“Gözəl qız görəndə ağlıma gələn ilk fikir...” REPERLƏ MÜSAHİBƏ

“Gözəl qız görəndə ağlıma gələn ilk fikir...” REPERLƏ MÜSAHİBƏ
30 dekabr 2012
# 08:15

Budəfəki müsahibim çoxlarının tanıdığı reper Prometedir. Əsl adı Pərviz Ramiz oğludu. Meteni rejissor Vüsal Nazim oğlunun köməyi ilə tapdım. Əslində çox ağır təbiətli, ciddi bir müsahib gözləyirdim, amma Mete məni sevindirdi.

- Promete adıyla məşhursunuz. Bunun antik yunan qəhrəmanı Prometeylə bağlılığı var?

- Yox, əlaqəsi yoxdu. Mənim də sevdiyim qəhrəmanlardan biridi Prometey, Promete – Pərviz Ramiz oğlu Metedi.

- Mete?

- Hə, hun imperatoru Mete.

- Neçə ildir fəaliyyətdəsiniz? Və bu illər ərzində nələr qazanmısınız?

- Dinləyici qazanmışam, çoxlu dost əldə etmişəm, ruhuma yaxın insanlar tapmışam. Çoxlu dostla yanaşı düşmən demək olmasa da, məni sevməyən insanları tanımışam.

- Rəqib demək istəyirsiniz?

- Bu yarışma deyil ki, rəqib olsun. Heç kim heç kimlə yarışmır. Buna rəqabət adı verməzdim.

- İlk dəfə yazdıqlarınızı xatırlayırsınız?

- Hə yadımdadır. Bir dənə onu deyim ki, Eyyub Yaqubovun “Mənə dəniz verin” mahnısının üstünə rep yazmağa çalışırdım.

- Yazmaq istedaddır, yoxsa vaxt çoxluğu?

- Daha çox istedaddır. Amma boş vaxt olmasa, yazmaq mümkün deyil ki. İstedad varsa, vaxt tələbata çevrilir.

- Yaradıcılığınız bal ayına çıxıb?

- Yox, yox. Ümumiyyətlə, mənim həyatımda belə şey olmur. Yaradıcılığım hörümçək toruna oxşayır, bir tərəfi işləmir deyə bir şey yoxdu. Bütünlüklə işləyir və əgər belə işləmirsə, deməli nəsə çatmır.

- Anar Nağılbazla birgə işiniz olan sonuncu klipinizdə insanlara “həqiqət” yazılmış vərəqlər paylayırdınız. Müxtəlif yozumlar oldu təbii ki. İzahını sizdən almaq istərdim.

- Orda mesaj konkret olaraq budur ki, hər bir yaradıcı insan öz həqiqətlərini, eləcə də cəmiyyətin həqiqətlərini paylamaqla məşğuldu. Kimsə onu götürür- bizim klipdəki kimi-, kimisi yox. Kimsə həqiqətə üzünü çevirir, kimsə də götürür və kimsə də götürüb o həqiqətdən öz həqiqətini yaradır. Necə ki, Nağılbaz 90-cı illərdə öz həqiqətlərini paylayırdı və eyni həqiqəti bölüşən çox adam var idi. Ancaq digərləri bu həqiqətləri nə dərəcədə çatdıra bildi, bunu nə dərəcədə bacardılar, davam etdirdilər, bu, artıq qeyri-müəyyən məsələdi. Anarın sözlərindən sonra ona narkoman da deyən oldu, baz deyən də. Amma bu Anarın həqiqətlərini dəyişmədi.

- Sevgi nədir sizin dilinizdə?

- Sevgi əsas ünsürdü, yaşamaq üçün stimuldu. Yəni yoxdursa, insan boşa atılmış fişəngə oxşayır. Bir var ki, hər tədbiri bəzəyən fişəng, bir də var ki, elə belə əlinə düşmüş fişəngi partladırsan və deyirsən: bu partlaya da bilirmiş ki. Sevgi də belə bir şeydi. O varsa, insan var. O yoxdursa, insan da yoxdur.

- İlk sevgilinizi və sevişmənizi xatırlayırsınız?

- Bu həyatımın çox intim məqamlarıdı, buralara girməyək.

- Yəni xatırlayıb, xatırlamamağınız intimdir?

- Mən ümumiyyətlə, çox tez vurulan adamam. Və gözəllik aşiqiyəm. Ancaq bu sevgi bayaq danışdığımız sevgidən deyil. Yaradıcı insan gözüylə aşiq olmaqdı. Məsələn mən gözəl bir qız görəndə ağlıma gələn ilk fikir “o qızla yataram” olmur. Düşünürəm ki, görəsən bu kimin sevgilisidi? Yəni mən öz aspektim var, başa düşürsünüz? Kimsə düşünür ki, bununla yataqda nələr etmək olar, mən fikirləşirəm ki, həyat yoldaşı kimi bu xanım kim ola bilər.

- Aydındır, indi sualıma qayıdıram. İlk sevgilinizi və sevişmənizi xatırlayırsınız?

- Hamısını. Həyatımda baş verən hər şeyi xatırlayıram.

- Evlilik həyatı necə gedir?

- Əla.

- Evlənməyən dostlarınıza və ya dinləyicilərinizə tövsiyə edirsiniz?

- Sevgiylə evlənməyi tövsiyə edirəm.

- Mahnılarınızda bəhs etdiyiniz kaprizli xanımdı indiki yoldaşınız?

- Mən sevgi mahnılarımı bir nəfərə yazmışam. Bəli, o xanıma.

- Xoşbəxtlik nədi? Çox uzaqdı sizdən?

- Xoşbəxtlik sevən adamın keçirdiyi hisslər toplusudu. Əgər insan sevirsə, hətta uğursuz sevgidə də insan özünü xoşbəxt hiss edə bilər. Bəlkə bir az empirik səslənə bilər, bəlkə eyforiyada olduğumu düşünə bilərsiniz, amma həyatımda nə baş verirsə, bunu məni xoşbəxt etmək üçün baş vermiş hadisə kimi qiymətləndirirəm. Yuxularım rəngli görünə bilər, ancaq bu belədir.

- Mütaliəniz hansı vəziyyətdədi? Qəhrəmanınız hansı obrazdı?

- Mütaliəm axsayıb bu aralar. Bir neçə nəfər var. Məsələn, yaxşı söz dediyinə görə, Şəms Təbrizi xoşuma gəlir. Başı yaxşı işlədiyinə görə Mayk Tayson, basketbolçu Maykl Cordan xoşuma gəlir, başa düşürsünüz? Çox fərqlidir. Bu yaxında albomumun introsu çıxacaq orda dinləyicilərim biləcək bunu. Bu günlərdə Şəkidən gələndə -treninqə getmişdik-ilhamlandım və tapdım ki, mən intromu necə hazırlayacağam. O intro dinləyicilərim, eləcə də oxuculara maraqlıdısa, onlar da bunu öyrənə bilərlər.

- Hazırda hansısa kitabı oxuyursunuz?

- İndi daha çox audio-booklara qulaq asıram.

- Sizcə bu tənbəlliyin əlaməti deyil ki?

- Vaxtsızlığın əlamətidi.

- Hansı reperləri dəstəkləyirsiniz? Dinlədiyiniz albom var?

- “Head spam” – Karnaval albomu. Uşaqlarda-Xanda da, Monkda da uğurlu alınıb. Yəni asan deyil bir mövzudan kənara çıxmayıb eyni mövzu ətrafında yazmaq, fərqli mövqelərdən yanaşmaq. Amma dinlədiyim gənclərdə lazımsız, yersiz pafos var və bu, xoşagələn deyil.

- Elə bir film olub ki, təsirindən bir neçə gün çıxa bilməmisiniz?

- Ümumiyyətlə, film izləmək anlayışı mənim üçün bir az fərqlidir. Filmə kitab kimi yanaşıram. 20 dəqiqə baxıram və əgər təsirə düşdümsə, saxlayıram filmi ki indi bu filmin davamına baxmaq olmaz, bir neçə gün təsirini yaşayım, davamına sonra keçərəm. Bu dəqiqə 8 film var ki, hərəsinə 10 dəqiqə, 20 dəqiqə, 5 dəqiqə baxmışam, o filmləri baxmağa davam eləməliyəm.

- Ən yaddaqalan və oxuculara tövsiyə edə biləcəyiniz bir film adı çəkin. Ağlınıza ilk gələn.

- “The Reader”

- Ən pis vərdişiniz nədi? Qurtula bilmədiyiniz...

- Mən elə bir adamam ki, məşğul olduğum işin aludəçisinə çevrilirəm. Ona görə özümü çərçivəyə salıram.

- UEFA Çempionlar liqasının qalibi kim olacaq?

- Kimlər oynayır ki orda? (gülür). Futbol izləyicisi deyiləm. Bilirsiz necə? Bilirəm ki, Kriştiano Ronaldo var. Düzdü arada “Youtube”dan Neymarın, Ronaldonun qollarını izləyə bilərəm, amma onların hansı komandalarda oynadığı ilə maraqlanmıram.

- Ədalət anlayışı nədən ibarətdi?

- Yüz faiz Şükürov deyil (gülür). Ədalətdi, hürriyətdi bunlar elə anlayışlardı ki, burda subyektivlik özünü göstərə bilmir. Ədalət hamının razılığa gətirildiyi yoldu. Məsələn öz həyatımdan bir misal gətirim. Məktəb vaxtı bir müəlliməmiz var idi, ədəbiyyat dərsindən bizi evə buraxmağa meylli idi. Bizə deyirdi ki, kim evə getmək istəyir, əlini qaldırsın. Hamı qaldırırdı bir nəfərdən başqa – Samir Bayramovdan. Müəllim həmişə deyirdi ki, ya onu da razı salın, ya da heç kim getməsin. O Samirə görə biz hamımız sevmədiyim dərsdə otururduq.

- Demokratiya, yoxsa aristokratiya?

- Aristokratiya.

- Musiqidən ən çox nə qədər qazanmısınız? Və hansı proyektlə?

- Musiqidən hələ də qazanıram. Reklam şirkətləriylə işləyirəm, onlar üçün musiqi yazıram. Layihələrdən daha çox reklam sektorundan qazanıram. Replə bağlı proyektlərdən sonuncu dəfə 20 min manatdan çox qazanmışam.

- Kumiriniz kimdi? Və ali məqsədiniz nədi?

- Banal səslənə bilər, amma böyüdükcə başa düşürəm ki, atamın dediyi məqamlar var idi, onların hamısında o haqlı çıxıb. İki addım sonra başa düşmüşəm ki, o, haqlı idi və onun dediyi kimi etsəydim, indi bir neçə addım irəlidə idim. İdealım atamdı. Məqsədimsə daha çox adama mesaj göndərə bilmək, daha çox insana səslənmək, istədiklərimi çatdıra bilməkdir.

- Azərbaycan gəncliyini bir sözlə ifadə edə bilərsiz?

- Yarımçıq.

- Ən böyük günah nədi?

- Ən böyük günah dilə gəlməyən günahdı. Elə bir şeydi ki, sən ömrünün axırınacan buna görə bağışlanıb-bağışlanmayacağını düşünürsən. Və bu hər insana görə fərqlənir.

- Yaxın gələcəklə bağlı hansı planlarınız var?

- Fevralda albom buraxacağam.

- “14” tipli?

- Yox, bu dəfə daha aqressiv. “14” də əhval albomudur, yeni albomum da. Bu dəfə sevgiylə yanaşı müxtəlif mövzulara toxunmuşam. Adsız mahnıdan qat-qat yaxşı mahnılar olacaq bu albomda.

# 7937 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #