news-inner
clock08:00 calendar-gray 30 Dekabr 2012 view-gray2414 dəfə oxunub
view-gray2414 dəfə oxunub

Murad Köhnəqalanın 1000 avroluq zarafatı

Murad Köhnəqala

Bizim bir tovuzlu dostumuz var, adı Camaldı. Tay-tuşlarına “Qaqulya” deyə müraciət elədiyinə görə hamı onu Qaqulya çağırır. Qaqulya nə vaxtsa televiziyaların birində operator işləyib, sonra dələduzluğuna görə işdən qovulub. Lakin, hər ehtimala qarşı, işlədiyi televiziyanın vəsiqəsini təhvil verməmişdi.

...Söhbət “Azadlıq” qəzetinin “Xəqani 33”-dəki binada yerləşdiyi vaxtlardan gedir. Mirzə Sakit qəzetin və partiyanın yerləşdiyi həmin binanın komendantı idi. Mirzədən əvvəl komendant işləmiş Sarvan ikinci mərtəbəyə qalxan pilləkənin altında özünə balaca bir otaq düzəltmişdi. Sarvan gedəndə otağı da Mirzəyə təhvil vermişdi. Mirzə çox vaxt şeirlərini o otaqda yazırdı.

Həmin vaxtlar hərdən Qaqulya da qəzetin çayxanasına gəlirdi. O, bəstəboy, gur saçlı, şirindilli, yaraşıqlı bir adamdı. Qaqulya səliqəli və bahalı geyinməyi xoşlayır. Mən heç vaxt onu üzü tüklü, saçı, əyni-başı səliqəsiz olduğunu görməmişəm. O, “Azadlıq”ın çayxanasında çox oturmaz, dərhal mənə oradan çıxıb, başqa kafedə, çayxanada oturmağı təklif edərdi.

Ümumiyyətlə, Qaqulya əlinə pul keçən kimi zəng eləyib məni axtarar, bir yerdə yeyib-içərdik. Bu səliqəli insan pulu israfçılıqla xərcləməyi xoşlanmasa da bahalı kafelərdə oturmağı sevirdi.

Günlərin bir günü, günortadan xeyli keçmiş, Qaqulya mənə zəng elədi. Sahil bağında görüşüb, Nizami kinoteatrının yaxınlığında gürcülərin işlətdiyi kafeyə getdik. Çatan kimi, gürcü xanımların daima təmiz dəsmal asdığı, səliqəli sabun saxladığı əlüzyuyanda əlini yuyub, qurulayandan sonra mənə: “Ürəyin nə istəyir sifariş elə!” -dedi. Mən də bir az fikirləşib: “Gəl, balıq yeyək!” - dedim. Qaqulya dərhal razılaşdı.

Biz bir dənə kütüm, bir dənə bahalı araq sifariş elədik. Balıq gələnə qədər araqdan “yüz-yüz” vurub ordan-burdan söhbət eləyirdik. Birdən o: “Qaqulya, sənə pul-zad lazım olar, haa, qardaşın ölməyib!” deyərək, bahalı pencəyinin iç cibindən iki dənə 500-lük avro çıxarıb, mənim qarşıma tulladı. Mən ilk dəfə idi belə əskinas görürdüm.

Ancaq bilirdim ki, Qaqulya mənə bu qədər pul verə bilməz. Pullara əl dəymədən: “Qaqulya, yekə kişisən, heç olmasa bunun birini ver, xərcləyim, dəə!” dedim. Qaqulya gülə-gülə pulları geri götürüb: “Əə, sənə qurbandı, ancaq canım üçün, bunu başqa adama çatdırmalıyam”, dedi. Bir azdan stolumuza qızardılmış iri bir balıq gətirdilər. Baxdım ki, bu ikimizə çox olacaq. Dedim, Qaqulya, bunu ikimiz yeyə bilməyəcəyik, bəlkə dostlardan bir nəfər də çağıraq. Qaqulya dedi, çağır, ancaq maraqlı adam olsun. Dedim, qoy, Mirzə Sakiti çağıraq. Dedi, çox gözəl, çağır gəlsin, həm də onunla yaxından tanış olaram.

Mən Mirzəyə zəng elədim, ayə hardasan? Dedi, redaksiyadayam. Dedim, gəl filan kafeyə, bir dostum qonaqlıq verir. Mirzə dedi, on dəqiqəyə ordayam.

Mirzə gələnə qədər “yüz-yüz” də vurduq. Dedim, Qaqulya, gəl, Mirzə gələndə belə bir oyun quraq. Məndən soruşarsan ki, niyə kitabın çıxmır? Mən də deyəcəm, qardaş, kommersantımız sizsiniz, siz də kömək eləmirsiniz. Sən də soruşarsan, bir kitaba nə qədər lazımdı? Mən də deyəcəm ki, uzağı səkkiz yüz, min manat. Sən də çıxarıb bayaqkıların ikisini atarsan qarşıma...

“Ssenari”mizin bu yerində Mirzə içəri daxil oldu, hər ikimizlə mehriban görüşüb əyləşdi. Mən Mirzəni Qaqulya ilə tanış elədim, hər ikisi bu tanışlıqdan məmnun olduqlarını bildirdilər. Biz üçlükdə bir neçə dəfə badə qaldırdıqdan sonra Qaqulya Mirzənin və mənim şeirlərimdən söhbət saldı. Sonra üzünü mənə tutub: “Qaqulya, niyə son vaxtlar kitab çap elətdirmirsən?” - soruşdu. Mən də üzümə narazılıq ifadəsi verib: “Qardaş, sənin kimi kommersantlar, eloğlum kömək eləmirsə, mən necə kitab çıxara bilərəm?”-dedim. Qaqulya “ssenari” üzrə yenə soruşdu: “Qaqulya, bir dənə sanballı kitab üçün nə qədər lazımdı?”

Bizim dialoq arası Mirzə maraqla gah mənim, gah da Qaqulyanın üzünə baxırdı.

Dedim, hardasa, səkkiz yüz, min manat lazımdı. Qaqulya barmaqlarını artistcəsinə səliqə ilə silib əlini pencəyinin cibinə atdı. “Qardaşın ölməyib ki?” - deyib, şəstlə qarşıma iki dənə 500-lük avro tulladı. Sonra bir 500-lük də çıxarıb: “Bu da özün üçün gedib-gəlmək xərci!” – dedi.

Hər ikimiz Mirzənin bu əhvalata reaksiyasını gözaltı güdürdük. Mirzənin üzündə çaşqınlıq və sevinc ifadələri bir-birinə qarışmışdı.

Qaqulyaya minnətdarlıq elədikdən sonra pulları götürüb cibimə qoydum. Mirzə növbəti badəni Qaqulyanın sağlığına qaldırmağımızı təklif elədi və təxminən belə bir sağlıq dedi: “Doğrudan da sizin kimi səxavətli, ürəyi təmiz ziyalının qədrini bilən insanlar çox azdı. Mən fikir vermişəm, sizin bölgənin adamları, xüsusən də tovuzlular biri-birinin qədrini bilir, biri-birinə dayaq olurlar. Bizim tərəfinkilər isə biri-birinin ətini yeyir. Sizin kimi bir insanı mənimlə tanış elədiyinə görə Murada minnətdaram. Sağ olun, şəxsən sizin sağlığınıza!”

Biz vurandan sonra məni bir az gülmək tutdu. Mirzə bunu qazandığım pulun sevincinə yozub, heç nə hiss eləmədi. Mirzənin hansı rayondan, hətta hansı kənddən olduğunu yaxşı bilsə də Qaqulya öz rolunu davam etdirərək ondan soruşdu: “Qaqulya, sən hansı rayondansan ki?” Mirzə udqunub: “Şamaxıdanam!” - dedi. Qaqulya yenə cibinə əl atıb, bir dənə 500-lüyü Mirzənin qarşısına atdı və: “Qaqulya, biz ölməmişik ki! Muradın dostu mənim də dostumdu, götür onu, qoy cibinə!” - dedi. Mirzə utandığından pulu dərhal götürmədi. Təxminən bir neçə dəqiqədən sonra şax əskinası götürüb, iki qatladı və cibinə qoydu.

Mən artıq bu tragikomik səhnəyə gülməkdən özümü saxlaya bilmirdim. Hamımız varlanmışdıq, ancaq o pullar bizim deyildi. Başa düşdüyüm o idi ki, Qaqulya səhnəni bir az da uzatmaq istəyir. Mən dözə bilməyib bu komediyaya son qoymaq üçün ayağa durdum və gülə-gülə: “Qaqulya, mən tualetə dəyib gəlirəm!” - dedim. Pulların əldən çıxacağından qorxan Qaqulya ayağa qalxıb şən səslə: “Ayə, dərdin alım, elə şey eləmə, pulu qaytar, sonra get!”- dedi.

Vəziyyəti dərhal başa düşən bayaqkı xoşbəxt Mirzədən əsər-əlamət qalmamışdı. Onun rəngi qapqara qaralmışdı. Gözlənilməz zarafata görə Qaqulya Mirzədən üzr istədi. Əlacsız qalan Mirzə zorla yumora keçərək: “Allah evini tiksin, şairlə belə zarafatmı olar? Sən adamın ürəyini yatırdarsan ki!”- dedi və ağır, əzablı bir jestlə pulu cibindən çıxarıb Qaqulyaya qaytardı.

P.S. Bu əhvalatdan bir neçə il sonra eşitdim ki, Qaqulya dələduzluq maddəsilə tutulub. Hazırda o, türmədədi. Hər dəfə deyirəm, bir yanına gedim, bacardığımdan “qrev” eləyim...

Oxşar xəbərlər

Xəbər lenti

Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021
Onda mən də doyunca ağlaram - Güneydən hekayə
17:20 04 Avqust 2021