news-inner
clock15:50 calendar-gray 03 Fevral 2021 view-gray939 dəfə oxunub
view-gray939 dəfə oxunub

"Nəsimi" mükafatı alan çağdaş hekayəmiz: Eybəcər

Kulis.az yazıçı Samirə Əşrəfin IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində “Ən yaxşı hekayə” nominasiyası üzrə birinci yerə layiq görülən “Eybəcər” hekayəsini təqdim edir.

Yeddi il əvvəl bitirdiyim universitetin yaxınlığında bir mağaza vardı. Mağazanın qapısının üstündə, çərçivədə qırmızı boya ilə “Xatirə” sözü yazılmışdı. Qırmızı rəngi xatirələrə heç cür yaraşdıra bilmirdim. Keçmiş mənim gözümə həmişə ağ-qara rənglərdə görünürdü. Görünür, dükanın yiyəsi keçmişi bu günlə uzlaşdırmaq istəmişdi.

Evdə çoxdan yığılıb qalmış bir xeyli köhnə dəbli paltar vardı. Bazar günü vaxt tapıb köhnə paltarları həmin dükana təhvil verməyə apardım.

Mağazaya girəndə adamı ötən əlli ilin havası vururdu. Köhnə paltarlar, otuz-qırx il əvvəlin bəzək-düzəyi, köhnə qoxular...
Mağazanın yiyəsi yaşına görə mağazadakı əşyaların dəblərini görmüş adam idi. O, açıq xurmayı rəngli, laklı stolun arxasında əyləşib yetmişinci illərin qəzetini oxuyurdu. Müdirin oturduğu yerdən azca aralı köhnə musiqi valları olan dolab yerləşdirilmişdi. Ortaboy bir oğlan üzü dolaba dayanıb əlində tutduğu valın üstünə yapışdırılmış kağızda yazılanları oxuyurdu. Mən divarboyu asılmış paltarlara baxırdım. Səksəninci illərin dəbilə tikilmiş, ətəyi güpürlü ağ qadın paltarı anamın gəlinliyini xatırladırdı.

Bu vaxtı həmin oğlan mənə yaxınlaşdı.

Bir də onda ayıldım ki, zəndlə mənim üzümə baxır.

- Tanımadın məni?

- ???

- Neçə il bir məktəbə gedib gəlmişik...

- Eybəcər?!

Onu baxışlarından tanıdım.

Bir ayrı adam olmuşdu. Bərbad danışığından, kələ-kötür sifətindən, əyri ayaqlarından əsər qalmamışdı.

- Gör neçə il keçib!...

- On səkkiz ildi Moskvadayam.

Nə isə soruşmağıma macal vermədi.

- Qaçqın düşəndən sonra dayım məni həkimə göstərmək üçün Moskvaya apardı. Sonra qalıb dayımın yanında işləyəsi oldum.

- Oğulan-uşaqdan nəyin var?

- Dayım qızıyla evləndim. İki qızımız var. Böyüyüblər. Qayıtmaq istəyirəm. Burdan ev almışam. Yerbəyer eliyəndən sonra gedib uşaqları da gətirəcəm.

Sonra bir az susduq. Ötən zamanların sözü-söhbəti çox olduğundan, onu bu dar macala sığışdıra bilmirdik.

- Natiq nə işlə məşuldu? Yaxşıdırmı?

Qardaşımı soruşurdu.

Bozumtul gözlərini üzümə dikib, çoxdan aralı düşdüyü uzaq keçmişindən təzə xəbər gözləyirdi. Bilmirəm, bu anda mənim yadıma düşənləri o da xatırlayırdımı?...

...Həmişə viran qoyulmuş evimiz, ölüb getmiş illərimiz, ayağımızın altından qaçmış torpağımız yadıma düşəndə, onun yerə sərilmiş əyri-üyrü qaraltısı gözümün önündə canlanırdı.

Qardaşım soyuqqanlı, adamayovuşmaz olsa da, keçmişinə bağlı idi. Uşaqlıqdan, olub keçənlərdən danışanda, Eybəcəri də yada saldığımız az olmamışdı.

Bacı-qardaş bir sinifdə oxuyurduq. Qardaşım mənim ilk dostum, həm məktəb, həm yol yoldaşım idi. Evimizlə məktəbin arasındakı yarım saatlıq yolu hər səhər bir gedib, bir qayıdarıq.

O biri yol yoldaşımız hamının “Eybəcər” dediyi həmin bu Asif idi. Uşaqlar çörək yeyəndə onun üzünə baxmamağa çalışırdılar, dili də ayağı kimi axsayırdı. Yol gedəndə, yıxılmamaq üçün əməlli-başlı əziyyət çəkirdi. İl on iki ay məktəbə çantasız gəlirdi. Dərs vaxtı başını partaya qoyub yuxulayırdı. Hər dərs ilinin sonunda müəllimlər bir sınıq-salxaq “3” yazıb onu sinifdən-sinifə keçirirdilər.

Qardaşım hara getsə, onu özü ilə aparırdı. Dərsdən çıxanda evə birgə qayıdırdıq.

Əmimgilin evi yolumuzun üstündə idi. Əmim uşaqlarının istiqanlı nənəsi arabir biz bacı-qardaşı yoldan eləyib, darağı görsənən əlləri ilə ovcumuza tut qurusu, kişmiş tökərdi. Natiq, həmişə payını Asiflə yarı bölərdi.

Dekabrın sazaqlı günlərinin birində üçlükdə dərsdən çıxıb evə gəlirdik. Yol boyu onlar, öz aralarında yeni çıxmış velosiped haqqında danışırdılar. Sonra Eybəcər, Moskvadan onlara qonaq gələn, dayısının alıb gətirdiyi hədiyyələrdən danışmağa başladı. İkimiz də Eybəcərə heyranlıqla qulaq asırdıq. Həmin anda onun qüsurları gözümüzə görünmürdü, elə bil Moskvadan gələn Eybəcərin dayısı yox, özüydü. Bizi daha da heyrətləndirmək üçün dayısının aldığı çantanı açıb içindəki dəftərləri, rəngli karandaşları yolun ortasında bir-bir bizə göstərməyə başladı. Ən axırda o, bahalı qələmi göstərdi. Dəmir örtüklü qızılı qələm mənim də, qardaşımın da çox xoşuna gəldi. Eybəcər qələmi ürəklə qardaşıma bağışladı. Hərçənd Natiq, o qələmi az-az işlədirdi, qıymırdı.

Yeni il yaxınlaşırdı. Bayramın gəlişinə uşaqlardan başqa, heç kim sevinmirdi. Rayondakı yüksəkliklərindən atılan topların səsi gecələrimizi haram eləmişdi. Hər gün, ölüm xəbərləri alırdıq.

Belə günlərin birində səhər dərsə yollandıq. Məktəbin həyətində hərbi maşınlar sıralama düzülmüşdü. Əsgərlər əl-qollarını ölçə-ölçə həyəcanla nəsə danışırdılar. Az sonra hər şey məlum oldu: cəbhədə vəziyyət ağırlaşdığından, Bakıdan köməyə çoxlu hərbçi gəlmişdi. Gələnlərin bir qismini bizim məktəbə yerləşdirmişdilər. Ona görə də bizi ibtidai siniflər olan qanada köçürdülər. Ertəsi gündən dərsimiz günorta başlayacaqdı. Bu gün dərs keçilmədiyindən oğlanlar bayırda söhbətləşirdilər. Birdən bərk hay-küy eşitdik. Qızlara qoşulub bayıra çıxanda gördüklərimə inanmadım: qardaşımla, Eybəcər əlbəyaxa olmuşdular. Müəllim onları ayıranda Eybəcərin burnundan qan damırdı. Qardaşım toz-torpaq içinə çabalayan Eybəcərin bir az da əzilmiş üz-gözünə baxıb dedi:

- Yolunu düz gedə bilmir, mənimlə söz döyüşdürür.

Bunun ardınca o, Asifi ilk dəfə adı ilə yox, ləqəbilə çağırdı.Həmin gün evə ikilikdə qayıtdıq.

Dava kimin qohumlarının cəbhəyə gedib-getməməsi üstündə düşmüşdü. Eybəcər oğlanların yanında cəbhədə döyüşən qohumlarının sayı ilə öyünəndə bizim xarici ölkələrdə qulluq eləyən, dar gündə vətənin dadına çatmayan qohumlarımıza eyham vurmuşdu. Qardaşım da qınaqdan qurtarmağın ayrı yolunu tapmayıb yumruğunu işə salmışdı.

Eybəcər neçə dəfə barışmağa çalışsa da, qardaşım onu saya salmadı. Onsuz da heç kəsin yoldaşlıq eləmədiyi Eybəcər indi lap tək qalmışdı. Bir dəfə biz dərsdən qayıdanda, onun da bizim arxamızca gəldiyini gördüm. Mən, ayaq saxlayıb onu gözlədim. Qardaşım da dayanmağa məcbur oldu. Eybəcər sevincək bizə çatdı. Yolboyu danışmadan gedirdik. Birdən çantamın qulpu qırıldı, çanta əlimdən yerə düşdü. Eybəcər çantanı yerdən götürüb, aralı qalmış dəmir halqanı çantanın ilgəyinə keçirib sıxmağa çalışırdı. Soyuqdan bənövşəyi rəngə çalan barmaqlarının ucu titrəyirdi. Bunu görən qardaşım çantanı onun əlindən hirslə alıb dedi:

- Sənlik deyil.

Bundan sonra Eybəcər bizə yaxınlaşmadı. Ta o məktəbdən sonuncu dönüşümüzə qədər...

Birinci dərs bitdi. Zəng çalındı. Bundan sonra cəbr dərsinə girəsi idik. Oğlanlı-qızlı yeməkxanaya toplaşmışdıq. Zəng vurulanda son tikələrimizi yavanlıq eləyib sinfə qaçdıq. Müəllim eynəyi gözünə taxıb kitabı vərəqləyirdi. Onun arvadı dörd il əvvəl yel xəstəliyindən ölmüşdü. Bu müddətdə tək yaşadığından müəllimin nə huşu, nə də hövsələsi qalmışdı. Özü də çox vasvası adam idi.

Dərsi başa salandan sonra müəllim sinfə diqqətlə göz gəzbirib yerinə keçdi. Uşaqların başı verilən tapşırığı yerinə yetirməyə qarışmışdı Birdən müəllim hamımızı fikirdən ayırdı:

- Uşaqlar, mənim qələmimi görməmisiniz.

Hamımız döyükdük.

Bunu görən müəllim çantasını masanın üstünə boşaltdı. Qələm üzə çıxmadı. Kimsədən səs çıxmadıqca cəbr müəllimi bir az da əsəbləşirdi. Sonra bir-bir hamıya yaxınlaşıb çantalarımızı yoxlamağa başladı. Qardaşımla mən üçüncü cərgədə əyləşirdik. Dörd nəfərdən sonra növbə bizə çatdı.

Müəllim əlini qardaşımın çantasına salıb-çıxaranda Eybəcərin qardaşıma bağışladığı qələm əlində gəldi. O, qəzəb dolu heyrətlə gözlərini qardaşımın üzünə zillədi.

Qardaşım da matdım-matdım müəllimin üzünə baxırdı.

Onun günahsız baxışları müəllimi bir az da coşdurdu.

- Mənim qələmim sənin çantanda nə gəzir?

- Müəllim, öz qələmimdi.

Müəllim bu səfər başını yelləyib, dişlərini qıcadı.

- Yalan deyirsən! Bu qələmi mənə Asif bağışlayıb. Ona da dayısı Moskvadan alıb gətirib.

Natiq, tez dilləndi:

- Müəllim, mənə də Eybəcər bağışlayıb. Bunu deyib, küncə qısnanmışmış gözlərilə Eybəcəri axtardı.

Eybəcər lap axırıncı partada otururdu.

Müəllim qəzəblə üz-gözünü qırışdırıb ona sarı baxdı. Sinfə səssizlik çökmüşdü. Hamı onların arasındakı ədavəti bildiyindən işin sonunu maraqla gözləyirdi

Müəllim Eybəcəri qaldırıb soruşdu:

- Düz deyir?

Eybəcər yerindən duranacan həm qardaşımla, həm də mənimlə göz-gözə gəldi. Sonra müəllimn əlindəki qələmə baxa-baxa dedi.

- Bəli.

Həmin gün evə üçlükdə qayıtdıq. Yolboyu susduq. Eybəcər tez-tez köks ötürüb nəsə demək istəyirdi. Amma axıracan da deyə bilmədi.

Qardaşım da ona mərdliyinin əvəzini qaytara bilmədi. Yəqin sözünü bir başqa vaxta saxlamışdı. Amma həmin vaxt gəlmədi...

Ertəsi gün dərsə gələndə məktəbin darvazasını bağlı gördük. Məktəbimiz bütünlüklə hərbiçilərə verilmişdi. Elə o gündən, o saatdan da sinif yoldaşlarımızdan ayrı düşdük...

Eybəcərin səsi məni düşüncələrimdən ayırdı.

- Niyə dinmirsən? Olmaya Natiqin başına bir iş gəlib?

- Universiteti yarımçıq qoyub cəbhəyə getdi. Ayağını itirdi. İndi protez ayaqla hərlənir. Beynindən zədə almışdı. Danışanda kəkəliyir. Ancaq yaddaşı dipdiridi. Deyir, kaş ayağımı itirincə, yadaşımı itirəydim.

Eybəcər divardan asılmış köhnə dəbli kişi şalvarlarına diqqətlə baxdı. Elə bil, o şalvarların ayağında güllə yeri axtarırdı. Gətirdiyim paltarları mağazaya təhvil verdim. Küçəyə çıxanda Eybəcər Natiqlə görüşmək istədiyini dedi. Mən razılaşmadım.

Onunla sağollaşanda telefon nömrəsini yazıb mənə verdi:

- Nə kömək lazım olsa xəbər elə.

Beş-altı addım atandan sonra dayanıb geri döndüm. Eybəcərliyindən əsər-əlamət qalmamış Eybəcəri öz adı ilə çağırdım:

- Bilirsən, Natiq həmişə deyir ki, Eybəcərin borcunu qaytara bilmədim. Özünə dərd eləyir... Yenə beş-altı addım atandan sonra dönüb bir də arxaya baxdım. Eybəcər üzü o yana gedə-gedə dəsmalı ilə gözlərini silirdi.

Oxşar xəbərlər

Xəbər lenti

Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021
Qaldırdı ürəyim ağ bayrağını – Yeni şeirlər
17:01 26 İyul 2021
Şeirlərimiz ispandilli saytda
16:15 26 İyul 2021
Türkiyədə Nizamiyə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
15:25 26 İyul 2021
Simran Qədimdən yeni hekayə: Labirint
14:55 26 İyul 2021
Ağrının yaddaş ömrü
14:00 26 İyul 2021
Gənc şair Tərcümə Mərkəzini sərt tənqid etdi: “Bunun bircə adı var...”
13:21 26 İyul 2021
Əkrəm Əylisli: “Anar və Elçinlə birlikdə ona ağlayardım ki...” – Müsahibə
12:57 26 İyul 2021
“Oyaq gözəl” yenidən səhnədə
12:06 26 İyul 2021
Rasim Qaracadan qeyri-adi roman onluğu: Anar, Mirələmov...
11:30 26 İyul 2021
Filmimiz Sarayevo festivalının rəsmi proqramında
10:44 26 İyul 2021