Fuad Poladov: "Qızları "bişirmək" üçün kinoya aparırdım" - Müsahibə

Fuad Poladov: "Qızları "bişirmək" üçün kinoya aparırdım" - Müsahibə
9 yanvar 2021
# 18:21

Kulis.az kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladovla vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəsini təqdim edir.

əvvəli burda

– Həyatınızın ən gözəl çağları… Şöhrəti təzə-təzə dadmağa başlayırsınız. İndiki leksikonla desək, bərkgedən vaxtlarınızdı. Adətən, filmlərdə belə qəhrəmanların yan-yörəsində bir, hətta bir neçə qadın olur. Bir az əvvəl şöhrətin necə gəldiyindən danışanda “qızlardan “odboy” yox idi” deyib yüngülcə toxundunuz bu mövzuya, amma davam etdirmədiniz. Hərçənd söhbətə başlayandan bəri danışdığınız epizodlardan qadınlar qırmızı xətt kimi keçir, həyatınızın az qala, hər həlledici anında bir qadın faktoru var. Yeri gəlmişkən, sinifkomla bağlı əhvalatda… Onu niyə müdafiə eləyirdiniz? Xoşunuz gəlirdi, ya sırf ədalət naminə?

– Sırf ədalət naminə. O qıza bacım kimi baxırdım. Çox mərd qız idi. Adı da yadımdadı: Fəridə. Bilirsiniz, kimin bacısı idi? Siz tanımazsınız. Dənizdə iki qızı boğulmaqdan xilas eləyib özü həlak olan oğlan vardı haa... Tofiq Hüseynov. Onun bacısı idi. Eyni sinifdə oxuyurduq. Qonşuluqdakı 134 nömrəli məktəb də qardaşının adını daşıyırdı. Fəridə çox ədalətli, özəl qız idi. Kişi kimi xasiyyəti vardı. Onu nahaq yerə cəzalandırmalarına icazə verə bilməzdim. Özünə qalsa, deyərdi ki, boynuma qoymusunuzsa, cəzamı verin. Belə insan idi. Elə insanı tək qoymaq olmazdı. Ümumiyyətlə, mən işlədiyim hər yerdə həmişə qadınları bacardığım qədər qorumuşam. İnstitutda da, teatrda da. Onlara arxa olmağa çalışmışam. Teatrda aktrisalarla rayonlara qastrollara gedirdik. Hərə bir cür baxırdı. Belə hallarda həmişə onların yanında olmağa çalışmışam.

– Bəs ilk məhəbbət?

– İlk məhəbbət? Məktəbdə olub, amma bu barədə danışmaq istəmirəm. Çünki çox məşhur ailənin qızı idi. Danışsam, gərək ad çəkəm. Ancaq onu deyim ki, qadınlarla münasibətdə hər zaman cəsarətli olmuşam. Xoşum gəldisə, dərhal yaxınlaşırdım. Özü də həmişə bir az fərqlənmişəm. Məsələn məktəbdə zarafat eləyərdim, amma incitmək, saç dartmaqdan xoşum gəlmirdi. Bizim vaxtımızda bir söz vardı: “bişirmək”. “Bişirmək” üçün başqa şeydən başlamaq lazımdı. Kinoya, konsertə dəvət eləyərdim. Ya da gəzməyə. Özü də uzaqdan baxanda bilirdin ki, hansı qızla necə rəftar eləmək lazımdı – harasa dəvət eləmək, ya komplimentlər demək. Elələri vardı ki, yaxınlaşsan, ağır cavab ala bilərdin. Ona “podxod” üsulu artıq başqa cür idi. Düzdü, o vaxt qızlara yaxınlaşanda sadəcə bir məqsədim olurdu: gəzmək. Qoy görəndə desinlər ki, “bax, qızla gəldi”, “gör, nə qəşəng qız var yanında”. Xüsusən də adam tanınmış olanda istəyir ki, yanında gözəl bir qız da olsun. Mən yaşca özümdən böyük qızlarla ünsiyyətdə olmağı xoşlayırdım. Məsələn, məktəbdə oxuyanda universitet tələbəsi ilə görüşdüyüm olub. “Məktəb” deyəndə, on-on birinci sinfi nəzərdə tuturam. Bir il də payıza qalmışam. Onda da elə məktəbli sayılırdım. Yəni 16-17 yaşlarımda. Onda özümü böyük göstərməyə çalışırdım. Bilən bilirdi, bilməyənə də məktəbli olduğumu demirdim. Hərçənd üzümdə tük az idi, amma bığ saxlamağa, özümü böyük göstərməyə çalışırdım.

O vaxtlar kinoteatrlarda daha çox hind, ərəb filmləri göstərilirdi. Bilet tapmaq mümkün deyildi. Amma biz… qızları elə filmlərə yox, mərkəzdən kənarda yerləşən kinoteatrlara aparırdıq. Məsələn, “Bilik” kinoteatrı vardı. İndi Mahnı Teatrı olan küçədə yerləşirdi. Daha çox ora gedirdik. “Bilik”də, adətən, sənədli, ya da retro filmlər göstərirdilər. Orda məqsəd kinoya baxmaq deyildi. Yəqin ki, ora gedən qızlar da niyyətimizi bilirdilər.

… deyir və susur. Fuad Poladovun məşhur pauzası. Aydındı.

– İncəsənət İnstitutuna necə qəbul olunduz?

– Rektor Rahib Hüseynov məni çoxdan tanıyırdı. Altıncı, ya da yeddinci sinifdə oxuyanda teatr institutunda rejissorluq fakultəsinin diplom tamaşalarında uşaq rollarını oynayırdım. Rahib müəllim məni orda görmüşdü. Həmin tamaşaların birindən sonra əli ilə məni çağırdı, yanında oturtdu. Sənətlə bağlı fikrimin ciddi olub-olmadığını soruşdu. Cavab verdim ki, ciddidi. Dedi ki, əgər fikrin ciddidisə, məktəbi bitirəndən sonra gələrsən, mən səni gözləyəcəm. Həqiqətən də unutmamışdı. Düzdü, instituta daxil olanda artıq “İstintaq davam edir” filminə çəkilmişdim, amma hamı kimi imtahan verdim. İndiki kimi yadımdadı: otaqda üç nəfər oturmuşdu. aralarında təkcə Tofiq Kazımovu tanıdım.

O vaxt Akademik Dram Teatrının baş rejissoru idi. Hə. Birinci qabiliyyət imtahanıydı. Hekayə danışmalı, şeir oxumalı, etüd göstərməliydim. Qabiliyyət imtahanında həm diksiyaya qiymət verirdilər, həm də ritmi yoxlayırdılar. Qapını açıb içəri girəndə Tofiq Kazımov ayağa qalxıb mənimlə əllə görüşdü. Halbuki ilk dəfə qarşılaşırdıq. Ağzımı açmağa qoymadı. Çıxanda gördüm, üç dənə beş yazıb. Onu da deyim ki, imtahana hazırlaşmışdım. Bəxtiyar Vahabzadənin “Etiraf” poemasından bir hissə, bir də bir hekayə öyrənmişdim. Ancaq yazılı ədəbiyyat imtahanından kəsildim. İnşa yazmışdım, mövzu yadımda deyil, amma iki almışdım. Rahib müəllim arxamca evə adam göndərdi və o inşanı təzədən yazdım. Birinci nəticəni qeydə almadılar.

Yenə deyirəm. Mənim aktyor kimi, insan kimi formalaşmağımda üç şəxsiyyətin böyük rolu olub: Ədil İsgəndərov, Rahib Hüseynov və Tofiq Kazımov. Tofiq Kazımov tələbələrini özü seçirdi. Mən teatra dəvət olunanda institutda oxumurdum. Üçüncü, ya dördüncü dəfə idi ki, qovulmuşdum. “Pionerlər parkı” deyilən yerdə işləyirdim. İndi onun yerində Türkiyə səfirliyi yerləşir. İnstitutda bir müəllimimiz vardı - Faiq Zöhrabov. Sonralar onunla dostlaşdıq. O da həmin parkın direktoru idi. Faiq mənim yenə xaric olunduğumu eşitdi. Dedi ki, niyə boş oturursan? Gəl, gedək, mən səni yanımda işə düzəldim. Həm vaxtın keçər, həm də görək, sonra nə olur. Sən demə, Rahib müəllim ona tapşırıbmış ki, bu oğlan artıq neçənci dəfədi, qovulur, belə tezliklə instituta bərpa eləyə bilmərəm. Bir az da şuluq uşaqdı. Sən apar bunu yanında işə düzəlt, avaralara qoşulmasın, sonra yenə instituta qaytaracam. Faiq müəllim bu əhvalatı mənə rəhmətə gedənə yaxın danışdı. Nə isə, başladım Faiqin yanında işləməyə. İşləmək deyəndə ki, Faiqin bir-iki vuran işçisi vardı. Gəlirdik işə, otururduq. Beləcə bir-iki ay işlədim. Bir dəfə Faiqin katibəsi telefona çağırdı. Getdim gördüm, rəhmətlik Həsən Əbluc. O, Tofiq müəllimin assistenti idi. Dedi ki, Tofiq müəllim səni görmək istəyir. Teatra getdim. Tofiq müəllim İlyas Əfəndiyevlə birlikdə oturmuşdu. “Məhv olmuş gündəliklər” pyesini mənə verib, “get, bunu oxu, sabah gəl” dedi. Ertəsi gün hansı rolu bəyəndiyimi soruşdu. Dedim ki, Savalan rolunu. Dedi, birisi gündən məşqə gəl.

Tofiq Kazımov heç professor deyildi. İnstitutdan da özü çıxmışdı. Rektorla mübahisəsi düşmüşdü. Elə bizim kursda. O, dərslərini teatrda keçirdi. Deyirdi ki, aktyor teatrın mətbəxində bişməlidi, tamaşanın necə hazırlandığını, məşqin necə başladığını görməlidi, teatrın yazılmamış qanunlarını öyrənməlidi. Rektorsa institutdan kənarda dərs keçməyə icazə verməmişdi. Tofiq müəllim də acıq eləyib işdən çıxmışdı.

Mən axırıncı dəfə institutdan qovulanda fikirləşdim ki, yəqin, bu institutda oxumaq, bu sənətin dalınca getmək qismət deyil. İl yarımda da dörd dəfə institutdan qovulmaq olar? Bir dəfə müəllimlə dalaşmışdım, bir dəfə başqası ilə. Bir dəfə başqa yerdə dava eləmişdim, instituta xəbər vermişdilər, hətta qəzetdə də yazmışdılar. Artıq atamgilə haqq verməyə başlamışdım. Düşünürdüm ki, bundan sonra məndən aktyor çıxmaz. Bax, belə yolayrıcında qaldığım anda Tofiq müəllim mənim üçün işıq yandırdı, qapı açdı. İkinci kurs tələbəsi, özü də institutdan qovulmuş bir tələbə dram teatrına baş rola dəvət olundu. Ümumiyyətlə, mən tək onun yox, teatrın korifey aktyorlarının dövrünə düşdüm. Onları gördüm, onlarla tərəf müqabili oldum. Hamısının qayğısını hiss eləmişəm üzərimdə. Hamısının! Ona görə də dram teatrından 25 ildən çoxdu çıxmağıma baxmayaraq, ora mənimçün əzizdi. Çünki orda başlamışam.

- “Məhv olmuş gündəliklər”ə qədər səhnəyə az-çox alışıq idiniz. Amma yenə də ora Əzizbəyov adına Dövlət Akademik Dram Teatrı idi. Həyacan vardımı, yoxşa alışqanlıq işini gördü?

– Həyəcan mənim içimdə bu günə qədər yaşayır. Artıq 45 ildir səhnədəyəm. O həyacanı bu günə qədər qoruyub saxlamışam. Birinci dəfə rola necə münasibət bəsləmişəmsə, bu gün də təzə rol alanda elə münasibət bəsləyirəm, hər şeyi ağ vərəqdən başlayıram. Bəziləri kimi “bu rol mənimçün heç nədi, bundan çox oynamışam” demirəm. Bir dəfə Şekspirin “Heç nədən hay-küy” pyesində rol bölgüsünə baxırdıq, bir-birimizi təbrik eləyirdik. Şekspir hər gün qoyulmur, axı… Rəfael Dadaşov qayıtdı ki, əşşi, həmişəki işmizdi də, niyə təbrik eləyirsiniz?! Həmin an barmağımı dişlədim. Bu, yanlış fikirdi. Mən həmişə rol alanda sevinirəm. Teatrda məşqlərə bayram kimi hazırlaşıram. Həmin gün heç yerə getmirəm. Çəkiliş, səsyazma… Hamısını təxirə salıram. Bunu teatrın korifey aktyorlarından öyrənmişəm. Buna görə də işə münasibətim həmişə ciddi olub. Bu gün də səhnəyə çıxanda həyacanlanıram. Hətta birinci dəfəkindən daha çox. Əli Zeynalov vardı. Gözəl aktyorlarımızdan biri idi. Teatrda ikinci tamaşamda tərəf müqabili idik, babamı oynayırdı. Məşq zamanı hiss eləyirəm ki, rol alınmır. Dedim, Əli müəllim, alınmır. Dedi ki, paahhh! Narahat olma, hələ cavansan. Vaxt gələcək, belə rolları tum kimi çırtlayacaqsan. O vaxtdan 40 ildən çox keçib. Mən hələ də tum çırtlamağı bacarmıram. Bilmirəm, onlar necə eləyirdilər.

azlogos.eu

# 5996 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #