahənin adamıdır. Bioloqdur və uzun zaman biologiya müəllimi kimi fəaliyyət göstərib.

Ancaq tələbəlik illərindən ictimai-siyasi proseslərlə yaxından maraqlanıb, “Vətənpərvər Gənclər Təşkilatı”nın sədri, “Vahid Azərbaycan” qəzetinin və “XAN” jurnalının təsisçisi olub. Mənə elə gəlir ki, Müşfiq Xanda detektiv janrına həvəs “Snayper” elektron layihəsindən sonra yaranıb. Bu elektron layihə dünyada Azərbaycan gəncliyinin həyata keçirdiyi ilk elektron layihələrdən biridir. Hal-hazırda Müşfiq Xan “Hədəf” nəşriyyatına rəhbərlik edir və yeni layihələri üzərində çalışır.

Yaradıcılığına lirik şeirlər və hekayələrə başlayan müəllifin ilk detektiv əsəri “Tənha canavar” romanıdır.

Müəllifin ilk romanında tələskənlik və təcrübəsizlik hiss olunsa da, roman milli kaloritlə olduqca zəngindir. Şəxsən mən müəllifin əsərə seçdiyi adla razı deyiləm. Əsərdə müəllifin Azərbaycan dilinə nabələdliyi və detektiv yazarı kimi təcrübəsizliyi çox aydın şəkildə hiss olunur. Ancaq vətənpərvərlik, bütöv Azərbaycan ideologiyasının qabardılması, tariximizə ehtiram, müəllifin yenicə qədəm qoyduğu bu sahəyə sevgisi olduqca diqqət çəkəndir. Müşfiq Xanın yaradıcılığından oxuduğum ikinci kitab həmmüəllifi olduğu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqlə birlikdə qələmə aldığı və Xocalı faciəsinə həsr olunmuş “Ümidlərin izi ilə” kriminal-detektiv romanıdır ki, bu roman ayrıca bir yazının mövzusudur. Bu roman həm bədii keyfiyyətlərinə, həm də mövzusuna görə olduqca diqqətçəkəndir.

Müşfiq xanın “Ünvansız sevgi”si

İki detektiv əsərdən sonra Müşfiq Xanın şeirlərdən, esse və hekayələrdən ibarət “O” adlı kitabını oxudum. Etiraf edim ki, lirik və sentimental ovqatlı kitab məni qətiyyən qane etmədi.

Kitabdakı şeirlər, esselər, müxtəlif vaxtlarda mətbuatda çap olunmuş köşə yazıları oxucu kimi “mənim yemim” deyildi. Etiraf edim ki, lirik-sentimental ovqatlı yazılar yazsam da, bu cür yazılar oxumaq mənim zövqümü oxşamır. Amma bu cür yazıların da öz oxucusu olduğuna əminəm. Müşfiq Xanın məntiq elminə əsaslanaraq qələmə alınmış “Ünvansız sevgi” detektiv romanını bütün səmimiyyətimlə milli detektivimizin ən yaxşı nümunələrindən biri hesab etdiyimi deyə bilərəm. Müəllif gənc olmasına baxmayaraq bu romanda olduqca peşəkar və usta müəllif olduğunu hər süjetdə isbat etməyi bacarır. Müşfiq Xanın “Ünvansız sevgi”də peşəkarlığı ondan ibarətdir ki, əsərdə hər kəsin gözləri önündə baş verən hadisəni hamımızdan fərqli görməyi və təhlil etməyi bacarır. Romanın nəfəs kəsən süjet xətti detektiv həvəskarına imkan vermir ki, kitabı bir anlıq da olsun əlindən yerə qoysun.

Əsərdə gənc bir biznesmen, ikinci dəfə ailə qurduqdan sonra ata olmağa hazırlaşan Xalid Səlimov öldürülür. Qatilin axtarışları uğursuz nəticələnir və cinayətin üstü açılmır. Oxucu cinayət hadisəsinin üstünün açılmasından əlini üzdüyü bir vaxtda müstəqil xəfiyyə, zamanında dövlət təhlükəsizlik xidmətində çalışmış Tomar Bəşirli meydana çıxır. Öldürülən şəxsin qardaşı Tomar Bəşirlidən bu cinayəti araşdırmağı xahiş edir və peşəkar xəfiyyə araşdırmalara başlayır. Etiraf edim ki, Müşfiq Xanın yaratdığı Tomar Bəşirli obrazı Şerlok Holmosdan, Dronqodan, Ceyms Bonddan geri qalmır. Onun soyuq başla apardığı araşdırmalar, araşdırma üslubu öz sələflərini xatırladır.

Şahidlərin dindirilməsi, maddi sübutların toplanması, hadisəyə analitik yanaşma müəllifin bu romanı yazarkən yenicə qədəm qoyduğu sahənin sirlərini ciddi şəkildə araşdırdığını bəlli edir.

“Ünvansız sevgi” romanında Müşfiq Xan öz peşəkar xəfiyyəsini yarada bilib. Müstəqil xəfiyyə Bəşirlinin gələcəkdə Dronqo kimi məşhur bir xəfiyyəyə çevriləcəyi, sevilən romanların qəhrəmanı olacağı məndə şübhə doğurmur.

Müşfiq Xan da sələfləri kimi oxucu məntiqini sınağa çəkməyi, bəzən məntiqin sınırlarına qədər gedib çıxmağı bacarır və onun qəhrəmanı heç kəsin bilmədiyi mətləbləri, detalları, faktları aşkara çıxarır.

Əsərdəki obrazların dolğun işlənməsini də xüsusi ilə qeyd etmək lazımdır. Detektiv həvəskarı olmasam da əsər sonuna qədər məni gərgin vəziyyətdə saxlamağı və özünə bağlamağı bacardı. Əsərin kulminasiyası isə olduqca maraqlı və gözlənilməz olduğu üçün Müşfiq Xana ürəkdən bir “əhsən” dedim.

“Ünvansız sevgi”nin qüsurları

Şəxsən tanıdığım üçün bilirəm ki, Müşfiq Xan bəzi məqamlarda şairanə təbiətinin əsirinə çevrilib, bu əsərində də sentimental və lirik ovqatdan xilas ola bilməyib. Mənim aləmimdə detektiv roman üçün lirik ricətlər olduqca yersiz və cansıxıcıdır. Üstəlik müəllif bu parçaları yazarkən peşəkar davrana bilmir. Təbiət təsvirləri, insan ovqatını açmağa hesablanan parçalar o qədər də uğurlu qələmə alınmayıb. Ümumiyyətlə detektiv üçün lirik ricətləri və təbiət təsvirlərini yersiz hesab edirəm. Ola bilsin ki, müəllif bu parçaları yazarkən romanın dilinin quru olmamağına, əsəri daha kaloritli yazmağa cəhd edib. Məncə bu cəhdlərin heç biri uğurlu alınmayıb. Müəllifin Azərbaycan dilinə münasibəti də xoşuma gəlmədi. Cümlələr, seçilmiş sözlər, ifadə vasitələri, obrazların danışıq tərzi bəzən uğursuz görünür. Kitabın demək olar ki, hər səhifəsində qeydlər etdiyim üçün əsər barədə danışmaq mənim üçün asandır. Müşfiq Xan öz sahəsini, yəni detektiv janrını gözəl bilir. Roman janr xüsusiyyətlərinə cavab verir və üslub qüsurları olduqca cüzidir. Müəllifin yeganə ən böyük qüsuru onun Azərbaycan dilinin imkanlarına nabələdliyidir ki, bunun gələcəkdə aradan qalxacağına səmimi qəlbdən inanıram. Çünki Müşfiq Xan olduqca zəhmətkeş qələm adamıdır. Şəxsi söhbətlərimizdən bilirəm ki, o təkcə detektiv ədəbiyyatı mütaliə etmir.

Sözün açığı heç vaxt detektivi ciddi ədəbiyyat hesab etməmişəm və buna görə də ilk dəfədir ki, detektiv janrında yazılmış bir əsər haqqında fikirlərimi qələmə alıram. Bəlkə də bu sahəyə kifayət qədər vaqif deyiləm. Oxuduğum detektiv əsərlərin sayı 30-u keçmir. Nədənsə Müşfiq Xanla söhbətlərimizdən və onun yaradıcılığı ilə tanışlıqdan sonra əmin oldum ki, bu janrda da ciddi iş görmək mümkündür. Çünki müəllifin potensialı və istedadı istənilən janrda əsas göstəricidir. Arzu edirəm ki, müəllif bu sahədə çabalarından vaz keçməsin və milli detektiv ədəbiyyatımıza öz töhfələrini verməkdə davam etsin. Detektiv kütləvi olduğu üçün bu janrda cəmiyyətə mesaj ötürmək imkanları olduqca genişdir. Əminəm ki, Müşfiq Xan yaradıcılığını davam etdirəcək və detektiv ədəbiyyat həvəskarlarını öz milli ruhlu, gözlənilməz əsərləri ilə sevindirməyi bacaracaq.

Bildiyim qədər müəllif hal-hazırda “U geni” adlı detektiv hekayələr toplusu üzərində çalışır və elmi detektivdə də özünü sınamaq arzusundadır.

Detektiv həvəskarı olmasam da, Müşfiq Xanın növbəti kitabını da oxuyacağıma söz verir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020