Allah bilir, subaylığın daşın atsam nə olar!? - Yeni şeirlər

Allah bilir, subaylığın daşın atsam nə olar!? - Yeni şeirlər
29 yanvar 2021
# 14:58

Kulis.az gənc şair Elvin İntiqamoğlunun şeirlərini təqdim edir.

Atılan daşlar

Körpəliyin daşın atdım,
Daşa dəydi ayağım –
Onda bildim iməkləmək yaxşıdır yeriməkdən...
İstəməzdim böyüyüm –
Əgər anam bezməsəydi,
Körpəsinin arxasıyca oyuncaq sürüməkdən...

Uşaqlığın daşın atdım,
Getdi dəydi qonşu pəncərəsinə,
Şüşə oldu çilik-çilik...
Onda başa düşdüm kasıblıq nədi –
Atamın cibinin canı yox idi bir şüşəlik...
Şairliyin daşın atdım,
Gəldi düşdü şeir yazdığım dəftərin üstünə...
Şair ola bilməyənlər şairliyin daşın ovur –
Allahım, kömək ol mənə,
Qoyma şairliyin daşın mən də qoyum pis günə...
Daş atmağın daşın atdım,
Axır-əvvəl anladım ki, daşın düşən yeri var...
Hələ ki peşman deyiləm,
Allah bilir, subaylığın daşın atsam nə olar!?

Dörd nəfər

İnsanlara
Öz dərdimi danışmaq istəyirdim –
Halıma dördü ağladı...
Üzümdəki kədərdən,
Gözümdəki yaş izindən tanıdı –
Kor məni gördü ağladı...
Kordan kor peşman ayrılıb
Karı gördüm –
O da qəmli görünürdü,
Eşitmişdi ürəyimdən keçənləri...
Kar da kara gəlmədi,
Lal heç ağzımı açmamış başladı təsəlliyə:
Məyus olma,
Sən də unut unudub gedənləri...
Ölmüş ümidlərimlə dənizə sarı gəldim –
Yusun təsəlliləri,
Bir nəfər də tapılsın suların arasından...
Çiynimə əl toxundu:
– Dostum, hazırlaş gedək,
Məni Allah göndərib əlil arabasından...


Xəstə uşaq

Qurban olum, Allahım:
– Bir də məni yaratma,
Bir də gətirmə təkrar...
Bir də uşaq olmaq var,
Yenidən böyümək var...
Anam dərman gəzməsin,

Atam pul axtarmasın –
Xəstə övladdan ötrü
Həkimə yalvarmasın...
Qonum-qonşu deməsin:
– Bu uşaq ya öləcək,
Ya da axmaq olacaq –
Bağışla, Allah, sənə
Qarşı çıxmaq olmasın,
Öldür həmin uşağı –
Öldür, şair olmasın,
Öldür, axmaq olmasın...
Qurban olum, Allahım:
– Bir də məni yaratma,
Bir də gətirmə təkrar...
Bir də uşaq olmaq var,
Yenidən böyümək var...

Rəssam və şair

Rəssam dedi ki, şairə:
– Gəl bir yerdə canlandıraq həsrəti –
Mən fırçada-tabloda,
Sən qələmdə-kağızda...
Rəssam çəkdi:
Sarı yarpaq, oğlan, qız –
Sevgililər ayrılırlar payızda...
Şair yazdı:
Yarpaqlar da vəfasızdı, o qızda...
Rənglər dəydi bir-birinə –
Bir cümləlik təsvirin qabağında...
Rəssam xəcalət çəkir –
Şairin qabağında...


Dünyaya gələndə

Mən dünyaya gələndə –
Oğul sahibi oldu
Adın belə bilmədiyim iki nəfər...
Heç kim mənim gözləməyib gəlişimi –
Onlar qədər...
Mən dünyaya gələndə –
Sıfır yaşın içindəydim,
Dərd sıfırın içiydi...
Məndən qabaq doğulmayan körpələr
Vaxtca məndən kiçik idi...

Mən dünyaya gələndə –
Vaxtı bitmiş insanın ölüm düşdü payına...
Onun yerin mən doldurdum –
Gələnlər bərabər oldu gedənlərin sayına...

Bizim eradan əvvəl

Mağara dar olsa da,
Ulu icma yığışıb...
Ən savadlı adamlar
Qırıq-qırıq danışıb...
Hər şey olub bərabər,
Yox idi bəy torpağı...
Varlı-kasıb geyimi:
Ağacların yarpağı...
Hər kəs eyni süfrədə
Toplaşardı bir yerə...
Çaxmaq daşı hamını
Toplayardı bir yerə...
İndi dövran dəyişib,
İndi dünya baş-ayaq...
Biz hardaydıq, görəsən,
Yeddi yüz min il qabaq...


Daş dövrü

Niyə gəldin?
Cavab ver –
Daş heykələ oxşama...
Başın gec dəyib daşa,
Getmək fikrin olsa, səhər gedərsən -
Hava xəbərlərində
Daş deyiblər axşama!
Yəqin, elçi daşından yorulmusan,
Gəlməyib ağ atlı oğlan –
Daşdan səs çıxdı,
Səndən yox...
Danış, səsinə qurban!
Ümidlərim dünyasını dəyişib,
Xəyallarım azıb yolun –
Bir daşla ikisin yerə salmısan...
Keçmişə getməsin ağlın –
İndi tənha qalanlar bağışlamır gedənləri...
Daş dövründə qalmısan!

Ad günü

Sənsizliyin ad günüdü –
Yanaqlarımdan süzülən yaş bir yaş da böyüdü...
Yazda həsrət çiçəkləndi,
Yayda sevgi əridi,
Payızda bəhanə yağdı...
Soyuq münasibət qışda böyüdü!
Gəl, ad günündür sənin,
Gəl bir yerdə ağlayaq –
Şamları söndürmək üçün gözlərindən yaş ayır...
Ən böyük ayrılıqlar
Ağlamaqdan başlayır!
Bəlkə də, heç dünyaya gəldiyim gün
Ağlamadım bu qədər...
Təbrik edirəm səni:
Necə qayıdım, necə unudum deməyəsən,
Səni sevməyənlərin yanında ol həmişə,
Ömrün olsun gözümdəki su qədər!

Bir günün tənhalığı

Bu evdə iki gün qabaq iki nəfər var idi –
İndi ancaq biri var,
Yetim qalıb elə bil...
Masanın üzərində çərçivəsiz, əzilmiş
Üçillik fotoşəkil...
Şəkil siqaret qoxulu,
Şəkil xatirə dolu –
Onu bir göz qırpımında
Tən ortadan bölüb parça-parça etmək asan deyil...
Şəkildə illərin izləri qalıb!
Bir nəfərin əlində bir qədəh şərab,
Gəzir otaqda ruh kimi,
Çıxıb gedən, gün gələcək, bu yanlara cüt gələcək,
Bu özünə gələnəcən...
Artıq zaman gec olacaq,
O itirdiyi zamanın qədrini tez bilənəcən...
– "Mən səninəm, səninləyəm,
Mən səni tək buraxmaram ölənəcən",
– Heç olmasa gözləyərdin ölərdim də...
Yadında yarın son sözləri qalıb!
Yas saxlayır üç ilə,
Üzün qırxmır bu adam...
Əgər belə davam etsə intihara əl atacaq,

Gözlərindən hiss olunur:
Ölümdən qorxmur bu adam!


Ayrılıq

Əzizim, ayrılıq görəndə bizi,
Çəkilərdi kənara –
Sən öyrətdin
Ayırmağın yolların ayrılığa...
İşığa and içirdin ki, səndən ayrı qalmaram,
Bir də belə səhv eyləmə...
Kor baxarsan işığa!
Şeytan deyir: – Götür balıq qırmağın,
Üz tut dəniz tərəflərə,
Yalvar-yaxar qayıqçının birinə,
Səni alsın qayığa...
Əlimdən heç nə gəlmir ki, təkrar əldə edim səni-
Üç arzumun üçü sən ol,
Ümid qızıl balığa!

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

# # #