2020-ci il nağılı

2020-ci il nağılı
31 dekabr 2020
# 11:00

Bizim keçən ilin nağılını danışacam sizə; bu o bildiyiniz bəsit, “biri var idi, biri yox idi”ylə başlayan, uşaqların üzündə təbəssüm yaradan nağıllardan deyil. Bu nağılda hər şey o qədər canlı və diri, həm də qeyri-adidir ki, oxuyanda gözlərin istər-istəməz böyüyüb hədəqəsindən çıxır. Özü də bu nağılda hamımız varıq, ötüb keçən şirinli və acılı xatirələrimizə əlimizlə toxunacaq qədər yaxınıq.

Bu nağıl bizim özümüzdən, ötüb keçən o qarmaqarışıq, baş aça bilmədiyimiz bir ilimizdən bəhs edir. Yaşadığımız o ilə baxanda, xatirələr kimi aydın küçələrində gəzişəndə o qədər təəccüblənirik ki, hərdən o köhnə ildə qaldığımızı düşünürük. Çünki bizim köhnə ilin nağılında bircə dinozavrlar həyatımıza təşrif buyurmadı, hələ ömrümüzdə heç vaxt bu qədər maraqlı, fərqli, eyni zamanda dəhşətli bir il görmədik. Sözü çox uzatmadan, 2020-ci ilin nağılına başlayaq deyirəm. Getdik...

Qışın soyuğunda yeni ildən qar gözləyənlərin gözü yollarda qaldı, qar bizdən qaçaq düşdü, uşaqlar qar adam düzəldə bilmədi, qar topu oynayıb dünyanın ən gözəl əyləncəsini yaşaya bilmədilər.

Üstündən bir az keçmiş qar yağdı, qələmlə çəkilmiş rəsmlərə bənzəyən qış mənzərəsinin üstünü ağ rəng bürüdü.

O günləri ölkəmizdə balaca bir qızın – Nərminin öldürülməsi hamımızı sarsıtdı. Günlərlə Nərminin öldürülməsi haqqında hərə bir söz dedi, cinayətkar axtarıldı, üzə çıxan bir qatilin sonradan günahsız olduğunu deyənlər tapıldı, məsələ uzandıqca uzandı...

Yanvar ayının sonlarına yaxın döyülən qadınlar yenə gündəm oldu, Əfsanə adlı bir xanımın həyat hekayətini oxuyub kədərləndik. O günləri başqa bir qızın toy günü boğularaq öldürüldüyü ortaya çıxdı. Toydan sonra evdə əri tərəfindən boğulan qızın taleyi sirli bir haləyə büründü.

Ardınca parlamanet seçkilərinin olacağı elan olundu, sosial mediada namizədlərin posterləri sərgiləndi. Namizədlərin “hərəyə bir nənə öpək” kampaniyası uğurla başa çatdı, günlərlə gündəmdən düşmədilər.

Dünyadakı qəzalar, ölümlər və yaralıların fonunda bizdə parlament seçkiləri keçirilirdi. Seçkilərdə maraqlı anlar yaşandı, iki seçicinin pərdə arxasına keçdiyi yerdə yayılan fotosu həmin günün ən maraqlı görüntüsü oldu. Büllütenləri topa şəkildə atan bir qocanın fotosu da gündəmdə öz yerini tutdu. Nəticələri ləğv olunan məntəqələr və namizədlərin etirazları da bu ayın ən maraqlı anları kimi yaddaşımıza yazıldı.

Koronovirus deyilən bir bəla da ölkəmizə təşrif buyurdu: Çində bir adamın yarasa yeməsindən sonra dünyanı ağuşuna alan bu bəla bizə bir İran vətəndaşı sayəsində gəlib çıxdı. Əvvəl-əvvəl gülüşlə, zarafatla, sonra isə yoluxmalarla, ölümlərlə yadda qalan korona, Covid -19 2020 nağılının ən önəmli personajına çevridi. Təzə-təzə apteklərə axınlar oldu, maska qıtlığı yaşandı, maskaların qiymət artımı hamını əsəbləşdirdi.

Həmin günlərdə qəribə bir hadisə də baş verdi. Bir-birini sevən və ailələri evliliyə razı olmayan iki gənc özünü Xəzər dənizinə atdı. Əvvəl qız özünü dənizə atıb, sevgilisini xilas etmək istəyən oğlan da onun ardınca. Qız suda boğularaq vəfat edib, oğlanı isə xilasedicilər dənizdən canlı çıxarıb.

O günlər İran Səhiyyə naziri müavinin koronavirusa yoluxması da hamını çaşdırmışdı. Nazir müavini İrəc Hərirçi keçirdiyi mətbuat konfransında virusun ən çox yayıldığı Qum şəhərində karantin tədbirlərini lazımsız sayaraq bunu keçmişdə qalmış metod adlandırmışdı. Səhiyyə nazir müavinin yoluxması hamını təşvişə saldı, o günlər həyatımıza məsafələr, maskalar, spirtlənmə kimi gigiyenik qaydalar girdi.

Elə həmin günlər Pakistandan çəyirtkə sürüsünün gələcəyi və bunun da korona kimi hamıya zərər verəcəyi açıqlandı. Çin də çəyirtkə sürüləri ilə mübarizə üçün Pakistana 100 min ördək göndərəcəyini bildirdi. Hər ördək gün ərzində 200-dən çox çəyirtkə yediyinə görə, bu məsələni kökündən həll edəcəyini zənn edən Çinin bu addımı və çəyirtkə sürüsünün hücumu bütün dünyanın yumor mövzusuna çevrildi.

Koronovirus çıxıb getmədi, ömrümüzə çökdü. Hər ölkədə müxtəlif tədbirlər görülülür və koronanın “başını əzmək” üçün müxtəlif üsullar tətbiq olunurdu. Bizdə “sarımsaq yeyin” deyib koronanı vecinə almayanların yanında Ruandada hökumət avtobus dayanacaqlarına səyyar əlüzyuyanlar yerləşdirməyə başladı. Avtobusa minmədən öncə və düşdükdən sonra hamı əllərini sabunlayıb yuyacaq, koronanın qarşısını alacaqdı.

Xalqımız virusu axır-məhşər kimi görüb marketlərə axın elədi, hələ sərt karantin tətbiq edilmədən əvvəl marketlərə cumub ev üçün lazimi ərzaqları alan və əslində korona üçün münbit şərait yaradan adamların şəkilləri sosial şəbəkələrdə bir göz qırpımında yayıldı.

Dünyada pandemiya elan olundu, karantin gəldi, qrup halında gəzmək, 65 yaşdan yuxarı olan insanlara evdən çıxmaq qadağan edildi, təhsil müəssisələrində tətil vaxtı uzadıldı, dərslərin aprelin 20-də başlanacağı söyləndi, ölkə ərazisində iri ticarət mərkəzlərinin, “Mall”larının fəaliyyəti, rayonlara giriş-çıxış dayandırıldı, ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olundu. Həmişə dolub-daşan, çığır-bağırı əskik olmayan Bakı küçələri boşaldıldı, hər şey işğaldan sonrakı vəziyyətə bənzədi. Bu günlər tək bizim ölkədən yox, dünyadan maraqlı fotolar paylaşıldı: korona ilə ironiya edib maska yerinə əleyhqaz taxanlar gözə dəydi, Hindistanda karantin qaydalarını pozaraq küçəyə çıxanlar dəyənəklə cəzalandırıldı, zibil atmağa çıxanların mübarizəsi komik şəkildə şərh edildi, bir sözlə, dünyamız film kimi günlərə start verdi.

Gallery

Virus sürətlə yayılmağa və canlar almağa başlayanda barmağımızı dişlədik, bir az düşündük, bəzilərimiz yenə “əşşi” dedi, bəzilərimiz isə qəm dəryasına daldı, bu xəstəliyi yenəcəyimizi, yenidən dünyanın gözəlləşəcəyini deyən insanlar da oldu.

Maska satışında yenə artım oldu, apteklərdə maska tapmaq müşkülə döndü. Sms-icazə tətbiq olundu. İnsanlar evdən çıxmır, günəmuzd işləyənlər üçün çətinliklər yaranırdı. İstanbulda bir məhəllədə ehtiyacı olanlar üçün yardım səbəti yaradıldı və üzərinə belə bir kağız yapışdırıldı: “İmkanı olan qoysun, ehtiyacı olan götürsün!”

Uzaqdan-uzağa yoluxanların sədası gəldi, inanmayanlar yenə inanmamağa davam etdi, bu arada korona da səssiz-səssiz evimizin içinə girmək üçün yollar axtardı. O günlər bu bəlanı başımıza ürcah edən Çində yeni bir bəyanat yayıldı: Kənd Təsərrüfatı Nazirliyi bildirdi ki, itlər və pişiklər bundan sonra ferma heyvanı olmaq statusundan çıxarılır və onlar ev heyvanı statusu qazanır. Yəni onların ətinə görə kəsilməsi prosesinə son qoyulur. Sən demə, Çində o qadağaya qədər hər il 10 milyon it ətinin satışından dolayı öldürülürmüş.

Karantin yumşaldılsa da, getdikcə hər yer, hər məkan tərk edilməyə başlayır, teatrlar, kinoteatrlar, kafelər, parklar boşalır, dünya insanları evlərinə doluşur və sosial şəbəkələrdə vaxt öldürməyə başlayırlar.

Karantin günlərində bir vətəndaşımız polisin sözünə baxmayaraq metroda maska taxmadığına görə 10 sutka həbs cəzası aldı. TƏBİB yaradıldı, toylar ləğv olundu. Bir ara açıq havada 5-10 nəfərlik toy söhbəti ortaya atıldı, lakin TƏBİB-in sözçüsü azərbaycanlıların toyunda 300-dən aşağı adamın olmayacağını deyərək toyların açılmasının risk yaradacağını qeyd etdi.

Koronaya görə dünyada tabut qıtlığı olan ölkələrin olduğu açıqlandı. Bizdə isə maraqlı bir hadisə yaşandı: “Azərişığın” əməkdaşlarına ov tüfəngindən atəş açıldı. Borclu olmadığını iddia edən kənd sakini mübahisəyə onlara atəş açmaqla son qoydu və əməkdaşlar arasında xəsarət alanlar oldu. Bu arada ölkəmizdə və dünyada yoluxanların sayı artdı. Amerikada koronaya yoluxan və 14 günə sağalan 103 yaşlı qarı isə sağalandan sonra pivə içmək istədiyini deyib, tibbi personal da onun istəyini yerinə yetirmişdi.

Ölkədə dərslər tədris ilinin sonunadək dayandırıldı. Karantin uzun çəkdi, hərə bir cür dəli oldu. Bir türk vətəndaşı yoldaşından boşandığını açıq-aşkar bildirən qəribə bir şey etdi: maşının üzərinə “ağlı olan evlənməsin, pulum qurtardı, arvadım getdi, boşandım qurtuldum” kimi şüarlar yazıb şəhər camaatına göstərdi.

Bakıda tələbə qız istəmədiyi bir adamla evlənməyə məcbur edildiyi üçün özünü binadan atdı. Gözəl qızın fotosu hamını şoka saldı.

Bu arada Biləsuvarda 4 ton at əti satan dəstə tutuldu, onlar bu əti ucuz qiymətə marketlərə satırmış. O günlər həftə sonları hər yer bağlandığı üçün millət çörək almaq üçün əməlli-başlı savaşa girdilər. Yenə küçələr kimsəsizləşdi, polislər və əsgərlər şəhərin yalnızlığında gəzinməyə başladılar. Qadağanı pozmağa çalışanlarla polis əməkdaşlarının arasında insident yarandı, günlərlə ölkə gündəmini bu mövzu zəbt etdi. Polisə zibil atan vətəndaş insanları iki yerə böldü: vətəndaşın tərəfini tutanlar, polisin tərəfini tutanlar. Həmin günlər Dağıstanda sərhəd keçid məntəqəsi ətrafında saxlanılan vətəndaşlarımızın yayılan şəkilləri də xeyli müzakirəyə səbəb oldu. Yenə ciddi karantin rejimi tətbiq olundu. Həmin günlər 190 manat məbləğində birdəfəlik ödəmə haqqında qərar da verildi. Ayın sonlarında vətəndaşların eyvanda mahnı oxuması və polislərə gül-çiçək atması videosu yayıldı. Daha sonra bu mahnının bir qrup gəncin oxuduğu ortaya çıxdı, onların əllərində kola və dönər tutub obyektivə gülümsəyən şəkilləri sosial şəbəkədə xeyli məşhurluq qazandı. Ara yerdə Zərdabda gizlicə toy edən şəxslər tutuldu və hərəsi 100 manat cərimə olundu. Bundan sonra cərimələrin məbləği artırıldı. O günlər Siyavuş Novruzovun bu sözləri də dodaqlarda gülüş yaratdı: “Koronovirusa inanmayanlar da cəzalandırılsın”.

General-mayor Polad Həşimovun və bir sıra hərbçimizin şəhid olması xəbəri bizi dərin hüznə qərq etdi. Kür çayının quruması məsələsi ortaya çıxdı. Bakıdan kəskin qoxular gəldiyini deyən adamlar sosial şəbəkələrdə bu qoxunun mənbəyini tapmağa çalışdı. 190 manat birdəfəlik ödəməni alıb hamısına qarpız alan və qarpızları partladan Yutuber etdiyi hərəkətə görə üzr istədi. Sosial şəbəkələrdə müharibə abu-havası duyulmağa başladı. O günlər Pərvin Abıyevanın şalvarının əyninə boş olması haqda mediada yayılan xəbər hamını qıcıqlandırdı. Tovuzda ermənilərin təxribat törətməyindən sonra ABŞ-da yaşayan radikal erməni daşnakları soydaşlarımıza hücum çəkdilər.

Bakı Nəqliyyat Agentliyi açıqlama verdi ki, bəs taksi qiymətləri çox ucuzdur, insanlar metrodan, avtobusdan istifadə etmir, 1 manatlıq taksilər ləğv edilsin. İlk dəfə pandemiya şərtlərinə cavab verən dərs günü keçirildi. Daha sonra koronanın yayılacağını düşünən nazirlik distant tədrisə keçid etdi. Onlayn dərslər zamanı baş verən maraqlı anlar videolarla sosial şəbəkələrə yayıldı. Sürücülük vəsiqəsi üçün imtahan verməyə gələn kişilərin şortiklə idarəyə buraxılmaması da ilin ən maraqlı müzakirələrindən biri oldu.

44 günlük Vətən Müharibəsi də ilin ən maraqlı hadisələrindən idi. Həm sevindik, həm göz yaşlarına büründük. Həmin günlər ölkədə internet məhdudlaşdırıldı, hamı VPN-dən istifadə etməyə başladı.

Torpaqlarımızın işğaldan azad olunma xəbərləri və prezidentin çıxışları o günlərin ən gözəl anlarıydı. Ermənilər tərəfindən Gəncəyə, Bərdəyə, Tərtərə atılan raketlər və ölən mülki şəxslər bütün ölkəni hüznə boğdu. Şuşanın işğaldan azad edilməsi yəqin ki, ilin ən gözəl xəbəri oldu. Müharibə dayandırıldı, üçtərəfli bəyənat imzalandı. Tarixdə ilk müharibədir ki, internet üzərindən bitdiyi bildirildi. Kəlbəcər, Ağdam, Laçın bizə qaytarıldı. Eyni zamanda illərdir əsirlikdə olan həmvətənlərimiz Vətənə qayıtdı. İllərdir həsrətində qaldığımız Qarabağ torpaqlarını videolarda, şəkillərdə görüb kövrəldik. Zəfər paradı keçirildi, 8 noyabr ölkədə Zəfər günü elan olundu.

Hələ də yəqin ki, o günləri yuxu kimi xatırlayırıq.

2783 Vətən müharibəsi şəhidi, yaralı əsgərlərin öz evlərinə qayıtması, hərbçilərin təltif olunması da ilin yaddaqalan hadisələrindən oldu.

Məşhur Cənubi Koreya rejissoru Kim Ki Duk vəfat etdi. Daha sonra əfsanəvi futbolçu Maradonanın, ölüm xəbəri futbolsevərləri dərin kədərə bürüdü.

Və ilin sonlarına qədər də pandemiya öz çirkli əllərini yaxamızdan çəkmədi. Artıq evimizə qədər girən və hamını qorxuya salan bu bəladan qurtulmağımız üçün dua etməkdən savayı bir çarəmiz qalmadı.

2020 nağılı burda sona çatdı, görək 2021-ci il bizə nə gətirəcək? Bircə o məşhur deyimdəki kimi olmasın: “Çətin günlər geridə qaldı, indi bizi daha çətin günlər gözləyir”.

Hamıya hüzur dolu, sevgi dolu bir il arzu edirik! Sağlıqlı, xəstəlikdən uzaq, bir-birimizə qucaqlaşmağın, yaxınlaşmağın qadağan olunmadığı bir il...

# 2595 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #