Musa Yaqubun sevdiyi deputat qadın: O, şairin nəyini bəyənmədi? - Reportaj

Musa Yaqubun sevdiyi deputat qadın: O, şairin nəyini bəyənmədi? - Reportaj
19 may 2021
# 15:14

Onun haqqında yazı yazmağı həmişə istəmişəm. Səbəb təkcə mənim nənəm olması deyil. İnanın, o, mənim yox, başqasının nənəsi olsaydı belə yenə onun haqqında yazmaq istəyərdim.

Hə, artıq sizə kimdən danışacağımı demiş oldum.

Nənəm Lida Quliyevadan!

Elə ilk olaraq nənəmin sizə də maraqlı gələn (buna şübhə etmirəm) adı haqqında məlumat verim.

Nənəmin atası Əyyub İkinci Dünya Müharibəsi zamanı cəbhəyə yollanır. Onda nənəm hələ anasının bətnində imiş. Sizə danışıram 1941-ci ildən. Nənəm dünyaya gələndə ulu babama, cəbhəyə məktub yollayırlar ki, gözün aydın, qızın olub, adını nə qoyaq?

Bir müddət sonra məktuba cavab gəlir. Komandirinin yazdığı cavabda deyilir ki, Əyyub Quliyev Belorusiyanın Lida şəhərində qəhrəmancasına həlak olub, buna görə, qızının adını Lida qoymağınız məsləhətdir.

Beləliklə, nənəmə Lida adı verilir. Ən qəribəsi isə mənim ulu babam sayılan Əyyub kişinin cəmi-cümlətanı 20 yaşı var. Yəni, anlayacağınız məndən 6 yaş balacadır.

Nənəmin təkcə atası yox, əmisi Feyruz kişi də Böyük Vətən Müharibəsində həlak olub.

Məşhur yazıçı, uzun müddət C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru işləmiş Cəmil Əlibəyov nənəmin doğmaca dayısıdır. Atası erkən vəfat edən, qardaşı olmayan nənəm hər dəfə bu haqda danışanda Cəmil Əlibəyovu xatırlayır, deyir, o, mənə həm ata, həm də qardaş olub:

- Mənim dayım dünyada bir dənə idi! Hamıya əl tuturdu. Nəslimizdəki hamını oxutdurdu, savad sahibi elədi.

Hə. Nənəm həqiqətən də çox savadlı, dünyagörmüş qadındır. Hətta, sizə deyim, bir çox gəncdən daha açıq fikirlidir. Buna görə, onunla vaxt keçirməkdən doymuram.

Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O vaxt filologiya ilə jurnalistika fakültəsi bir idi. Yəni jurnalistika mənə atamdan – tanınmış şair, jurnalist Akif Səməddən əvvəl elə nənəmdən keçibmiş. Ancaq jurnalist kimi fəaliyyət göstərməyib, universiteti bitirdikdən sonra dil-ədəbiyyat müəlliməsi kimi çalışıb. Elə ədəbiyyatla bağım da bəlkə nənəmdən ötürülüb mənə.

Mayın 15-də nənəmin 80 yaşı tamam oldu. Yığışıb onu təbrik etməyə getdik. Lida müəlliməni dəniz sahilində balıq yeməyə apardıq. Yazı yazmaq fikrim var idi deyə elə maşındaca nənəmə suallar verməyə başladım.

- Nənə, sən filologiya fakültəsində oxumusan. Kimlər sənə dərs deyib?

- Mircəlal Paşayev, Bəxtiyar Vahabzadə, Təhsim Mütəllimov, Ağamusa Axundov... Dili yaxşı bildiyim üçün Ağamusa Axundov məni müdafiəyə saxladı.

- Tanınmış tələbə yoldaşların da olub deyəsən.

- Hə. Diktor Ofelya Sənani, Roza Tağıyeva, Tamella Məmmədzadə, Musa Yaqub...

- Doğrudan? Musa Yaqub qrup yoldaşın idi?

- Həə... Allah Musa Yaqubu öldürməsin, məni sevirdi.

- Öldü də, nənə, Musa müəllim...

- Bilirəm. Allah rəhmət eləsin.

- Sənin bəs xoşun gəlmirdi ondan?

- Yox! Üzdən bir az eybəcər idi. Mən də çox qəşəng idim axı (gülür).

- Musa Yaqub söhbətindən yaxşı başlıq çıxar haa, nənə!

- Çıxar, yaz də.

- Elçin dayımdan qorxuram.

- Özünə gülür Elçin dayın!

Amma mən yenə də qorxuram. Yazmayacam söhbətin bu yerini. Heç vaxt! Bilirsiniz niyə? Elçin dayım karateistdir. Özü də idman ustası! Allah iraq eləsin... Sözü deyən nənəm, güdaza mən gedərəm.

Digər dayılarım, yəni nənəmin bacısı Həqiqət nənənin övladları da tanınmış şəxslərdi. İqtisadçı, ictimai-siyasi xadim Qubad İbadoğlu, iqtisadçı, Millət vəkili Vüqar Bayramov, iqtisadçı-ekspert Qalib Toğrul, Elşad Bayramov...

Yəni, nənəmin nəslinin əsilli-köklü, ziyalı bir nəsil olduğunu da bilməyinizi istəyirəm.

Elə danışığından, davranışından bu ziyalılığı yetərincə hiss olunur. İndiyə kimi nənəmlə birgə getdiyim bütün toylarda görmüşəm ki, kişilərdən də əvvəl nənəmə söz verilir, xeyir-duası alınır. Uşaqla uşaq, gənclə gənc, yaşlı ilə yaşlı kimi danışmağı bacarır. Yəqin, bu xüsusiyyəti həm də onun pedaqoji fəaliyyəti ilə əlaqəlidir.

Təhsilini başa vurduqdan sonra Füzuliyə qayıdır və burada müəllim kimi çalışmağa başlayır. Sonra Qoçəhmədli kənd məktəbinin direktoru olur.

Hətta Füzuli rayonunun deputatı seçilir.

Füzuli işğal olunduqdan sonra övladları ilə birgə məcburi köçkün kimi Bakıya gəlir. Burada öz hesabına məcburi köçkünlər üçün məktəb açır. Şagirdləri də, müəllimləri də məcburi köçkün olan bir məktəb. Uzun illər məktəbə direktorluq edir və sonra səhhətinə görə təqaüdə çıxır.

Hələ bir söhbətimizə baxın:

- Nənə, şeir də yazmısan, hə?

- Cavanlığımda yazmışam.

- Nədən yazırdın?

- Sevgidən yazırdım, - gülür.

- Kimi sevirdin ki, ay nənə?mən də ona qoşulub gülürəm.

- Sevirdim də birini - gülür, az sonra ciddiləşir - Babanı sevirdim, Hüseyn kişini. Başqa heç kimi sevməmişəm. Şeirləri də elə ona yazmışam, – səsindəki kədəri hiss edirəm.

- Yadında qalan misralar var?nənəmin heç bir şeirini oxumadığım üçün həqiqətən maraqla soruşuram.

- Nə bilim e, yazmışdım da.

Bir az düşünüb yadına salır və deyir:

Uca boylum, qara gözlüm,

Məni yada satma!

Dəli olaram...

Ardı yadına düşmür, amma bu səmimi misralar belə mənə çox möhtəşəm görünür.

- Ardı yadına düşmədi?

- Dalını sən düzərsən, - yenə gülür, hamımız ona qoşuluruq.

Artıq restorandayıq. Nənəm mavi rəngli ətəyi və pencəyi ilə çox şıq görünür. Suallarımı verməyə davam edirəm. Qardaşım, anam çox sual verib nənəmi yormağıma əsəbiləşsələr də, nənəm həvəslə cavab verir.

- Xəzər dənizini sevirsən?

- Hə, sevirəm.

- Füzulini azad elədik. Ora qayıtmaq istəmirsən?

- İstəyirəm. Niyyətim var ki, atamın yurdunda balaca da olsa bir məscid tikdirim. Övladlarımın, nəvələrimin köməyilə. 4 övladım, 13 nəvəm, 5 nəticəm var. Hamısı kömək eləyər mənə.

Nənəm inanclı qadındır. Son illərə qədər namaz da qılırdı, sonra səhhəti ilə bağlı namaz qılmağı çətinləşdi, amma yenə də hər gün dualar oxuyur. Axşam yatmazdan əvvəl lampa işığında Quran oxuyur. İndi gördüyünüz bu şəkli də həmin gecələrdən birində gizli çəkmişdim.

Quranı bir az uca səslə oxuyur. Ərəb dilini bilmirəm, heç özü də bilmir, qırıq-qırıq, bəzən səhvlərlə oxuyur, amma onun oxuduğu duaların sədası evi dolduranda, içimə qəribə bir hüzur gəlir. Elə bilirəm, onun oxuduğu bütün o duaların, ayələrin mənasını əzbər bilirəm.

Nənəm mənim uşaqlığımın ən böyük sübutudur. Hər görəndə o illər yadıma düşür. Şahmat oynamağı mənə atam öyrətmişdi. 7-8 yaşımda. Qısa müddət sonra o qədər yaxşı oynamağa başladım ki, atam məni uda bilmirdi və mənimlə oynamaq istəmirdi.

Nənəm isə həmişə mənimlə oynayırdı. Düzdü, nənəm atamdan da zəif oynayırdı, onu da udurdum, amma atamdan fərqli olaraq mənə uduzmaqdan bezmirdi.

Atam vəfat edəndən sonra da nənəmlə şahmat oynamaq adətim qaldı. 11 yaşım olanda nənəmin təkidiylə anam məni şahmat məktəbinə yazdırdı. 2-3 ay sonra ilk yarışıma çıxdım və Bakı üzrə ikinci yeri qazandım. Dördüncü dərəcəli şahmatçı oldum. Finalda uduzub hönkür-hönkür ağlamışdım, anam da mənə qoşulub ağlamışdı. Bundan sonra anam məni şahmat məktəbindən çıxardı.

İndi nənəmlə daha çox nərd oynayırıq. Nərd oynamağı mənə o öyrədib. Düşünə bilərsiniz, belə bir qadın niyə nərd oynasın? Onun da maraqlı tarixçəsi var.

Babam Hüseyn kişi xəstə olub evdən çölə çıxa bilmədiyi vaxtlarda nənəm babamın ürəyi sıxılmasın deyə ondan nərd oynamağı öyrənir və babamla nərd oynamağa başlayır.

Ondan sonra bu oyun nənəmdə bir az da vərdişə çevrilir. Özü deyir, nərd oynayanda başı qarışır, problemləri, ağrıları yadından çıxır.

Çox güclü oyunçudur, amma güclü olduğu qədər də cığaldır. Uduzanda adama şər atır: “Daş oğurladın!”, “Zər tutdun!”, “Daşların yerini dəyişdin.”

Bəzən, kola içməyimə, çipsi yeməyimə əsəbiləşir. Deyir, ondansa qalx, “xaladelnik”də alma var, alma ye. Guya o an qeydimə qalır. Di gəl, nə vaxt kola alıram, deyir, ondan mənə də süz. Çipsimdən də xımır-xımır yeyir.

Tək yaşayır, amma dayım, xalalarım qonşuluqda qalır deyə tam da tək sayılmaz. Mən də hər fürsətdə gedib onun yanında qalıram. Uşaqlıqdan nənəmgildə getmək mənim üçün böyük sevinc olub.

Keçən dəfə gülməli bir şey oldu. Nənəmgildə idim. Özümə energetik içki almışdım. İçib qutusunu qoymuşdum çarpayımın yanına.

Səhər nənəmin səsinə oyandım. Telefonla anama zəng eləmişdi. Səsi çox təlaşlı idi:

- Ay qız, bu oğlun axmaq-axmaq şeylər içir, xəbərin var!?

O gündən sonra nənəmgildə energetik içkilər içmirəm.

Bişirdiyi yeməklərdən ən sevdiyim katletdir. Özü “qətlet” deyir. İndiyə kimi heç bir yerdə onun “qətletlər”i kimi ləzzətlisini yeməmişəm. Əminəm ki, heç siz də yeməmisiniz. Yazanda belə ağzım sulanır.

Gözəl həyəti var. Tut ağacı, qoz ağacı, qızılgülləri... Çoxunu özü əkib. Kişniş, şüyüd, reyhan, nanə, bibər, istiot... Həyətdə iş görməyi çox sevir.

Düzdü, artıq gözləri zəifləyib deyə əvvəlki qədər çox iş görmür. Hətta sağ gözü artıq tamamilə görmür. Yenə də iş görməkdən yorulmur. Eyvanında dibçəklərdə güllər yetişdirir, onlara qulluq edir.

...Balıqlarımızı yeyirik. Hər şeydən danışırıq. Heç vaxtın necə keçdiyinin fərqinə də varmırıq. Dəniz sahilində gülüşən, balıq ovlayan qağayıları izləyirik.

Nənəmi seyr edib fərəhlənirəm. O, bizə həmişə arxa-dayaq olub. Atasızlığı onun sayəsində çox hiss etməmişik. Həmişə içimdə bir rahatlıq olub ki, nənəm bizi tək qoymaz.

Onun haqqında çox şey danışa bilərəm. İndi yadıma düşən və düşməyən onlarla xatirəm, söhbətim var.

Hərdən atam Akif Səmədlə bağlı xatirələrini də danışır. Deyir, anamı atama vermək istəmirmiş. Anamı fikrindən daşındırmağa çalışırmış, deyirmiş, atam çox yaşlı görünür, tez ölə bilər.

Ağzı fal olub, elə bil.

Yenə də atamla bağlı məzəli, gülməli xatirələrini danışır. Atamı yadına salanda kövrəlib ağladığı da olur.

Yazını icazənizlə yekunlaşdırmaq istəyirəm.

Qalan xatirələrimi, maraqlı şeyləri də sonra yazaram.

Onsuz da bir yazıya sığışan deyil.

Bu yazını nənəm də oxuyacaq. Ona görə də, istəyirəm, sonda yazımı nənəmə müraciətlə bitirim:

Nənə, eşitmisən, Müslüm Maqomayevin “Azərbaycan” mahnısında belə bir misra oxuyur: “Anamın anasısan”.

Sən də mənim anamın anasısan.

Səni Azərbaycan boyda sevirəm!

# 16634 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #