news-inner
clock11:29 calendar-gray 09 Avqust 2021 view-gray756 dəfə oxunub
view-gray756 dəfə oxunub

Salam Sarvana qənim kəsilənlər

Kulis.az Əsəd Qaraqaplanın “Başqa bir Salam Sarvan” yazısını təqdim edir.

Yadlıq

Sabah, yəni Avqustun 10-da Salam Sarvanın 55 yaşı tamam olur...

Hərdən düşünürəm ki, bu dünyaya aid olmayan insanlar var. Onlar bu dünyaya dair heç nəyə bağlana bilmir, burada bütün həyatlarını “iş saatı” kimi keçirir, vaxtlarının bitməsini gözləyir, bəzən də özləri tez-bazar öhdələrinə düşən işləri görüb, tələsik qayıtmaq istəyirlər – məsələn, cəmisi 35 illik ömründə böyük işlər görən Motsart kimi. Ya da Selincer kimi – qırx yaşında çəkildi bir guşəyə və ölənə qədər oradan aralanmadı. Heç səsi də çıxmadı...

Və o insanları adamlar uzaqdan tanıyırlar: sanki intuitiv olaraq iylərini bilirlər. Çünki yad olduqlarını duyurlar və hər addımda gözümçıxdıya salmağa çalışırlar.

Adamlar onları hər imkanda məhv eləmək, aid olmadıqları bu dünyadan sürgün etmək üçün sıraya düzülər: bir az ata, bir az qardaş, bir az qonşu, bir az cəmiyyət.

Mən istedadlı adamların heç birini bu dünyaya aid görmədim.

Tanrı bir-biriyçün yaranmışların hamısını
bir-birindən uzaqda yaradıb əslində:
əlimiz çatan qadın – yarımız deyil,
ayağımız çatan torpaq – yerimiz deyil.

Bax yuxarıdakı şeir parçasının müəllifi olan Salam Sarvan da bu dünyada yaşaya bilmir. Bu sözləri poetik ifadə kimi yazmadım, onu neçə illərdi tanıyan adam kimi deyirəm: Salam doğrudan da yaşaya bilmir, az qalır nəfəsi kəsilsin, bağrı partlasın. Hərdən mənə elə gəlib ki, onun indiyədək intihar etməməsinin tək səbəbi məsuliyyətini daşıdığı doğmalarını bu dünyada kimsəsiz qoymaq istəməməsidi.

Dönər məsələsi

On beş il qabaq, günlərin birində tələbə yoldaşımla (şair Qismət Rüstəmov) dönər yemək istədik. Cibimizdə qəpik-quruşumuz vardı. Sabir bağından “Tarqovı”ya düşəndə bir kitab dükanına girib kitablara baxmağa başladıq. Birdən qara üzlü, üstündə ad əvəzinə misralar yazılmış bir kitab gördük. Salam Sarvanın kitabı idi. Kitabı vərəqlədikcə tamam başqa bir şeir dünyasına düşdüyümüzü anlayırdıq. İlk baxışda heç cür “qəbul edilə bilinməyən” bu şeirlər tamam ayrı dildə, tamam başqa üslubda yazılmışdı, indiyə kimi oxuduğumuz mətnlərdən çox fərqlənirdi. Və... alacağımız dönərin puluna həmin kitabı alıb evə döndük.

Univerisitetdə o kitab əl-əl gəzdi. Hətta bir universitet müəllimi kitabı evə aparmış, gətirəndə görmüşdük ki, balaca qızı o kitabın vərəqlərini yazıq-yazıq edib. O kitab bu cürə qara-qura halında da əllərdən düşmür, adamlar oxumaq üçün növbəyə dururdu.

Mən o gündən sovet şeiri çərçivəsindən çıxmış, Salam Sarvanla yeni bir aləm kəşf eləmiş, o ruhla təzədən doğulmuşdum.

İstedadsızların düşməni

Əvvəllər – hələ onunla tanış olmamışdan qabaq çoxlarından eşitmişdim ki, guya Salam Sarvan soyuq, özündənrazı, kimsəni bəyənməyən adamdır. Ancaq yaxından tanıyandan sonra hər şeyin tərsinə olduğunu gördüm. Sadəcə bir şey vardı ki, o doğrudan da seçici idi. O seçirdi – gerçəkləri, əslləri və ən əsası, istedadlıları.

Çirkli adamlardan, maraqsız-məzmunsuz adamlardan uzaq durması onun haqqında bu fikiri yaratmışdı. Açığı, Salam abi hər zaman istedadsızların, məzmunsuzların düşməni olub. Bunu o qədər görmüşəm ki: ya müxtəlif məclislərdə, ya da adi bir situasiyada... Özü də, söhbət təkcə bədii mətn istedadından getmir.

