writer1

Mehman Qaraxanoğlu

Məqalə sayı

48
clock16:28 calendar-gray 04 Dekabr 2020 view-gray4853 dəfə oxunub
view-gray4853 dəfə oxunub

Vətən yaxşıdır

Mehman Qaraxanoğlu

Vətən yaxşıdır

(Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna...)

Müharibə “bitib”...

Müharibə davam edir...

Müharibə bizim Alın Yazımızdır!

“Kimə nəyi, necə və nə qədər verdiyini” Uca Tanrı çox gözəl bilir; yeraltı, yerüstü sərvətlər və sonsuz gözəlliklər müqabilində azğın düşmənlərin torpağımıza hər an diş qıcardıb caynaq uzadacağını bilən O bizə həm də Əbədi Müqəddəs Savaş əta etmişdir.

Gözəllik və Savaş!

Hər ikisini Əmanət kimi sonrakı nəsillərə ötürməliyik...

Şəhid Xudayar Yusifzadənin mahnısı da bunu deyir bizə! Bəlkə də bu mahnı çilçıraqlı geniş konsert salonlarının birində oxunsaydı, adama bu qədər təsir edib yandırmazdı. Məhz indi, bugünkü “yeni Azərbaycan reallıqları” içərisindən mahnı ikinci həyatını yaşamağa üz tutub gedir. Şəhidlərimizlə birgə...

Şəhid Xudayar Yuzifzadəyə qədər bu mahnını kimlər oxuyub?

Sözləri Əliağa Vahid, musiqisi Əlibaba Məmmədovun olan sözügedən mahnını ilk dəfə bəstəçinin özü oxuyub. Böyük Əlibaba Məmmədovun səsində inam, qətiyyət və sevgi vardır.

2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında mahnı qəribə bir yanğı ilə müşaiyət olunur. Müğənninin həyat tarixçəsini vərəqləyəndə yanğının arxeologiyası məlum olur; Ağdamdan, işğal olunmuş Səxavət Məmmədovun kəndindən yol alıb gəlir bu yanğı...

Son illərin “tapıntısı” olan müğənni Pərvanə Əmiraslanlı da mahnını özünəməxsus bir şəkildə oxuyur. Ən gənc Leylilərimizdən olan müğənninin səsində “ritmik” bir ağrı vardır.

Ötən əsrin 80-ci illərində yeni musiqi dalğasının başında duran Eyyub Yaqubovun ifasında mahnı fərqli çalarlar qazanır.

Babək Niftəliyev, Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynovun ifasında klassik üslub bir qədər “irəli” keçir...

Və təbii ki, mahnını başqaları da oxuyub və günü bu gün də oxuyurlar...

Şəhid Xudayar Yusifzadə də oxuyur. (Mən “Şəhid” sözünü onun adının böyründə hər dəfə yazacağam. Çünki məhz “Şəhid” kəlməsi o ad və soyadı özü ilə dumanlı dağlarımızın arxasına aparıb müqəddəs ruhlar arasında “azdıra” bilər. Buna nədənsə çox inanıram)

Şəhid Xudayar oxuyur:

Dumanlı dağların başında durdum...

Kadrdan görünür ki, o, həqiqətən, dumanlı dağlar başındadır.

Dumandan özümə bir xeymə qurdum.

Dumandan qurulan xeymənin (simvolik “çadır”ın!) ömrü nə qədər ola bilər ki?! Az, lap az... Amma şəhid Xudayar öz səsiylə sanki o xeymənin əbədiliyinə zəmanət verir. Elə bil o xeyməni “səfil-amanat” kimi doğulduğu kəndə gətirib müsafir çadırı kimi özü üçün qurur. Adamlar belə dumanlı-günəşli çadır görməmişdilər...

Keçdi xəyalımdam öz gözəl yurdum.

Nəzərləri avtomatik uzaqlara dikilir. Sinəsinə sıxdığı avtomat da sanki bir az qalxıb dikəlir. Bu yerdə Xudayarın üzündəki o xırda “dibsiz” çökəklik nəhəng bir kahaya çevrilib keçmişi, indini və gələcəyi durdurur, heç birisi keçmir, daha doğrusu, keçə bilmir, hər üç zaman “farağat!” dayanıb zadəgancasına əvvəl Xudayarın şipşirin xəyalına yol verir, ardınca da yurd yerləri gəlib keçir; arın-arxayın, xatircəm...

Dumanlar başımda dastana döndü.

Şəhid Xudayarım, sən mahnının ikicə sözünü dəyişməklə nə elədiyinin fərqinə vardınmı?! Sən dumanları eyninə almadan onları dastana çevirib, Üçrəngli Bayrağımız kimi yüksəltdin! Heç zaman enməyən Xalq Ruhunun qarşısında mənfur düşmənin duruş gətirə bilməyəcəyini, lazım gələrsə, dumanları belə çox rahat bir şəkildə, gülə-gülə şüurunda dastana çevirə biləcəyini kürri-aləmə bəyan etdin. Bu, qorxu və xofun öldüyü məqamdır. Düşmənin canına vəlvələ salan da məhz bu oldu!

Əliağa Vahiddə:

Dumanlar içində duman görünür.

Əlibaba Məmmədovda:

Dumanlar başımda duman göründü.

Şəhid Xudayar Yusifzadədə:

Dumanlar başımda dastana döndü.

Mahnının bu sözlərini oxuyarkən çönüb telefon kamerasına baxan şəhid Xudayarın sifətini təkrar-təkrar seyr edin. Belə masştabda təbəssüm görmüsünüzmü?! Bircə “dəli-dolu” an lazımdı ki, o təbəssüm qarşısıalınmaz selə-gülüşə çevrilib, Vətənin hər bir qarışını öz ağuşuna alsın. Sadəcə, ifa etdiyi mahnının məsuliyyəti ona “mane olur...”

Şəhid Xudayarım, sən o mahnıda ən vacib dəyişikliyi etdin! Sən Azərbaycan tarixinin ən böyük simvolik redaktorlarından birisən! Onsuz da müharibəyə qədər çox-çox mental xəstəliklərimizin redaktəyə ehtiyacı olduğunu huşyarlarımız bilirdi. Bilirəm ki, bundan şair baban Əliağa Vahid də inciməz. Oxuyursan:

Deyirlər bülbülə çəmən yaxşıdır.

Şəhid Vətən bülbülü, Sən də bilirdin ki, belədir...

İnsan üçün laləzar vətən yaxşıdır.

Əlbəttə, Vətən yaxşıdır! Şəhid Xudayarım, yadındamı bu bayatı?!

Əzizim vətən yaxşı,Geyməyə kətan yaxşı. Gəzməyə qərib ölkə. Ölməyə vətən yaxşı.

Şəhid Xudayarım, həyat dolu səsin və nurlu təbəssümünlə sübut etdin ki, gəzməyə də, ölməyə də Vətən yaxşıdır.

Vahid, sorma vətən nədən yaxşıdır.

Bu yerdə səsin tirəyir. Az qala yalvarmaq istəyirsən ki, Vətənin nədən yaxşı olduğunu sormayın, siz Allah sormayın.

Adı gəlcək könlüm dastana döndü...

Mahnının sözlərində yenidən dəyişiklik elədin! Xəbərin oldumu? Yenə “dastan” sözü, ey dastan yazan şəhid Xudayarım...

Orijinalında isə belədir: “Adı gəlcək könlüm xəndan görünür”. Ustad Əlibaba Məmmədov da bu cür oxuyur.

Şəhid Xudayarım, sənin üzündəki o xırda nurlu çökəkliyə Vətənin bütün dağları, daşları, çayları sığa bilər... Pıqqıltı ilə qaynayan sular məhz oradan torpağın üzünə qalxır...

Xəbərib varmı?!

Sənin üzün Vətən Əmanətidir...

İgidlərimiz Vətənin hər qarışına Üçrəngli Bayrağımızla birgə sənin sevgi dolu məsum Təbəssümünü sancmalıdır!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:30 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021
Gecə qəfil evimə gələn qaradərili oğlan – Azər Əhmədovun qısa hekayələri
17:11 25 Yanvar 2021
Afaq Məsud Meksika səfiri ilə görüşdü
16:47 25 Yanvar 2021
Azərbaycanlı bəstəkar haqqında kitab çap edildi
16:33 25 Yanvar 2021
Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə qonorardan istifadə qaydası
15:55 25 Yanvar 2021
Atamın Qarabağda qalan əlləri – Hekayə
15:17 25 Yanvar 2021
Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
14:37 25 Yanvar 2021
Beynəlxalq ədəbiyyat mükafatının qalibi bəlli oldu
13:58 25 Yanvar 2021
Türk aktyor evində ölü tapıldı
13:15 25 Yanvar 2021
2020-ci ildə Azərbaycanda ən çox satılan 10 kitab - Siyahı
12:34 25 Yanvar 2021