Sonanın həyatı barədə hekayə - Elçin yazır

Sonanın həyatı barədə hekayə - Elçin yazır
12 mart 2021
# 17:00

Kulis.az Xalq yazıçısı Elçinin “Dördüncü qapı” hekayəsini təqdim edir.

… sonra, elə bil, damcıladı və Sona əlini pəncərədən çölə uzatdı – yox, damcılamırdı.

Dünən günortadan hava tutulmuşdu və sinoptiklər də yağış vəd etmişdi, buludlar da get-gedə göy üzünü qaraltmışdı, amma heç cürə yağa bilmirdi və Sona gözlərini yenə göyün o qaranlığından çəkib, qarşıdakı uşağa baxdı və gülümsədi.

Küçənin o biri tərəfində, Sonagillə üzbəüzdə ikimərtəbəli köhnə bina var idi və həmin binanın da küçə tərəfə taxta eyvanı çıxırdı və cavan bir ana iki-üç yaşlarında olan bir uşağı – oğlan idi, qız idi? – bilinmirdi – eyvanda havaya çıxartmışdı. Cavan ana uşağın boynuna şarf bağlayıb, onu o qədər qalın geyindirmişdi ki, balaca kürkünün başlığı da gözünün üstünə düşmüş uşaq, elə bil, uşaq yox, gombul bir top idi. Birdən o gombul top əlini qaldırıb, başlığını arxaya dartdı və məlum oldu ki, bu gombul top balaca qız imiş. Cavan ana da o saat nəsə deyə-deyə – yəqin uşağa acıqlanırdı – başlığı yenə qızın başına çəkdi.

Küçədən tək-tük maşın ötürdü və elə tək-tük də adamlar səkidə iti addımlarla o tərəf-bu tərəfə gedirdi, elə bil, günortanın tutqunluğu, çölün bu bozluğu onları harasa sürükləyirdi.

Ancaq hara?

Və Sonanın dodaqlarından bir təbəssüm ötüb keçdi – hə, hara?

Bir müddət də pəncərənin qabağında dayanıb, iti addımlarla addımlayan o adamların ardınca baxdı, sonra pəncərəni bağladı.

Sonagilin mənzilində üç otaq var idi, üçünün də qapısı arakəsməyə açılırdı, ancaq bu mənzildə dördüncü bir qapı da var idi və bu dördüncü qapıdan heç kimin – hətta Qiyasın da, Sevilin də xəbəri yox idi.

Həmin tutqun payız günü Sona pəncərənin qabağından ayrılıb, həmin dördüncü qapını açdı və içəri girdi – içəri girən kimi də gözəl raziyanə qoxusu ilə sinə dolusu dərindən nəfəs aldı, o qoxu bütün içinə yayıldı.

Raziyanə əslində çöldə, çəməndə bitir, ancaq bu raziyanəni Sona özü əkmişdi, özü suvarıb, böyütmüşdü və bu raziyanə daimi idi, heç vaxt saralıb-solmurdu, çünki bu gözəl məkanda fəsilləri də elə Sona özü müəyyən edirdi, qışı da, yazı, yayı da, hətta bəzən yolu-düzü qızıl sarısı xəzəl bürümüş payızı da.

Sona gülümsədi – hər tərəfi ağappaq qar bürümüşdü: düzü, təpələri də, adda-budda ağacları da və o ağacların şaxələnib pırpızaqlaşmış qarlı budaqlarında, elə bil, bir Məcnun sevdası var idi.

Birdən o təpələrin birindən iri bir top yuvarlandı və yuvarlana-yuvarlana gəlib dayananda, məlum oldu ki, top yox, eyvandakı o gombul qızdır. Ancaq bu gombul qız bir təhər ayağa qalxıb, çırpınıb, kürkünü əynindən atandan sonra bu da məlum oldu ki, o, daha uşaq deyil, böyüyüb, artıq yaşlı bir qadındır və düzü, təpələri bürümüş o gözəl qar da, elə bil, balaca qızın kürkü əynindən çıxarıb atmağına bənd imiş, yox olub, getdi.

O yaşlı qadın həmin üzbəüz taxta eyvanda oturub, tum çırtlayırdı və tum çırtlaya-çırtlaya da biganə nəzərlərlə küçədən ötən elə həmin maşınlara, səkidə iti addımlarla addımlayan həmin adamlara baxırdı.

Və o biganə baxışlar gözəl raziyanə qoxusu ilə daha heç cürə uyuşmadı və gözəl bir yaz axşamı, qurub çağı idi. Uzaqdan qaraltısı görünən o qayıqlar dənizin üzərindəki qıpqırmızı qurub xətti boyunca üzürdü və o qürub xəttinin qırmızısında bir istilik, bir hərarət var idi.

Sona özü də o qayıqlardan birində idi.

Balaca bir qayıq idi və avarlar şappıltıyla suya dəydikcə, narın su damcıları Sonanın ayaqlarına, qollarına sıçrayırdı. O narın su damcılarında soyuqluq deyilən bir şey yox idi və əksinə, o damcılarda elə bir təmiz hərarət vardı ki, sıçradıqca Sonanın ürəyini qızdırırdı.

Avarı çəkən kim idi? O-o-o!.. Hə, özüdür ki, var: Aslan müəllim idi. Qayıqda oturmuş Sona ona baxırdı, o axmaq da gözlərini dənizin sularından çəkmirdi. Müəllimə axmaq deyərlər? Nə müəllim? Sona onuncu sinifdə oxuyurdu, Aslan müəllim də universiteti təzəcə bitirib, məktəbdə onlara fizikadan dərs deyirdi, aralarında cəmi-cümlətanı altı-yeddi yaş fərq olardı. İndi bu onuncu sinif şagirli Sona neyləməliydi? Özü deməliydi ki, mən sənə vurulmuşam?

Sona güldü.

Yazıq Aslan müəllim hardan gəlib çıxdı, hə?

Bir neçə gün əvvəl maşınla keçəndə, aptekin yanında dayanmış bir kişi gördü, deyəsən Aslan müəllim idi, saçı seyrəlib ağarmışdı, özü də xəstəhal adama oxşayırdı. Bəlkə o, deyildi, başqa adam idi? Ola bilər, aradan, bax də, iyirmi neçə il keçib.

Hə, deyəydi ki, sənə vurulmuşam, ay Aslan müəllim? İlk gənclik vaxtlarıydı də… Romantik xəyalların komik qəhrəmanı Aslan müəllim… Hə, deyəydi ki, sənə vurulmuşam, ay Aslan müəllim. Aslan da deyəydi ki, mən də sənə vurulmuşam, amma ürək eləyib, sənə baxa bilmirəm, buna görə də gözlərimi dənizə zilləmişəm.

Onda nə olacaqdı? Bu gözəl aşiqlər ailə quracaqdılar? Bəs, sonra nə olacaqdı? İllər başqa cür keçəcəkdi? Hər şey belə olmayacaqdı, başqa cür olacaqdı? Necə? O dolmuş qara buludlar boşalacaqdı? Çölün də o bozluğu adamın üzünə güləcəkdi?

Yox, heç nə dəyişməyəcəkdi, Aslan müəllim.

Sona güldü.

Yatsaydım,, heç yuxuma da girməzdin, ay Aslan müəllim, indi nə oldu, hardan gəlib çıxdın? Yox, ay qız, Aslan deyildi onun adı, Adil idi, hə, Adil, Adil müəllim. Əgər aptekin yanında dayanan o adam sən idinsə, Adil müəllim, sağal, sağlam ol, səni aptekdən çıxan görməyim, restorandan çıxan görüm.

Sona yenə güldü – bir az da ürəkli ol.

Guya ki, restoranla aptekin bir fərqi var?

Və bütün göy üzünü par-par işıldayan ulduzlar bürüdü. Göydə milyon ulduz var idi, ancaq hələ bu nə idi ki? Kainatda neçə trilyon qalaktika var – sayını bilən də yoxdu, hər qalaktikada da milyardlarla, yüz milyonlarla ulduz var. İndi bunun müqabilində biz kimik, ay Adil müəllim? Hə? Dayan. Hara getdin sən? Qorxub qaçdın? Mən də, sən də, bax, gombul topa oxşayan o uşaq da, onun atası, babası da, gələcəkdə onun uşaqları, nəvə-nəticələri – biz kimik?

Yaxşı, bu səfeh fikirləri bir tərəfə ataq, çünki dünyada gözəl möcüzələr var, Adil müəllim.

Yaraşıqlı – hündür boylu, şumal bədənli, uzun qarabuğdayı saçları tez-tez üzünə tökülən, iri ala gözləriylə zənnlə baxan – elə bil, adamın düz ürəyinin içinə baxır – həmişəki kimi səliqə ilə smokinq geyib, qanadları enli boutay taxmış Sehrbaz səhnəyə çıxdı və Sona ona baxa-baxa ürəkdən gələn xoş bir təbəssümlə gülümsədi.

Tamaşaçılarla dolu zala ölü bir sükut çökdü və elə həmin anda da zaldakı o sükutun üzərindən bir həyəcan dalğası keçib getdi – bu, möcüzə gözləntisinin, möcüzə ərəfəsinin həyəcanı idi, ancaq indicə o həyəcan heyrətə, hətta vahiməyə çevriləcəkdi, çünki tamaşaçıların gözlədiyi möcüzə heç vəchlə ağla sığan bir şey deyildi.

Bütün dünya Sehrbazın bu möcüzələrindən danışırdı.

Və Sona yenə eləcə gülümsədi – bax, indi təzə bir möcüzə görəcəklər...

Sehrbaz səhnənin ortasına gəlib, yüngülcə baş əydi və zal elə bir həyəcan içindəydi ki, tamaşaçılar əl çalmağı, alqışlamağı da yaddan çıxarmışdı. Sehrbaz tez-tez üzünə tökülən saçlarını uzun barmaqları arasına alıb, arxaya ata-ata iri ala gözlərini tamaşaçılara zillədi və bir müddət zənnlə zalı gözdən keçirtdi, sonra asta addımlarla səhnə boyu o baş-bu baş gəzişə-gəzişə:

- Xanımlar və cənablar!- dedi.- Mən həmişə səhnəyə çıxanda bunu deyirəm, deyirəm, ancaq heç kim mənə inanmır, hamı gördüklərinin sirri barədə fikirləşir, mütəxəssislər bu sirri açmağa çalışır. Mən bəlkə onlardan, o mütəxəssislərdən, o professorlardan, akademiklərdən daha artıq dərəcədə istəyirəm ki, bu sirrlər açılsın, çünki mən özüm də öz elədiklərimin sirrini bilmirəm. Bu, necə olur? Mənim göstərdiyim bu inanılmaz hadisələr necə baş verir? Mən bütün bunları necə edirəm? Qəzetlər, televizor, hamı, hamı mənə sehrbaz deyir, foksçu deyir, cadugər, hipnozçu, nə bilim, daha nə deyir. Məni Qudinidən, Kopperfilddən uca tuturlar. Ancaq mən də sizin kimi, adi bir insanam. Bəzən məni dəhşət basır, gecələr yata bilmirəm: bu nə sirrdir belə? Bu nə sirrdir ki, məni idarə edir? Xanımlar və cənablar, inanın mənə. Mənim bu sözlərim repertuar sözləri deyil, mən artist deyiləm, bu sözlər ürəkdən gəlir, ancaq heç kim mənə inanmır.

Sonanın ürəyi həmişəki xoş bir çırpıntı ilə döyünürdu – indi, indi görəcəklər. Ancaq nə görəcəklər? Bunu hələ ei, heç Sonanın özü də bilmirdi.

Sehrbaz üzünə tökülən saçlarını uzun barmaqları arasına alıb, arxaya ata-ata:

- Mən özüm-özümdən qorxuram.- dedi.- Mən bilmirəm ki, indi sizə nə göstərəcəyəm. Ancaq bilirəm ki, nəsə olacaq. Nəsə… nəsə olacaq. Mən özümü indi… indi… bu anlarda… uşaq doğacaq bir ana kimi hiss edirəm…

Və o, danışa-danışa, tamaşaçılara baxa -baxa həmin asta addımlarla səhnənin lap qırağına yaxınlaşdı və növbəti addımını səhnədən kənara – boşluğa atdı.

Bu dəfə zaldan heyrətli, vahiməli bir uğultu dalğası keçdi.

Sehrbaz artıq səhnədə yox, səhnə ilə tamaşaçılar arasındakı boşluqda addımlayırdı, həmin asta addımlarla havada gəzirdi, gah piləkanla qalxırmış kimi, tez-tez yuxarı addımlayırdı, gah sürətlə addımlaya-addımlaya aşağı düşürdü, yenə asta addımlarla tamaşaçıların başı üstündə kiməsə yaxınlaşırdı, sonra geri dönüb başqa bir tərəfə gedirdi və birdən ayaq saxlayaraq, əlini uzadıb, havadan gözəl bir qırmızı qızılgül götürdü, aşağı əyilib, o qızılgülü cavan ananın yanında oturmuş balaca qıza uzatdı. Həmin taxta eyvandakı qız idi, ancaq hələ böyüyüb, qocalmamışdı, hələ tum çırtlaya-çırtlaya biganə nəzərlərlə küçəyə baxmırdı, eləcə uşaq idi, əynindi də yüngül bir qırmızı don varıydı və əlini uzadıb, gülü Sehrbazdan götürmək istəyirdi, ancaq əli çatmırdı. cavan ananın sifətində heyrət-hürkü də, sevinc də, fərəh də, təşəkkür də – hamısı bir-birinə qarışmışdı və cavan ana ayağa qalxıb, gülü Sehrbazdan alaraq, balaca qızına verdi.

Balaca qızın toppuş əlində tutduğu o qızılgülün qırmızısı ilə yüngül donunun qırmızısı bir-birinə qarışıb, elə bil, bütün ətrafa xoşbəxtlik saçırdı və cavan ana da o xoşbəxtliyin içində idi: onun əli möcüzəyə çatmışdı, möcüzədən bir qızılgül götürüb, qızına vermişdi və o xoşbəxt cavan ana hələ başa düşmürdü ki, möcüzə ancaq nağıllarda olur.

Sonra bunu da elə bil, o Sehrbaz etdi: hər tərəf başı qarlı dağlar, palıd, şabalıt meşəli yamaclar, sıldırım yarğanlar idi və o raziyanə qoxusu içində qayaların arasından şır-şır axıb gələn şəlalənin suyu şappıltıyla dərin bir yarğanın dibinə tökülürdü.

Telefon zəng çaldı, ancaq Sona ağappaq köpüklənə-köpüklənə tökülən o şəlalədən gözünü çəkmədi və şəlalənin sıçrayan damcıları da havaya qona-qona ətrafa elə bir saflıq gətirdi ki, nəfəs aldıqca, Sonanın sinəsi əməlli-başlı genişlənirdi, elə bil, Sonanın ürəyində hansı gözəl toxumlar gizlənmişdisə, hamısı bir-bir cücərməyə başlayırdı – asfaltı deşib çıxan cücərtilər kimi.

O şəlalənin qarşısında ağ lələkli quşlar uçuşurdu və onların ağlığı şəlalə köpüklərinin ağlığına elə qarışırdı ki, təkcə sarımtıl dimdikləri, bir də qara gözləri görünürdü, elə bil, uçuşan da elə təkcə o qara gözlər və o sarı dimdik idi. Quşlar hərdən şəlalənin qarşısından kənara uçurdular və o zaman yamaclardakı o palıd, o şabalıt yarpaqlarının zümrüdü yaşılı onların ağlığını, elə bil, təzədən özlərinə qaytarırdı.

Sona gülümsədi: yenə həmin ağ-qara bəzəkli çit donu geymişdi – tələbəlik illərində yay vaxtı rəfiqələri ilə gəzməyə çıxanda geydiyi don idi və Sona şəlalədən axıb gələn çayın qırağında əyilərək, bir ovuc su götürüb üzünə çırpdı, yenə bir ovuc götürdü, yenə, yenə.

Sifətindən süzülən su, şəlalədən sıçrayan damcılar o çit donu isladıb, Sonanın bədəninə yapışdırmışdı, elə bil, çılpaq idi və eləcə çılpaq Sona ayağa qalxıb, çayın qırağı ilə qaça-qaça şux bir səslə üz tutduğu irəlini səsləyirdi:

- E-e-e-e-y!.. E-e-e-e-y!..

Və Sonanın səsi o şəlalə şappıltısına qarışaraq, daha artıq bir şuxluqla əks-səda verirdi:

- E-e-e-e-y!.. E-e-e-e-y!

Sona başqa bir dünyaya qaçırdı, başqa bir dünyanı səsləyirdi, ancaq o zaman Sona bilmirdi ki, başqa dünya yoxdur. Olan – ancaq bizim dünyadır.

Və bu dəfə telefon zəng çalmırdı, çöl qapısının zəngi çalınırdı: dərsin qurtaran vaxtı idi və Sona raziyanə qoxulu o saf havayla sinə dolusu nəfəs alaraq, köksünü ötürdü.

Dördüncü qapı bağlandı.

Sona gedib çöl qapısını açdı.

Sevil içəri girib, portfeli yerə atdı və həmişəki kimi anasını qucaqlayıb öpdü və yarı zarafat, yarı da etiraz əlaməti olaraq ingilis dilində:

- Hello, hau ar yu?- dedi, yəni ki, salam, necəsən?

Məsələ burasındaydı ki, Sevil Azərbaycan məktəbində, səkkizinci sinifdə oxuyurdu, rus dilini də yaxşı bilirdi, ancaq Sona onu az qala hər gün məcbur edirdi ki, ingilis dilində də kitablar oxusun, ingilis dilini da yaxşı bilsin.

Sona:

- Soyuq olmadı?- soruşdu.

Sevil:

- Yox əşşi… - dedi.- Nə soyuq?

- Məktəbdə nə var, nə yox?

- Eh… Məktəbdə nə olacaq? Dərs...

Sevil daha böyümüşdü.

- Keç, soyun.

Telefon yenə zəng çaldı və Sona qonaq otağına keçib, telefonun dəstəyini qaldırdı.

Qiyas idi:

- Necəsən?- soruşdu.- Xəstələnib-eləməmisən?

- Yox. Nədi ki?

- Zəng eləmişdim, dəstəyi qaldırmadın.

- Əlimdə iş var idi, çatdırmadım.

- Nigaran qalmışdım. Sevilin də vaxtıdı, gəldi?

- Hə. Elə indicə içəri girdi. Sən haçan gəlirsən?

- Nə bişirmisən?

- Dolma.

- Nə dolması?

- Yarpaq.

- O-o-o!.. Sarımsaq-qatıqla?

- Sarımsaqsız.

- Yenə sarımsaqsız?

Sona:

- Bəli!- dedi və:- Sən nə vaxt gəlirsən?- soruşdu.

Qiyas:

- İş bitən kimi, 100-lə sürüb gəlirəm!- dedi.

- Sən Allah, bizi işə salma, maşını normal sür. Dolma qaçmır.

Qiyas güldü:

- Yaxşı, hələlik.

Sona dəstəyi yerinə qoydu və mətbəxə keçib, Sevili səslədi:

- Xörəyini çəkirəm, gəl.

O biri otaqda tələm-tələsik paltarını dəyişən Sevil:

- Hə, gəlirəm.- qışqırdı.- Acından ölürəm!

Uşaq vaxtı Sevilin yeməklə arası yox idi, ancaq indi, maşallah, yaxşı yeyirdi, yeməklə arası saz idi.

Sonra Sona yenə qonaq otağındakı pəncərənin qabağına gəldi.

O taxta eyvanda indi heç kim yox idi və hələ günorta saat üç olmamışdı, ancaq elə bil, axşam idi, o köhnə binadakı mənzilin də işığı yanırdı.

Dolub qaralmış göy üzü boşala bilmirdi və görünən hər tərəf elə həmin bozluq içində idi.

1 noyabr 2020. Bilgəh.

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

# # #