Yetim, bədbəxt, təngnəfəs Arif Quliyev

Yetim, bədbəxt, təngnəfəs Arif Quliyev
29 aprel 2021
# 11:31

Arif Quliyevin xəstəxanada boğula-boğula çapalaması məşhur bir aktyorun, Xalq artistinin xəstəxanada virusdan əziyyət çəkməsi kimi yox, bir yetimin ağrı içində qovrulması kimi göründü.

İnternat uşağı...

Gözünü açandan atasını-anasını gəzdi...

Bir baxdı övladları var, bir baxdı ki, biri var, biri yox...

Bir baxdı yeganə övladı şikəst...

Tale daim gülən başqa bir adamla bu qədər amansız davrana bilməzdi, Ariflə davrandı.

Ən əzablı filmlərdə olur daim deyib-gülən obrazın birdən hönkürməsi... Bir rejissor tamaşaçısına bundan dərin əzab verə bilməz.

O, hər nə qədər uğur qazansa da, bir ölkədə böyükdən-kiçiyə hər kəsin tanıdığı şəxsə çevrilsə də, daim nakam qaldı. Uşaqlıq travmasının təqibi ilə o qara, çətin günlərdən uzaq olmağa çalışır, üzünə sardığı o gülüş pərdəsi ilə əsl həqiqətlərini gizləməyə çalışırdı.

Arif səhnədə hər şeyə hazırdır; yetər ki, bir vaxtlar ona uğur gətirən hərəkətlər, mimikalar ondan gen düşməsin.

İllər əvvəl gəncliyin sərhədsiz iddialarının təpkisi ilə düşünürdüm ki, Arif Quliyevi elə bir filmə çəkəcəm, bir gün baxışlarını bu murdar həyatdan yığışdıranda göz qapaqlarının altında həmin obrazla təsəlli tapsın.

Arif Quliyevin 47 illik sənət həyatına baxanda onun yetərincə qiymətləndirilmiş aktyor olduğunu görərik.

Ancaq oynadığı rollar daim epizodik...

Epizodik rolları küçümsəmirəm, ömrünü bu tip rollara həsr edib şedevrlər yaradan onlarla aktyor saya bilərik. Ancaq Arifin rollarına baxanda, biz onun nə vaxtsa tam özünü ortaya qoyacağına, nəhayət bir gün ona daim narahatlıq gətirən potensialından birdəfəlik xilas olacağına inanırdıq.

Ancaq Arif o rolunu tapmadı!

“Bəyin oğurlanması” filmində Vaqif Mustafayevin ona biçdiyi Miriş obrazı kino tarixində yapışa biləcəyi ən möhkəm dayaq oldu. Bu obraz sanki Arifin taleyinə çevrildi. O, Azərbaycan kino sənətinə də elə Miriş kimi qaça-qaça gəldi, qaça-qaça da gedir...

Hara qaçdığını, niyə qaçdığını kimsə bilmir. Təngnəfəs oturub düşünsə, özü də hara qaçdığını bilməyəcək.

Miriş kimi nə vaxt böyüdüyünü də heç kəs hiss etmədi, sanki elə qaça-qaça, təngnəfəs gəlib ölüm yatağına girdi, bir də gördük, mənasız bir xəstəxana otağında bir nəfəslik hava gəzir...

Hərçənd Arif Quliyev baş rollarda Cim Kerri səviyyəsində bir aktyor ola bilərdi...

O, öz rejissorunu gözləyə-gözləyə qocaldı. İndi də ölümlə üz-üzədir. Qocaman aktyorun ölüm yatağındakı çırpıntılarına baxanda adamın içindən “alınmadı” deyib hönkürmək keçir.

Alınmadı, yetim, gözlərindəki o ümid səni haralara gətirdi?

Amma yenə də ümidlə köhnə gəminin yırtıq yelkənini qaldırıb bir nəfəslik külək gözləyirik.

Bircə nəfəslik...

# 4917 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #