news-inner
clock16:02 calendar-gray 30 Mart 2021 view-gray361 dəfə oxunub
view-gray361 dəfə oxunub

Kinoteatrlarımız pandemiyada nə qədər itirdi? - Dəhşətli rəqəm

Dünyanın hər yerini bürüyən COVİD-19 virusu səbəbi ilə Azərbaycan kinoteatrlarının tamaşaçıların üzünə bağlanmasının bir ili tamam oldu. Maraqlıdır, 2020-cu il martın 14-dən qapılarını bağlamağa məcbur qalan kinoteatrlarımız bir ili necə keçirdi? Ümumiyyətlə, pandemiya zamanı kinoteatrlar bütün dünyada bağlı qaldı? Azərbaycan kinoteatrları birillik pandemiya dönəmini nə qədər itki ili başa vurdu? Məqalədə bu və başqa suallara işıq salmağa çalışacağıq.

Ötən pandemiya dövrünə möhür vuran ən böyük kino hadisələri, şübhəsiz ki, 2020-ci ilin sentyabrında keçirilən iki film festival oldu. Belə ki, ötən il və bu ilin əvvəlində internet üzərindən keçirilən festival və mükafatlandırma mərasimlərindən fərqli olaraq bu iki festival – 68-ci San-Sebastian Film Festivalı və 77-ci Venesiya Film Festivalı müəyyən pandemiya qaydalarına riayət etmək şərti ilə ( ən birinci, sosial məsafəni qorumaq İ.A.L.) canlı keçirildi. Maraqlısı odur ki, hər iki festivala sahiblik edən ölkələr – İspaniya və İtaliya COVİD-19 virusunun ən çox ziyan vurduğu Avropa ölkələri sırasında idi. Xüsusi ilə İtaliya ötən ilin ilk rübündə COVİD-19-la ciddi mübarizə aparan ilk Avropa ölkələrindən idi. Bununla yanaşı, ilin sonuna doğru İtaliyanın 77-ci Venesiya Film festivalını təxirə salmaması həddindən artıq təqdir edildi. Bəzi kino mütəxəssislərinə görə, pandemiya epoxasında məlum festival beynəlxalq sənaye toplantıları üçün nümunə sayıla biləcək bir təşkilatçılıqla yadda qaldı. Sözügedən iki ölkə də daxil olmaqla, ötən il dünyanın bir çox ölkələrində 4 aylıq fasilədən sonra kinoteatrlar fəaliyyətlərini bərpa etdi. Əlbəttə ki, pandemiyanın qaydalarına əməl etmək şərti ilə!

Bəs Azərbaycan kinoteatrlarında vəziyyət necədir? Ümumiyyətlə, kinoteatrlarımız pandemiyadan əvvəl ay ərzində nə qədər tamaşaçı qəbul edirdi?

“Nizami” Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva deyir ki, bu, ay ərzindəki bayram və tətil günlərinə, həmçinin kinoteatrın repertuarındakı filmlərə görə dəyişirdi: “Kinoteatrlar mövsümlərdən asılı olaraq işləyir. Təbii ki, bayramlar ərəfəsində – Yeni İl və ya Novruz Bayramı dövründə daha çox filmlər nümayişə çıxır və bu zaman ziyarətçi sayımız daha çox olurdu. Məsələn, belə aylarda, təxminən, 30-35 min civarında tamaşaçı qəbul edə bilirdik. Amma yay aylarında bu rəqəm daha aşağı olur, payızda yenidən arta bilirdi”.

“Cinema Plus” şəbəkəsinə səkkiz kinozal daxil olduğunu deyən şirkətin PR meneceri Nərmin Həsənova pandemiyadan öncəki aylıq ziyarətçi sayını belə açıqlayır: “CinemaPlus Gənclik Mall” kinoteatrında 1 ay ərzində 45000 tamaşacı qəbul edilirdi”.

Özündə dörd kinoteatrı birləşdirən “Park Cinema”nın marketinq üzrə meneceri Musa Axundovun söylədiyinə görə, pandemiyadan öncə şirkətin bir filialı bir ay ərzində ortalama 17000 tamaşaçı qəbul edirmiş.

Pandemiya zamanı dövlət kinoteatrı belə, işçilərinə tam maaş ödəyə bilmir

Maraqlıdır, bir ildir fəaliyyəti dayandırılan və nə zaman yenidən işə başlayacağı bəlli olmayan Azərbaycan kinoteatrları bu ötən ili nə qədər itki ilə başa vurdu?

Musa Axundov pandemiya dövründə “Park Cinema”nın illik itkisinin həcminin kommersiya sirri olduğunu, ancaq il əzində təmsil etdiyi kinoteatrlara 500000 manat civarında maddi ziyan dəydiyini bildirir.

“Cinema Plus”un PR meneceri N. Həsənova pandemiya zamanı şirkətə dəyən maddi ziyan və itkinin məbləği, həmçinin sözügedən dövrdə dövlətin, təmsil etdiyi quruma maddi yardım ödəyib-ödəmədiyi haqda məlumat vermək istəmədiyini deyir.

“Nizami” Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva pandemiya dönəmində təmsil etdiyi kinoteatra dəyən maddi ziyanı hesablamaqda çətinlik çəkdiklərini bildirir: “Çünki ötən ilin mart ayında bəzi filmlərin nümayişi artıq başlamışdı. Amma martın 14-dən seanslar dayandırıldı. Lakin bu, o demək deyil ki, biz o filmlərə sərf etdiyimiz xərcləri itirmişik, xeyr, kinoteatrlar açıldıqdan sonra həmin filmlər yenidən nümayiş olunacaq. Bu mənada ziyan haqda dəqiq rəqəm demək çətindir. Hər şey kinoteatrlar açılandan sonra bu sektorun nə qədər müddətə bərpa ola biləcəyindən çox asılı olacaq”.

L.Mirzəyeva onu da deyir ki, “Nizami” Kino Mərkəzində işçilərlə bağlı hər hansı ixtisar aparılmayıb: “Biz bu dövrdə müvəqqəti olaraq, işçilərimizə stabil maaş verə bilmirik. Buna baxmayaraq, heç kim işdən çıxarılmayıb.Yalnız 1-2 nəfər işçi könüllü şəkildə işdən ayrılıb başqa sahədə işləməyə başlayıblar”.

Məlum itkilərlə bağlı dəqiq statistika olmadığını deyən iqtisadçı Toğrul Vəliyev şəxsi hesablamalarına əsasən, rəqəmləri belə açıqlayır: “Ümumiyyətlə, “itki” və “dəymiş maddi ziyan” anlayışları fərqlidir. Məsələn, “Park Cinema”nın göstərdiyi maddi ziyanın məbləği, yəqin ki, ya maaş, ya da icari xərclərlə bağlıdır. Yəni xərcləyiblər, amma qazanmayıblar. İtkiləri isə onların qazana bilmədikləri məbləğdir. Məsələn, əgər “Park Cinema”nın bir filialının qəbul etdiyi aylıq tamaşaçı sayı 17000 manatdırsa, biz biletin qiymətini ən azı 4 manatdan hesablasaq, bu, ay ərzində 68 000 manat edəcək. Bu rəqəmi 12 aya vursaq, təxmini 1 milyona yaxın məbləğ alınacaq. Deməli, kinoteatrın 4 filialdan birillik itkisi, təxminən, 4 milyona yaxındır. Bu sahədə hər hansı dəqiq statistika olmasa da, mən, Azərbaycan tərəfindən UNESCO-ya 2010-2017-ci illərdə təqdim edilmiş statistika əsasında 2018-2019-cu illər üçün də kino nümayişindən birbaşa qazancı hesablamışam. 2019-cu ildə illik dövriyyə təxmini 11,5 milyon manat təşkil etmişdi. Bunun hardasa 1/3-i Azərbaycan filmlərin payına düşürdü. Bildiyiniz kimi, bizdə, xüsusən, 2015-ci ildən sonra tamaşaçıların sayı artırdı. Əgər 2020-ci il üçün bu tendensiya saxlanılsaydı, kinoteatrlar, təqribən, 12-13 milyon qazanmalı idi. Amma onlar ötən il yalnız 2,5 ay işləyə bildikləri üçün qazanclarının böyük hissəsindən məhrum oldular. Bu isə o deməkdir ki, Azərbaycan kinoteatrları ötən pandemiya dönəmini, təxminən, 11, 5 -11, 8 milyon həcmində itki ilə yekunlaşdırıb”.

Mədəniyyət Nazirliyi isə sözügedən itkilərlə bağlı suala belə cavab verib: “Ölkədə fəaliyyət göstərən kino nümayişi müəssisələrinin əksər hissəsi özəl olduğu üçün bu tip qurumların gəlirləri ilə bağlı statistika Mədəniyyət Nazirliyi deyil, müvafiq dövlət orqanları tərəfindən aparılır. Nazirliyin tabeliyindəki “Nizami” Kino Mərkəzi ilə bağlı 2019-cu ilin statistikasına əsasən deyə bilərik ki, pandemiya dövründə Kino Mərkəzi hər ay orta hesabla, təxminən, 40 min, il üzrə isə 480 min manat vəsait itirib”.

Pandemiya dövründə dövlətin “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” çərçivəsində sözügedən kinoteatrlar dəstək paketi alıb mı?

Leyli Mirzəyevanın sözlərinə görə, dövlət onlara müəyyən aylar üçün maddi yardım edib: “Dövlət tərəfindən bizə “Sahibkarla maddi dəstək” paketi çərçivəsində əməkdaşlarımızın maaşları civarında bir neçə ay ərzində maddi yardım ödənib”.

“Park Cinema”nın təmsilçisi M.Axundov şəbəkəyə dövlət tərəfindən göstərilən maddi dəstəyin məbləğini açıqlayır: “Pandemiya dönəmində dövlət tərəfindən işçilərə yardım məqsədi ilə bəzi aylarda şirkətimizə ödənişlər edilib. Ümumilikdə, bu məbləğ cəmi 119 786 AZN təşkil edib”.

Toğrul Vəliyevin fikrincə, pandemiya zamanı dövlətin kinoteatrlarla bağlı yalnız sosial məqsədi ola bilər: “Yəni dövlət işçilərin iş yerlərini itirilməmələri üçün müəyyən dəstək göstərə bilər. Dövlətin bu sahəyə birbaşa dəstəyi düzgün olmazdı. Çünki kinoteatrlar özəl şirkətlərdir. Bircə, “Nizami” Kino Mərkəzi dövlətindir, bir də səhv etmirəmsə, Zirədə də bir dövlət kinoteartı var, amma bilmirəm, o işləyir, ya yox. Özəl şirkətlərə birbaşa dəstək yalnız işçilərin işdə saxlanılması məqsədi daşıya bilər. Çünki kino mədəniyyət sahəsidir və bu sahə, adətən, hər yerdə dövlət tərəfindən dəstək alır. Təkcə kino yox, ümumiyyətlə, mədəniyyət sahəsi dəstək alır. Çünki mədəniyyət sahəsində yalnız dövlət yox, özəl təşəbbüslər də olmalıdır. Yəni rəqabət qabiliyyəti yüksək olmalıdır”.

Məlum dönəmdə özəl kinoteatrlara dəstək verilməsi haqqında dəqiq məlumatı olmayan Mədəniyyət Nazirliyi mövzuyla bağlı sorğuya cavabında qeyd edir ki, “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair metodiki göstəriş”ə əsasən, müvafiq qurumlar (İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi) tərəfindən ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək olmaq məqsədilə “Nizami” Kino Mərkəzinin işçilərinin əməkhaqlarının ödənilməsinə köməklik edilib: ““Nizami” Kino Mərkəzi təssərrüfat hesablı müəssisə olduğuna və pandemiya səbəbi ilə işləyib gəlir əldə edə bilmədiyinə görə, mərkəz özü işçilərinin məvaciblərini ödəməyə qadir deyil. Lakin sözügedən göstərişə görə, məlum qurumlar tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Nizami” Kino Mərkəzinin işçilərinin 2,5 aylıq əmək haqlarının ödənilməsinə dəstək göstərilib. Mədəniyyət Nazirliyində isə bu istiqamət üzrə vəsait nəzərdə tutulmadığından Kino Mərkəzinin işçilərinin əmək haqlarının bütün müddət ərzində ödənilməsinə yardım etmək mümkün olmayıb”.

Ümumiyyətlə, dünya ölkələrinin nümunəsinə baxsaq, kinoteatrların insanların həyatındakı yerinin vacibliyinə önəm verən ölkələr arasındahətta sərt karantin dövründə belə, vətəndaşları üçün kinoteatr effekti yaratmağa çalışan ölkələr də tapıldı. Belə ki, “BBC News”un məlumatına görə, ötən ilin aprelində sərt karantin dövründə İspaniya hökuməti Madrid küçələrində kinoteatr effekti yaratmaq üçün yaşayış binalarının qarşısında xüsusi kinoteatr ekranları yerləşdirdi. Mətbuatda “Madridin eyvan kinoteatrı” adını alan bu üsulla İspaniya hökuməti sosial izolyasiyaya məruz qalan vətəndaşlarının,az da olsa, sosiallaşa bilməsi üçün onların öz eyvanlarından qonşuları ilə birlikdə film seyr etmələrini təmin etdi.Evlərinin eyvanlarından film izləyən Madrid sakinləri qonşuları ilə birgə filmə baxmağın onlara müsbət təsir etdiyini bildirdilər.

“World Today News” saytı ötən ay dərc olunmuş məqaləsində dünya kinoteatrlarının 2021-ci il pandemiyanın 3-cü dalğasını da əhatə edən iş qrafikini təqdim edib. Məqalədə qeyd olunur ki, Avropa ölkələri ilə bağlı məlumat qrafiki Beynəlxalq Kinoteatrlar Birliyi (UNİC) ilə əməkdaşlıq əsasında hazırlanıb. Yazıda o da göstərilir ki, verilən tarixlər və son müddət (deadline) günləri ölkələrin rəsmiləri tərəfindən hazırlandığı üçün müvəqqəti hesab olunmalı və dəyişdirilmə ehtimalının mümkünlüyü nəzərə alınmalıdır.

Siyahıya görə, hazırda Fransa, Almaniya, İsrail, Türkiyə kimi ölkələrin kinoteatrları bağlı olsa da, Bolqarıstan, Çin, BƏƏ, Albaniya, Ukrayna, Norveç, Rusiya, Şimali Koreya və.s. ölkələrdə kinoteatrlar açıqdır. Sözügedən ölkələrdə kinoteatrlar ötən ilin iyunundan etibarən müəyyən pandemiya qaydalarına əməl etmək şərtilə açılıb. Saytın məlumatına görə, hazırda İspaniyanın bir çox bölgələrində kinoteatrlar işləyir. Bəzi bölgələrdə isə nümayişə çıxacaq yeni filmlər olmadığı üçün kinoteatrlar bağlanmalı olub. Bu ilin fevralından İspaniyada kinoteatrların sadəcə 40%-iişləyir , digərləri isə yalnız həftənin bəlli günlərində fəaliyyət göstərir.

Bəs görəsən, Azərbaycan hökuməti xarici ölkələrin təcrübəsindən istifadə etməklə ötən bir il ərzində kinoteatrları aça bilərdimi?

Ekspert Toğrul Vəliyev deyir ki, müəyyən məhdudiyyətlərlə kinoteatrların fəaliyyəti bərpa olunmalı idi: “Xüsusən, Azərbaycan üçün bu nəyə görə vacibdir? Son illər Azərbaycanda bu sahədə müsbət bir tendensiya yaranmışdı, yerli filmlərin payı və dövriyyəsi ildən-ilə artırdı. Əgər əvvəllər bizim filmlərimiz, ümumiyyətlə, heç nə qazanmırdısa, indi artıq onlar kifayət qədər gəlir gətirməyə başlamışdı, hətta bəzi filmlərimizin kassa gəliri 200 minə çatırdı. Bu, həm kifayət qədər iş yeri demək idi, həm də onların gəlirləri Azərbaycanda qalırdı. Çünki Azərbaycanda uzun müddət yerləri xarici filmlər tutublar və onların əldə etdikləri gəlirlər də xaricə gedib. Ona görə də, bu müsbət tendensiyanı dəstəkləmək lazım idi. Diqqət etsək, görərik ki, ötən il kinoteatrların fəaliyyət göstərdiyi ölkələrdə əsasən, yerli filmlər nümayiş olunub. Çünki beynəlxalq relizlər, Hollivudun iri filmləri dayandırılmışdı. Rusiya, İspaniya, Koreya, Çin, Yaponiya və digər ölkələrdə bütün beşliyi yerli filmlər tuturdu. Təəssüf ki, Azərbaycanda bu edilmədi. Bəlkə də ona görə ki, bu sahədə kifayət qədər lobbiçilik fəlaiyyəti olmadı. Məsələn, Rusiyada bu sahə və onun qazancı çox böyük olduğuna görə şirkətlər, ən azından, onlara da işləmək imkanının verilməsi üçün lobbiçiliklə məşğul oldular. Amma Azərbaycanda bu, yox idi”.

Bəs bizdə kinoteatr təmsilçiləri xarici ölkələrin nümunəsindən istifadə etmək şərti ilə fəaliyyətə başlamaq üçün rəsmi qurumlara hər hansı bir müracit ediblərmi?

“Cinema Plus” kinoteatrlar şəbəkəsinin sözçüsü Nərmin Həsənova: “CinemaPlus” kinoteatrlar şəbəkəsi yenidən fəaliyyətə başlamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir”.

“Park Cinema” nın sözçüsü Musa Axundov: “Belə bir müraciət olmayıb, çünki kinoteatrların açılması üçün əvvəlcə ticarət mərkəzləri açılmalıdır”.

“Nizami” Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva: “Tərəfimizdən belə bir müraciət olmayıb. Amma bildiyimizə görə, bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahda və Mədəniyyət Nazirliyində mütəmadi olaraq müzakirə edilir. Təbii ki, kinoteatrlarda tamaşaçılar arasında məsafə saxlamaq üçün imkan var. Biz əminik ki, gündəlik yoluxmaların sayı azaldıqda və Nazirlər Kabineti yanında Operativ Qərargah kinoteatrların açılmasını məqbul hesab etdikdə, biz öz fəaliyyətimizi bərpa edə biləcəyik. Məncə, hələlik bu haqda heç kim dəqiq proqnoz verə bilməz. Çünki hər şey virusun gündəlik yoluxma sayından birbaşa asılıdır. Amma hazırda vaksinləşmə prosesi gedir, hər kəs bu prosesə çox ümidlidir. Ümid edirik ki, biz yaxın gələcəkdə bunun nəticəsini görəcəyik”.

Azərbaycanda kinoteatrların nə zaman açılacağı haqda heç bir rəsmi məlumatı olmayan qurum təmsilçiləri xüsusi hazırlıqlarla onların fəaliyyətinə icazə veriləcəyi günü gözləyir. Leyla Mirzəyeva kinoteatrlar açıldıqda, tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün bütün şərtləri nəzərə alacaqlarını söyləyir: “Kinoteatrlar açılandan sonra bir çox şeylər fərqli olacaq. Tamaşaçılarımızın təhlükəsizliyini qorumaq üçün kinoteatrlarda dezinfeksiya tədbirləri görüləcək, zallarda havalandırma sisteminə xüsusi qurğular qurulacaq”.

Nərmin Həsənova da deyir ki, kinoteatrlar açılacağı təqdirdə “CinemaPlus” xüsusi pandemiya tədbirləri həyata keçirəcək:

“Kinoteatrlar açılanda tamaşaçılarımızın təhlükəsizliyini tam təmin edəcəyik: zallarda müştərilər şahmat qaydası ilə əyləşəcəklər; tamaşaçılar arasında təhlükəsiz məsafənin olması üçün növbələr də tənzimlənəcək. Həmçinin biletləri onlayn satışı, tibbi maskalar taxılması, əllərin dezinfeksiyası, temperaturun müayinəsi, hər seansdan sonra salonların dezinfeksiyasi, foye və kinoteatrdakı bütün açıq səthlərin təmizlənməsi nəzərdə tutulan planlar çərçivəsindədir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan məsələ ilə bağlı edilən zənglərə cavab almaq mümkün olmayıb. Mədəniyyət Nazirliyinin mövzuyla bağlı sorğuya cavabından isə aydın olur ki, bu haqda onlarda da dəqiq məlumat yoxdur:

“Pandemiya dövründə kinoteatrların məhdud tamaşaçı sayıyla işləməsi ilə əlaqədar nazirlik tərəfindən aidiyyəti üzrə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib. Bununla belə, məsələ ilə bağlı yaxın günlərdə yenidən aidiyyəti qurumlara müracit olunması nəzərdə tutulur”.

Kinoteatrdan bir ildən çox uzaq düşən tamaşaçını geri qaytarmaq asan olacaqmı?

Görünən odur ki, bu il də Azərbaycanda kinoteatrların açılıb-açılmayacağı hələlik müəmmadır. Bütün hallarda, postpandemiya dönəmində kinoteatrlar əvvəlki tamaşaçı kütləsini geri qaytara biləcəkmi? Qonşu ölkələrdə bu adaptasiya necə baş tutdu? Rus mətbuatının yazdığına görə, pandemiyadan sonra fəaliyyətə başlayankinoteatrlar bəzi regionlarda 40%, bəzilərində isə 30% tamaşaçı itirib. 2020-ci ilin iyulunda tədricən açılan Rusiya kinoteatrlarına tamaşaçı axını artan sürətlə davam edib. Rusiyanın Kinoteatrlarda Film Nümayişləri barədə Məlumat üçün Vahid Federal Avtomatlaşdırılmış Məlumat Sisteminin göstəricilərinə görə, kinoteatrlar həftə sonlarında(kinoteatrlarlara ən çox tamaşaçı cümə axşamı-bazar günlərində gəlir) pik nəticələr əldə edib. Ötən il həftəsonuna düşən 17-20 sentyabr tarixlərində 1,5 milyon rusiyalı kinoteatra bilet alıb. Bu rəqəm ardıcıl olaraq 24-27 sentyabrda 1,3 milyon, 1-4 oktyabrda isə 1,1 milyon təşkil edib. Rusiyanın «RBK» xəbər portalının hesablamasına görə, 1-4 oktyabr tarixli həftəsonunda Moskvada tamaşaçıların sayı 17-20 sentyabra nisbətdə 43, 8 % təşkil edib. Moskva xaric, bütün Rusiyada bu azalma 30% olub. Bunakinoteatrların repertuarındakı təkrarçılıqla yanaşı, ötən ilin sonunda pandemiyanın yeni dalğasının başlayacağı da səbəb olub.

Ekspert Toğrul Vəliyevin sözlərinə görə, pandemiyadan sonra Azərbaycan tamaşaçılarını kinoteatrlara cəlb etmək elə də asan olmayacaq: “Rusiya və İspaniya təcrübəsinə baxsaq, hər iki ölkələrdə yerli filmlərin nümayişi rekord göstəriciyə nail olmuşdu. Amma Azərbaycandan danışsaq, məncə, vəziyyət dərhal düzəlməyəcək, ən azı, ilkin dövr çox zəif olacaq. Çünki bizim kino bazarımız daha çox yerli yox, xarici filmlərdən asılıdır. Xarici filmlər isə, bildiyiniz kimi, bu dövrdə elə də çox çıxmayıb. Bir çox şirkətlər heç 2021-ci ildə də yeni filmlər çıxarmağa hazırlaşmır. Əlbəttə ki, yerli filmlər bizdə o qədər də böyük kassa yığmır. Əgər yerli filmlərin nümayişi mümkün olsa,kassa yığıla bilər. Amma ilkindönəmdə 2019-cu ilin göstəricilərinə qayıdılacağına inanmıram”.

“Postpandemiya dönəmində kinoteatrlara tamaşaçı ziyarətinin bərpasına dəstək kimi hazırladığınız hər hansı bir proqramınız varmı?” sualına cavab olaraq Mədəniyyət Nazirliyi bildirib ki, qurum gözlənilən dövrdə kinoteatrlarda ciddi tamaşaçı probleminin yaranacağını düşünmür:“Hesab edirik ki, əvvəlki illərdə olduğu kimi, pandemiyadan sonra da uğurlu reklam kampaniyası aparmaqla yeni çəkilən filmlərə kifayət qədər tamaşaçı toplamaq mümkün olacaq”.

aki.az

news-inner-user

18716 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
"Xarıbülbül" musiqi festivalı başlandı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021