Pulun çaşdırdığı Əlixan Rəcəbov

Pulun çaşdırdığı Əlixan Rəcəbov
9 aprel 2021
# 11:04

Kulis.az kinoşünas Sevda Sultanovanın aktyor Əlixan Rəcəbovun filmləri haqqında yazdığı yazını təqdim edir.

Azərbaycanlı tamaşaçılara aktual audiovizual məhsullar təklif edən və böyük izləyici kütləsi olan Əlixan Rəcəbovun ilk növbədə peşə kimliyinə aydınlıq gətirməyə çalışacam. Ki, yazıda vurğuladığım mətləblər konkret olsun. Vikipediyadakı bioqrafiyasında Əlixan özünü aktyor və videoblogger kimi təqdim edir. Bir sıra komediya filmlərində rol alan Əlixanın aktyorluğunun nə dərəcədə alınıb-alınmamasına irəlidə toxunacam. Öncə, dediyim kimi, onun vayner, rejissor, yoxsa videoblogger olduğunu aydınlaşdıraq.

Vayn Tvitter tərəfindən təqdim edilən pulsuz video paylaşma tətbiqidir. Yəni, istənilən istifadəçinin maksimum qısa videolar çəkməsini təmin edir. Başqa cür desək, vayn qısa çarxdır və əsasında gündəlik həyatımızdan hansısa vəziyyətlərinin təsviri dayanır. Bu işlə intensiv məşğul olanlar vayner adlanır.

Ümumiyyətlə isə internet məkanında seqmentlər o qədər sürətlə dəyişir və inkişaf edir ki, müxtəlif anlayışlar arasında ya sərhəd itir, ya da konkret təyinatlı anlayış başqa mənalarla yüklənir. Ona görə, indi istənilən qısa video - vayn adlandırıla, yaxud vayn vlog kimi təqdim oluna bilər. Qısası, anlayışlar yetərincə konkretləşməyib. Həm də indi vayn tətbiqindən artıq geniş istifadə olunmur.

Yazımın o hissəsinə qayıdım ki, populyarlıq qazanmış Əlixan rejissordur yoxsa videoblogger?

Əlixanın çəkdiyi məhsullar getdikcə vayn, vlog formatından çıxaraq bədii kinoya iddia edir. Onun vaynları və ya videoları müxtəlif vəziyyətlərin illüstrativ-komik təqdimatı üzərində qurulur və burda müəllif yanaşması, fərqli rakurs yoxdur. Amma dediyim kimi, Əlixan artıq bədii film rejissorluğu iddiası (iddia sözünü ironiyasız, müsbət mənada işlədirəm) ilə çəkir: “Luger”, “Karantinsayağı boşanma” və s.

Bu işlərdə müəyyən dramaturgiya var, mizanlar qurulur, emosional ovqat ötürülür, peşəkar aktyorlar çəkilir, hətta filmlərə gələn şərhlərdən aydınlaşır ki, tamaşaçıları düşündürə də bilir. Ona görə əminliklə Əlixanı rejissor adlandırmaq olar.

Lakin Əlixanın filmləri bütün hallarda sənət yox, media formatında film məhsuludur. Onlar o səbəbdən sənət meyarlarına cavab vermir ki, kinematoqrafik estetika gözə dəymir - təsvirlər birbaşa və ətalətdədir, rejissor quruluşu bəsitdir, montaj texnikidir, bədii-kinematoqrafik fəndlərdən söhbət gedə bilməz, ifadə vasitələri kasaddır və s.

Əlixanın filmləri uğurla geniş kütləyə hesablanmış, fərdlərin özlərini, həyat gerçəklərini gördükləri sadə hekayələrdir. Bu hekayələrin emosional və dramaturji gücü təsvirlərdə yox, dialoqlarda və aktyor oyunundadır.

“Yadigar” sıravi azərbaycanlıya tanış, hətta doğma mövzudur. Qəhrəman pulsuzluq üzündən ata evini satmaq istəyir, amma sonda qohumlarının səyi nəticəsində fikrindən vaz keçir və ata əmanətinə dəyər kimi baxa bilir. Əlixanın bu və digər filmlərində situasiyalar, dramaturji ardıcıllıq dialoqlarla həllini tapır. Başqa sözlə, filmlərdə təsvirlər, hərəkət yox, ancaq personajlar danışır.

Müəllif, əsasən orta planlarda aktyor oyununa fokuslanır.

Milli Aviasiya Akademiyasının məzunu olan Əlixan bir müddət “KVN-çi” kimi fəaliyyət göstərib. Bu səbəbdən dialoqlar “KVN” tonallığında yumora (bu o yumordur ki, dərinlik yoxdur və o, kino təbiətinə uyğun deyil) əsaslanır:

Misal üçün, “Karantinvari toy”da ər-arvadın dialoquna nəzər salaq:

- Mənim də istəklərim var.

- İstək və təkliflər kitabçasına yaza bilərsiniz.

- Heç olmasa, bircə dəfə yönlü başlı söz de. Ancaq uşaq kimi cavab qaytara bilirsən.

- Çayı təzləmək olar?

- Bəlkə külqabını da dəyişim?!

- Administratoru da çağırardın.

Belə yanaşma Əlixanın yaradıcı konsepsiyasının əsasını təşkil edir. Beləliklə, müəllif lakonik, yeni mənaların, vurğuların alınmadığı montaj prinsipi (yaradıcılığa çevrlməyən montaj), birbaşa, sosial media üslubundakı nəqli ilə geniş auditoriyanı cəlb eləyir.

Əlixan həm də ona görə baxılır ki, cəmiyyətin əsəb nöqtələrinə basmağı bacarır, problemləri bəsit, lakin təbii təqdim edir. Milsal üçün, “Seçim” bəyəndiyim işlərdəndir. Sosial mediada məşhur olmaq, layk toplamaq naminə mənəvi dəyərlərin tapdanması, fərdin sinik mövqeyi haqda uğurlu, dinamik qurulmuş ibrətamiz hekayədir...

Ümumiyyətlə, Əlixanın seçdiyi süjetlərdə tammetrajlı film potensialı var. Həmçinin, “Luger” filmində. “Luger”də situasiya maraqlı, problem aktualdır. Hərçənd, o, rejissor kimi vəziyyətə uyğun mühüm detalları işləməyi nəzərdən qaçırır: dəqiq pauzalar, plan-rakurslar, məkan dərinliyi və s.

Əlixan peşəkar aktyor olmadığından qəhrəmanının faciəsini yetərli çatdıra bilmir, Azər AydəmirHikmət Rəhimov kimi təcrübəli aktyorlara uduzur. Başqa məsələ də var: Azər Aydəmir tərəf-müqabilini əzməkdən qaçır, onunla yaradıcı ittifaqı cəhd eləyir, Hikmət Rəhimovun oyununda isə “mən daha yaxşıyam” ədası, manerası sezilir.

Bunlarla yanaşı, deməliyəm ki, Əlixanın aktyorluq potensialı əlbəttə ki var, bu, zaman, təcrübə və öz üzərində işləmək məsələsidir.

“Kəklikotu” komediyasında Əlixan psixoloji problemli, qəddar cinayətkar obrazının əlamətlərini doğru tapır, başqalaşa bilir. Bəzi məqamlarda gərəksiz mübaliğələr etsə də.

“Luger”də başqa problem odur ki, əhvalatın ideyası, problemi aydın olduğu halda niyəsə Əlixanın tarix müəlliminin qarət etməsinin səbəblərini yenidən sözlə şərh etməyə ehtiyac duyur. Ümumiyyətlə, vəziyyət təsvir vasitəsilə aydın olduğu halda, onun monoloqla gərəksiz şərhi, nəticədə dramatizmin sentimentallığa yönəldilməsi əksər rejissorların xətasıdır.

Bunu da xatırladım ki, tənqidçi Aliyə Dadaşova “Talehlə Əlixan camaatı necə çaşdırır?” yazısında “Luger”lə bağlı tənqidində haqlıydı. Aliyənin dediyi o idi ki, bizim rejissorlar istehlak münasibətləri ilə sosial ədalətsizliyi səhv salır, sosial problemin kökünü anlamadıqlarından məsələyə səthi yanaşırlar. Yəni, insanın mütləq və mütləq olmayan ehtiyacları var: 40 qəpiklik şirə, “fast food” mütləq ehtiyac deyil və bunun üzərində faciə qurmağın sosial ədalətsizliklə əlaqəsi yoxdur.

Sosial dram bir uşağın mütləq ehtiyacının, məsələn, məktəbə getmək üçün ayaqqabısının olmamasıdır ki, bunun üzərində Məcid Məcidi “Səma övladları” filmini çəkib. Hətta orda belə müəllif sosial ağlaşma qurmayıb. Ümumiyyətlə, Əlixanın əksər süjetlərinin əsasında “pul olarsa hər şey düzələr” fikri dayanır. İqtisadi çətinliyin insanların həyatında oynadığı rol danılmazdır. Amma söhbət sosial məsələlərə yanaşma, diskurs tapmaqdan gedir.

Təklif edirəm ki, rejissorlar hekayələrinə yalnız müşahidələrini, həyat faktını olduğu kimi gətirməsinlər, mövzunu araşdırıb ona dərindən baxmağı öyrənsinlər və çoxlu film izləsinlər. Onsuz da dünya kinosu sosial dramlarla doludur.

“İblis” filmi isə pritça janrına iddialıdır. Qəhrəman (Azər Aydəmir) rüşvətxor, saysız günahlar işlətmiş, narkotik asılılığı olan biridir. O, mehmanxana nömrəsində istifadə etdiyi narkotikin yüksək dozasından ölür və İblsilə (Əlixan) qarşılaşır. Müəllif klişe allyuziyadan istifadə edir: İblisin alma yeməsi insanın günahlarına eyhamdır. Didaktika üzərində qurulmuş filmi xilas edən Azər Aydəmirin peşəkar oyunudur.

Bütün hallarda aktual mövzulara toxunan, az büdcə ilə işləyib səs-küy, sosial mediada trend yaratmağı bacaran Əlixan Rəcəbov kimi müəlliflərin olması vacibdir.

# 10935 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #