Şərab da qırmızı, eşq də qırmızı - Yeni şeirlər

Şərab da qırmızı, eşq də qırmızı  - Yeni şeirlər
13 iyul 2021
# 17:35

Kulis.az Nübar Eldarqızının şeirlərini təqdim edir.

Pəhriz

Adam yatanda
Hər şey yadından çıxır.
Ayılanda bilirsən,
- Gerçəksən,yoxsa yuxu...
- Əcəb unutmuşdun,
Niyə ayıldın,
Dünyanın yenə boz üzünü gördün...
Payızda yatmışdın,
Ayılmısan-qış!
Röyanda ömrünün yazını gördün,
Yenə aldanış...
Yuxuda görərsən cavanlığını!
Ayıqkən heç qəlbin elə döyünmür...
- Eh,nələrdən keçib bu günə vardıq
İndi əlində olanlar
arzularındı o vaxt!
- Yatanda ağzını yığa bilmirdin gülümsəməkdən.
Xəyallarla doyurdun,
Nəinki,yeməklə...
İndi nə xəyal edəcəksən...
- Ordan baxanda xəyaldın!
- Burda gerçəksən!
Qocala-qocala gedirsən,
Və bu gedişin qarşısını almaqda acizsən!
- Görəsən çarəsizliyin çarəsi var?
Hansı həkim insanı qocalıqdan sağaldar?!
Elə bir surətçıxaran icad edilibmi,
Ürəyin sevinclə dolu olanda,
O sevinci tirajlayasan,
Və ömrünün bütün günlərinə yayasan?..
- Bu həkimə getmək də çox sevimsiz...
Bir sürü resept,
Başda da pəhriz...
- Qəm yemək,göz yaşı içmək yasaq!
- Biz nə tapsaq onu yeyirik,həkim!
Əgər istədiyimizi yeyəcək olsaq,
Şair olmazdıq,
Zəngin olardıq!
- Nə yazıq,
nə yazıq ki,
Bizdən pəhriz saxlayan olmaz,həkim!
İcazə ver gedim,qəmimi yeyim,dərdimi çəkim...
- Çəkim!..
Yoxsa daşıb dünyanı tutacaq.
Sən,-yaxşısı,
Yuxu dərmanı yaz,
Yataq...
Və ... hər şeyi unudaq!..

Dəlidi bu adam...

Bir ömrü bir sətrə yığıb getmisən,
Bir qurşunluq candım,- sıxıb getmisən.
Boyumu yerlərə soxub getmisən,
- Torpağım bol olsun,gəl ört üstümü!..
- Dəlidi bu adam, yoxsa xəstəmi?

Günahkar kimdirsə, əlin qaldırsın,
Harda gücsüz varsa, başından vursun!
Mücərrəd qiyamət o yana dursun,
Bu necə boy-buxun, necə cüssədi,-
Gör kimi şeytana təslim elədi?!
- Dəlidi bu adam,yoxsa xəstədi?!

Nəyə qarışıbsa Allahın başı,
Birinci,ikinci dünya savaşır,
Göydən qar da yağmır,yağan – quş başı,
Hər sorunu çəkən maqnit bizdəmi?
- Ay nənəsi qəşəng,babası yaxşı,
Baxım gözlərinə,-yağış kəsdimi?..
- Dəlidi bu adam,yoxsa xəstəmi?

- Daha bir şeyi də bacardığın yox,
Yazırsan,pozursan,heç durduğun yox!
Dünya elə yerdir,burada yox,- Yox!
- Yer elə dünyadı,köpəkoğlu çox!
- Deyirsən mənimçün şeir bəstədi!
Durub deyəcək ki,bizimçün nədi?!
Ay atı yüyürək,gətirib naxşın,
Haqq söz çıxa bilmir nahaqqa qarşı...
- Söz tapa bilməyib axır ki,dedi:
- Dəlidi bu adam,ya da xəstədi...

Daş düşdü başına, Allahın daşı,
Nadanlar sevindi,-Allah,nə yaxşı!
Biri qarşı çıxdı ,çoxuna-qarşı!
Allahsız ,-deyənə,dinmə,sus,dedi,
- Adam həm dəlidi, həm də xəstədi...

Məhşər...

Ulduzlar qəlpə tək səpələnmişdi,
Dağlar sıra-sıra təpələnmişdi,
Göyün yeddi qatı elə enmişdi,
- Qaçmağa yer yoxdu!

Nə zalım qalmadı, nə zülüm,- yerdə,
Kimsədən kömək yox, bu məlum yerdə.
Sən öl!-ə qıymayıb, mən ölüm!-yerdə,
Qaçmağa yer yoxdu!

Biz kabab iyinə gələnlər idik,
Kiminə ət çatdı, kiminə sümük!..
- Dünya diş çıxarır,bizdən nə hədik?!
- Qaçmağa yer yoxdu!

Kimdirsə,bu Yerin varisi gəlsin!
Ayın yarısı şahid,yarısı gəlsin,
Sahib Zaman, İsa,- birisi gəlsin!
- Qaçmağa yer yoxdu!!!..

İşə gedərkən...

Nə günah edibsə, alt mərtəbənin qapısı şillə-təpik döyülürdü...
O da inadına, açılmırdı ki,açılmırdı...
- Bu çökəyə çınqıl qarışıq torpaq atıblar;
Yoxsa iki metrlik yerdən keçilmirdi...
- Şam ağacları özlərini yaman çəkiblər,
Çılpaq ağaclara üstdən-aşağı baxırlar,
- Çılpaqlar-yerli ağaclardır!..
- Dilənçi qadının yanından üzümü gizləyərək,
utana-utana keçirəm...
Vaxtilə "əməkdaşlıq" etdiyim alverçi...
Çox əliaçıq,mərd qadın idi...
(Dilənçilər onsuz əliaçıq olur...)
- Nə yaxşı ki,ağzımda maska var!
Yoxsa,adama dəli deyərlər...
- Nə qədər danışacaqsan özün-özünlə,
Dinləyən də yazıqdır axı!
- Sonra da təzyiq qalxır kəllə-carxa!..
- Yol işçiləri -yol,
xüsusilə də qadağa işarələrinin rəngini təzələyirlər;
- Yəqin şəhərə böyüklərdən gələn olacaq...
- Hə,bu da "küçə qadınları",
Zəhmətkeş təmizlikçilər!
Tanıyıram birini,
O,saçları ilə küçə süpürəni...
- Az qaldı mənzil başına...
- İş yerinə qonşu qapı zərblə açıldı.
Zirək,bir az da səmə-seyrək qonşu oglu
salamı sədəqə kimi üstümə tullayıb,
qaça-qaça oxumağa başladı:
- Biz gedirik qabaqda,
Düşməni dağıda-dağıda!..
- Görəsən qabaqda ,dağıda-dağıda gedənlərin
düşmən bəllədikləri kimlərdir?!
- Eh,yenə canım sıxıldı...
Bir az əvvəl göy üzünü işğal etmiş buludlar
Külək əsən kimi dağıldı...
- Gözəl görünür... göy fonda ağ buludlar...
Ağ olan hər yerdə hələ nəyəsə ümid var!..

Ölmək üçün nə bəhanə?
V.Süleymana

Ölməyə bəhanə nə gərək,şair,
Bəhanəsiz-zadsız ölüb gedirik.
Min ildi dünyada palçıq tuturuq,
Bir koma tikməkçün gəlib gedirik.

Yollar bizdən bezar,biz də yollardan,
Təkrarın təkrarı yaşanır elə.
Barsız ağaclara tamah salan kim?
-Bar verən ağaclar daşlanır elə.

Yer kürə şəklində,- dünyamız düzmü?
Düzələ bilsəydi,əyri olmazdı!
Adəmdən dədəmə,hamısı gedib,
Qalmalı yer olsa,adam ölməzdi!..

Durmadan,bezmədən qorxu ürətir,
Yeni əjdahalar və təpəgözlər!
Təzə ölüm növü tapmayıb deyə,
Xəcalətdən bizi yer özü gizlər...

Pandoranın qutusu...
(İntihar...)

Gündə bir intihar xəbəri çıxır,
Ağlına gəlməyən başına gəlir.
Kimisə yandırmaq istəyən zaman,
Cavan ölmək fikri xoşuna gəlir...

-Gedir,məğlub gedir,yenilmiş gedir,
Sevdiyi dünyanın zalımlığına.
Ən çox incitdiyi,cəza verdiyi,
Ən çox sevənlərdi,-yanıb yaxılan!..

Çırpıb qapısını çıxıb dünyadan,
Gedir bilinməzə o qara qutu,
Bəlkə də son anda peşiman olub,
Ruhu bədəninin yasını tutur...

-Pandora qutusun açandan bəri
Dünyanı bir girdab çəkir içinə.
Qoşulub intihar maratonuna
Yaşamaq haqqından keçən- keçənə...

- Qorxuya bax,Allah,ən böyük zülmü
İnsan,-ən sevdiyi kəsinə verir.
Bildiyi əzabdan canın qaçırıb
Bilmədiyi sirrin nəsinə verir?!

Özünəqəsd deyil,bu bir qırğındır,
İntihar nadirən,təkdənbir olar.
Gec-tez bütün yollar ölümə çıxır,
Ən çətin gedilən yoldur-intihar!

İntiqam hissiylə,qara-qorxuyla
Bu qədər gedən var,nə dəyişib ki?!
Dünyanın qapısı ikidir deyə,
İkicə haqqın var:-Bir-bir,bir-iki!..

...Qaçır gələcəkdən,görəcəyinə,
O fağır insanlar,qəddar insanlar,
Toyuna gedən tək... ölümə gedir,
Baş yoldaşı yox,daşı seçən cavanlar!..

Canına qıyanı necə qınayım,
Keçdi nəsihətdən... bir ömür keçdi...
Alnını oxumaq olsa,bilərdik,
Bu bəxt,- yazısıydı,ya özü seçdi?!

Ölü balıq

Parkda,skamyada oturub biri,
Üzündə gördüyüm; cüt ölü balıq...
Baxınca üzgəci dəbərdi sanki,
İçim "cızz"elədi:- Salam,qocalıq!

Müdhiş laqeydlik var sifətində,
Yorulub oturub,doyub oturub.
Dünyanın nemətin ver,yeyə bilməz,
Adam öz payını yeyib bitirib.

-Ya bu parkda otur,ya get evdə yat,
Bircə gözləntin var həyatdan artıq.
İllərcə qəfəsdə yaşayan ruhun,
Azadlıq istəyir,yalnız azadlıq!..

Qırmızı

Hərdən qonaq olur şeirlərimə,
Yeddi əsas rəngin biri-qırmızı.
Şəhid bədəninə ölüm tək girən
Qarabəxt qurşunun yeri qırmızı...

Ən diqqət çəkəndir,ən göz alıcı,
Rənglərin icində şahdı qırmızı.
Gəncliyinə verin,çılğın,tələskən,
İşvəli,sadəlövh,safdı qırmızı.

Qırmızı Bayraqdır,Vətən simgəsi,
Haqq üçün döyüşən əsgər cəngisi,
O səni görməzdən gəlməyə qoymaz,
Rənglərin xanımı,- Ərəbzəngisi!

Yazın ən gözəli lalədir,aldır,
Dədə-baba zövqü yaşıldır,aldır,
Novruz bayramında yanan tonqaldır,
Kosadır,keçəldir,dəli,-qırmızı...

Şairlər şərabı eşqə bənzədib,
Şərab da qırmızı,eşq də qırmızı.
Qırmızı xəttimiz Şah İsmayıldı!
Eləcə qalaydı keşkə...qırmızı...

Sonra...

İnsan hər şeyi sonra başa düşür;
Gündə bir iş,
anda bir fikir gəlir başına...
Dəqiqə bir,qol- bir,
Köhnə fikirdən daşınırsan təzə fikrə...
İnsan hər şeyi sonra başa düşür...
-Nərdtaxtada oyun gedir;
Zər atırsan...
Sevdiyın rəfiqənlə qoşa düşür!..
Nə uda bilirsən,nə də tüpürə...
Düşünürsən acı-acı:
-Niyə bizə sevilməkdən öncə
qorxmağı öyrətdilər?
-Yıxılmaqdan,əzilməkdən,
yanmaqdan...
Sonra...göyə baxmağı...
Anamızı-atamızı itirdikdən sonra
Özümüz öyrəndik itirməkdən qorxmağı...
-Dostları bir-bir dişimizə vurduq,
Ya dişimiz qırıldı,ya dostluğumuz...
Təsəlli verir yanımdakı arsız:
-Fikir etmə,vallah keçəcək!
Heç izi-tozu da qalmayacaq.
-Uşaqkən yanmışdın,gör heç yeri bilinir?
Acım üzümdən oxunur...
Sən onu bir də qəlbimə sor!!!
Görənlərin ya yazığı gəlir,
Ya da fağırı...
Hamı eyni şeyi deyir;
Darıxma,keçəcək axırı...
Əlbət,keçəcək!
-Uşaqlığımız keçmədimi?
-Gəncliyimiz keçmədimi?!
-Ömrümüz keçmədimi?!.

...gül olmaq vardı

Belə yorulurmuş adam deməli,
Belə qapanırmış insan içinə.
Ayağın,-altına çəkib kölgəsin,
Başının üstündən keçən -keçənə...

Daha dirənmirsən bu gedişata,
Üzə bilməzsən ki,axına qarşı.
İçindən gündə bir həvəsin qaçır,
Birinə tərəfsən,çoxuna qarşı...

-Ah,bu ilk baharda gül açmaq vardı,
Ətir saçmaq vardı min bir ümidlə!
Dəyir başımıza gedib gələndə,
Havadan asılı qalan öyüdlər...

-Yaddan bir küsürsən,yadlaşandan beş,
"Övliya sanacaq görən də səni",
Səni dərdə salıb öldürən ...doğman,
Ağlayan da odur öləndə səni...

Saçından tel düşür,təklənir... ölür,
Ağarıb qalandan sənə nə fayda?
Boyanıb gəzməklə cavan olunmur,
Saçın nə haydadı,için nə hayda?!

Dünyaya gəlişin gün çıxanaydı,
Gedirsən,arxanca günəş batacaq...
Quş kimi yorğana ağır deyirsən,
Düşün ki,üstündə torpaq yatacaq...

-Belə yorulurmuş adam deməli,
Beləcə keçirmiş ömür deyilən.
...Dünyanın qapısı yenə döyülür,
-Bax gör,gecə vaxtı kimdi bu gələn?!.

# 2927 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #