news-inner
clock11:44 calendar-gray 25 İyun 2021 view-gray1229 dəfə oxunub
view-gray1229 dəfə oxunub

30 qəpiyə xoşbəxt olmaq istəyirsiz?

Kulis.az Nihat Pirin "Xoşbəxt olmaq üçün səbəb, yaxud kasıbın özünü təsəllisi" yazısını təqdim edir.

Keçən il “Facebook”da belə bir status yazmışdım:“Marketlərdə dadını bilmədiyim içkilərə toxunub sərxoş olmaq kimi bir istirahət vərdişim var və bu məni xoşbəxt edir”.

Statusuma bir neçə dəqiqə sonra mesaj qutusunda cavab gəldi ki, ad gününüzün tarixini və dadmaq istədiyiniz içkinin adını qeyd edin, hədiyə edəcəm. Dostumuza jestinə görə təşəkkür edib statusun təfərrüatını açdım.

Yaxın oturun, yoldaşlar, sizə dünyanın ən gözəl istirahət məkanından danışacam. İRİ MARKETLƏRDƏN! (Şrifti böyütməyim təsadüfdən deyil, ona görə də, redaktordan xahiş edirəm, mənim bu mistik istirahət anlayışımı kiçiltməsin.)

İndiyə kimi mağazadan yarım saatdan tez çıxmağım yadıma gəlmir. O da tələsik vaxtıma düşəndə olur. Vaxtım olanda isə bu yarım saat iki saat həddinə qədər uzana bilir. Hətta daha çox.

İstər tələbəlik dövründə olsun, istər iş, istərsə də digər zamanlarda dost-tanışın çayxanalarda, yaxud da oyun zallarında öldürdüyü vaxtı mən iri marketlərdə gəzinməklə xərcləyirəm. İndi də eləyəm.

Bu səbəbdən, hər dəfə kirayə ev dəyişəndə birinci növbədə fikir verdiyim şey yaşayacağım ünvana iri marketin yaxın olması prinsipidir. Axı əlimə düşən ilk fürsətdəcə oranı kəşf eləməyə çıxacam.

Hər dəfə mağazanın girişində dayananda özümü, sanki Aya ilk dəfə ayaq basacaqmış kimi hiss edirəm. Lazerli qapı isə bizim dünya ilə o dünya arasındakı keçid rolunu oynayır. Və əslində, ətrafımda o yan-bu yana hərəkət edib qaynaşan bu adamlar iki dünya arasında gedib gəldiklərinin fərqində deyillər.

Bədbəxt adamlar! Belə bir xoşbəxtlikdən bixəbər kəslər!

Və budur, içəri girən kimi, tamamilə, başqa bir dünyadayammış kimi hiss edirəm. Bu hiss o qədər möhtəşəmdir ki, arxaya dönüb mövcud dünyaya baxmağa belə vaxt itirmək istəmirəm. Bu möcüzəvi dünyanın hər saniyəsinin dadını çıxarmağa tələsirəm.

Güzgülü vitrinlər, cürbəcür rəngli gülümsər meyvələr, müştərilərə xidmət üçün dəridən qabıqdan çıxan bir-birindən qəşəng xanımlar, fonda səslənən hansısa endirim kampaniyası ilə bağlı reklam səsi, qəflətən həmin reklamın arasında kassir xanımın administratoru üç nömrəli kassaya çağırması və s.

Burada xoşbəxt olmağa o qədər səbəb var ki...

Qəşəng xanımlardan söz düşmüşkən, həqiqətən də, sanki dünyanın ən qəşəng xanımlarını sırf marketlərə toplayıblar. Mənim hələ indiyə kimi hansısa bir marketdə xoşagəlməz görünüşə malik xanım rastıma çıxmayıb. Hətta sirr saxlamağı bacarırsızsa, sizə bir sirr də verə bilərəm. Ki tələbə vaxtı evimə yaxın olan marketdə işləyən kassir xanıma əməlli başlı vurulmuşdum. And olsun onun batan yanağına ki, o növbədə olmayan gün acından ölsəm də, mağazaya getmirdim. Onu gözləyirdim. Və uzun, yorucu növbəyə düşsəm belə, gözləyib onunla 4-5 saniyə həmsöhbət olmaqdan ötrü otaq yoldaşlarımın "sən xəstəsən" kimi təpkilərinə dözməyi gözə alırdım.

