İstərdim məni şillələsin...

İstərdim məni şillələsin...
20 aprel 2021
# 11:20

Bu gün Nəsibə Zeynalovanın doğum günüdür. Anadan olmasının 105 ili tamam olur.

Nəsibə Zeynalova adının qarşısına “Xalq artisti”, “görkəmli”, “unudulmaz aktrisa” və buna bənzər digər epitetlər əlavə etməyə ehtiyac duymuram.

Yəqin, siz də mənim kimi belə bir zərurətin olmadığını düşünürsünüz. Mənə elə gəlir, Nəsibə xanımın qarşısına qoyulan digər bütün sözlər və ifadələr cılız qalacaq.

Nəsibə Zeynalovaya qarşı içimdə bir başqa doğmalıq, bir başqa məhəbbət var.

Uşaq vaxtı “Qaynana” filmini hər dəfə eyni həvəslə izləyirdim. Filmdəki Cənnət xala obrazını doğma nənəmə bənzədirdim. Ya da əksinə, nənəmi Cənnət xalaya...

İndi bunu tam dəqiq seçə bilmirəm!

Bircə onu bilirəm ki, o zaman nənəmin Nəsibə Zeynalovanı (Cənnət xala obrazını) xatırladan hərəkətlərini, jestlərini görəndə sevinirdim.

O vaxt düşünürdüm ki, bütün nənələr Cənnət xalaya bənzəməlidir.

Çox istəyərdim ki, Cənnət xala mənim nənəm olsun, nəsə bir nadinclik edim, o da mənə yavaşca bir sillə çəksin, danlasın.

Sonra könlümü almaq üçün mənə dondurma alsın.

Səhərlər mənimçün şirinçay eləyib yaxmac düzəltsin, yeməyimi yeməyəndə üstümə acıqlansın.

Əlimdən tutub gəzməyə, parkda oynamağa aparsın.

Hətta, düşünürəm, bəlkə də, o filmi izləyən qızlar da özlərinə şüuraltında elə qaynana arzulayırlar, əslində.

Şübhəsiz, Nəsibə Zeynalovanın canlandırdığı obrazları bu dərəcədə sevməyimizin əsas səbəbi onun ustalığı, peşəkarlığıdır.

Yəni obrazlara o şirinliyi, rəngi qatan aktrisanın elə özü idi.

“Yuxu” filmində canlandırdığı Məsmə xala obrazını da eyni dərəcədə sevmişdim. Nəsibə Zeynalova bu rollar ilə mənim xəyalımda nənə obrazını yaratmışdı.

Mənə elə gəlirdi, Nəsibə xanım bütün yetim uşaqlara nənəlik edə bilər.

Nəsibə Zeynalovanı mənə sevdirən, ən çox bəyəndiyim iki filmindən, iki obraz haqqında fikirlərimi, daha doğrusu hisslərimi yazdım. Sözsüz, onun yaradıcılığı bu iki filmlə bitmir.

Azərbaycan kinosunun ən parlaq nümunələrinin əksəriyyətində Nəsibə xanım var: “Ulduz”, “Ögey ana”, “Bəyin oğurlanması”, “Bizim Cəbiş müəllim”, “Böyük dayaq”...

Əsasən epizodik rollarda oynasa da, bəzən kadrda üst-üstə cəmi bir neçə dəqiqə görünsə də tamaşaçı yaddaşında dərin iz buraxır.

O, mənfi obrazları belə sevdirə bilir!

Heyf ki, mənə Nəsibə xanımı teatr tamaşasında canlı izləmək nəsib olmadı, yetərincə lent yazısı da yoxdur, amma günü bu gün də televiziyada Nəsibə xanımın rol aldığı hansısa filmin yayımlandığını görəndə, keçirəm ekran qarşısına.

Dönüb balaca bir uşaq oluram!

Yazının sonunda “kaş indi də belə aktrisalarımız olardı” ritorikasına girmək fikrim yoxdur. Mən əminəm ki, indi də yetərincə istedadlı aktrisalarımız var, amma o potensialı üzə çıxaracaq mühit yoxdur.

Hər nə qədər bir aktyoru, aktrisanı sevsək də, kino kollektiv işidir.

Ümid edirəm, yenə bu cür unudulmaz aktyor və aktrisalarımız olacaq.

O aktyor və aktrisalar ki, onları yaratdıqları obrazlara görə ən yaxınımız, doğmamız kimi sevəcəyik.

Ruhun şad olsun, Nəsibə Zeynalova!

Biz səni həmişə sevəcəyik!

Cənnət xala, Məsimə nənə, Züleyxa, Nargilə kimi və ən əsası Nəsibə xanım Zeynalova kimi sevəcəyik!

# 5121 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #