Mən necə “suka” oldum? ƏSGƏR XATİRƏSİ

Mən necə “suka” oldum? ƏSGƏR XATİRƏSİ
11 yanvar 2013
# 12:55

Oğlanların həmişə əsgərlik söhbətinə marağı olur axı. Üstəlik bizim kimi monoton həyat yaşayan gənclərin bundan maraqlı söhbəti tapılmaz.

Hələ tələbə idim. Xalam oğlunun atası rəhmətə getmişdi. Məzuniyyət vermişdilər, hüzrə gəlmişdi. Təbii ki, hamımız onun başına yığışmışdıq. O da əsgərlikdəki “dedovşina”dan danışırdı.

Onlardan niyə zorakılığa etiraz etmədiklərini soruşanda dedilər ki, qayda belədir. Əvvəl səni döyürlər, vaxtın çatıb “dembel” olanda isə sən növbəti “priziv”ləri döyürsən. Onsuz əlindən başqa nə gəlir? Şikayət edəndə də “suka” deyəcəklər. Bu da əsgərlikdə çox böyük təhqir hesab olunur.

O zaman onların düşüncələrini qəbul edə bilməmişdim və özümə söz vermişdim ki, əsgərlikdə mənə qarşı belə bir hadisə olsa məni döyən əsgərləri verəcəyəm hərbi məhkəməyə . Məni döyən əsgərlərin valideynlərini qabağımda yalvartmayana kimi əl çəkməyəcəyəm onlardan.

Vaxt vədə yetişdi. Əsgərliyə getdiyim beşcə ay idi. Hərbi hissədən zastavaya göndərilmişdim. Zastava dağ kəndində yerləşirdi. Açığı bu beş ayda bir neçə dəfə əsgərlər arasında konflikt, bir əsgərin bir neçə nəfər tərəfindən döyülməyini görsəm də mənimlə bağlı heç bir insident baş verməmişdi. Zastavaya gəldiyim beş gün idi. Evdən zəng etdilər ki, bacının toyudu. Xahiş-minnət, min bir zillətlə üçgünlük məzuniyyət ala bilmişdim. Qış idi. Buzlu dağ yolunun yarısını yəhərsiz at belində, yarısını da piyada gedərək nəhayət qəsəbədə yerləşən komendaturaya çatdım. Sıldırımdan baxanda adamın başı hərlənirdi. Buzun üstündə at da yeriyə bilmirdi.

Komendant əvvəl dedi ki, gecdir, axşam burda qal, səhər gedərsən. Mənsə tezliklə Dəstəyə getmək istəyirdim. Çünki sabah axşam toy idi. Axır komendantla razılaşdıq ki, o mənə qəsəbədən taksi tapıb pulunu verir, mən də Bakıya çatan kimi taksi pulunun məbləği miqdarında kontur alıb telefonuna yükləyirəm. Komendant dedi ki, taksi gələnə kimi mətbəxdə gözlə.

Əslində pulum vardı. İşimi tədbirə almışdım. Zastavaya təyinat alanda bir dənə həmayıl alıb duanı çıxartmışdım. 10 manatlıq əskinası büküb həmayılın içinə qoyub ağzını yapışdıraraq boynumdan asmışdım. Əsgərlikdə oğurluq halları tez-tez olur. Odur ki, pulu bu üsulla gizlətmişdim ki, heç kəsin ağlına gəlməsin. Amma bu pulu hələ xərcləmək istəmirdim. Bilmək olmazdı. Yolda mənə pul lazım ola bilərdi. Komendantın təklifi sərfəli idi.

Mətbəx deyəndə uçuq-sökük aşxana idi. Qapını açıb içəri girdim. Yaman narahat idim. Əsəblərim yerində deyildi. Qorxurdum toya gedib çata bilməyim. Bu dəm bir əsgər mənə yaxınlaşıb dedi:

- Əsgər, haralısan?

- Neftçaladan.

Əsgər yenə:

- Neftçaladan kişi çıxıb?

Əsgərlikdə olanlar belə axmaq sualların cavabını yaxşı bilirlər. İndi yadımdan çıxıb, belə sualların birmənalı cavabı olurdu. Əvvəlcə “hə” cavabı verməliydim, sonra da o yenə nəsə axmaq bir sual verəcəkdi. Beləcə məni sualların birində ilişdirib döyənə kimi davam etməli idi.

İçəridə əyin-başı tökülən başqa əsgər də vardı. Deyəsən aşpaz idi. Adətən aşpaz əsgərlər bu cür mütrüb günündə olurlar, geyimlərinə fikir vermirlər. O da bizə baxıb irişir, arada replika atırdı.

Əsgərə cavab verdim ki, mən sən gördüyün uşaq-muşaqlardan deyiləm. Get, öz tayını tap. O lap yaxınlaşıb qarşımda dayandı. Əlini kəmərimə atıb dartdı. Elə bil başıma qaynar su tökdülər. Onu özümdən itələyib qapıya sarı çöndüm. Qışqıra-qışqıra, söyə-söyə qapıya bir təpik ilişdirdim. Çölə çıxıb bağırdım ki, sizi basdıraram içəri alçaqlar (əslində daha betər söyürdüm).

Bir də gördüm ki, bayaqkı əsgərlə aşpaz arxamca qaçdılar. Başladılar yalvarmağa ki, sən allah hay-küy salma, komendant eşitsə bizi öldürər. Bayaq mənə hərbə-zorba gələn əsgərlər indi quzuya dönmüşdülər. Yalvarıb birtəhər sakitləşdirməyə çalışırdılar.

Mənim onları satmaq fikrim yox idi. Sadəcə əsəblərim yerində deyildi və bir də andım yadıma düşmüşdü. Düşünürdüm elə edəcəyəm ki, əsgərlikdəki yersiz qaydalara əməl edənlər, nəyisə “padlo” bilənlərə dərs olacağam, qoy nümunə götürsünlər.

Bir azdan qılığıma girib məni kazarmaya dəvət etdilər ki, çöl soyuqdur, taksi gələnə kimi sobanın yanında qızın. İçəri girdim.

Sobanın ətrafına on nəfərə kimi əsgər yığılmışdı. Hamısı bazburutlu, yekəpər idi. Türmə filmləri yadıma düşdü. Bunlar məni təpiyin altına salıb əzişdirsələr, əncirim çıxardı.

Birinci sualları bu oldu:

- İşverənsən?

Təmkinlə onları başa salmağa çalışdım ki, mən sizin hamınızdan azı 3 yaş böyüyəm və mənim üçün sizin gülünc uşaq söhbətləriniz maraqlı deyil. Onlar isə min cəhdlə məni sözlə “sındırmağa” çalışırdılar. Çətin məsələ idi. Eyni zamanda 4-5 nəfərə cavab verməlisən. Hirsimdən partlamağım gəlirdi. Vəziyyətim pis idi. Amma özümü o yerə qoymurdum. Bilmirdim nə edim. Yaxşı ki, bir əsgər gəlib məni çağırdı. Taksi artıq gəlmişdi.

Mən onlara deyəndə ki, maşın gəldi gedirəm, dedilər onsuz qayıdacaqsan, onda hesablaşarıq.

Taksi ilə dəstəyə gəlib gecəni orda keçirdim. Səhər tezdən Bakıya yolla düşdüm. Günorta Bakıya çatdım. Axşam toy idi. Səhər yenidən hərbi hissəyə qayıtmalı idim. Ailəmi, qohumlarımı görməyimə sevinirdim, düzdü, amma içimdə hədsiz gərginlik vardı. Ora qayıdandan sonra nə baş verəcəyini düşünürdüm. “Dembellər” bu işi belə qoymayacaqdılar. Mənə qarşı ən azından psixoloji hücumlar olacaqdı.

Elə də oldu. Hərbi hissəyə gələn kimi başqa əsgərlərlə birlikdə yük maşınına mindirib zastavalara yola saldılar. Yolda əsgərlərdən biri dedi ki, bu əsgər “suka”dı. Artıq mənim haqqımda söhbət yayılmışdı. Belə naqqallara cavab versən gərək dalaşasan, onlara heç cür izah edə bilməyəcəkdim ki, əsgərlərin yığışıb bir əsgərə qarşı bu cür münasibət göstərmələri heyvanlıqdı, vəhşilikdi, insanlığa sığmır. Bu cür davranış tərzi ancaq heyvanlar arasında olur.

Axşama yaxın komendaturaya çatdıq. Alatoran idi. Sözümü tutub kontur yüklədiyimə görə komendant məni dürüst adam kimi tanımışdı. Mənimlə yumşaq danışıb dedi ki, axşam qal, səhər yola salarıq. Ona deyə bilmədim ki, zalım balası, gecəni burda qalsam işim fırıq olacaq.

İki əsgər idik. O biri qonşu zastavadan idi. Məzuniyyətdən qayıtmışdı. Gizir bizi çağırıb dedi: gedin əsgərlərlə odunluğa odun doğramağa kömək edin.

Keçən dəfəki əsgərlər də odunluqda idilər. Onsuz mən komendaturaya düşəndən hamısı gözünü mənə dikmişdi. Acıqlı-acıqlı mənə baxırdılar. Əsgərlərin bir neçəsi mənə yaxınlaşıb dedi ki, axşam səni odunluğa gətirib döyəcəyik.

Vəssalam. Çarə yox idi. Ətrafa göz gəzdirib odunlara baxırdım ki, indidən yaxşı bir odun parçası tapıb dalda yerdə gizlədim. Axşam məni döyməyə çıxardanda heç olmasa həmin odun parçası ilə mən də kimisə vurardım. Bəlkə də bu mümkün olmayacaqdı. Odun yarmaçası müdafiə vasitəsi deyildi, təsəlli idi. Bu dəm komendant iş otağının kandarına çıxıb dedi ki, bizim zastavanın olduğu kəndə maşın gedir. İki əsgər minək maşına gedək. Elə bil canıma can gəldi. Sevincək özümü atdım maşına. Məni döymək istəyən əsgərlərin arzusu ürəyində qalmışdı. Payımı vermək üçün başqa vaxt gözləməli olacaqdılar.

Mənsə əsgərliyim bitənə kimi hər dəfə bir bəhanə ilə yayınaraq bir daha komendaturaya düşmədim.

# 10440 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #