writer1

Seyfəddin Hüseynli

Məqalə sayı

24
clock17:28 calendar-gray 31 Yanvar 2013 view-gray3758 dəfə oxunub
view-gray3758 dəfə oxunub

Lavaş yuxular

“NƏƏNO..!” - Bircə bunu deyə bilirdi. Yorğun, sətəlcəmli sinənin xırıltı-xışıltısı kimiydi bu kəlmə: “NƏƏNO..!”

...Qolundan-qoltuğundan yapışıb dartışdırdıqları, çiynini, kürəyini, sinəsini dürtmələdikləri, xırdaca-yumruca qarnını barmaqladıqları bu bəstəboy, dolutəhər adam qocaydımı, uşaqdımı, dəqiq anışdırmaq olmurdu; gülümsəyirdimi, ağlamsınırdımı, bilinmirdi. Ətrafın yarıqaranlıq-yarıdumanlıq olmağına qalsa, səbəb bu ola bilməzdi, nədən ki, o birilərin kimliyi aydındı: bəlli-mənşir sifətlərdi, hərçənd, təzələri da vardı. İş ondaydı ki, adamın özünün üz cizgiləri, sifətinin ifadəsi qarışıqdı: dünyanı yormuş ahıl adama da bənzəri vardı, dünyadan bir gecə vaxtı, özü də zülmət qaranlıqda keçib gedən, bu aləmi düz-əməlli görməyə macalı olmayan yeniyetməyə də. Elə onu hikkəli-hikkəli dartışdırıb-dürtmələyənlərə, sürtüb-sürütləyənlərə verdiyi cavab da özü qədər, üzü qədər anlaşılmazdı: “NƏƏNO..!”


... “Xalqlar Dostluğu” niyə o cür boşuna-başınaydı? Ayrı vaxt adamların qaynaşdıqları, dəstə-dəstə girib-çıxdıqları bu beynəlmiləlçi məkanın indiki kimsəsizliyi tam bir müəmmaydı. Bəlkə gecənin dərin bir aləmiydi deyə... Amma sağdan-soldan qatarlar gəlib-gedirdi axı, vaqonların içərisi bomboş da olsa. Minib-düşən olmurdu, qatarlar beş-on saniyəliyə burda dayanandan sonra təkrar tərpənirdi. Deyəsən, heç sürücüsü də yoxdu o qatarların.

Mahnı isə səslənirdi - yeraltı mahnılardan biri. Ancaq əvvəlki mahnı deyildi, başqasıydı, dəyişdirilmişdi “Xalqlar Dostluğu”nun mahnısı. Bir tərəfdəki vaqonlardan balaban səsi gəlirdi, o biri tərəfdəkilərdən kamança: ikisində də “Sarı Gəlin”...


...Həmin “Ahıl-Yeniyetmə” hərdən, gücü yetən qədər dartınırdı, yaxasını, qollarını, çiyinlərini dövrəsindəkilərin əlindən çıxarmağa çalışırdı, hərdən də özünü boş-sallaq buraxıb, gah gözlərini yan-yörəsindəkilərin daş kimi sifətlərinə zilləyirdi, gah da onların çiyinləri üstündən, qıçlarının arasından ətrafa boylanmağa çalışırdı. Ətrafda gördükləri-görəcəkləri də stansiyanın böyük, geniş salonunun daş döşəməsi, daş sütunları, daş divarlarıydı. Baxırdı, baxırdı... Sorğu-sual, dartma-dürtmə lap şiddətlənəndəsə iki-üç yol udqunandan, diliylə dodaqlarını yalayıb isladandan sonra, bircə kəlmə çıxırdı dişlərinin arasından: “NƏƏNO..!”

Gəlib-gedən qatarların uğultusu, taqqıltısı “Ahıl-Yeniyetmə”nin səsini boğub-batırır, böyür-başındakıların hayqırtı-bağırtısı isə sözünü ağzında qoyurdu onun, yenə nəsə demək istəsə də, ardını gətirməyə fürsət olmurdu. Təkcə buna yetirdi imkanı: “NƏƏNO..!


- Nənə söyüşü söyürsən?! Bayaqdan elə nənəmizə söyürsən?!

- Dillən də, birdəfəlik de görək, kimsən axı sən?!

- NƏƏNO..!

- Bəs olmadı söydüklərin?! Bu neçə ildə söymədiyin haramız qaldı?! Bəs deyil ta?!

- İş bərkə düşüb, nənə söyüşünə keçmisən?! Nənə-baba söhbəti gedir burda?

- Axı sən nə millətisən?! Bir dillən də! Sən hansı dinə-məzhəbə qulluq eləyirsən axı?! Kimsən də, kim?!

- NƏƏNO..!


- Vallah, əlimizdə qalasısan, a bədbaxtın balası!..

- Bəsdi bizi barmağına sarıdın! Niyə belə eliyirsən axı?!


- Bu boyda milləti əsir-yesir eləmisən e, xəbərin var?!

- Açıq de, kimliyini öz dilinlə aç de, dinini-məzhəbini qoy ortaya, qurtarsın-getsin!

- NƏƏNO..!

- Yox, əşşi, bu, düzələsi deyil!

- Çıxardaq bunun üst-başındakıları!


- Paltarını yəni? Ağ eləmə sən də!

- Nə paltar?! Nəyimizə lazımdı bunun yumru-yosma paltarı?!

- Yoox! Sənəd-sünədini, bir də bu çiynindən-boynundan asılanlar nədisə, bunları!

- Bunlar nədi belə? Elə hər yazdığını üstündən asmısan ki! Asılqansan sən?!

Kimsən e axı?!
- NƏƏNO..!

- Neynək, qal bu dediyinin üstündə! Sən sən ol, biz də biz!..


- Vəssalam. Verəkmi papkaları?

- Hə, verək. Bircə-bircə dürtək bunun qoltuğuna o qovluqları!

- Qoy biabır olsun, açılıb-tökülsün bunun kimliyi!..

- NƏƏNO..!

Onu iki addım irəli dartıb daş sütuna söykədilər, yerdəki qovluqları seçib-sonalamağa girişdilər. Çiyinlərindən, boyun-boğazından uzun əlfəcinli kitablar asılmışdı “Ahıl-Yeniyetmə”nin. Rəngbərəng, köhnəli-təzəli, qalınlı-nazikli, cildli-cildsiz kitablar. Hardansa seyrək, bəmbəyaz işıq topası düşüb yayılırdı kitabların üzərinə, həmin işıqda o kitabların üstü aydınca oxunurdu. Qarmon kimi eninə açılan, dolaşıq bir imza vardı çoxunun üz qabığında, bir də hərəsinin öz adı yazılmışdı. Ağır-sanballı kitablardı, görünür, elə onun belinin azırqı bükülüb, boyunun lap yığcam görsənməsi də bundandı, yəqin...

Əlfəcinləri dartıb qırdılar, kitabları alıb kənara tulladılar. Cəzb olmuş kimiydilər, vəcd halında, coşqunluq içindəydilər. Gətirdikləri qovluqların üstünü bərkdən oxuyur, oxuduqca qan-qarğış tökür, sonra da qovluqları bircə-bircə “Ahıl-Yeniyetmə”nin qoynuna-qoltuğuna pərçimləyirdilər:

- “Əcdadımızın qənimi - 1905”... bax bu buranın! “Soy-kökümüzün cəlladı-1919”... bu da buranın! Ay bu torpağın suyu sənə.....!!!

- “Xalq düşməni - 1948”... bax bu buraya! “Ədəbiyyatımızın zülmkarı - 1960-70”... bu da buraya! Ay bu xalqın çörəyi sənə.....!!!

- “Milli satqın - 1988-89”... bu burda! “Müxalifətin əlaltısı, iqtidarın oyuncağı

- 1995-98”... bu da burda! Ay bu müxalifətin rəğbəti, ay bu iqtidarın hörməti sənə.....!!!

- “Vətən xaini-2001”... bu belə! “Dönük və mürtəd – 2013”... bu da lap belə! Ay bu vətənin adı, ay bu millətin sözü sənə.....!!!

- Müharibədə də sənin əlin var!

- Torpaqlarıın verilməsində də!

- İndi almağa qoymayan da sənsən!

- Əlimizi silahdan soyudan da!..

- Belə hoqqalara görə adamın barmaqlarını “Drujba”nın ağzına tutarlar e!

- Bildin?! O tok mişarı olur e, “Drujba”... Bax onun!..

...Beləcə qara-qışqırığın içində “Xalqlar Dostluğu”nun hansı qapısı nə vaxt, necə açıldı, bilən olmadı. Yadelli olduğu üzündən oxunan ucaboy, cantaraq, eynəkli, əsalı bir kişi peyda oldu ortalıqda. Düz gəlib durdu həmin o daş sütunun tuşunda, çığır-bağır salanları əsasının ucuyla sağa-sola aralayandan sonra keçib dayandı “Ahıl-Yeniyetmə”ylə üzbəüz. Qurbağa gölünə daş atıldı, göl daşa döndü elə bil. Yadellinin heç türkə oxşarı yoxdu, amma türkcə, özü də pozuq-qarışıq tələffüzlə, amma ağayana ədayla dilləndi:


- Mən “Nobel”dənəm!


Sükut pozuldu, kişnərti tonunda qəhqəhələr tapança kimi açıldı:

- Noolsun?! Elə burda da Nobel prospektində olanlar var! Qırağa dur, ə!..

- Hə, mən də Neftçilər prospektində oluram. Aralaş e burdan!

- Bax bu da Raboçidə olur, sonra?! Yeri get, baxmarıq ha, kimsən, hardansan...

Gəlmə adam dinməscə boş əlini qoltuq cibinə atanda hay-küyçülər duruxub bir addım dala çəkildilər. Yadelli əvvəlcə qoltuq cibindən əlində par-par yanan bir qələm çıxartdı, sonra da dörd qatlanmış, ancaq açılanda şax duran bir vərəq zərli kağız. Qələmlə kağızı - indi lap karıxıb özünü tamam-kamal itirməkdə olan - “Ahıl-Yeniyetmə”yə uzatdı, sonra da aramla, ucadan dedi:

- Biz bilirik sən kimsən!..

- NƏƏNO!..

- Danışma! Sən yaz! Demək istədiyini yaz! Al, yaz!

”Ahıl-Yeniyetmə” uçuna-uçuna qələm-kağızı Yadellidən aldı, sütunun dibindəcə yerə çökdü, vərəqi tir-tir əsən dizlərinin üstünə qoyub yazmağa başlayan kimi əsməcəsi xırp dayandı. Ləng yazırdı “Ahıl-Yeniyetmə”, aradan əməllicə müddət keçdi. Axır ki, yazdığını bitirdi, vərəqin üzünə bir az baxıb, dikəldi.

- İndi oxu yazdığını!

- Naibov-Əylisli Əkrəm Nəcəf Oğlu
Naibov Əkrəm. Əylisli, Naxçıvanlı, Ordubadlı
Naxçıvanlı Əkrəm. Əylisli Nəcəfin Oğlu

...Həndəvərdəkilərin çənəsi sinəsinə dəyib qayıtdı:

- Vayy nəənəə!..

Gəlmə adam zərli vərəqi “Ahıl-Yeniyetmə”dən aldı, büküb yenə qoltuq cibinə qoydu. Qələmini istəmədi, “Ahıl-Yeniyetmə”də qaldı qələm.

- İndi düş qabağıma! –öz qəribə türkcəsiylə belə dedi Yadelli. – Düş qabağıma, gedək! – dedi.

Axırıncı cümlələri, ən çox da sonuncu kəlmələri hardan, necə öyrənməyinin doğurduğu müdhiş heyrət, Yadellinin özündən başqa, o an “Xalqlar Dostluğu”nun boz-bulanıq, vahiməli salonundakı hər kəsin, əsas da “Ahıl-Yeniyetmə”nin amanını qırdı. Əvvəlcə, əsaqarışıq, qollarını yana açan Yadelli xalis Karuzo, Şalyapin, Pavarotti ədasıyla, döşünü qabarda bildiyincə qabartdı. Amma dillənəndə sinəsindən çölə Xan Şuşinskinin səsi yayıldı, elə Xanın avazıyla da bu məşhur mahnının nəqaratını oxudu:

- Kim nazın çəkər, ay qadası! Kim nazın çəkər, ay qadası!..

Lap axırda isə əvvəlki səsinə qayıdıb: - Olmaz burda! – dedi Gəlmə adam, hökmlü, bir az da acıqlı tərzdə. - Qala bilməzsən sən burda! Daş yuxalar yedirdərlər burda sənə! Daş yuxalar, daş yu-xa-laaarrr...”
...Qəribə yuxular olur dünyada: ağıla-nağıla gəlməyən yuxular. Arasına dürlü-dürlü məğz-məna bükülmüş, yuxa təki qat-qat, lavaş kimi lay-lay yuxular... Həm də bu dünyada bəzi mətləbləri ancaq yuxuda görmək, yuxu kimi danışmaq olur...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020