Başqa bir Salam Sarvan

Yaradıcılıq fakültəsində dərs deyirdi. İlk dərsindəcə bizi sinif otağından çıxarıb özünün iş otağına apardı və dərsi orada keçəcəyini dedi. Yəni rəsmiyyətdən uzaq və tam səmimi bir ortamda. Hətta bizə çay da dəmləyib süzdü...

Dərsləri cansıxıcı monoloq şəklində yox, polemika, söhbət şəklində aparırdı. Yaradıcılıqla məşğul olmaq istəyən tələbələrdə əvvəlcə özünəinam aşılayır, tələbəni özü ilə bərabər səviyyəyə qaldırır, məhz bundan sonra yazılarımızla bağlı tənqidlərini edirdi ki, bu zaman biz bu iradlar qarşısında fağır tələbə kompleksiylə başımızı aşağı salıb durmayaq, onunla rahat mübahisə edə bilək...

Bir müddət keçəndən sonra, çox güman, kasıb tələbə olduğumu hiss elədiyindən mənə öz yanında iş təklif elədi. Və onun başqa bir keyfiyyətini də elə bu zaman gördüm: iş başında olanda heç deməzsən bu adam şairdi – intizamlı, tələbkar və eyni zamanda öz işçilərini qorumaqçün fədakarlığa da hazır olan bir adam.

Ona qənim kəsilənlər

Çox gördüm onu sevməyənləri. Və onu da gördüm ki, ona qənim kəsilənlərin əksəri Salamın yanında balaca olduğunu anlayan və bunu anladığı üçün kompleks keçirən, xıltı xirtdəyində qalan adamlardır. Hətta özünü ona yaxın elan eləyib, üzünə gülən, arxada isə qeybətini qıran xeyli adam da gördüm...

Amma bu 14 illik tanışlığımız dövründə Salamın bircə nəfərin də dalınca pis nəsə danışdığını görmədim, eşitmədim. Çünki xarakterli adamdı, mərdliyi var. Nə sözü oldusa, adamların özünə dedi, üzünə dedi, açıq danışdı, açıq yazdı.

Bu adam cavan öləcək

Sizə tam səmimi deyim: mən Salam Sarvana 55 yaş verə bilmirəm. Əlli beş yaşlı adamda bu boyda yaradıcı enerji, adətən gənclərdə gördüyümüz belə şaqraq aura, belə dərin yumor hissi, belə həyat qaynarlığı ola bilirmi?! Nə deyim, o sanki bir təlatüm kimi yaşayır.

Onu da səmimi deyim ki, min il keçə, bir Salam Sarvan yetişdirməyən toplum bir saniyə içində min gerçək aşiqi qurban verər. Amma neyləməli, şairin özü demişkən:

“Əsas odur, solmuş güllərdən pis qoxu gəlmir...”

Amma...

Amma Salam Sarvan bu dünyada yaşaya bilmir. Bu sözləri poetik ifadə kimi yazmadım, onu neçə illərdi tanıyan adam kimi deyirəm: Salam abi doğrudan da yaşaya bilmir...

Günəşin zirvələrdə unudub atdığı
qar kimi tənha qalsam da...
Bir az iş-güc qatır başı,
bir az da yazı-pozu:
sənsiz yaşaya bilirəm,
narahat olma, Qızım.
Amma yaşaya bilmirəm, bilmirəm...

news-inner-user

20009 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021
Rejissorumuzun filmi Batumidə nümayiş olunub
18:21 23 Sentyabr 2021
Kəramət Böyükçöl: "İstedadımla taksavatlıq edirəm" - Video
17:36 23 Sentyabr 2021
Falçı yetişdirən məktəblərimiz – Aqşin Yenisey yazır...
16:50 23 Sentyabr 2021
Saitlər əsasdır, yoxsa samitlər?
16:14 23 Sentyabr 2021
Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
15:33 23 Sentyabr 2021
Məşhur yazıçının əsərindən film çəkildi
14:46 23 Sentyabr 2021
Səyyad Əlizadə sağalır
14:03 23 Sentyabr 2021
Şeyx və şirin quyruğu
13:20 23 Sentyabr 2021
İbrahim Tatlısəsə həbs cəzası verildi
12:41 23 Sentyabr 2021
Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası
12:01 23 Sentyabr 2021
Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
11:30 23 Sentyabr 2021
Şuşada görüşdük! - Zülfiyyə Xanbabayeva yazır - Fotolar
10:50 23 Sentyabr 2021
"O ses Türkiye" başladı - Yeni münsiflər
10:23 23 Sentyabr 2021
Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021