Aqil Abbasa kin püskürənlər və evində alt paltarda gəzən qonşu qadın

Aqil Abbasa kin püskürənlər və evində alt paltarda gəzən qonşu qadın
19 fevral 2021
# 09:00

Son bir ildir “Facebook”da demək olar ki, aktivlik göstərmirəm. Hətta günlərlə gündəmdən düşməyən vacib məsələlər barədə belə nadir hallarda post paylaşıram, şərhlərdən qaçıram, müzakirələrə az hallarda qoşuluram. Demək olar ki, daha çox “like” qoymaqla məşğulam. Şənbə-bazar, tətil günlərində isə bəzən gün boyu “Facebook”a girmirəm.

“Facebook” da dəli deyil, gic deyil, hətta deyərdim, süni intellektin ən ağıllılarındandır, görür, aktivlik göstərmirəm, məni get-gedə çıxdaş edir. Statuslarımı az adama göstərir. Bunu yazıb bəziləri kimi nöqtə, vergül istəmək (buna bəzən dilənmək də deyirlər) niyyətində deyiləm.

Açığı, halımdan məmnunam. Hiss edirəm, sosial şəbəkələr, ağıllı telefonlar həyat ritmimi tamamilə pozur, daha doğrusu, günün tələbləri ilə ayaqlaşa bilmirəm. İnternetsiz, sosial şəbəkələrsiz illər üçün hər gün daha şiddətlə darıxmağa başlayıram. Məndən olsa, işimizin çox hissəsi sosial şəbəkələrlə (və aldığımız informasiyanın çoxu da) bağlı olmasa məmnuniyyətlə hesabımı qapadardım.

Zatən, bu gedişlə deyəsən, elə o cür də davranacam. Çünki ömrümü bolid kimi sürət əsrinin traslarında xərcləmək fikrində deyiləm. Onsuz vaxtı düzgün idarə etməyəndə sözdə işimizi asanlaşdıran texnologiyalar da faydalılığını itirir.

Lap açıq danışsaq, ötən əsrin 80-ci illərində yaşamaq istərdim. Yaxşı ki, oğlumdan fərqli olaraq mən internetsiz, ağıllı telefonlarsız, vatsapsız, instagramsız dövrü görmüşəm, ömrümün uşaqlıq illəri o dövrün payına düşüb. İnternetsiz dünyanın necə ola biləcəyini təsəvvür edə bilirəm. O vaxt bu qədər texnologiya yox idi, amma xoşbəxtdik, işlərimiz də yağ kimi gedirdi.

Məsələn, yadıma gəlir ki, evimizdə telefon yox idi. Hər dəfə telefonla danışmaq üçün qonşuluqdakı Janna xalagilə gedirdik. Ona da həmişə ehtiyac olmurdu. Yuxarı siniflərə keçəndə artıq qız istəməyə başlamışdım, bu gediş-gəlişlərimin, telefon danışıqlarımın sayı çoxalmışdı. Hər gün Janna xalagilə gedib sevdiyim qızla danışırdım. İnsafən o da bir söz demirdi.

Bir dəfə necə oldusa qapını döymədən içəri girdim (ya da qapını döydüm, eşidən olmadı), sən demə Janna xala evdə alt paltarında gəzirmiş...

Vay-vay-vay!

Təmiz biabır olmuşdum.

Deməyim o ki, əlimdəki ağıllı telefonu məmnuniyyətlə o diskli telefonlara dəyişərdim.

Sosial şəbəkələrə gəlincə... Özünü kimdənsə üstün göstərmək kimi çıxmasın, yadıma gəlir, hardasa on-on beş il əvvəl “Facebook”a cəmiyyətin yeknəsəkliyindən qurtulmaq üçün girərdik. “Facebook” onda başqa Azərbaycan, fərqli reallıq idi. Demək olar hamı bir-birini tanıyırdı.

Son illər “Facebook” birdən-birə kütləviləşməyə başladı. Və indi ölkənin gündəmini müəyyənləşdirən də, onu yönləndirən də “Facebook”dur. Hər şey əvvəl “Facebook”da baş verir, sonra həyata keçir. Nə qədər aktual məsələ “Facebook”da müzakirə olunduqdan sonra əlaqədar təşkilatlar tərəfindən həllini tapıb.

Bunları danmaq olmaz.

Əlbəttə, hər kəsin ifadə azadlığı var. Hər kəs istədiyi mövzuda danışmaq özgürlüyünə sahibdir. Zatən sosial şəbəkələr də onun üçündür ki, hamı öz fikrini ifadə edə bilsin. Bu dartışılmazdır. Lakin mənə elə gəlir, insanının içində də bir daxili məsuliyyət olmalıdır ki, əlində fikir ifadə eləmək imkanı varkən, fikirdən başqa nə gəldi ifadə (ifraz) eləməsin.

Təəssüf ki, sosial şəbəkələrdəki müzakirələrə baxanda çox vaxt bunu görmürsən. Adamlar aqressiya, kin doludur. Hamı qəzəb fışqırır.

Məsələn, bu günlərdə Aqil Abbas Kulisə müsahibə verib. Müsahibə daha sonra saytın “Facebook” səhifəsində paylaşılıb. Mərəkə də ondan sonra başlayıb. Şərhləri oxuyanda adam dəhşətə gəlir. Baxırsan ki, müsahibədə qıcıq doğuracaq ciddi nəsə deyilməyib.

Aqil Abbas yazıçı kimi kifayət qədər tanınan müəllifdir. Əminəm ki, şərh yazıb tanımadıqlarını deyənlərin çoxu onun ssenarisi əsasında çəkilən “Dolu” filminə baxıb gildir-gildir göz yaşı töküblər. İnsafən, deputat kimi də Aqil Abbasın çıxışlarında bacardığı qədər xalqın dərdini deməyə çalışıb. Aqil Abbasın necə insan olduğunu isə içi mən qarışıq onu yaxından tanıyanlar gözəl bilirlər.

Bəs niyə insanlar durub-dururkən, bu qədər aqressiya ilə yüklənirlər? Həqiqətən mənə çox maraqlıdır. Oxuduğum şərhlərin arasında çox az sayda əsaslı tənqid var idi, qalanı söyüş, təhqir, atamacalar idi. Yəni insanlar o müsahibəni oxuyandan sonra hansı ilahi ehtiyacla şərh yazmağı, sonra o şərhə gələn cavablara təzədən cavab verməyi özlərinə borc bilirlər?

Vaxtınıza heyfiniz gəlmir?

Deyək ki, Aqil Abbas ictimai-siyasi xadim olduğu üçün müsahibəsi istər-istəməz reaksiya doğurur. Bunu hardasa başa düşdük.

Bəs teatrşünas, kino tənqidçisi Aliyə Dadaşovanın Əlixanın çəkdiyi “Luger” filmi haqqında sənət məqaləsinə gələn şərhlər hansı qıcıqdan qaynaqlanırdı?

Aliyə bu kiçicik ölkəmizdə kinonu, sənəti duyan azsaylı insanlardandır. Mən inanmıram ki, həmin yazıya şərh yazıb Aliyəni topa tutanların içində ondan savadlı kimsə olsun. Hətta deyərdim ki, Aliyənin və onun kimi azsaylı dostlarımızın hansısa film, tamaşa haqqında məqalə yazmaqları belə həmin tamaşa, film üçün böyük lütfdür.

Əlbəttə, mən sağlam tənqid üzərində qurulmuş, fikir mübadiləsi yaradan rəylərdən danışmıram, “Get özün film çək sonra danışarsan”, “Sən kimsən Əlixanı tənqid edirsən?” tipli rəyləri deyirəm.

Yaxşı, şərh yazırsız, səsləndirdiyi fikirlərlə razılaşmırsız, bunu da başa düşdük. Bəs “Aliya, YAPma” yazmaq hansı təfəkkürün məhsuludur? Guya bununla Aliyənin “məqsədli siyasi mövqeyi”nə işarə vurulur.

Halbuki, Aliyənin həmin məqalədə toxunduğu mövzu ciddi sənət müzakirəsi yaratmaq potensialında idi.

Normal ölkələrdə resenziyalar insanların zövqünü müəyyənləşdirir. Məsələn, Rusiyada milyonlarla insan kino tənqidçisi Anton Dolinin hansısa film haqqında rəyini gözləyirlər və onun əsasında filmə baxıb-baxmayacaqlarını dəqiqləşdirir.

Nümunələri artırmaq olar...

Qısacası, belə başa düşürəm, sosial şəbəkələr get-gedə ehkamlaşır, sağlam mühakimələr, mükalimələr qəhətə çıxır, zəhər tökmək, acılamaq, aqressiya, əsəb məkanına dönüşür.

Şair bu yerdə yaxşı deyib: ruhum dur yığış gedirik...

Amma biz yenə qayıdacağıq, bu mövzuya.

# 1875 dəfə oxunub

Oxşar xəbərlər

# # #