Nəysə, qayıdaq öz möcüzəvi dünyamıza…

Hazır olun, sizə işin ən həyəcanverici tərəfini açıqlayıram: Heç vaxt dadmadığın, ola bilsin ki, dada bilmədiyin ərzaqlara toxunmaq, ovcunda onları hiss eləmək və kameranın gözünü oğurlayıb hətta onları dişləmək...

Düşünülməsi belə adamı həyəcanlandırır…

Burada ən sevdiyim hissə şirniyyat bölməsidir. İçəri daxil olan kimi birinci növbədə ora baş çəkirəm. Elə bilirəm ki, həmişə ilk addımları həmin şirniyyatların nəzərləri boyunca atmasam, məndən inciyərlər.

Endirimə düşən şirniyyatlara tamaşa eləmək isə işin bir başqa əyləncəli tərəfidir. Bunlar həmişə vitrinlərin önündə xüsusi təmtəraqlı loqolarla bəzədilmiş şəkildə nümayiş olunurlar. Elə bil hansısa məktəbin direktoru olimpiadada fərqlənmiş şagirdləri auditoriya önündə tərif edir...

Gallery

Bu incələmədən sonra növbəti əyləncə şokoladlarladır. Heç olmasa, 15-20 növünü ayrı-ayrılıqda qoxulayıb, əzizləyib şirniyyat bölməsilə işimi yekunlaşdırıram. Amma onu da deyim ki, əlacım olsa, elə o vitrinlərin bir küncündəcə başımı atıb yataram. Təsəvvür edirsiz, oyanıb görürsən ki, ətrafın büsbütün şirniyyatla doludur. Hansına istəyirsən toxun, hansını istəyirsən qoxula, lap göz oğurla birini at ağzına.

Möcüzəvidir!

Ət məhsulları olan yer ən sevmədiyim bölmədir. Niyəsi isə çox sadədir. Əvvəla, ona görə ki, bu hissədə həmişə satıcılardan hansısa biri dayanır, mütəmadi müştərilərlə maraqlanır, ən geci bir dəqiqə sonra gəlib başının üstünü kəsdirir ki, "buyurun". İkincisi isə oradakı məhsullara toxunmaq olmur. Şüşələr imkan vermir.

Lənət bu həsrətə!

Ona görə, ət məhsulları ilə çox da vaxt itirməyə dəymir. Adətən, bu hissəyə ən sonda bir neçə dəqiqəlik baş çəkirəm.

İkinci ən sevdiyim yer içkilər olan bölmədir. Hər dəfə vaxtımın ən azı 20-25 dəqiqəsini o hissəyə həsr edirəm. İstehsal tarixindən tutmuş, tərkibinə qədər bütün incəlikləri bir-bir gözdən keçirirəm. Toxunmaqla onları dadmış kimi hiss edirəm, əslində. Hətta o qədər təsirə düşürəm ki, ətrafa göz gəzdirib məzə üçün nələrsə tapıb onlara da toxunuram. Və 20 dəqiqənin tamamında artıq özümü sərxoş hiss edirəm.

Ən həssas yanaşdığım məqam isə şüşələrin dizaynıdır. Sevdiyim şüşələri telefona çəkib saxlayıram. Əgər qiyməti münasibdirsə, növbəti dəfə xərclərim üçün onu da siyahıya salıram.

Ona görə də, demək olar ki, içki məclislərində məni təəccübləndirmək mümkün deyil. "Bu lap təzəsidir" deyilən içkini şüşəsinin burnu görünən kimi tanıyıram. Keçən dəfə qırmızı şərablardan birinin tərkibindən tutmuş, istehsal yerinə kimi əzbərdən dedim. Dostlarımın baxışları hələ də gözümün önündən getmir.

Təbii meyvə şirələri…

Ah, sevgili qutucuqlarım…

Artıq bu şirələri çalxalayanda çıxardıqları səsdən belə tanıya bilirəm. Hətta deyim ki, nə dərəcədə təbii olub olmamasını da 70-80 faiz kəsdirə bilirəm. Amma hər dəfə bu bölməyə çatanda özümdən asılı olmadan restoranda ofisiant işlədiyim vaxt üzbəüz masada sinif yoldaşımın başına gələn faciəvi hadisə yadıma düşür. Gülə də bilmirəm, unuda da.

Sinif yoldaşım qapağı əvvəlcədən boşaldılmış meyvə şirəsini rahat açsın deyə arxa tərəfindən vuranda masadakı qonaqların başına dağıtmışdı. İlahi, nə edirsən, et, o mənzərəni mənə unutdur!

Mağazanın meyvələr olan hissəsində isə adamlar çox olur deyə burada da yaxşı vaxt keçirmək olmur. Həm adamlar sənə mane olur, həm də sən onlara. Ona görə də, salamatı onları elə uzaqdan sevməkdir.

“Məsafə sevə bilməyənlər üçündür” fikrini boşuna deməyiblər ki... Səni uzaqdan sevirəm, meyvə “oddeli”! Bir gün qovuşmaq diləyi ilə…

Çay məhsulları! Bax bir toyu plovsuz təsəvvür eləmək mümkün olmadığı kimi mənim bu dünyamı da çaysız təsəvvür eləmək olmaz. Bu hissənin bir başqa özəlliyi isə, demək olar ki, buradakı bütün firmaları, ən azından, bir dəfə də olsa, dadmağımdır. Hər dəfəsində fərqli bir məhsulu yoxlayırdım deyə artıq bu hissə məni heç nə ilə təəccübləndirə bilmir. Amma artıq iki favoritim var, alanda həmişə onları alıram, qalanları iləsə vaxt keçirirəm.

Gəlirik səyahətin kuliminasiya nöqtəsinə!

Təndir çörəyinin gözümüzün önündəcə təndirdən çıxarılıb vitrinə düzüldüyü yerə!

İlahi, burda işləyən qadınları hardan tapıb gətirirlər?

Məsumiyyət sərgisidir, sanki. Tər damcılarının alında işim-işim işildaması fonunda qıpqırmızı yanaqlar… Və bir az da yorğun gözlər…

Onları qucaqlamaqdan özümü zorla saxlayıram.

Yaxşı, görürəm ki, sirr saxlamağı bacarırsız. Sizə bir dənə də sir verəcəm.

Tələbə olanda yenə də elə həmin o evimə yaxın marketdə işləyən təndirçi qadından həmin kassir xanıma mənim adımdan elçi düşməyini xahiş eləmişdim. Ki söhbətin gerisi başqa bir yazı mövzusudur.

Ən son baş çəkəcəyim yer isə gigiyenik məhsullar olan hissədir. Buranı sona saxlamağım, yəqin, sizə də qəribə gəlmədi. Yedik, içdik, bəs əllərimizi yumayaq? 10 dəqiqə də buranı səyahət eləməyə kifayət edir. Vəssalam!

Nəhayətində səyahətin son dəqiqələri yaxınlaşır deyə adamı bu boyda təmtəraqlı səyahət sonunda nəsə almaq ehtiyacı bürüyür. Ona görə də, ən yaxşısı yolumu kassaya yaxın hissədəki "məzə" bölməsindən salmaqdır. Ki xoşbəxtcəsinə 30 qəpiklik tumu vitrindən götürüb kassaya yaxınlaşıram, növbəmi tuturam, ödənişi edirəm...

Vəssalam!

Siz hələ də xoşbəxt olmağa səbəb gəzirsiz?

news-inner-user

19455 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021