Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj

Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
22 sentyabr 2021
# 12:40

Kulis.az Ulucay Akifin ilk dərs günündən reportajını təqdim edir.

Ay uzun saç, qara göz
Ağıllı kuklam mənim
Gəl, əlifba oxuyaq,
Sən şagird ol, mən müəllim,
Bir de görüm “Aaaaa”...

Biiiiiiip!

Piyada keçidindən keçəndə qəfil maşın siqnalına diksinirəm. Maşının lyukundan əlində bəyaz və qızılı rəngli balonlar tutmuş yaraşıqlı bir oğlan təbəssümlə mənə əl sallayır.

Aaaaaaa!

Axı, bu gün məktəblər açılır!

- Təbrik eləyirəm! – uca səslə deyirəm. Adın nədi?
- Yunis! – o da eyni tonla cavab verir.
- Neçənci sinfə gedirsən?
- Birinciiiii... – deyir və işıqforda onun üçün yaşıl işıq yanır.

Tez yoldan kənara çıxıb arxasınca bağırıram:

- Uğurlar, Yunis! Dərslərini yaxşı oxu!

Yunis əlindəki balonları yelləyə-yelləyə gözdən itir.

Yolda belində çanta, əlində gül dəstəsi olan uşaqları gördükcə gözüm-könlüm açılır. İlahi, necə də gözəllik verir bu uşaqlar küçələrə, yollara! Bu sevincli, həyəcanlı, yarıyuxulu uşaqların gülüşləri buludları aralayır, göyün üzündəki sapsarı günəş yer üzünə elə şəfəq saçır, elə bil, yaz yenicə başlayır.

Uşaqlar yazın əvvəlində düzə çıxan lalələr kimi yolları bəzəyir. Uşaqlarının şəkillərini çəkən valideynlər də ən az onlar qədər həyəcanlı, sevincli görünür.

Gözüm bir gözəl ailəyə sataşır. Həmkarımız Xəyalə Rəis də övladlarını məktəbə aparır. Özü də əkiz olan Yusif və Zəhra bu il ilk sinfə başlayırlarmış.

- Sevinirsiniz məktəbə getməyinizə? – uşaqlardan soruşuram.

- Hə, sevinirik! – Zəhra həm öz, həm də qardaşı adından cavab verir.

Yusifin cavab vermədiyini görüb həqiqətləri üzə çıxarmağa çalışıram:

- Yusif, bacın sevinir, sən niyə sevinmirsən?

- O hərfləri bilir də, ona görə sevinir. Mən axı hərfləri bilmirəm! – kefsiz-kefsiz cavab verir.

- Eybi yox, elə öyrənmək üçün gedirsən də məktəbə, - deyib təsəlli verməyə çalışıram.

- Öyrənənə kimi Zəhradan köçürəcəm - deyib susur.

Onlarla sağollaşıb çəmənliyə donunu lalə kimi sərmiş bir qızcığaza yaxınlaşıram. İnci də bu il 1-ci sinfə başlayır. Çəhrayı çantası, əlindəki gül dəstəsi də özüylə həmahəng görünür. Qardaşı Elnur isə 4-cü sinfə keçir. İnci suallarıma cavab verməyə utansa da, Elnur çəkinmir:

- Məktəb üçün darıxmışdım. Evdə adamın ürəyi sıxılır. Nə qədər evdə oturmaq olar?! – etirazını bildirir.

- Dərslər üçün, müəllimlərin üçün darıxmısan?

- Yox! - deyib tərəddüdlə valideynlərinə baxır. - Amma dostlarım üçün darıxmışam.

Uşaqların sehrinə qapılıb onların arxasınca düşürəm. Onlar məni İncəsənət Gimnaziyasının qarşısına gətirir. Burada daha çox uşaq, daha çox gül dəstəsi, daha çox gülüş, daha çox ümid və sevinclə qarşılaşıram.

Çantası az qala özündən böyük olan uşaqlar necə məzəli və şirin görsənir. O çantaların içində yeni dəftər-qələmlər, yeni kitablar var.

O yeni kitablar ki, artıq ilk səhifəsində “Qan yaddaşı” adlı hissə olmayacaq. Bu il birinci sinfə gedən uşaqlar artıq şəhərlərimizin işğal olunma tarixini yox, azad edilmə tarixini əzbərləyəcəklər. Onlar qələbə ruhunda yetişən ilk nəsil olacaq.

Əlində gül buketi saxlayan yaraşıqlı bir oğlanın da şəklini çəkirəm.

- Adın nədi sənin?
- Ülvi!
- Ülvi, sevinirsən məktəbə getməyinə?
- Sevinir! – kənardan bir xanım sualıma cavab verir. Baş beynimiz getmişdi ta evdə! – deyəsən, nənəsidi cavab verən.

Allah bilir, yay boyu, özü də karantində nə oyunlar açıb nənəsinin başına Ülvi.

Bir yanımda uzun müddət sonra yenidən bir-birini görən sinif yoldaşları qucaqlaşır. Nələrsə danışıb gülürlər. Necə gözəl, necə səmimi mənzərədir! Adam istəyir özünü onların arasına atıb “məni də qucaqlayın!” desin.

Yan tərəfdə Əsra bir əlini belinə qoyub anasına poz verir, şəkil çəkdirir. Əsra bu il üçüncü sinfə başlayır. O da sinif yoldaşları üçün darıxdığını deyir. Elə bu dəm sinif yoldaşlarından biri gəlir. Mən də onların birgə şəklini çəkirəm.

Gözüm kənarda uşağının çantasına yemək qoyan bir anaya sataşır. Parta arxasında yumurta-çörək yeməyim yadıma düşür. Yaş artdıqca məktəbə yemək aparmağa da utanırdıq və yemək əvəzinə cibimizə pul qoyulmasını istəyirdik.

Mən öz məktəb illərimi xatırladığım vaxt uşaqlar yavaş-yavaş məktəbə daxil olurlar. Çönüb valideynlərinə əl edirlər.

Onlar valideynlərindən ayrılmırlar. Bu, əl sallamaq yeni bir mərhələyə qədəm qoymağın xəbərçisidir. Məhz buna görə valideynlər sevinirlər.

Ümidlərimiz, Arzularımız, Uğurlarımız, Muradlarımız parta arxasına keçirlər.

Xoş gördük, məktəb!

Xoş gördük, yeni həyat!

# 1815 dəfə oxunub

Oxşar xəbərlər

# # #