Anamın ayaqqabısını geyindirdiyim qız məni necə aldatdı?

Anamın ayaqqabısını geyindirdiyim qız məni necə aldatdı?
17 iyun 2021
# 11:02

Kulis.az Nadir Yalçının “Mənim yalançı Sindirellam” hekayəsini təqdim edir.

Bütün hadisələr bir gəzintidən qığılcımlandı. Yox, əgər baş verəcəkləri duysaydım, sözsüz, həmin günü evdə oturub başqa işlə məşğul olardım. Bəlkə də, gələcəyi görə bilsəm belə, maraq üçün yenə həmin addımı atardım, reallığa çatmaq naminə. Guya mən Adəmdən ağıllıyam ki?! Adəm yaxşı bilirdi o buğda dənəsini, ya almanı, ya nə bilim hansı neməti yesə, başına nə gələcək. Amma mən bilmirdim ki, həmin gün teatrın qarşısında afişanı görsəm, Adəm kimi göydən yerə – ülvi hisslərin ağuşundan gerçəkliyə düşəcəm. Bilmirəm, bu mənim gerçəkliyimdir, ya bədbəxtliyim, hər halda olmalıymış, oldu da...

Bir mahnıda deyildiyi kimi, “Bir qız sevdim on dörd, on beş yaşında”. Onu sovet vaxtı senzuradan keçirib “bir qız sevdim tirmə şal var başında” kimi oxuyurmuşlar. Əşi, indi həmin yaşda tirmə şallı sevmək olmur axı, tirmə şal örtən var?! O yaşda kimi sevsən, bütün çılpaqlığı ilə aşiq olursan, o sevginin içinə yaşının ehtirası, dəliqanlılğın da qatılır. O ki qızın əlindən tutanda, saçında barmaqlarını gizlədəndə, boğazının altında ətrini iyləyəndə ürəyin elə gup-gup guppuldayır, elə bil ağacdələn dayanmadan palıdın köksünü dimdikləyir. Elə ən şirin məhəbbət həmin yaşda – partadan boylanır. Bəs niyə həmişə o məhəbbət axıracan yol gəlmir?! Çünki bu 14-ün 24-ü yaman çirklənir, hamı yetişir, əvvəlkitək uşaqlıq saflığını qorumaq qəliz olur. Ürək də elə guppuldamır. Mənim də ürəyim partadan guppuldamışdı...

Tələbəliyin ilk illəri idi. Universitetdən çıxıb evə getməyi planlamışdım, amma hava elə gözəl idi ki... Dedim, gedim dəniz qırağına. Opera və Balet teatrının qabağında keçəndə “Sevil” operasının afişasını gördüm. Qulağımda Balaşın ariyası cingildədi: “Gööörr nəəə günlərə qaaaldın, öz cəzandırrrr çək, Balaaaaşş...” “Sevil”i çox sevirdim. Aprelin 10-na iki bilet aldım. Heç Xanımla teatra getməmişdim. Düşündüm, birdən Xanıma maraqsız gələr. Fikrim dəyişdi; mən sevirəmsə, deməli, o da sevər... Evə qayıdıb biletlərin şəklini ona yolladım. Ayın 10-na vədələşdik.

Yazın ən gözəl çağı idi. Şəhərin bahar qoxusu adamı məst edirdi. Günəşin şəfəqləri Filarmoniya bağında fəvvarəylə gözəl mənzərə yaratmışdı; elə bil, şəfəqlər fəvvarənin gah qalxan, gah enən sularına dirijor çubuğu idi. Daldalanmaqçün kölgə axtarırdım, görüş yerimiz bura idi. Az keçmişdi ki, gördüm, Xanım bahar donunda uça-uça gəlir. Donunda təzə çırtlayan çiçəklər əks olunmuşdu. Elə özü də təzə çırtdamışdı, növcavan idi. Günəşin şəfəqləri fəvvarədən üz döndərib Xanımın sırğaları ilə qoşalaşmışdı, bərq vururdu. Mən inanmışdım ki, yarpağın fotosintez hadisəsi onun saçlarında gedirdi, elə canlı, elə işıltılı idi...

“Tarqovı”ya tərəf addımlayırdıq. Teatra az qalmışdıq ki, Xanımın rəngi dəyişdi, qıpqırmızı oldu. Ayaqqabısının altı qopubmuş. O saat həyəcanlandı, güclə sakitləşdirib yapışqan almağa getdim. Yapışqanın qapağı açılmırdı. Axırı dişimlə birtəhər açıb ayaqqabının altını yapışdırmağa çalışdım. Nə qədər çalışsam da, xeyiri olmadı. Qapağı açanda dodaqlarıma yapışqan dəymişdi. Dodaqlarım yapışdı, ayaqqabı yapışmadı.

İkimiz də daşın üstündə əyləşib fikrə getdik. Tamaşanın başlamasına 1 saat qalmışdı. Birdən ağlıma bir şey gəldi:

- Bəlkə, anamın ayaqqabısı sənin ayağına olar?

- İnanmıram ola.

- Zəng edim görüm nə deyir.

Anama zəng elədim, bilirəm, onun öhdəsindən gələ bilmədiyi məsələ yoxdur. Anam dedi, mən evdə yoxam, filan yerdə ayaqqabım var, təzə almışam, oturun taksiyə gəlin, sonra geri qayıdarsınız.

Tez-tələsik taksi çağırıb getdik. Yolboyu fikir məni götürmüşdü. Görəsən, anamın ayaqqabısı Xanımın ayağına olacaqdı? Olmasa, mən nə edəcəm? Xanımın narazı baxışları yola zillənmişdi. Halından məmnun deyildi. Niyə axı? Mənim yanımda belə olmağını başa düşmürdüm. Onsuz, axır vaxtlar ürəyim şübhələrlə dolu idi. Amerikalı antropoloq deyirmiş ki, qadınlar 3 il sevir. 3 ili başa vurmuşduq, deyirdim, görəsən sevgisi azalıb? Bir yandan da ayaqqabının dərdi götürmüşdü məni. Sindirellanın nağılı yadıma düşdü. Şahzadə ayaqqabının sahibini axtarır və axırda ayaqqabının ölçüsü Sindirellanın ayağına uyğun gəlir, xoşbəxt olurlar. Düşündüm, əgər, o ayaqqabı Xanımın ayağına olsa, deməli, mən də onunla xoşbəxt olacam, deməli, sevir. Evə çatmağa səbirsizlənirdim. Artıq bu fikir beynimdə kök salmışdı. Özümü o şahzadə kimi hiss edirdim. Cibimdəki son pulu qayıdanda taksiyə verəcəkdim, evə necə qayıdacağımı düşünməmişdim. Mən o yolları piyada gəlməyə razı idim, təki xoşbəxtliyimi tapım. Bəs şahzadə başqa cür necə olur?!

Nəhayət, çatdıq, tez ayaqqabıları götürüb aşağı düşdüm. Xanım ayaqqabını geyindi. Sindirellanın şahzadəsindən heç nəyim əskik deyildi. Mən qəhrəman idim! Düşündüm, bu da taleyin qismətidir, ayaqqabılar Xanımın ayağına olmaya da bilərdi. Hadisə niyyətimə uyğun gəlmişdi. Hə, o, məni həqiqətən sevir...

Tamaşanın başlanmasına 10 dəqiqə qalmışdı. Pərdələr açılanda möhtəşəm ab-hava yarandı. Truppa xüsusi şövqlə oynayırdı. Hər musiqi parçasından sonra gurultulu alqış yüksəlirdi, Xanım isə, heç nəyə əl çalmırdı...

Birinci hissə bitəndə Xanım mızıldandı:

- Bəlkə, gedək?

- Tamaşa qutarmayıb axı.

- Mən sıxıldım.

- Hər şey çox gözəldi. Belə möhtəşəmliyi izləməkdən necə sıxıla bilərsən?

- Belə şeylər mənə maraqlı deyil. Bezdim artıq. Başa düşmürəm, bunlara istək, maraq səndə hardandır.

- Axıra qədər baxacağıq!

- Ayaqqabı ayağımı əzir, sağ dabanımın üstü qanayır elə bil, yaman göynəyir. Bu ayaqqabılar mənim ayağımın ölçüsü deyil, bayaqdan güclə dayanmışam.

Donub qalmışdım. Teatrın divarları başıma yıxılırdı. Deməli, nə ayaqqabı Xanımın ayağına olmuşdu, nə də tamaşanı bəyənmişdi. “Öz cəzandır, çək, Balaş...”

Həmişə düşünürdüm, mənim ruhum da ona yaxındı. Amma ruhumun həndəvərindən də keçməyibmiş. Partamız yanıltdı bizi. Bir yandan da ayaqqabı. Axı mən özlüyümdə bir ümid işığı yandırmışdım, münasibətimizi nağıla çevirmişdim. Nağılın sonunda göydən üç alma düşmüşdü, amma almalar hardasa ilişib ümid işığının qabağını kəsmişdi.

Cibimdə bir qəpik də yox idi. Telefondan taksi çağırdım. Yalandan gülümsəyirdim. Tutulmağımı hiss elətdirməməyə çalışırdım. Taksinin pulunu verə bilmədim, minib getdi. Bu gecə arada uçurum yaratmışdı. Taksinin arxasınca baxıb pıçıldadım:

“Əlvida, mənim yalançı Sindrellam...”

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
#
#
# # #