Əllərində sərinlik – bir məzar hədiyyəsi...

Əllərində sərinlik – bir məzar hədiyyəsi...
6 yanvar 2021
# 17:01

Bu gün Azərbaycan poeziyasının unudulmaz şairi Mikayıl Müşfiqin anım gündür. Kulis.az bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir

***

İştə səksən yaşında beli bükük bir qadın,
Aylar-illər bilmədən qırmış qolun, qanadın.
Zaman çəkmiş canına gözlərinin nurunu,
Ömrü almış əlindən qəlbinin sürurunu.
Vücudunun son bahar yarpağından fərqi yox,
Dodağında bir gülüş, bir qaynayan şərqi yox.
Çöhrəsində pərişan buludların var əksi,
Əllərində sərinlik – bir məzar hədiyyəsi...
Əmmiş uzun illərin baharını, qışını,
Məclislərin bulunmuş nəşəsində, qəmində.
Bürümüş ən nəhayət kölgələr baxışını,
İndi gəzər xəyalı məzarlıq aləmində...
O yenə yaşamaqdan bıkmamış, usanmamış,
O yorğun, o ziyasız, o qüvvətsiz, o qamış
Vücudilə yenə də ömür sürmək istiyor.
"Ah nə olur, bir az da gözlərim görsə!...” diyor.
Ey hənüz gəncliyimin dəmlərini yaşıyan,
Qəlbində qul dalğalı, çağlayanlar daşıyan.
O səksən yaşlı qadın yaşamaq istiyorkən
Bilməm niçin həyatdan uzaqlaşmadasın sən.

***

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

***

Ana dedim, ürəyimdə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda.
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, Ana !.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözal biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış.
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə,
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım.
Sızıldarkən, sanki bir səs qopub incə və titrək,
Bir lisanla söylüyor ki: – Mənə dəymə yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki, var beşiyinin üstündə,
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı,
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı ? - söyləsə,
Diyorum ki, – Qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan,
Bir müqəddəs, bir səmimi, əməlim var tapdığım.
İnandığım bir qiblə var, o da hər gün, hər zaman,
Yorulmayan qollarımla, düşünərək yapdığım.
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl.

***

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

***

Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!

***

Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!

Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!

Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!

Gurlayın, ilhamım, sənətim gurlasın!
Fırtınam, qasırğam, qüdrətim gurlasın!
Şimşəyim parlasın, zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!

***

Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!

Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!

Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!

# 4495 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #