Kaş ki daş qəlbli olaydın

Kaş ki daş qəlbli olaydın
2 aprel 2021
# 10:27

Kulis.az şair-yazıçı Sevinc Elsevərin “Empatiya hissi” essesini təqdim edir.

Empatiya hissi olduqca vacibdir. İncəsənətin, ədəbiyyatın, kino və teatrın əsas vəzifələrindən biri də insanlarda bu hissi yaratmaq və gücləndirməkdir. Şairlər bu duyğuya söykənib ürəkləri riqqətə gətirən şeirlər yazır, bəstəkarlar musiqi bəstələyir, rejissorlar ağlamalı filmlər çəkir. İnsan olan başqasının dərdinə yanmağı, özünü başqasının yerinə qoymağı, dərdə şərik olmağı, çətinlikdə olan insana əl uzatmağı, darda olanın dadına yetişməyi bacarmalıdır.

Empatiya duyğusu heyvanlarda da var. Heyvanların darda olan həmcinslərinə kömək etməsindən, yemini paylaşmasından bəhs edən videoları riqqətlə izləyirik. Onlardakı empatiya duyğusu xoşumuza gəlir. Ümumiyyətlə, biz insanlar heyvanlarda özümüzə bənzərlik görəndə duyğulanır, sevinirik. Onlarda insanlara xas olan xüsusiyyətlər axtarırıq. İtimizə salam verməyi, pişiyimizə təşəkkür etməyi, tutuquşumuza sözlər deməyi öyrədəndə xoşbəxt oluruq.

Hətta, heyvanlarda da olan empatiya duyğusunun insanda həddindən artıq olması ilk baxışdan yaxşı görünür. Sosial şəbəkələrdə rəhmli görünmək dəbdə olduğundan, hər kəs də özünün empatiya duyğusuna sahib olduğuna inanır. Empatiya duyğusunun güclü olduğunu düşünür, dilə gətirir.

Bəziləri sadəcə rəhmli görünməyə çalışır, əslində, “Araz aşığındandır, Kür topuğundan”. Məsələn, çalışdığı idarədə qapısını döyən, ona ehtiyacı olan vətəndaşa kömək əlini uzatmır, vəzifə borcunu yerinə yetirmir. Ancaq feysbukda eyni dərddə olan insanın problemini paylaşır, ağlamalı şərh yazır və s.

Empatiya hissi həmişə yaxşı hal deyil, bəzən həddindən artıq empatiya hissi insani depressiyaya, xroniki yorğunluğa, hətta Allah qorusun, həyatdan küsməyə sürükləyə bilər.

Mütəxəssislərə görə, empatiya duyğusunun 3 növü var:

Koqnitiv
Emosional
Şəfqətcil

Gəlin görək bunlardan hansı daha yaxşıdır? Həm özümüz, həm ətrafdakılar üçün faydalıdır?
Koqnitiv empatiyaya malik insanlar qarşısındakının dərdini, problemini heç bir duyğu, kədər hiss etmədən anlaya bilir. Koqnitiv empatiya hissinə daha çox məntiqlə düşünən, rasional fikirli insanlar malik olur. Məsələn, bu duyğu bizim bir çox məmurlarda olsa nə yaxşı olardı?! Dərdimizi onlara anlada bilməkdə heç bir sorun yaşamazdıq. İki dəqiqənin içində dərdimizi-sərimizi anladıb, problemlərimizin tezlilklə həllini görərdik.

Emosional empatiya duymaq bacarığı olan adamlar başqalarının ağrı-acısını olduğu kimi yaşayırlar. Emosional empatiya duyğusunu keçirənlər başqasının ağrısını elə dərindən duyurlar ki, bu hissdən nəinki özləri ziyan çəkirlər, qarşıdakı adama da köməkləri dəyə bilmir.

Məsələn, maşın qəzası ilə qarşılaşırsan, qəza nəticəsində yaralanan insanlara köməyin lazımdır, səninsə ürəyin gedir. Bu empatiya hissinə malik olmasan ondan yaxşıdır. Kaş ki, daş qəlbli olaydın. Onda daha prkatik davrana, ağlın, məntiqin gücü ilə kömək göstərə bilərdin.

Şəfqətcil empatiya hissinə malik insanlarda empatiya hissinin hər üç növü inkişaf edir. O, həm başqa insanları anlayır, həm də o adama yardım əlini uzadır, lazım gələndə isə soyuqqanlı davrana bilir.

Bu gün bir çox insan emosional empatiya hissinə malikdir. Məsələn, Yeni il, Novruz bayramlarında “bayram keçirməyək, şəhidlərimiz var, şəhid anaları yas içindədir” deyən adamlar səmimi idilər. Bu adamların əksəriyyəti emosional empatiya keçirənlərdir.

Bəzi insanlar isə bayramını da keçirtdi, tonqalın üstündən də atladı. Bu o demək deyildi ki, o adamlar şəhidlərimiz, onların ailələri üçün yanmırlar. Sadəcə rasional yanaşırlar. Onlar belə düşünürlər: Dərd onsuz da var, dərd böyükdür, ancaq dərdi gün-gündən çoxaltsaq, sevinclərin önünü kəssək, paylaşmasaq, hiss etməyə çalışmasaq, hamımız birlikdə depressiyaya yuvarlansaq, dünyadan əl götürsək axırımız olmaz. Hamımız birlikdə uçuruma yuvarlanarıq.

Şəfqətcil empatiyanı bacaranlar isə qazilərin problemlərinin dalınca qaçırlar, bayramda şəhid ailələrinin qapısını döyürlər, onların məişətdə və həyatda qarşılaşdıqları sorunlarla mübarizə aparırlar.

Bir də var, rəhmli görünmək yaxşıdır deyə, şəkil paylaşmaq, status yazmaqla dərddən anlayan olduğunu göstərmək istəyənlər, həqiqətdə isə öz kef-damağından qalmayanlar. “Araz aşığından, Kür topuğundan olanlar”... Hə, onlar bizdən deyil deyirəm, yəni empatiya hissinə malik olanlardan deyillər.

Bütün hallarda hər şeyin artığı zərərli olduğu kimi, empatiya hissinin də artığı zərərlidir. Özümüzə, psixologiyamıza, sağlığımıza zərər verməyəcək qədər bu hissi duymağa çalışmalıyıq. Bunu da bu yaxınlarda həkimimdən öyrəndim. Həddindən artıq empatiya hissinə qapılmaq insanda psixoloji problemlər yaradırmış. Necə demişdi dahi Nizami:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da!

# 2016 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #