news-inner
clock12:41 calendar-gray 22 Yanvar 2013 view-gray834 dəfə oxunub
view-gray834 dəfə oxunub

Körpələr evindən götürüldüyünü bir əyyaşdan öyrəndi

Mənim anam kimdir, ana?

O, uşaq evindən götürüldüyünü iyirmi iki yaşında bildi. Bu məşum xəbəri eşitdiyi günə qədərki ömrü qəfil zərbədən xıncım-xıncım olmuş şüşə qırıqları kimi yaddaşına səpələndi, daha bu ömürdə ələ gələsi bir şey qalmadı. Yadında qalan tək bircə şey vardısa, o da təsadüfən ağzından çıxan bircə kəlmə ilə az qala bir qərinəlik sirrin üstünü açan o kişinin küt, heç nə ifadə etməyən bulanıq, domba gözləri idi.

Ayaq üstə quruyub qaxaca dönmüş, çəlimsiz, sısqa vücudunu çöpə dönmüş ayaqlarının güclə saxladığı bu adam vaxtilə atasının badə dostu olmuşdu və həmişə butulka dibinə birgə “səyahət” etmişdilər. Sonralar aralarındakı münasibətlər də içdikləri çaxır kimi tündləşdi. Səbəbi də bu olmuşdu ki, atası öz dostunu badə ilə həmağuş buraxıb aradan çıxmış, içkinin daşını biryolluq atıb dinə-imana gəlmişdi. İndi də kənd içində, yolda-yolağada “Ayağıyalın” ləqəbilə tanınan bu adamı görəndə allergiyası tuturdu, şeytan içini qıdıqlayıb ona bic-bic göz vururdu və deyirdi: “Bir yüz getsən, pis olmaz, qədeş!..”

O dəmdə Ayağıyalın Əzizağanın atabaatasını və yeddi arxa dönənini müxtəsərcə bir-birinə qatıb getdiyi yolun səmtini dəyişirdi.

İndi də bu Ayağıyalın Əzizağa sünbülündən süd daman Kazımın qarşısına çıxmışdı və Kazım başını qaldırıb üzünə baxmamış şalvarının özü kimi yellənən balaqlarından bilmişdi ki, gələn başı batmış Əzizağadır. Yolunu dəyişib ondan qaçmağı isə heç xəyalına gətirməmişdi. Elə bil hansısa şeytani bir qüvvə o məşum sirrin açılmasına yardımçı olmuşdu. Kazım sanki o gün taleyilə toqquşmuşdu və tale deyilən metafizik varlığın ilk zərbəsini dadıb ona da, yerə-göyə də lənətlər yağdıra-yağdıra baş alıb harasa getmişdi və hikkəylə qayaya çırpılan dalğa qırma kimi üz-gözünə səpələnəndə gözünü açıb görmüşdü ki, bircə addım da atsa, dəniz onu udacaq.

Bu, bir az sonra olmuşdu. İndi isə Əzizağanın boz-bulanıq gözləri hələ də qarşısındakı adamın kimliyini seçə bilmirdi və o, dana kimi, domba gözlərini döyə-döyə qalmışdı. Kazım istədi ötüb keçsin, amma yorğun, xırıltılı səs onu ayaq saxlamağa məcbur etdi.

-Alə, sən Gülbabanın oğlu döyülsən?

Vəssalam! Elə bu məqamdaca sirr açılmalıymış. Daha o yan-bu yanı yoxdu. O sirri açmaq üçün Ayağıyalın Əzizağa mütləq sərxoş olmalıymış. Başqa cür mümkün deyildi. Deyəsən o sirrin də sirr kimi qalmaqdan səbri tükənmişdi, nazilib-nazilib sap kimi incəlmişdi və yüngülcə bir ehtiyatsızlığa bənd idi ki, qırılsın.

Məşum həqiqət Əzizağanın quruyub qaxaca dönmüş dilindən sivişib özünü sahibinə yetirmişdi. Daha vecinə deyildi sahibi onun ucbatından nə zillət çəkəcək... Daha vecinə deyildi ki, öz gəlişilə sahibinin bundan sonrakı ömrünü təbii axarından çıxaracaq və bu ömür dəli fırtına kimi özünü elə hey dağa-daşa çırpacaq.

- Aton yenə mollalıq eliyir? – İstehzayla, bir az da acıqla soruşdu. Deyəsən beyninin qurdu hərəkətə gəlib yuvasından çıxmağa başladı.

“Gərək belə adamları da sahibsiz itlər kimi bir dərəyə töküb sahibsiz itlər kimi güllələyələr”. Kazımın beynindən bu fikirlər keçdi. Hərdən atası hirslənəndə belə deyirdi. Kazım da qayıdırdı ki, ay ata, doğrudan, əlində belə bir imkan olsa, belələrini güllələyərsən? Atası sualın cavabını əlüstü yerbəyer edirdi: “Cannarın da alaram! Onsuz da cəhənnəmdə qır tiyanını yandırmaq üçün onlardan odun kimi istifadə edəcəklər”.

Kazım fikirləşdi ki, indi Ayağıyalın Əzizağanın damarlarından qan yerinə spirt axır, nəfəsinə kibrit çəksən, alışar.

- Mənim atam sənin kimi “alkaş” döyül eee...

Bu sözlər Əzizağanın laqeydlik divarını aşa bilmədi və o, bunun əvəzində Kazımın gözləmədiyi, dediyinin heç özünün də fərqinə varmadığı, hamı üçün adidən də adi, Kazım üçünsə dəhşətli, məşum bir söz işlətdi:

- Amma səni “detdom”dan götürən vaxtlarda yaman içirdi. (!!!)

Sonralar Kazım təəccüb edirdi ki, o dəqiqələrdə özünü necə saxlaya bildi, heç tükü də tərpənmədi. Əzizağa elə güman edirmiş ki, Kazım hər şeyi bilir, ağlına da gəlməzdi ki, böyük bir sirrin üstünü açıb.

Gülbala nə vaxtsa oğluna hər şeyi açıb deyəcəkdi, bəlkə də heç vaxt deyə bilməyəcəkdi, bu amansız həqiqəti dilə gətirməyə özündə güc tapa bilməyəcəkdi. Kazımın artıq iyirmi iki yaşı vardı, az-çox həyatın gedişatından baş aça bilirdi. Bəlkə də o, bu sirri valideynlərindən eşitsəydi, bu qədər sarsılmazdı... İnnən belə necə, nə cür yaşayacaqdı?! İçində qəfil yanğın başlamışdı və bu yanğın ürəyindəki ata-ana sevgisini yandırıb külə döndərməkdəydi.

Özünü sahilə necə yetirdiyindən xəbəri olmadı, duzlu göz yaşlarını dənizin şor sularına qatdıqca elə bil dəniz də ağırlaşırdı. Yumruq boyda ürəyin dağ boyda dərdini bölüşməyə dənizin gücü çatmırdı. Əzizağanın son sözlərini elə bil qurğuşun kimi əridib boğazına tökürdülər. Çənəsi əsdi, ağzı köpükləndi və ağzından köpükqarışıq bir hayqırtı çıxdı. Bu hayqırtı bombaya çevrilib atasıyla anasının başına düşdü. Hər ikisi göyə sovruldu, ev viranəyə döndü.

Həmin Körpələr evini axtarıb tapdı. Direktor mehriban, mülayim bir qadın idi. Gəlişinin məqsədini ona dedi. Kazım şəxsi işi ilə tanış olmaq istəyirdi. Qadının üzünün ifadəsi bir andaca dəyişdi, kəskin tonda: - Nəyinə lazımdır şəxsi iş?!- dedi.

- Mən bilmək istəyirəm... bilmək istəyirəm ki...- Kazım həyəcandan pörtmüş halda kəkələməyə başladı.

-Yaxşı, - qadın dərindən köksünü ötürüb ayağa qalxdı, - səni bir yerə aparacağam, sualının cavabını orada tapacaqsan.

Hər ikisi kabinetdən dəhlizə çıxıb pillələri endilər və körpələr evinin həyətinə düşdülər. 3-5 yaş arasında olan körpələr həyətdəki balaca skamyada dövərələmə oturmuşdular. Saydı, qızlı-oğlanlı on bir nəfər idilər. Kazım bu məsum körpələrin gözlərinə baxa bilmədi. Ağ xalatlı, dolu bədənli bir qadın əlindəki qutudan onlara növbə ilə peçenye paylayırdı. Anasını xatırladı, ürəyi əsdi. Başını qaldıranda körpələr evinin direktoru ilə baxışları toqquşdu. Bir cüt göz yaşı qadının yanağı boyu axıb çənəsində muncuqlanmışdı...

Kazım sualının cavabını onun titrək kirpikləri arasındakı nəmli baxışlarından çətinliklə də olsa, oxuya bildi...

3-5 may 2004-cü il

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020
Karantin qaydalarını pozan azərbaycanlı aktrisa işdən çıxarıldı
10:58 06 İyul 2020