Darğanın qızını sevən keçəl - Eyvaz Əlləzoğlunun hekayəsi

Darğanın qızını sevən keçəl - Eyvaz Əlləzoğlunun hekayəsi
2 yanvar 2021
# 13:45

Kulis.az hər həftənin şənbə günü, saat 13-30-da mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlayacaq. Məqsəd 80-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən olan E.Əlləzoğlunu oxuculara daha yaxından tanıtmaqdır.

Növbəti hekayə: “Keçəlin darğanın qızına olan məhəbbəti və başına gələn qeyri-adi macəralar”

...Keçəl getdi, getdi bir çidarlı ata rast gəldi, çidarlı atı yəhərlədi, yüyənlədi, belinə minib çatdı.

Keçəl yalan demədi, yarğan demədi, çidarlı atın üstündə ayaq üzəngidə, diz qabırğada gəlib şəhər qapısının qabağına çıxdı, nə illah elədi qapını aça bilmədi, axırda durdu bir tərəfdə. Bir tacir gəldi qapının qabağında durdu: - Simsim, - dedi, qapı açıldı, tacir içəri girdi, bir dəllal gəldi: - Sim-sim, - dedi, qapı açıldı, dəllal girdi içəri, bir qazı gəldi: - Sim-sim, - dedi, qapı açıldı, qazı girdi içəri. Keçəl gəldi durdu qapının önündə: - Sim-sim, - dedi, qapı açılmadı, axırıncı dəfə: - Sim-sim, - dedi, qapı açılmadı. Keçəl qayıtdı geri, çidarlı atın puçunu burub qalxdı göyə, endi şəhərə.

Şəhər şəhər içindəydi, dərzi iynəsini saplayırdı, aşbaz düyüsünü arıtlayırdı, kəndirbaz kəndirin üstündə atılıb düşürdü, zurnaçı zurnasını çalırdı, züyçü züy tuturdu, nağılçı nağılını danışırdı, cəllad: “Babam mənə kor deyib, gələnə-gedənə vur deyib”—deyə qılıncını göydə oynadırdı.

Keçəl köhnə hamamın yanında qırx lotuya rast gəldi, lotular başladı Keçəli döyməyə. Keçəl birtəhər onların əlindən sürüşüb çııxdı, getdi bir dərvişə rast gəldi. Çiynində tutuquşu olan dərviş dodaqaltı vird oxuya-oxuya öz-özünə sual verdi: “Yaxşı nədir, yaman nə? Haqq qapısı nədir, nahaq qapısı nə? Oğru nədi, doğru nə?” Tutuquşu da bir ucdan aman vermədən “Qarr-daaş...Qarr-daaş...” deyə təkrar edirdi.

Keçəlin beyninə düşmüşdü, sözlər fırfıra kimi fırım-fırım fırlanırdı. “Qardaş - qara daş, bacı - soğandan acı, ata - köndələn yata, ana - oduna yana...”

Dərviş yeriyə-yeriyə gördü ki, Keçəl bayaqdan daban-dabana onu izləyir, kürkünə-bürkünə od düşdü, tez əfsun oxuyub oldu boz siçan, qaçıb girdi oyuğa.

Keçəl o yana baxdı, bu yana baxdı, gördü dərvişdən əsər-əlamət qalmayıb, təkcə tutuquşudu, göy üzündə uçur. Saplandı tutuquşunun arxasınca, orda tutuquşu, burda tutuquşu, axır gəlib çatdılar nar bağına. Bağ nə bağ: gül-gülü çağırır, bülbül-bülbülü. Dərviş də yaddan çıxdı, tutuquşu da. Keçəl hayıl-mayıl olub başladı bağı gəzməyə. Sən demə o gün darğanın qızı qırx incəbelli qızla nar bağına gəzməyə çıxıbmış. Keçəl baxdı gördü qız nə qız: qaşlar qara, gözlər qara, yanaqalar dağ laləsi kimi, qulac-qulac saçlar düşüb topuğa, əl nazik, tel nazik, bel nazik: zalım qızı ağaca baxır gülümsünür, daşa baxır gülümsünür. Keçəlin ağlı başından çıxdı, bir ürəkdən min ürəyə vuruldu darğanın qızına.

Qızlar əlində qaval, xonça tutmuşdular. Xonçada ağ-ağ, qırmızı-qırmızı noğul, diş-diş nabat, yumru-yumru almalar vardı. Qızlar xalçaları yerə sərdilər, xonçaları çəmənliyə düzdülər, qavalı əllərinə aldılar, başladılar çal-çağıra. Ortada oynayan boylu-buxunlu qız birdən yerində donub qaldı.

-Keçələ baxın, - dedi, - Keçələ...

Qırx incəbelli qız ürkək maral kimi səksənə ilə ətrafa döyükdü. Keçəl ağacların arasında durub başını aşağı salmışdı. Qırx incəbelli qızdan iki nəfər ayrıldı, Keçəli itələyib meydana saldılar.

Darğanın qızı əlini belinə qoydu:

-Hansımız gözəlik, a keçəl?—dedi.

-Məni alarsanmı, a Keçəl? - vəkilin qızı dedi.

Keçəlin dili-dodağı təpimişdi, bilmirdi kimə qulaq asa, kimə cavab verə.

-Keçəl yarıma dəyməyin, - tacirin ənnikli-kirşanlı qızı ortaya girdi, gözlərini süzdürə-süzdürə Keçələ baxdı.

Qırx incəbelli qız şaqqıldayıb güldü. Keçəlin də çar-naçar dodaqları qaçdı.

-Keçəlin şalvarı düşükdü, - qazının qızı dilləndi, sonra da mahnı oxuyurmuş kimi avazla: - Tumanı düşük Əhməd bəy.—dedi, - Tumanı düşük Əhməd bəy...

Dedilər, güldülər, kiridlər, hər şeyi yenidən başladılar.

-Keçələ özcüyəzim gedəcəm, - darğanın qızının dilinin üstündə dil bitmişdi, - çıxacağam küləfirəngiyə, hər axşam Keçəl yarımın yoluna baxacağam.

Vəzirin qızı çoxbilmiş idi, darğanın qızı danışdıqca Keçəlin qızarmağından, baxışını yayındırmağından hər şeyi başa düşürdüş

-Kiriyiz azz, - dedi, - Keçəl darğanın qızına vurulub. Amma bir sualım var, bildi... bildi... bilmədi... əlini qızdan üzsün.

-Bilməsə əlini üzsün! - Qızlar bir ağızdan qışqırdı.

- Bir quşum var bir belə, - vəzirin qızı əliylə havanı cızdı, - ayaqları bir belə, dimdiyi belə, gözləri bu boyda. Hey yeyir, hey doydum demir. Tap görüm, nədir?

Keçəl darğanın qızına qovuşmaq üçün alışıb yanırdı:

-Nədnə quşu! - deyə bağırdı.

- Nə? Nə? - Qızlar səs-səsə verdi.

- Nə yerdədir, nə göydə, nə ağdır, nə qara—dedi.

- O nə quşdur?—Vəzirin qızı soruşdu. Yer-yurdu haradadır?

Vəzirin qızı başını buladı.

- Tapmadı! Tapmadı!—Qızlar sevinclə atılıb düşdülər.

Darğanın qızının könlündən əylənmək, deyib-gülmək keçirdi.

- Bununla belə mən Keçələ gedəcəm, - dedi, qoy yaddar paxıllıqdan para-para olsun! Düşmənin əlinə qara xına yaxılsın! - Əl uzadıb xonçadan bir alma götürüb Keçələ atdı.

...Dünya şaqqıltıyla iki yerə paralandı, darğanın qızıyla Keçəl qırmızı bir dumanın arasında qaldılar. Qapılar, pəncərələr taybatay açıldı, şamlar, tonqallar yandı, iri-iri qoçların boynuna şirinlik taxdılar, qırx gün, qırx gecə toy oldu, barmaqlarına xına yaxıldı, zurnanın səsi yeddi ağaclıqdan eşidildi, kəhər atlarının kişnərtisi göyə dirəndi.

...Keçəl nar bağında selin-suyun içində, ağacların arasında durmuşdu. Şırram-şırram yağış yağırdı. Uzaqlarda, bağın dərinliyində xonçanı başına tutub qaçan qızların gülüşləri eşidilirdi.

Yağış elə yağırdı, elə yağırdı, tut ucundan göyə çıx. Bağda Keçəl idi, ağaclar, bir də Keçəlin ovcundakı qırmızı almaydı.

Yağış qəfildən başlandığı kimi qəfildən də kəsdi. Günəş buludların arasından göründü. Keçəl uzaqdan görünən gömgöy dağlara baxa-baxa bağdan çıxıb şəhərə üz qoydu.

Şəhərin girəcəyində bir bölük uşaq hamının künbəzinə söykənib durmuşdu. Uşaqların başçısı soruşdu:

- A Keçəl, göydə nə var?

Keçəl dedi:

- Göy muncuğu.

Uşaqların başçısı soruşdu:

- A Keçəl, yerdə nə var?

Keçəl dedi:

- Yer muncuğu.

Uşaqların biri böyürdən ciyilləndi:

Keçəl, keçəl, noxudu keçəl,

O biri palazqulaq uşaqda çırtıq vurub arxasını oxudu:

Pişiyi minib kəndə qaçar...

Keçəl gördü ki, bunların qəsdi onunla məzələnib gülməkdi, yerdən daş götürüb uşaqları daşladı.

...Bazarın qarşısında bığıburma kişilər xoruz döyüşdürürdü. Kəndirin üstündə kəndirbaz atılıb düşürdü. Sərrac, bəzzaz, misgər dükanları qatar-qatar düzülmüşdü. Hər yanda dəllaların səsi gəlirdi. Keçəlin bazarda alıb-verəcəyi yox idi, dəvələrdən dükana mal boşaltdıran tacirə baxırdı.

Kənarda əli qamçılı dayanmış darğa başından, gözündən didoya oxşayan keçəli gördü, qorxdu ki, əliuzunluq eləyib bir şey çırpışdırar: --Rədd ol, ə burdan, - dedi və deməyi ilə də Keçəlin süysünün dalına şillə çəkməyə bir oldu.

Qulağının dibindən yaylım atəşi tək açılan şillədən Keçəl səndələdi. Başqa vaxt olsaydı dabana tüpürüb qaçardı, amma darğanın qızının məhəbbətinin təpəriydi, nəydi, Keçəl irəli cumdu.

Darğanın üz-gözü heç vaxt ona belə mehriban, doğma görsənməmişdi, baxdı ki, darğa nə gəzir, zalım balası, nar bağında gəzən qızın atasıdır, darğa nə gəzir? Sonra darğanın üz-gözü uzandı, uzandı, dünyaya yayıldı, min-min darğanının qızının al yanağı oldu, badam gözü oldu, incə beli, nazik teli oldu, nar bağında nazlana-nazlana gülə-çiçəyə gülümsündü. Keçəlin yumruqları on pudluq daş olub çiyinlərindən asıldı, göy-göy nar bağına, darğanın qızının üstünə getdi. Qulağının dibinə dəyən yumruq Keçəli nar bağından səkiyə yıxdı.

Keçəl ayılanda gördü ki, göy daşın üstündə carçı: - Ay Əhməd tacirə nökər olan, - deyib car çəkir, tacir tayfası ilə arası olmasa da özünü verdi carçının yanına ki, nökər deyirsən, nökər mən.

Göy daşın üstündə dayanmış Əhməd tacir Keçəlin bir ayağına baxdı, bir başına baxdı, işarə elədi ki, arxamca gəl.

Bazar dünya malı ilə dolu idi. Keçəl dünya malına arxa çevirdi. Zibillikdə bir pişik yeyib özünü günə verirdi. Keçəl pişiyin toxluğunu içinə bağladı, üz-gözünü süzdü, daban aldı tacirin arxasınca. Yeri ha yeri, gəlib çıxdılar bir saraya. Bu saray min bir otaq qırx pilləkən idi, bir qapının qıfılı qırx qapıya vurulmuşdu. Göy zil kimi, zincir kimiydi. Əhməd tacir Keçələ paltar verdi, nökərlərini çağırıb dedi:

- Çalxanmamış nehrədən, ərinməmiş yağ gətirin, sacayaqsız ocaqda, altsız qazanda xörək bişirin.

Nökərlər baş endirib getdilər.

Keçəlin təzə işi lap asan idi, hər gün xoruz banlamamışdan, günorta azanından və axşam yeməyindən sonra Əhməd tacirə min kərə “bəli” deməliydi.

Əhməd tacir hər qapıdan girəndı hay eləyirdi, bazarda adamların yükünü yükünə tay eləyirdi, qayıdıb bir qazanın çalasını yüz qazana tökürdü, bir budaqda oturub min budağı silkələyirdi, geclər qoynundan bir alma çıxarır, sehr oxuyub almanı on beş yaşlı qız eləyir, onunla qol-boyun olub yatırdı.

Bir ay on gün hər şey qaydası ilə getməyə başladı, amma genlərin bir günündə keçəlin Əhməd tacirə dediyi “bəli”lər gecələr yatdığı otağın tavanına yığılıb bir-bir başına düşməyə başladı: bəli dınq... bəli dınq... bəli dınq, bəli dınq... Keçəlin yuxusu gözündən qaçdı. Bir beş, on beş, axır gecələr başına yağan “bəli” sözündən ürəyinə bir xal düşdü. Xal böyüyüb sual oldu, sual böyüyüb ac bir əjdaha oldu, başladı Keçəli dünyaya, dünyanı Keçələ bağlayan telləri söküb yeməyə. Axır-axırda Keçəlin içindən dərin bir quyu açıldı, nə əvvəli vardı, nə axırı.

Əhməd tacir arif adam idi. Hiss etdi ki, Keçəl “bəli” deyəndə dilini sürüyüb, yanıb yaxılıdı ki, yetim-yesirə kömək elə, əlini çörəyə çatdır, axırda da belə. Onu başından əkmək üçün bir xeyli düşünüb daşındı, axırda gizlindən səs saldı ki, Keçəlin keçəlliyi keçməlidir.

Əhməd tacirin nökərləri bu xəbəri eşidəndə Keçəldən qara yaradan, qızdırmaqdan qaçan kimi qaçmağa başladılar. Keçəli dünyada heç nə yenəmməzdi. Əhməd tacirin böhtanı, adamların dönüklüyü Keçəli yendi, xəstələnib yorğan-döşəyə düşdü.

Keçəlin nənəsi bildiyi dava-dərmanın hamısını elədisə də nəvəsi sağalmadı ki, sağalmadı. Nəhayət, qarı soraqlaşa-soraqlaşa gedib yeddi qardaş dağında yaşayan loğmanı tapdı.

Loğman Keçəlin nəbzini əlinə alıb yoxladı, sonra ona bir gül iylətdi. Keçəl ən əvvəl darğanın nar bağında gəzən qızının müşk-ənbər qoxusunu duydu, sonra ürəyi bulandı, sapand, paslı qılınc qırığı, bazar xalqının adətlərini, darğanın vurduğu şilləni, Əhməd tacirin qılıqlı üzünü, bir neçə yırtıq “bəli” sözünü qusdu, oldu sappasaq oğlan. Loğman Keçələ bir badə uzatdı, Keçəl başına badəni çəkdi: - Ay nənə, dağarcığımı hazırla, – dedi - səfərim var, gözümə yol görünür.

Nənəsi çox dedi, Keçəl az eşitdi, çırıqlarının ipini bərkidib yola düzəldi, az getdi, üz getdi, dərə-təpə düz getdi, iynə yarımlıq yoldan sonra gəlib bir şəhərə çıxdı. Bu şəhərdə evlərin hamısı köndələn idi. Adamlar kor atı minib köndələn çapırdı. Hamı ocağı keçirib küllünnən oynayırdı. Şəhər xalqı o gün qaradinməz oyunu oynadığından Keçəl kimə yaxınlaşıb nə soruşdusa, dillənib ona cavab verən olmadı.

Keçəl patavalarını bərkitdi, üz qoydu çöllü biyabana, bir mənzil, iki mənzil gəlib çıxdı ayrı bir şəhərə. Bu şəhərin adı var idi, özü yox idi, küçəsi var idi, evi yox idi, evi var idi, qapısı yox idi, qapısı var idi, bacası yox idi, hər yandan adam-badam iyisi gəlirdi, amma inni-cinni görsənmirdi. Həm də bu sükut sükutun içindəydi, sükut sükuta söykənmişdi, sükut sükuta bitişmişdi, sükut sükuta sütun idi, iri-iri möhtəşəm saraylar sükutun içində bir tikə olmuşdular. Keçəlin sükutdan qulaqlarlı güyüldədi, elə bil hər çiynindən dağ ağırlığında daşlar asılmışdı, dözə bilməyib gücü gəldikcə bağırdı, səsi içində əks-səda verdi. Keçəl yorulmuşdu. Söyüd ağacının dibində otlayan qatırı qovub kölgəliyə uzandı.

...İliyə işləyən soyuq küəl əsirdi. Keçəlin üstündə üç-dörd arvad ağı deyib ağlayırdı. Yuxudan hövlank oyananda gördü ki, arvad-zad nə gəzir, üç dörd qara qarğa onu ölmüş bilib başının üstünü kəsdirib. Ovcuna daş yığıb qarğaları daşlamağa başladı, nə qədər daş atdısa, hamısı qayıdıb öz topuğuna dəydi.

İrəlidə ölü göl vardı, suyun üzündə bir sandıq üzürdü. Keçəl özünü vurdu suya, sandığı çıxardı quyuya, qapağını yenicə aralamışdı ki, bir göyərçin sandığın içindən qanad çalıb qalxdı göyə. Keçəl başa düşdü ki, nə hikmət varsa göyərçindədir, saplandı göyərçinin dalınca, dərə demədi, təpə demədi, qaç ki, qaçasan! Gəlib çıxdılar bir sarayın qapısına. Bu saray min bir pilləkən, qırx bir otaqdan ibarət idi. Sarayın qapısının üstündən iri bir qəfəs asılmışdı. Göyərçin girdi qəfəsə. Keçəl nə qədər yuxarı dırmaşdısa da əli qəfəsə çatmadı, çar-naçar aşağı düşüb başladı otaqları gəzməyə. Birinci otaqda süd, ikinci otaqda oyuncaq, çörək, kitab, üçüncü otaqda qızılgül, qılınc, beşik, dördüncü otaqda kotan, pul, çarıq, beşinci otaqda şərab, zurna, təsbeh, əsa vardı. Keçəl südü içdi, oyuncaqlarla oynadı, çörəyi yedi, kitabı oxudu, qırmızı gülü qoxladı - ..nar bağından darğanın qızı Keçələ baxıb gülümsündü... - qılıncı qurşadı, beşiyi yırğaladı... - darğanın qızı bu vaxt qızının oğlundan olan körpəsinə layla çalırdı. “Layla dedim yatasan, qızılgülə batasan...” - kotanın dəstəyindən tutub yeri şumladı, mis pulu xərclədi, çarığı geydi, şərabı içdi, zurnanı çaldı - əlləri, ayaqları durub oynadı - təsbehi çevirdi, əsanı əlinə aldı. Keçəl belə-belə gəlib çıxdı qırxıncı otağa. Qırxıncı otaqda qara bir tabut vardı. Keçəl tabuta yaxın getmədi.

Qırx birinci otaqda bir qucaq lüt söz vardı. Keçəl də söz acıydı, dizi üstə çöküb lüt sözləri içinə yığırdı ki, göydən bir əl enib onun başına yağlı bir qapaz saldı: Keçəl bu ilmi ölübsən, bildirmi, tir-tap düşdü üzü üstə yerə. Ayıldanda gördü ki, bir güllü-çiçəkli çəmənlikdə, qırxıncı otaqdakı tabutun bütün içinə uzanıb, amma bu dəfə tabutdan eymənmədi, tabut necə də rahat, yumşaq imiş.Tabuta uzanmaq həm də Keçəlin xoşuna gəldi, buradan göy üzü necə gözəl görünürmüş, ilahi...Hər yan gömgöy mavi idi, topa-topa ağ buludlar tərpənməz durmuşdu.Göy üzündə durnalar uçurdu. Keçəlin yadına uşaqlığı düşmüşdü,çayın sahilində beşdaş oynayırdı...sonra yadına darğanın qızı düşdü; darğanın qızı qırx incəbelli qızla nar bağında gəzirdi.Bir cüt göz başının üstündə bayaqdan bir yumub on beş tökdü. Göz yaşı ılıq idi, isti idi. Keçəl: - Ağlama, ay ana, - dedi, - görünür mənim alnıma da bu cür yazılıbnış.

Birdən saniyənin milyonda bir anında göy üzü yer üzündən aralanmağa başladı: bütün çaylar, kollar, meşələr, kəndlər fırlandı, dağlar, daşlar silkələndi. Keçəl buludlardan aşağıda dayanıb əlcəkli bir ovucun içindən ona baxan ölümü gördü, tez tabutdan atılıb qaçmağa başladı.

...Keçəlin qoynundakı lüt sözlər ağırlaşmışdı, iynə kimi ona batırdı. Azca fikirləşəndən sonra yol kənarında bir quyu qazdı, sinəsindəkilərin hamısını quyuya boşaltdı, quyunun ağzını yenicə torpaqlayıb ayağa qalxmışdı ki, quyudan bir ot cücərib çıxdı, ot başladı boy atıb böyüməyə, bir qarış, iki qarış, ot dönüb oldu qamış, qamış başladı böyüməyə, bir qarış, iki qarış, qamış dönüb oldu ağac, ağac başladı böyüməyə, bir qarış, iki qarış, ağac dönüb oldu dəmir, dəmir nazildi, dönüb oldu iti bir qılınc, sapından üzülüb gəlib durdu kürəyində. Keçəl bir addım atdı, iki addım atdı, baxdı gördü ki, qılınc dabanbasaraq arxasınca gəlir. Anladı ki, bundan sonra dilinə gələn lüt sözləri geri yuvarlatmasa işi bitib.

Keçəl evlərinə qayıdanda heç nə dəyişilməmişdi, təkcə şəhərə təzə darğa qoymuşdular. Yeni darğa həm arif idi, həm naşı, həm düzlük tərəfdarıydı, həm əyrilik, həm oğurluq, həm doğruluq. Nə isə, bu darğa həkət darğa idi.

Dəvə Vəli köhnə hamamda dəlləklik eləyirdi. Səlim bazarda hamıya and içirdi ki, qarışqa ilə çay keçib. Əhməd tacir sarayında oturub aşsüzənlə dovğa içirdi. Bazarda kəndirbaz kəndirin üstündə atılıb düşürdü, zurnaçılar zurnasını çalırdı, züyçülər züy tuturdu.

Uşaqlar Keçəli görəndə sevindilər, soruşdular ki, a Keçəl, hardan gəlib hara gedirsən. Keçəl bir istədi deyə gordan gəlib gora gedirəm, amma kürəyinin arxasındakı qılıncən soyuğunu duyub cıqqırığını çıxarmadı.

Kəkilli uşaq soruşdu:

-A Keçəl, göydə nə var?

Keçəl dedi:

-Yer muncuğu.

Kəkilsiz uşaq soruşdu:

-A Keçəl, yerdə nə var?

Keçəl dedi:

-Yer muncuğu.

Uşaqlar dişlərini ağarda-ağarda bir ağızdan oxudular:

Keçəl, Keçəl, noxudu keçəl
Pişiyi minib kəndə qaçar.

Keçəl dinməz-söyləməz oradan uzaqlaşdı.

Lotular köhnə hamamın kalafalığında aşıq-aşıq oynayırdılar. Addım səsindən bildilər ki, Keçəl gəlir, gülləri tabaqda oynadı: Aşığı gizlədib ayağa durdular, çoxdan idi ki, Keçəlnən məzələşib ayınlarını açmırdılar.

Lotubaşı Keçələ bir şillə tutuzdurdu. Keçək o biri üzünü çevirdi, lotubaşı ikinci şillə vurmaq üçün qolunu qaldırdı, amma qolu eləcə havada qaldı.

Keçəl dönüb gələndə lotular köhnə hamamın yanında durub onun donqarlanmış belinə baxırdılar.

-Keçəli cin dəyişib!

-Keçəli cin dəyişib!

Uğultu adamların arasından sazaq kimi keçib gedirdi.

Keçəl bir neçə gün şəhərdə boş-boşuna dolaşandan sonra daxmalarının küncündə pas atmış kotanı eşələyib tapdı, atasının arxalığını geyindi, papağını başına qoydu, öküzləri qabağına qatıb cütə getdi.

Keçəl öküzləri tərsinə qoşdu, özü də kotanın dəstəyindən tərsinə tutdu, yeri tərsinə əkib, tərsinə buğda səpdi. O ilisi gözünüz yamanlıq görməsin, keçəlin zəmisi yaxşı taxıl gətirdi, sünbüllər ağırlıqdan başlarını yerə əydilər.

Keçəl buğda zəmisinin içinə uzanıb göyə baxırdı və göyə baxa-baxa kürəyinin arxasındakı gözəgörünməz qılıncın soyuqluğunu duyurdu.

Buğda zəmisindən sünbüllərin qupquru qoxusu gəlirdi, bu qoxu həm torpağın, həm də günəşin qoxusuydu. Qılınc durub gözləyirdi ki, Keçəl lüt sözlərdən birini dilinə gətirəcək, o da Keçəli iki yerə bölüb cəhənnəmə vasil edəcək. Keçəl buğda zəmisində uzanıb göy üzünə baxırdı. Göy üzündə bulud da vardı, günəş də: nə ölüm görsənmirdi, nə tanrı. Keçəl buğda zəmisinə uzanıb göy üzünə gülümsünürdü, qılıncın soyuğuna gülümsünürdü. Bu vaxt göyün yeddinci qatından simurğ quşları keçib gedirdi.

# 2368 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #