news-inner
clock17:02 calendar-gray 23 Dekabr 2020 view-gray743 dəfə oxunub
view-gray743 dəfə oxunub

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - Reportaj

APA -nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən "Şahbulaq qalası və uydurma Tiqranakert" reportajını təqdim edirik:

Bu da Şahbulaq kəndi... Şahbulaqda Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi qala yerləşir. Kəndin də, qalanın adı yaxınlığındakı gursulu bulağın adından götürülüb.

Ermənilər Qarabağın guya onların qədim torpaqları olduğunu sübut etmək üçün burada genişmiqyaslı qazıntılar başlatmış və guya qədim Tiqranakert şəhərinin qalıqlarını aşkar etmişdilər. Buna görə də bu ərazilər ermənilər üçün çox önəmli sayılırdı. Bu üzdən Şahbulağa pul xərcləməkdə xəsislik etmirdilər, tikib-düzəldirlər. Bəs necə, bura gələn xaricilərə nəsə göstərmək üçün şərait də yaratmalısan axı. Yolboyu gördüyümüz dağıntılardan sonra birdən qabağımıza dəmir torla hasarlı, şamlığın içində bir qala çıxır.

Qalanın başında Azərbaycan bayrağı dalğalanır...

Gallery

2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edilib. Erməni alimləri burada aparılan qazıntıların nəticəsi olaraq iddia ediblər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Bundan sonra Şahbulaq qalasının qalıqları üzərində Tiqranakert muzeyini inşa ediblər. Təbii ki, Pənahəli xanın tikdirdiyi qalanın tarixiliyinə xələl gətirməklə...

Qalanın əsas divarlarından əsər-əlamət qalmayıb. Görünür, ermənilər muzeyi qəsdən qala divarlarının qalıqları üzərində inşa ediblər ki, tariximizi silsinlər. Lakin bir şeyi unudublar ki, onların sementlə-qumla silməyə çalışdıqları tarixi ordumuz silah gücünə bərpa edib.

Əsas girişdən keçib muzeyin həyətinə daxil oluruq. Həyətin ortasında hovuz, skamyalar, bir neçə ağac var. Hələ müharibənin qızğın vaxtında erməni arxeoloqlar muzeydəki eksponatları, təbii ki, Şahbulaq ərazisində aparılan qazıntılar zamanı aşkar olunanmaterialları Ermənistana daşıyırdılar, muzeyi talan edirdilər, gedərayaq da oğurluqlarından qalmırdılar.

Muzeyi gəzirik. Şahbulaqda arxeoloji qazıntılar aparılması ilə bağlı erməni və ingilis dillərində yazılı plakatlar, müxtəlif broşurlar, etiketajlar, bilet kağızları, məlumat lövhələri hara gəldi atılıb, eksponatların sərgiləndiyi şüşə vitrinlərin, ekspozisiya altlıqlarının, kürsülərin çoxu aşırılıb. Hər tərəf dağınıq vəziyyətdədir. Yerdən tapdığımız etiketajların üzərindəki yazılardan məlum olur ki, eksponatlar çox qədim dövrlərə aid olub.

Qalanın bürclərindən baxanda arxeoloji qazıntı aparılan yerlərin bəziləri aydın görünür. Lakin hərbi dillə desək oraların “təmiz” olub-olmadığına əmin olmadığımız üçün yaxınlaşmırıq. Qalanın aşağısında yerləşən bulağa düşürük.

Kilsə, yoxsa məscid?..

Bulağın qarşısındakı ağaclığa daş döşənib, park salınıb. Vaxtı ilə azərbaycanlıların dincəldiyi bu yerlərdə ermənilər özləri üçün şərait qurublarmış. Düz dağın ətəyində, ağacların içində tikili var. Kilsəyə oxşayır. Tikiliyə bitişik hovuz var, qayaların, tikilinin altından qaynayan bulağın suyu hovuza dolur, ordan digər hovuza keçir və irəlidəki çəmənliyin içi ilə axıb düzə yayılır. Hovuzlar yarıdağılmış vəziyyətdədi, içini yosun basıb, görkəmi qarşısındakı parkın gözəlliyi ilə tərs mütənasibdir.

Gallery

Kilsəyə oxşayan tikili Şahbulaq məscididir. Məscid qala ilə eyni dövrdə Pənahəli xan tərəfindən inşa edilib. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən günbəz şəklində tamamlanıb, bayır tərəfdən isə günbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örtüyü iki yamaclı formaya salınıb. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün olub. Yəqin tikilinin memarı inşa zamanı bölgədəki Alban abidələrinin memarlığını əsas götürüb.

Görünür, zahirən kilsəyə bənzədiyindən ermənilər bu abidəyə toxunmayıblar. Əksinə məscidin divarlarındakı oyuqlarda yandırılmış şamların izi vardı. Bura gəlməmişdən qabaq oxuduğum mənbələrdə qeyd olunurdu ki, Şahbulaq qalası yenidən inşa edilərək, kilsə kimi istifadə edilib. Çox güman ki, məhz bu tikili nəzərdə tutulub. Çünki nə qalada, nə də yaxınlıqda kilsəyə rast gəldik. Elə kilsəyə bənzədiyi üçün ermənilər dağıtmayıb, içində şam yandırıb, dua ediblər, lakin mənə görə əslində növbəti dəfə tarixi saxtalaşdıraraq Şahbulaq məscidini erməni kilsəsinə çevirmək üçün zəmin hazırlayırmışlar.

Bunlar mənim fikirlərimdir.Lakin hörmətli alim Bayram Quliyev bir az fərqli fikirləşir: “Şahbulaq Alban Məbədi VI-VIII yüzilliklərə aiddir. Xristianlığın Azərbaycanın şimal hissəsində gec yayıldığını nəzərə alsaq, məbədin göz önündən kənarda tikilməsi normal durumdur. Çox güman ki, Səfəvilər zamanında da nəzərlərdən uzaq qalan məbəd Qarabağ xanlığı zamanında bir az dəyişikliyə məruz qalıb, məbədə 3 tağlı eyvan əlavə olunub. Lakin bu həmin abidənin məscid olduğunu söyləməyə əsas vermir”.

Gallery

Sakitlikdir. Düzü adam buralardan heç getmək istəmir. Düşünəndə ki, belə füsunkar bir yer 30 il yaxın müddətdə ermənilərin əsarətində qalıb, bu bulaqdan ermənilər su içib, bu ağacların altında dincəliblər, düzü, məyus olmamaq mümkün deyil, amma bir təsəlli də var ki, buralar yenidən öz əvvəlki gözəlliyini qazanacaq, bu yerlərin həqiqi sahibləri təzədən bura gəzməyə gələcək, burda dincələn uşaqların səs-küyü, böyüklərin şirin gülüşlərinə, xoş avazlarına qarışacaq.

Qızıl Kəngərlidəki türbə

Yolun solu ilə yanımız boyu bitib-tükənməyən daş hasar uzanır. “Vaxtilə Ağdam həbsxanası olub”, - deyir bələdçimiz. Həbsxanadan sonra gələn iri istixananın isə bütün şüşələri sındırılıb. Qızıl Kəngərlidə Ağdamın digər yerlərinə baxanda evlər salamatdır. Həyət-bacalardan yetişmiş xurmalar boylanır. Ermənilər Ağdamı təhvil verəndə Qızıl Kəngərlidəki evlərin çoxunu yandırıblar.

Kəndin içində ləngimədən Qızıl Kəngərli Türbəsi tərəfə yollanırıq.

Bu da Qızıl Kəngərli Türbəsi. Sapsarı otların arasında tarixə və düşmənə meydan oxuyurcasına dik dayanıb. Maşını saxlayıb aralıdanca şəklini çəkirik.

Türbə memarlıq üslubu baxımdan XIV əsrə aiddir. Əsas gövdəsi səkkiz guşəlidir ki, bu, dövrün memarlıq ənənələrindən qaynaqlanır, yuxarı hissəsi isə konusvaridir.B. Quliyevin fikrincə türbənin bir sərdabənin üzərində inşa olunduğunu ehtimal etmək olar: “Çünki XIII-XIV əsrlər türbələri bu formada inşa edilirdi. Qaynaqlarda türbənin kimə aid olması göstərilmədiyi üçün dəqiq bir şey söyləmək mümkün deyil. Lakin o dövrdə İslamın zəifləməsindən qaynaqlanan sufizmin geniş yayıldığını da göz önündə tutaraq sufizmi yayan əsas şeyxə aid olduğunu ehtimal etmək olar. Çünki bu dövrdə bütün türbələr bu cür şeyxlər üçün tikilərdi. Onlardan bəzilərinin adı qaynaqlarda qalsa da, bir çoxu haqqında məlumata rast gəlinmir”.

Uzaqdan rus sülhməramlılarının yük maşını görünür. Siqnal verə-verə bizə tərəf şütüyür, yəni yoldan çıxın deyir. Sürücümüz avtomobili yoldan çıxarır, elə biz də kənara çəkilirik. Yük maşını yanımızdan keçib sülhməramlıların nəzarətində olan yerə tərəf gedir. Maşın təpənin dalında yox olana kimi arxasınca baxırıq...

Daha Qızıl Kəngərlidə işimiz qalmayıb, yekunlaşdırıb qayıdırıq.Yolumuz Abdal Gülablıyadır. Səxavət Məmmədovun qəbrini ziyarətə gedirik...

(ardı var)

Davamında oxuyun: Ermənilərin saldığı nar bağları, Gülablı kəndindəki salamat evlər, Səxavət Məmmədovun qəbrinin axtarışında, Abdal qəbiristanlığında 9 yaşlı qızın məzarı, Üstünə latın qrafikası ilə “Allah” yazılmış məscid...

Oxşar xəbərlər

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021