Göyərçinlər səssiz uçur - Yeni hekayə

Göyərçinlər səssiz uçur - Yeni hekayə
8 aprel 2021
# 17:28

Kulis.az Miri Rəsulzadənin "Göyərçinlər səssiz uçur" hekayəsini təqdim edir.

Əsrik dərəsində Ələsgəri tanımayan yox idi. Elə ki yaz gəldi, Ələsgər mehrini çöllərə salırdı. Kənd camaatı qapısında növbəyə dayanardı. Hamı istəyirdi, toxumu Ələsgər səpsin. Deyirdilər, əli bərəkətlidi, torpağa atdığı bir dən bir çuval olur. Ona görə kənddə varlı-karlı – hamı taxılını Ələsgərə səpdirərdi.

O da taleyindən naşükür deyildi. Köç-külfət bir qarnı ac, bir qarnı tox qışı yaz, yazı payız edirdi. Ələsgərin külfəti də böyük idi: beş qızı vardı. O qədər kasıb idilər ki, qapılarına oğru girsəydi, süpürgədən başqa heç nə tapmazdı.

Ələsgər birtəhər əlinə maya salıb beş-altı keçi almışdı. Günlərin birində axşamüstü Hürü keçiləri yemləyib evə gələndə Ələsgərlə üz-üzə gəldi. Ələsgər kişi dolu vedrəni onun əlindən aldı. Hürü istədi, Ələsgərə nəsə desin, amma kişini qanıqara görüb sözünü uddu. Ələsgər də arif adam idi. Deyəsən, nəsə duymuşdu. Axşam ocaq qırağında oturanda Hürünün üzünə mənalı-mənalı baxıb dedi:

– Arvad, sözlü adama oxşayırsan, olmaya yenə...

– Hə, a kişi, yenə... – Hürü başını aşağı dikdi.

Bu söhbətdən xeyli keçdi. Hürünün bir oğlu oldu. El-camaat Ələsgərin qaranlıq daxmasına yığışdı, körpəyə ad qoydular – Mehdi.

Körpə Mehdi, Ələsgərin yoxsul daxmasında böyüdükcə Ələsgərin də saçı-saqqalı ağarır, qəddi yavaş-yavaş əyilirdi. Yaman gün Ələsgəri də vaxtından əvvəl qocaltmışdı. Hey çalışdı, işlədi, tər tökdü, amma pis gündən yaxa qurtara bilmədi.

Mehdi boylu-buxunlu, şəstli-qamətli bir cavan kimi böyüyürdü. Elə bil, insan deyildi, haqdan yaranmışdı, gözəllikdə Yusifə bərabər idi. O, bütün uşaqlardan seçilirdi.

Mehdi böyüdükcə hər şeylə maraqlanır, uzun-uzadı gecələrdə bacanın tüstüsünə baxıb bəzən hey düşünür, gözləri yol çəkirdi. Hürüyə deyirdi, qoy böyüyüm, sənə o qədər allı-güllü donlar alacam, atama da yaxşı gün-güzəran quracam.
Ələsgər çox vaxt hələ Hürüylə evlənməmişdən əvvəl əkdiyi tut ağacının altında oturub çayını içir, tutla dərdləşirdi. Üzünü ağaca tutub:

“Uşaqların xoş gününü mən görməsəm də, yəqin, sən görərsən” - deyirdi.

Sahədə işləyəndə toxumla birlikdə arzularını da torpağa səpirdi. İnanırdı ki, bir gün cücərib öz bəhrəsini verəcək. Tək təsəllisi halallığı, bir də qapılarındakı tut ağacı idi; bu ağac ona həm ata idi, həm qardaş, həm də dost.

Ələsgər əcəlin gəlişindən duyuq düşmüşdü, nəydi, ömrünün sonuna yaxın evin dəlmə - deşiyindən də, yamaqlı şalvarının söküyünün arasından da ölümün həzin mehini hiss edirdi.

Axşamın qaranlığında uşaqlar kimi yorğun torpaq da yuxuya getmişdi. Ələsgər isə canındakı yorğunluğu çıxartmaq üçün gözlərini əbədi yummuşdu.

Hürü uşaqları başına yığıb sübhəcən dil deyib ağladı. Ələsgərin başını ovcuna alıb: atam-anam, hara tələsirdin?! – deyə-deyə, gah gözünün yaşını silir, gah da başına sığal çəkib, hönkür-hönkür ağlayırdı.

Qızlarının da ağlamaqdan səsləri tutulmuş, gözlərinin yaşı qurumuşdu.
Kəndin cavanları səhər obaşdan çadır qurdular, molla çağırdılar, kəfən dalınca getdilər. Tutun altında samovarı qaladılar. Məhlənin ayağında yuyata yer düzəltdilər. Qəbir qazmağa həmişəki kimi Novruzla Cümünü çağırmışdılar. Kənddə bütün ölənlərin qəbrini onlar qazırdı; Novruzgil çiyinlərində bel, külüng kəndin ayağına sarı gedəndə hamı bilirdi ki, kənddən gedən var.

Qonşu arvadların çaldığı halvanın qoxusu bütün kəndə-kəsəyə yayıldı.
Qapıya xeyli adam yığışmışdı. Hürü mələfənin altından ərinin əlini son dəfə sıxıb qızlarına baxdı: rahat yat, Ələsgər!

Ələsgəri yuyata çıxartdılar. Hürü dallarınca düşüb: ayə, Ələsgər! Dur camaatı qarşıla, qapına adamlar gəlib! Bu boyda camaat sənə görə yığılıb, evim-eşiyim! Ayə, bu Mehdinin toyunu eləməmiş hara gedirsən, Ələsgər?! Bu soyuqda o torpaqda nə təhər yatacaqsan, anan ölsün?! – Hürünün sözləri kişilərin də gözünü doldurdu.

Köhnə kişilər həmişə deyirdi, kənddən kimsə öləndə həmin gün mütləq yağış yağmalıdır. Elə də oldu. Ələsgəri yerdən götürəndə yağış başladı. Sanki, Ələsgərin dünən səpdiyi toxumlar bu gün yağan yağışın suyuyla sulanırdı.

Mehdi atasının tabutunun altına girəndə boyu-buxunu bir az da böyüdü. Həmin gecə yasinin ayələri yağış damcılarına qarışıb Ələsgərin üstünə yağdı.

Ələsgərdən sonra kənddə torpağın dini-bərəkəti, sanki, göyə sovurulmuşdu. Şaxtalı qar dəymədüşər uşaq kimi qışın işini bir az da çətinləşdirmişdi. Bütün ailə həyətdəki toyuq-cücənin, bir də beş-altı keçinin ümidinə qalmışdı.

Hürü hər dəfə öləziyən ümidlə içəri girib onu evin hər guşəsində axtarırdı. Təkcə həyətdəki tutu görəndə toxtayırdı. Ələsgərdən ona barmağındakı bəxt üzüyü, bir də bu tut ağacı qalmışdı. Hürü qəribsəyəndə tutun altında oturar, dərd-sərini ona danışardı. Deyirdi, bu ocağa gəlin gələndən səni tanımışam. Bəlkə də, sənin kökün Ələsgərin qəbrinəcən gedib çıxır. Ona de, bizdən nigaran qalmasın!

Mehdi evdəki vəziyyəti görüb, həmişə atasını hörmətlə əkinə, səpinə çağıran Kərbəlayi Elyarın yanına getdi. İçəri keçəndə gördü Kərbəlayi Elyar qəlyanın tüstülədib, dilinin altında nəsə zümzümə edir. Salam-kalamdan sonra utana-utana sözə başladı:

– Kərbəlayi əmi, atam həmişə sənin xeyirxahlığından danışırdı, deyirdi, bizim uşaqların boynunda Kərbəlayi əminin haqqı var. Bir gün bizim də əlimiz çörəyə çatar, borcundan çıxarıq. Ancaq Kərbəlayi əmi, bu qış güzaranımız lap ağır keçir, indi unnuğumuzda bir ovuc unumuz qalıb. Atamın da elə bir alacağı qalmayıb ki, xərcləyib yaza çıxa bilək.
Mehdinin gözləri doldu, sözünü axıra çatdıra bilmədi. Ürəyiyumşaq Elyar kişi Mehdinin kürəyinə vurub:

– Narahat olma, oğul, uşaqlara deyərəm, bu saat səni yola salarlar.

Kərbəlayi çoban Mayanı yanına çağırdı.

– Bu uşağın arabasına iki tay un qoy. Nə vaxt da gəlsə, mənli-mənsiz yola sal, getsin, ləngitmə.

Elyar kişinin rəmədə ferması, əkin sahələri, meyvə bağları vardı. Bir də gözünün ağı-qarası bircə qızı. Oğlu olmamışdı. Bütün sevgisini Xədicəyə vermişdi. Mehdidən yamanca xoşu gəlmişdi. Fikirləşirdi ki, bəlkə nə vaxtsa uşaqların ulduzu barışar. Mehdiyə bir az da xərclik verib dedi:

– Anana de, Kərbəlayi əminin mal-qarası başsızdı. İcazə versə, gəl fermaya mala, heyvana bax, görək axırı nə olur. Mehdi necə dil ağız edəcəyini bilmədi:

– Çox sağ ol, Kərbəlayi əmi, – deyib, böyüklərə xas ədəblə əlini sıxdı.

Mehdi kefi kök, damağı çağ evə qayıtdı. Uşağı arabayla görəndə Hürünün gözləri yaşardı. Mehdi təklifi anasına deyəndə əvvəl tərəddüd elədi. Hürü istəyirdi, uşağı gözünün qabağında olsun. Sonra düşündü ki, belə getsə, toyuq-cücə acından qırılacaq, keçilər süddən kəsiləcək. Odur ki, özünü bir təhər razı saldı.

Mehdinin isə o gündən ulduzu parlamışdı. O, həm Kərbəlayinin mal-qarasına göz-qulaq olur, həm də öz pay torpaqlarını dirildib, əkib becərir, evə kömək olurdu.

Yaz gələndə Hürü uşaqları da özüylə sahəyə aparır, iş görə-görə qarğıdalının şaxını soyub, saçağından çay dəmləyərdi.

İllər keçdi, Hürü altı uşağını öz zəhmətiylə böyütdü. Onlara həm ana, həm də ata oldu. Həyətində kartof əkdi, toyuq-cücəyə baxdı, kəndin qızlarına döşək saldı, yorğan sırıdı. Bir də həyətdəki tutun bəhməzindən satıb qızlarını köçürtdü. Uşaqların hərəsi bir ev oldu.

Ələsgərin əkdiyi tut ağacı beş qızın toyunu görmüşdü. Növbə son beşik Mehdinin idi. Onu da evləndirsəydi, Hürü dünyadan rahat köçə bilərdi.

Mehdi artıq çoxdan böyümüş, əli çörəyə çatmışdı. İndi Kərbəlayi Elyarın bütün işlərini o aparırdı.. Ayağı o qədər ruzili idi ki, Kərbəlayinin var dövləti birə-beş artmışdı. Kərbəlayi də onu öz oğlu kimi görürdü. O qədər arxayın idi ki, heç vaxt hesab-kitab etməzdi. Halallığına görə ona mal-qaradan on beş baş bordaq dana da bağışlamışdı. Demişdi, oğul, bu, sənin öz zəhmətindi.

Mehdi Kərbəlayigildə olanda Xədicəni tez-tez görürdü. Xədicə istiqanlı, həm də çox gözəl qızıydı. Mehdi onunla salamlaşıb, hal-əhval etsə də, üzünə baxmaqdan çəkinirdi. Qorxurdu ki, birdən bu gözəllikdə qıza aşiq olar, özü də Kərbəlayinin qızına. Ağlının ucundan belə keçirtmək istəmirdi. Ona görə də bu işin üstünə çox düşməmişdi, özünə tay birini axtarırdı. Hardan bilsin ki, qız Mehdinin nəzakətinə, yaraşığına çoxdan vurulubmuş. Ürəyindən nələr keçdiyini bir Allah bilirdi.

Mehdi ev-eşiyi sahmana saldı, Hürüyə uşaqlığından söz verdiyi allı-güllü donlar aldı, bacılarına əl tutdu. Təsərrüfatı böyütdü, pay torpaqları cana gəldi, torpağa şükür toxumu səpdi. Ələsgərin sağlığındakı bərəkət elə-obaya təzədən geri qayıtmışdı.

Yazın gəlişi Kərbəlayinin işlərini ləngitmişdi. Çoban Maya bərk xəstələnmişdi. Özünü ağır hiss edirdi. Hər şey gözünə tutqun və sönük görünürdü. Mehdi həmin gün danaları sulamağa özü getdi. Gördü, bir qız, qabağında da bir sürü endi arxa. Qız uzaqdan qışqırdı:

– Ey, su kiçiyindir, qoy quzuları suluyum, sonra danaları arxa bas.

– Gözüm üstə, gözəl qız!

– Gözəl nənəndi.

– Mənim nənəmin adı doğrudan Gözəldi, bəs sənin adın nədir?

– Öz adını deməmiş mənim adımı soruşursan? – Qız Mehdinin gur saçlarını elə ürəklə süzdü ki, gəl görəsən. Qızı da görəndə az qaldı Mehdinin ürəyi gedə. Bir təhər özünü toplayıb cavab verdi:

– Mənim adım Mehdidir.

Qız Mehdini bir də süzüb dedi:

– Mənim də adım Günəşdir. Ta el-aləmə car çəkmə ey!

– Sən Kərəmin tərifli Günəşisən?

Qız qımışdı.

Kərəmin yatağını rəmədə tanımayan yox idi. Zəhmli, gözütox kişiydi. Övladlarını uşaqlıqdan zəhmətə alışdırmışdı.
O gündən danalarla quzuların sulanan vaxtı bir oldu. Aylar keçdi, günəş üfüqdən boylananda bu biri Günəş uzun hörüyünün birini arxasına, birini də sinəsinin üstünə atıb quzuları çaya endirdi. Mehdi axır ki, dilə gəlib dedi:

– Day dözə bilmirəm, ay Günəş, icazə versən sənə bir söz demək istəyirəm!

– Sözünü de, icazəni sonra verərik.

– Səni istəyirəm!

Günəş gül kimi qızardı, Mehdiyə cavab verə bilmədi, quzuları hayladı, tələm-tələsik Mehdidən uzaqlaşdı. Mehdi Günəşin güllü donuna, ay tək üzünə doyunca baxa bilmədi. Bir də onu gördü ki, lap uzaqlarda görünən Günəşin yüyürməkdən gərdəninə tökülən saçları axşamın toranında bərq vurur. Külək güllü donun ətəyini yırğalayır. Mehdi istədi arxasınca qaçsın. Ancaq Günəş görünməz olmuşdu. Günəşin şümşad boyu, sədəf dişləri, dəli Kür tək oynaq gözlərinin əksi Mehdinin gözlərinin qabağından getmirdi.

Mehdi söhbəti əvvəl anasına dedi. Hürünün rəngi açıldı, ürəyi dağa döndü. Əllərini göyə qaldırıb: ay Allah, axır ki, Mehdimin toyunu görəcəm! – dedi.

Sonra ürəyini Kərbəlayi Elyara açdı:

– Kərbəlayi əmi, sən mənə həm arxa-dayaq, həm də ata olmusan. Bu günəcən hər şeyi sənlə məsləhət eləmişəm. Gəlmişəm, xeyir-dua verəsən. Kərəmin qızını istəyirəm! Bilmirəm qızı verər, yoxsa yox! Nə deyirsən?

Mehdi yaxşı bilirdi ki, Kərbəlayi Elyarın nəinki kənddə, başqa kəndlərdə də hörmətini saxlayırlar.
Kərbəlayi bir az fikrə getdi. Belə olacağını gözləmirdi. Onun da Mehdiylə bağlı xəyalları varıydı. İndi bu arzu-xəyalları yarıda qalsa da, taleyin qismətidi – deyib, özünə toxtaqlıq verdi və qayğıkeş bir səslə:

– Oğul, ürəyini sərin saxla, elə bil ki, qız sənindir – dedi. – De görüm, qızın da könlü varmı? – Kərbəlayi sonuncu ümidlə soruşdu.

– Hə, əmi.

Ertəsi gün Kərbəlayi Elyar Hürü arvadı, bir də böyük bacısını götürüb Kərəmin qapısına elçiliyə yollandı. İndiyə kimi Kərbəlayinin getdiyi qapıdan əliboş qayıtdığını görən olmamışdı.

Dedilər, madam ki, arada Kərbəlayi var, bizə ancaq xeyir-dua vermək düşər. Günəş bu sözləri qapının arxasından eşidir, ürəyi sərçə kimi döyünürdü.

Elçilər qızın "hə"sini alıb, şirin çayı içəndən sonra evə qayıtdılar. Mehdinin ürəyi yerinə gəldi. Xədicəninsə taleyi ilə barışmaqdan başqa əlacı qalmamışdı; xəyallarının qəhrəmanı könlünü başqasına vermişdi.

O, bundan belə Mehdini ancaq röyalarında görə bilərdi.

Bir müddətdən sonra toyun vaxtı danışıldı. Həm oğlan, həm də qız evində toya hazırlıq işləri başladı. Bütün kənd toya dəvət aldı. Ələsgər kişinin ocağında mağar quruldu. Hürü arvad stolları bəzədiyi kimi həyətdəki tutu da bəzəmişdi. Qonaqlar gəlməyə başlamışdı. Hürü, mağarın düz ortasına düşmüş ağacı hər görəndə ərini xatırlayırdı; ağac, sanki, məclisin ortasında durub Ələsgərin yerinə qonaqları qarşılayır, ilk pencəyini oğlunun toyunda alan ata kimi məğrur duruşuyla Mehdinin şadlığına gülümsünürdü.

Tuta söykənən stolun ətrafında Ələsgər kişinin dostları əyləşmişdi. Toyun axırına kimi Hürünün fikri-zikri eləcə bu stolda idi. Süfrəyə özü qulluq edirdi. Elə bilirdi ərinin stoluna qulluq edir.

Bu toydan Mehdinin iki qızı oldu.

Günəşin sevgisi Ələsgərin ocağını bir gün də olsa, soyumağa qoymadı.

İllər keçdi. Kərbəlayi Elyar dünyasını dəyişdi. Mehdi atasını, elə bil, ikinci dəfə itirdi. Hürü də, həyətdəki tut ağacı da qocalmışdı. Əvvəlcə iri gövdəli tutun budaqları qurudu, sonra Hürü xəstələndi, yatağa düşdü. Həyətdə o boyda tutdan iri bir kötük qalmışdı. Onun da başına nəvələri dövrə vurub, oynayırdı. Xədicəni istəyənlər olsa da, ərə getməmişdi. Mehdidən sonra könlünü heç kimə bağlaya bilmirdi.

Mehdi istəyirdi, bir oğlu da olsun, atasının adını yaşatsın. Allah onun duasını yerdə qoymadı, bir də oğulla müjdələdi. Mehdi özünü çox xoşbəxt hiss edirdi. Özü də hərdən gecələr ulduzlara baxanda bütün xoşbəxtliyin bir arada olmağına təəccüblənirdi. Uşaqkən atası ona ilk dəfə ulduzları göstərəndə demişdi ki, ulduzlar bizim əcdadlarımızın ruhlarıdır...

Uşaq dünyaya gözünü açanda səhərin də gözü təzəcə açılmışdı. Bu gün başqa günlərdən fərqliydi. Göyərçinlər kənd xəstəxanasının üstünü almışdı. Quşlar səssiz uçuşurdu. Hava o qədər sakit idi ki, ağacların yarpağını da tərpətmirdi. Mehdi xəstəxananın həyətində həyəcandan siqaretin közünü bir-birinə calayırdı. Oğlunun gəlişinə dediyi qurbanlıq quzunu da boynuna qırmızı lent bağlayıb özüylə gətirmişdi. Qapıda duran Nüşabə xalaya da bərk-bərk tapşırmışdı ki, muştuluğun məndədi, uşaq olan kimi tez xəbər elə!

Kəndə azan təzəcə verilmişdi. Birdən xəstəxananın içində çaxnaşma düşdü, həkimlərin səsi biri-birinə qarışdı. Ağız deyəni qulaq eşitmirdi:

– Az, qoymayın, qız əldən gedir! Baş həkimi çağırın! Cavanşir doxtur! Günəş, qızım, gözlərini aç! Oğlun oldu, ay bala, gözün aydın..!

Günəşin nəbzi getdikcə azalırdı. Həkimlər körpəni Günəşin sinəsinin üstünə qoydular ki, bəlkə körpəsini hiss edib həyata qayıda. Bu da kömək olmadı. Uşağı qurtarsalar da, Günəşi həyatda saxlamağa həkimlərin gücü çatmadı.

Mehdinin heç nədən xəbəri yox idi. Həyatı səssiz axan arxa bənzəyirdi, yolu uzun idi. Quzunu qucaqlayıb, qapıdakı xalanın xəbərini gözləyirdi. Birdən Nüşabə arvad ağlaya-ağlaya bayıra çıxdı. Gözünün suyundan Mehdini torlu görürdü. Mehdi tez qabağına qaçdı.

- Noldu Nüşabə xala?! Niyə ağlayırsan?!

– Oğlun oldu, a bala, gözün aydın olsun!

Mehdi əlində hazır saxladığı iyirmiliyi xalatın cibinə qoymaq istəyəndə arvad pulu götürmədi. Hardan biləydi ki, bu, onun son sevinci olacaq. Həyatı göy əskiyə büküləcək, Günəşi sönəcək.

– Günəş!

– Nolub ki, Günəşə?!

Arvad Mehdini qucaqlayıb bir də hönkürəndə Mehdi saçlarını yolmağa başladı, əllərini dişlədi. Oğlu yadından çıxmışdı. Elə bir boşluğa düşmüşdü ki, onu heç kim çıxara bilməzdi. Evdə xəstə anası Hürü, iki qızı – hamısı Mehdinin yolunu gözləyirdi. Quzunun da Mehdiyə yazığı gəlmişdi, yanından ayrılmırdı.

Mehdi özünü itirmişdi. Evə çatan kimi başını Hürünün dizlərinə qoyub o ki var ağladı. Əslində öz günündən çox uşaqlarının gələcəyinə ağlayırdı. Həyətdəki tut kimi yetim qalmış, qolu, budağı sınmışdı. Hürünün də elə bir canı qalmamışdı ki, uşaqlara baxsın. Deyirdi, oğul, səbirli ol, dərdi verən dərmanını da verər.

Günəşi torpağa tapşırandan sonra Mehdi uzun müddət özünə gələ bilmədi, amma zaman öz işini görürdü. Mehdi toparlanmalıydı. Axı, Kərbəlayinin ailəsi də ona əmanət idi.

İllər keçdi...

Balaca Ələsgər həyətdə bacılarıyla oynayır, xəstə nənələri kimi atalarının gəlişini gözləyirdi. Mehdi hər dəfə qızlarının saçını hörəndə gözləri yol çəkir, Allahdan səbir diləyirdi.

Bir gün Mehdi işdən qayıdanda gördü ki, Xədicə bunlara gəlib, uşaqlarla oynayır. Uşaqlar sevinirdi. Mehdi evdəki əhvalı görəndə ürəyi açıldı, üzü güldü. Xədicə qızlara xonça bəzəyib gətirmişdi. Mehdi Xədicənin gözlərinə ilk dəfə baxıb minnətdarlıq elədi. Ələsgəri öpəndən sonra qızlar darağı götürüb atalarının qucağına qaçdılar:

– Ata, Xədicə xalaya de, getməsin. Bizi darıxmağa qoymur.

Bəlkə də, Xədicə Mehdinin rəngli həyatına vurulan qıfılı sındırmağa gəlmişdi. Mehdi qızlarının saçını daraya-daraya Xədicəyə baxdı. Qəlbinə rahatlıq gəlmişdi. Xədicə ehmalca yaxınlaşıb darağı Mehdinin əlindən aldı:

– İcazə ver, bundan sonra uşaqların saçını mən darayım.

Hürü uzandığı çarpayıdan pəncərədəki aya baxıb dilinin altında pıçıldadı:

– Dərdi verən dərmanı da verər.

# 2631 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #