news-inner
clock20:54 calendar-gray 14 Mart 2021 view-gray799 dəfə oxunub
view-gray799 dəfə oxunub

Daş yaddaşı - Ağdamdan səfər təəssüratı

Kulis.az APA -ya istinadən Vüsalə Mahirqızının “Daş yaddaşı - Ağdamdan səfər təəssüratı” adlı yazısını təqdim edir.

Ucardakı evimizdə bir sabah yuxudan oyananda kişili-qadınlı tanımadığım üç-dörd nəfərin qapıda dayanmış ZİL-dən yorğan-döşək,boğçalar daşıdığını gördüm. Həyətdə də bir az qorxmuş, amma üz-gözündən cin yağan 5-6 uşaq vardı. Bir-birinə sıxılıb dayanmışdılar…

Anam izah verdi, atamın qarabağlı qohumlarıdı. Arvad-uşaq güllə altında qalıb, ona görə məcbur olub gəliblər. Kişilər elə həmin gün də geri qayıtdılar.

Amma o qadınlarla uşaqlar bir müddət bizdə qaldılar. O qadınların süfrəyə çörək düzüləndə necə utanıb-sıxıldıqları, iki-üç təkiddən sonra süfrəyə əl uzatdıqları, uşaqlara "səssiz olun" deyib, böyük həyəti dar elədikləri yadımdadır.

Qarabağ müharibəsi mənimçün belə başlamışdı.

Bir müddət sonra qohumlarımız Bərdəyə çıxıb getdilər, orda özlərinə yurd-yuva elədilər. Müharibə isə getmədi. Düz 30 il biz bu müharibə ilə yaşadıq, uşaqlığımız, gəncliyimiz keçdi. Tez-tez " Qarabağ boyda dərdimiz var" sözünü eşitdik. İndi yaş 40-ı keçib. Bir də mənim yaşıdım olan və torpaq itkisini, məcburi köçkünlüyü gerçək yaşayanlar var. Və biz qalib gəlmişik!

Bunlar bizi Ağdama aparan avtobusda yadıma düşdü. "Mənimçün Qarabağ müharibəsi necə başladı" sualına cavab axtarırdım. Yaddaşım məni uşaqlığıma, Ucardakı evimizə, məktəbdə bir-birimizdən "sizə də qaçqınlar gəlib?" soruşduğumuz günlərə apardı… Sonra əmim müharibəyə gedəcəkdi, atam onun arxasınca günlərlə səngər-səngər gəzəcəkdi, biz illərlə əmimi gözləyəcəkdik...

Yaddaşımda olan qırıq-sökük işartılarla heç vaxt olmadığım Qarabağa gedirəm. İndiyə qədər əməkdaşlarımızın çoxsaylı səfərlərdən sonrakı reportajlarından, foto, video çəkilişlərindən nəylə qarşılaşacağımı bilirəm.

*

İmarətdəyik, Rey danışır: "Özümü bayaqdan danlayıram ki, birdən ağlayıb eləyərəm. Ağlamadım, amma nəsə qarışıq hisslərdi. Tapıb çıxara bilmirəm ey heç nəyi. Yox, tapacam. Dayan, deyəcəm indi. Orda stadion var. Bax, orda da tribunası. Onu da söküb dağıdıblar. Tribunanı niyə dağıdırsan, ay erməni? Sənə neynəmişdi, qalıb da orda? ( Reyin yaddaşındakı nişanə həm də o tribunadı, ona görə danlayır ermənini))))

Hə, burda da çayxanadı, yox, o yanda idi. Burda mahnılar qoyurdular. Gəlirdik, iki saat əvvəl, Qədir, Arif Babayev oxuyurdu. Sonra stadiona oyuna gedirdik".

Rey deyən yerlərə baxıram, heç nə yoxdu. Nə stadion, nə tribuna, nə çayxana. Heç nə yoxdu. Amma yaddaş var. Yaddaş! Rey yaddaşında qalanlarla təzə Ağdam qurub. Mənim indi viran qalmış yurd yeri kimi gördüyüm yerdə o stadion, çayxana, yüzlərlə adam, böyük tribuna, "Qarabağ"ın şıdrığı oyununu görür. Yaddaş budur!

*

-Aqil müəllim, cavanlar baxır, tapa bilmirlər. Evinizi necə tapdınız?

- Birnəfəsə, o dəqiqə düz üstünə gedib çıxdım. Hamısını gəzmişəm e buranın, addım-addım. Ordan gedir qəbristanlığa. Ordan o yana post var.

Aqil Abbasla danışıram. Eləcə quru yerlərdi, qalaqlanmış çay daşı yığını. Amma Aqil müəllim üçün oralar adını çəkdiyi qonşuların, doğmaların evləridi.

Yenə yaddaş!

Ağdam məscidinin yanındayıq. Məscidin qabağındakı küçə ilə gedirik. Şakir Habiloğlu mənə Ağdamı göstərir: " Buralara "Bombey" deyirlər. Bu, "köhnə univermaqdı", ora da "təzə univermaq". Bu tərəflərin ən böyük univermağıdı. İçində o vaxtları hər şey tapmaq olurdu, çoxunu da "altdan" satırdılar. Ora da qəzetin binasıdı. O tərəf məktəbdi. O biri üzdə gördük e, ora da teatrdı. Lap o tərəfdə icra var, "raykom"un binasıdır.

Şakir deyən yerlərə baxıram. Uçulub, tökülmüş daşlardı, hər binadan bir divar, çoxundan yarım divar qalıb. Ağaclar quruyub, qırılıb, kol-kos basıb hər yeri. Mən viran qalmış, insansızlıqdan məhv olmuş dağıntılar görürəm. Amma Şakir yaddaşındakı Ağdamdadı. Küçə-küçə, bina-bina, ev-ev gəzir Ağdamı. Elə xoşbəxtdi, gur səslə danışır, əlini uzadıb bina-bina göstərir. Amma uçuq divarlar var, bir də baxımsızlıqdan cırlaşmış ağaclar.

Bu adamların heç biri bu binalar, küçələr, evlər barədə keçmiş zamanda danışmır. " Bura teatrdı". "Bura stadiondu". " Bura univermaqdı". Amma yoxdu- teatr yoxdu, stadion da yoxdu, univermaq da yoxdu. Vəhşiliyi, barbarlığı, adamın yurdunda bayquş ulatdırmağı bacaran xislətsizliyin yaratdığı xarabalıq var. Bu dağılmış divarların yaddaşı var. O yaddaşı düşünürəm. Daş yaddaşı! Tükürpədici, xaraba qoyulmuş yurd yerinin kinosunu çəkmək üçün başqa heç bir dekora, heç bir əlavəyə ehtiyac yoxdu (Yeri gəlmişkən, yəqin ki, yaddaş üçün belə bir film çəkilər. Bir də orda dağıdılmış dünyadan bircə parça nəsə saxlanılar. Yenə yaddaş üçün!).

Hə, harda qalmışdım. Ağdamı o vaxt görən bütün səfər yoldaşlarımın yaddaşında həmin Ağdam var. Şuşa da elədi, Cəbrayıl da, Kəlbəcər də, Laçın da… işğaldan azad olunmuş digər ərazilərimiz də.

Ayağımızın yenidən bu torpaqlara dəyməsinə səbəbkar olan Ali Baş Komandan və müzəffər ordusu bizə həm də yaddaşımızı qaytarıb demək. İllərlə qaçdığımız, xatırlamaq istəmədiyimiz, xatırlayanda ağrıdan, utandıran, yandıran düşüncələri bir-bir vərəqləyə bilirik indi. Qəzəblə, təəssüflə, amma həm də qürurla, sevinclə, iftixarla.

Adam düşüncələrdən, yaddaşdan ibarətdi, adamın başqa canlılardan fərqi də budu. Yaddaşın episentrində ev dayanır, ocaq durur.

İndi burda gəncliyindən, keçmişindən bir nişanə axtarmaq üçün didinən həmkarlarıma baxıram və düşünürəm. Bir erməni bura gələndə nə düşünə bilər görən? O, bu küçələri, bu binaları, bu evləri sadalaya bilməyəcəkdi axı. Ən abad vaxtında belə bu küçələrin, bu binaların, bu evlərin tarixini, macərasını, el arasındakı adlarını bilmirdi axı. Bir erməni üçün Ağdamla dünyanın o başındakı hansısa şəhərin nə fərqi var ki? Bəli, məhz ona görə yurda çevirə bilmədilər, ona görə də xaraba qoydular, viran elədilər, torpaqdan belə qisas aldılar. Çünki yaddaş yoxdu. Bu yerlərlə bağlı düşüncədə bir iz yoxdu, yaddaşlarına yaddı bu torpaqlar. Altşüur bilir ki, haqqı çatmır, onun deyil. Ona görə də daha çox dağıdır, daha çox viran qoyur, daha çox qisas alır… Başqa cür adam niyə tarixi dağıdar, adam niyə qəbri söküb, sümüyü çıxarar axı? Bu nə verər adama, nəyin qisasıdı? (Adam da deyirəm, amma adı budu də, nə deyim?)

Tapdım deyəsən. Yaddaşsız olmağın qisasıdır bu. Bu yerə aid olmamağın qisasıdır. Bizi də yaddaşsız qoymağa, tarixsiz qoymağa aptalcasına, acizcəsinə cəhddi bu. Qəbir yaddaşdı çünki, xatırlatmadı. Məzar-belə bir adam vardı, olub, yaşayıb-deməkdi. Onu, əməllərini xatırlamaq, düşüncəni canlandırmaq üçündü. Məzarlıqları şumlamaq, tarixi abidəni dağıtmaq bu torpaqdakı izimizi silməyə cəhddi. Amma acizlikdi, çünki xalqın, etnosun yaddaşı itmir, düşüncə yox olmur!

*

Biz bacardıq. Biz bu boyda ağır diaqnozu olan zehniyyətə qalib gəldik. Bizim Komandanımız, bizim Ordumuz manqurt xəstəliyi yaratmaq istəyən, yaddaşı silməyə cəhd etmək qədər vəhşi bir qisasa qalxışan zehniyyətin burnunu ovub, yerini göstərib. Bilsələr, bu, dünyaya, insanlığa xidmətdir!

news-inner-user

19092 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021