Belə şair Anarı var Göyçayın

Belə şair Anarı var Göyçayın
24 yanvar 2013
# 18:54

Anar Məcidzadə

Qəm yemə sevgilim

Üzündə kədər var, gözündə qəm var,
Ömrümün günəşi, könlümün yarı.
Sənə bu dünyada sevinc yaraşır,
Qəm yemə sevgilim, qəm yemə barı.

Telindən güllərin qoxusu gəlir,
Gözünə baxanda ürək dincəlir.
Söylə, bu qüssə-qəm, gileylər nədir?
Qəm yemə sevgilim, qəm yemə barı.

Taleyin min cürə oyunu olur,
Baharda açan gül yazda da solur.
Üzündəki kədər qəlbimə dolur,
Qəm yemə sevgilim, qəm yemə barı.

Sinə gəl kədərə, sinə gəl qəmə,
Dərdini car etmə, etmə aləmə.
Od düşür qəmindən sevən qəlbimə
Qəm yemə sevgilim, qəm yemə barı.

İndi bu dünyanın gülən zamanı,
Qov başının üstə qəmli dumanı.
Aşiqin əlacı, gücü, amanı -
Qəm yemə sevgilim, qəm yemə barı.

Sənin göz yaşına dəyməz bu dünya

Gözündən süzülən yaşına qurban,
Sənin göz yaşına dəyməz bu dünya.
Ömrünün yazına, qışına qurban,
Sənin göz yaşına dəyməz bu dünya.

Səndə bir ocağın, elin qızısan,
Ömürlük ömrümə, gülüm, yazısan.
Bu sevən qəlbimin qızıl tacısan,
Sənin göz yaşına dəyməz bu dünya.

Ağlama gözəlim, gözümün nuru,
Sənə ki yaraşır qadın qüruru.
Gələcək ümidli, ürəklər dolu,
Sənin göz yaşına dəyməz bu dünya.

Ümidsiz baxma sən doğan günəşə,
Yandırma qəlbini oda, atəşə.
Əzizim, dünyada sevin həmişə,
Sənin göz yaşına dəyməz bu dünya.

Mənim olaydın

Bu sevgi, məhəbbət olmayaydı kaş,

Olsa da, ürəyin olmayaydı daş.

Gözümdən beləcə axmayaydı yaş,

Sən mənim əbədi yarım olaydın.

Duraydım yolunda sevən yar kimi,

Göylərdən yağaydım təmiz qar kimi.

Bağlarda bar olan heyva, nar kimi,

Məhəbbət bağımda barım olaydın.

Olaydıq əbədi gözlə qaş kimi,

Mən ki pozmamışam gülüm, əhdimi.

Nə bu eşq olaydı-əyən qəddimi,

Sevgilim, nə də sən zalım olaydın.

Yaşa, Göyçayım

Hər günün bənzəyər bahara, yaza,

Bəxtəvər deyirəm oğula, qıza.

Adın da yaraşır bu xoş avaza;

Yaşa, yaşa, gözəl yurdum Göyçayım.

Qoynunda şən yuva qurdum, Göyçayım.

Bir doyulmaz havası var kəndimin,

Ləzzətidi şəkərimin, qəndimin.

Vurğusudur şeirimdə bəndimin;

Yaşa, yaşa, gözəl yurdum Göyçayım.

Qoynunda şən yuva qurdum, Göyçayım.

Bağlarında meyvəsi var, barı var,

Dağlarında dumanı var, qarı var.

Sevgi dolu aşiqi var, yarı var;

Yaşa, yaşa, gözəl yurdum Göyçayım.

Qoynunda şən yuva qurdum Göyçayım.

Adın dildən-dilə, elləri gəzər,

Gül-çiçəyin bütün aləmi bəzər.

Qızların çiçəyi tellərə düzər;

Yaşa, yaşa, gözəl yurdum Göyçayım.

Qoynunda şən yuva qurdum, Göyçayım.

Şirin-şirin bir narı var Göyçayın,

Yaşıl-yaşıl çinarı var Göyçayın.

Belə şair Anarı var Göyçayın;

Yaşa, yaşa, gözəl yurdum Göyçayım.

Qoynunda şən yuva qurdum, Göyçayım.

# 1464 dəfə oxunub

Oxşar xəbərlər

# # #