news-inner
clock11:01 calendar-gray 08 Fevral 2021 view-gray6808 dəfə oxunub
view-gray6808 dəfə oxunub

Vaqif Mustafayevin "Space" komediyası...

Vaqif Mustafayevin Space TV-dən istefa verməsi monoton həyatımıza bomba kimi düşdü. Məmə yeyənindən pəpə deyəninəcən, bildi-bilmədi hər kəs rejissorun bu istefasına münasibət bildirdi. Mən əvvəl də bu fikirdəydim, indi də eyni düşüncədəyəm: Space TV Vaqif müəllimin növbəti filmi idi.

O, tamaşaçıya göstərdi ki, sənin baxdıqların bu cür verilişlərdi, güzgüdə özünü görməlisən. Camaat da baxdı və reytinqlər kəllə-çarxa dirəndi. Əslində, hamı tənqid etsə də özlüyündə qəbul edirdi ki, çoxluq kanala baxmaq üçün sinov gedir. Vaqif Mustafayev filmlərindəki kimi incə yumorla xalqı yaxşı tanımağını, lakin ifrata vardığını çox güman hiss edib getdi. Getdi və hamını mat qoydu.

Əvvəl o cür filmlərin sahibinin Space-dəki dəymədüşər verilişləri camaatı şoka saldı, indi də getməyi. Mənə elə gəlir, Vaqif müəllim missiyasını başa vurdu və oyunu bitirib başqa bir oyun arxasınca qaçdı. Arada Vaqif Mustafayevlə zarafat etmək istəyənlər, yumor hissinə güvənənlər ofsaytda qaldı. Qardaş, mən o adamları anlaya bilmədim. Vaqif Mustafayevi tanıyan biri necə onunla zarafat etməyə qalxışar. Bilmirmi ki, Vaqif müəllim çoxdan onu arxası üstə vurub? Yəni bu, hardasa Don Kixotun yel dəyirmanıyla vuruşmasına bənzəyir. Kimlə lağ-lağı etmək istəyirsən? Vaqif Mustafayevlə? Bu, oyuna 10:0 geridən başlamaq kimi şanssız bir yarışmadır. Mən Vaqif müəllimə istehza edənlərə baxıb başımı bulaya-bulaya və rejissora növbəti işlərində uğurlar arzulaya-arzulaya bu söhbəti çox uzatmadan gündəmin başqa xəbərlərini vərəqlədim.

Pandemiya qurtar-qurtarda, yavaş-yavaş dükan-bazarlar açıl-açılda, bir də gördüm darıxan azərbaycanlılar gözləməkdən bezərək toy eləyiblər. Harda? Yasamalda. Zərdabi küçəsindəki restoranların birində. İndi Vaqif Mustafayevin yumoru işə düşməsinmi?

Toy da nə toy!

Əməlli-başlı.

Elə bil toya gələnlər ayrı dünyada yaşayırlarmış. Sanki bu dünyada pandemiya deyilən şey yoxmuş.

Videodan baxdım, gördüm şıdırğı toy gedir. Tamada da boğazını arıtlaya-arıtlaya qonaqlara təriflər yağdırır, bəlağətli, yox, belə alınmadı, əttökən çıxışlarla toydakıların qulağını mazol eləyir. Fikir verəndə görürsən ki, sevgili xalqımız bu darıxdırıcılıqdan, bu şablondan bezməyib, əksinə onun üçün sinov gedirmiş. Tamada kimlərisə tərifləyəndən sonra kiminsə "kiçik toyu" haqda ürək sözlərini dedi və o an muğam girdi araya. Bunsuz olmaz. Muğam yoxdursa, ləzzəti yoxdur. Çoxdandır alışıq olmadığımız, hətta unutduğumuz səslə həmahəng qaşıq-bıçaq, boşqab danqıltısı və mikrofonun boğazdan yuxarı dartınması köhnə toy ovqatını salona dürtüşdürüb hamının üzündə mənasız xoşbəxtlik yaratdığı məqamda polis müdaxilə elədi və məclis, türk ozanlarının dediyi kimi, hüsranla bitdi. Yarımçıq qalan toyun dərdi bir yandan, 70-ə yaxın şəxs də cərimələnməzmi?

Nuş olsun!

Toysuz keçən bu ildə özünü saxlaya bilməyən həmyerlilərimiz nəhayət bu cəzayla rahatladı və ürəyi sakitləşdi. Hələ videonun altına gələn "ah, toysuz günlərimiz" janrındakı rəylərə baxanda hiss elədim ki, nə vaxtsa yenə hansısa həmyerlimiz pandemiyanı-filan vecinə almadan toy çaldıracaq.

Allah sən saxla!

Görəsən, nə vaxtsa, uzun illər sonra nəvələrimiz bizə baxıb deyəcəkmi ki, bu yekə-yekə kişilərin qol qaldırıb oynamaq, içib muğam oxutmaq dərdi, qadınların bərbəzəkli paltarı əyninə keçirib üstlərində əntiq dükanını xatırladan qızıllarını sərgiləmək sevgisinin altında hansı dərin fəlsəfi məna yatır? Bu sualı uzaq gələcəyə ünvanlayıb, söhbətə xitam verək və arzu edək ki, hər şey ürəyimizcə olacaq.

Allah cəmi subayların yolunu açsın! Amin dediyinizi eşidib, rahatlıqla növbəti söhbətə keçirəm.

Feministlərin aksiyası, qadınların öldürülməsinə qarşı etiraz və bu fonda söz-söhbətlər məni məyus etdi. Biz hələ də özümüzə daş atmaqdan savayı bir işə yaramırıq. Günah keçisi axtarırıq və bilmirik ki, nə edək. Görünür, pandemiyanın yaratdığı növbəti travma da budur: bir-birimizlə ittiham tonunda danışmaq! Halbuki, bu, sorunu həll etmir. Hələ də qadınlar öldürülür və biz bu gerçəyin qarşısında acizik. Kimsə deyəcək ki, kişilər də öldürülür. Təzədən kaseti geriyə fırlayacaq. Uzatmayaq söhbəti. Olar?

Baş prokurorluq da məlumat yaydı ki, 2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur. Üstəlik, sosial şəbəkədə hər gün birinin yaxınının ölümü. Açığı, bütün bunlar bizi sonsuz kədərə bürüyür. Yazını bu qədər kədərli ovqatla bitirmək istəmirəm. Onda icazənizlə belə bir cümlə deyim: təki toy olsun, yığışıb əylənmək olsun, ölümlər olmasın. Ya da uşaqlara deyin ki, bütün bunlar tamaşadır, sizin həyatınız hələ başlamayıb. Hələ bahar var qabaqda, ağaclar, torpaq, yarpaqlar qışdan qalan xəstəlikdən sıyrılıb sevgi qoxacaq. Uşaqlara nağıl oxuyaq indi. Onlar dünyanı nağıl bilsinlər. Siz Allah, bir-birinizi incitməyin! Həyat qısadır! Yaşamaq lazımdır!

Məsələn, ağacları sulamaq varkən, niyə intihar edəsiniz ki?

news-inner-user
Ayxan Ayvaz

529 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021