writer1

Seyfəddin Hüseynli

Məqalə sayı

24
clock12:03 calendar-gray 14 Dekabr 2012 view-gray2065 dəfə oxunub
view-gray2065 dəfə oxunub

İçalat qəribliyə düşəndə...

Bağdad tərəflərdən, başıbəlalı Kərbəladan İstanbula bəzi-bəzi səslər gəlirdi arada. O zəif, boğuq, xırıltılı sədalar “səltənət əleyhinə fikirlər” daşıyıb gətirirdi özüylə. Məsələn, Sultanın ünvanına elə bir kəskin töhmət, açıq sataşma eşidilirdi ki, bu gün Türkiyə Böyük Millət Məclisinin CHP-li üzvü Muharrem İnce o sataşmanı baş nazir Tayyip Erdoğana yönəltsə, AKP Qrupunun cavab üçün söz alan başqan vəkilləri reqlamenti alt-üst edər, saatlarla kürsüdən düşməzlər.

Həm də Erdoğanın çox israrla Türkiyəni “başqanlıq sistemi”nə keçirməyə çalışdığı, “sultan olmaq istəyir” tipli qınaqlara tuş olduğu, indiki gərgin dönəmdə. Lap deyək ki, millət vəkili kimi, kürsü toxunulmazlığı haqqına güvənən Muharrem bəy İnce-incə, usta-usta sataşar baş nazirə, sonra da sığınar Cumhuriyyət qanunlarının verdiyi imtiyazlara. Bəs şairlər? Onlar neyləyərlər? İndinin sayılıb-seçilən, sözünün başına ip salınacaq qədər ciddi qəbul olunan şairlərinin hansının gücü, hünəri çatar bu sayaq aşkar töhməti, birbaşa sataşmanı yazıb üzə çıxarmağa:

Ey olub sultan, deyən ”dünyada məndən qeyri yox”,

Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

O zamanın adamları Sultan adıyla, hətta Sultanlar Sultanı qismində bircə şəxsi tanıyıb qəbul edirdilər - Qanuni Süleymanı. Bu beytdə isə, Sultan qismində xitab olunan kəsin ünvanına “Sən özünü cüğd – bayquş bil, dünyanı da viranə hesab elə!” ağırlığında tükürpədici bir tənə tuşlanmışdı...

* * *

Belə bilinir ki, 10 illik fasilədən, “yata-yata yanları ağrıyandan” sonra yenidən qalxıb səfərə çıxanda - itaətsizliyə meylli Avstriyanın üzərinə yeriyəndə Osmanlı sultanlarının onuncusu olan 71 yaşlı Birinci Süleymanın taxt-taca yiyə durmasından 45 il keçirmiş. O ərəfədə səltənətdə işlər qarışıq, vəziyyət qəlizmiş. “Əcdadların çağırışı”na davamlı hay verməyə öyrəncəli olan orduda, ən çox da yeniçərilər arasında narazılıq dalğası, “Sultanın qocalıb heydən düşdüyü, padşahlığa yaramadığı” haqda dedi-qodu yayıldığından, vəziri-əzəm (“Uzun” ləqəbiylə də tanınan) Sokullu Mehmet Paşa dərin təşviş içindəymiş. Sultanın o məşum yürüşdə şəxsən iştirakına da Sokullu Paşanın təşəbbüsü kimi baxılır: hökmdar haqqında “yaş yetmiş, iş bitmiş” tipli şayiələri dağıtmaq niyyətindəymiş tədbirli vəzir.

Bəlkə də qoca Qanuni Süleymanın özü də səfərə həvəs göstərib. Ola bilsin, “damarlarındakı əsil qan” Sultanı ahıl vaxtında da yerindən oynadırmış. Ya da, dünyadan köçünü çəkəndə cah-cəlallı sarayında yox, hökmdar çadırında, taxt üstündə yox, at belində olmağı arzulayır, onu “candan usandıran” hərəmlərin arasında, nazbalışda yox, bahadırlarının yanında “qırağını qatlamaq” istəyirmiş. Bu güman daha əsaslı görünür. Nədən ki, adına “nikris”, “gut”, “damla”, indilərdəsə ən çox “podaqra” deyilən məşum xəstəlik (taxt-tac kimi, bu azar da ona əcdadından keçmişdi) “əmr-fərman dinləmədən”, padşahın oynaqlarını gecə-gündüz hey sızladır, get-gedə də şiddətlənirmiş.

Bu misralar da bəlkə o sızıltılı gecələrin birindən yadigar qalıb:

Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi.

Səltənət dedikləri ancaq cahan qovğasıdır,

Olmaya bəxtü səadət dünyada vəhdət kimi...

Olsa qumlar sayısınca ömrünə həddü ədəd,

Gəlməyə bu şişeyi-çərx içrə bir saət kimi...

Ağır-ağrılı xəstəliyin şiddəti yüksəldikcə Sultanın o “Fəxri-Adəm və Qibleyi-Aləm” sayılan Möhtəşəm başının gora doğru titrəyişi də artırmış...

Titrəyiş Macar torpaqlarında, xeyli müddət mühasirədə saxlanılan Zigetvar qalasının alınmasına cəmi 4-5 saat qalmış, Sultanın amanını qıran iflicdən sonra birdəfəlik kəsilir. 46 il ərzində neçə məmləkət fəth edən, neçə hökmdarı sarayından, taxtından perik salan Sultan Süleyman sonuncu zəfərini - “Məni canımdan elədi bu qala! Görüm onu odlara qalana!” sözlərilə qarğadığı Zigetvarın bürclərində Osmanlı bayraqlarının dalğalanmasını görə bilmir.

Vəzir Mehmet Paşa təkcə mahir siyasətçi deyil, həm də əsil dövlət adamı olduğunu o sarsıntılı məqamda parlaqlıqla nümayiş etdirir. Ordu düşkünlüyə, məyusluğa qapılmasın, səltənətə vəlvələ düşməsin deyə, Sultanın vəfatını, ən yaxın 10-15 nəfər istisna olmaqla, hamıdan gizli saxlayır. Taxt-tacın varisi Şahzadə Səlimin təcili özünü yetirməsi üçün paytaxta xəbər yollayır. Padşahın cəsədini tezcə çürüyüb-iylənməkdən qorumaq məqsədilə (cənazəni İstanbula çatdırmaq həftələr istəyirdi), yanındakı həkimlərin məsləhəti, ali ruhanilərin razılığı üzrə, mərhumun iç orqanlarını çıxartdırıb, şəriət üsulunca, mümkün kamali-ehtiramla orada dəfn etdirir. Cəsədin qalan hissəsini dərmanladıb, yüngülvari mumiyaladan, Zigetvarın təhvil-təslimi, zəfərin mütəvazi qaydada qeyd edilməsilə bağlı zəruri tədbirlər gördürən Sokullu Mehmet Paşa cənazə karvanının İstanbula doğru yola düzəlməsi barədə əmr verir. Şahzadə Səlim matəm qafiləsini Belqradda qarşılayır.

Beləcə, zamanında dünyanın tək sultanı olmasıyla seçilən Qanuni Süleymanın son mənzilə gedən yolu haçalanıb ikiləşir: cəsədinin içi Macar torpaqlarında qalır, çölü isə paytaxta aparılıb, İstanbuldakı Süleymaniyyə Camisinin həyətində dəfn edilir.

Taxta çıxandan sonra İkinci (“Sərxoş”) Səlim hər iki məzarın üstündə - həm Süleymaniyyənin həyətində, həm də Zigetvar civarında - atasının Möhtəşəm adına layiq türbə ucaltdırır.

Macar torpaqlarından Osmanlı ayağı çəkildikcə Möhtəşəmə aid türbə tez-tez zərbə altına düşür, axırda tamam dağıdılır. Zigetvarda bir müddət əvvəl açılan Macarıstan-Türkiyə Dostluq Parkı da Sultan Süleymanın həqiqi yox, rəmzi məzarı ətrafında, yer üzündən silinmiş türbəsinin təxmin olunan həndəvərində salınıb.

Son illər xəbər yayılmışdı ki, beynəlxalq tərkibli bir arxeoloji ekspedisiya heyəti Zigetvar tərəflərdə Qanuni Süleymanın içalatının – 440 il əvvəl oralarda dəfn edilmiş daxili orqanlarının axtarışına çıxıb. İnsafən, xeyli əziyyət çəkib, əməlli-başlı qazıntı aparmışdılar da. O heyətdəkilərdən kimsə: “Hansı dəliyə göstərsən bu dəlmə-deşiyi, bizi hoydu-hoyduya götürər” - deyib, öz yoldaşlarını “perspektivsiz qazma işləri”ndən çəkindirməyə çalışıbmı? Bilinmir. Amma ekspedisiyaya qoşulmayan bir alimin məsələyə hardasa “Bu sevdalar boşuna, indiyə içalat-filan qalmaz” şəklində reaksiya verdiyi bəllidir.

Yəqin, düz də eləmişdi. Axı, Sultanın içalatının qəribliyə düşməsinin də səbəbi məhz elə cəsədin daxilindəkilərin çox tez xarab olması, qısa müddətdə əriyib-çürüməsiydi: o hesabla, indiyə içalatmı qalardı?!

Bir də ki, ürəyini bütünlüklə Xürrəmə bağışlamış, ciyərparaları sayılan oğullarını, nəvələrini işgəncəylə öldürtmüş qoca Sültan ömrünün axır-uxuruna “iç” adında nəsə aparıb çıxarmışdımı?!

* * *

“İçi”ylə “çölü”nün dəfn edildiyi o iki qəbir öz yerində, Sultan Süleymanla bağlılığı olan bir mənəvi məzar, bir xəyali türbə də var: Zigetvardan da, İstanbuldan da minlərlə kilometr uzaqda. Həm də toz-torpaq içində, daş-çınqıl altında yox, göylərdə - İraq səmalarında. Dünya yaranandan bəri İraq göylərindən nalə-fəryad sədaları əskik deyil. İndi, 450 ildən atıqdır, İraq səmalarındakı nalələrin arasında bir Füzuli ahı da var. O ahın içərisində Qanuni Süleymanın ədalətinə, insaf-mərhəmətinə Şair Füzulinin ümidi, inam-etibarı “dəfn olunub”.

Ey Füzuli, navəki-ahimlə aldım intiqam,

Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana.

* * *

...Bağlanıb verməz Muhibbi dari-dünyaya könül,

Anın üçün kim, bilir anı: zaval üstündədir...

Sultan Süleyman bu misraları, yəqin ki, hökmdar olduğunu unuda bildikcə unudub, şeiriyyət aləminə baş vurmaq istədiyi dəmlərdə, ya danaxoşluq üstələyəndə, “dünyanın bir çürük qoza dəymədiyi” barədə düşüncələrə daldığı məqamlarda yazmışdı (bəlkə də diktə etmişdi). Qəlbinin, beyninin qapılarını maddiyyata qapayıb, mənəviyyata açmağa çalışdığı – şair Muhibbiyə çevrildiyi anlarda...

Amma o, “cahan qovğası”na çoxdan düşmüş, “dari-dünyaya” hələ anası Hafizə Sultanın bətninə düşəndən bağlanmışdı. Çünki, öz vaxtının təbirincə, “Sultani-səlatini-zaman, xəlifeyi-islam, neçə diyarın sultanı və padşahı, həzrəti Sultan Bayəzidin oğlu Sultan Səlim Xanın oğlu" idi...

Sultanlıq kimi, şairlik də ata-babasından qalmışdı ona. Mənbələr – təzkirələr şahiddir ki, İkinci Muraddan (1421-1451) üzübəri əksər Osmanlı sultanları, şahzadələri – Fateh Ikinci Mehmet, İkinci Bayəzid, Cem Sultan, Qorqud Sultan, Sultan Səlim ədəbi yaradıcılıqla məşğul olur, şeirlər yazırmışlar. Kimisi davamlı, ardıcıl, kimisi də arabir, “keyfi gələndə”. Ancaq məhsuldarlığı ilə seçilənlər, divan bağlayanlar da olub aralarında. Bu boyda irs-bünövrənin üzərində dura-dura, “şair olub şeir yazmamaq” sultanlığın da, Süleymanlığın də şəninə yaraşmazdı, əlbəttə. Oldu da, yazdı da. Güman ki, sultanlığın, “hünkar”lığın verdiyi heybət, zəhm şeirlərinə də köçüb hürküdücü təsir oyatmasın deyə, yumşaq, “ilıq” bir təxəllüs seçmişdi: Muhibbi - “ünsiyyətcil”, “suyuşirin”, “canayaxın”, “dostluğa meylli”...

* * *

Dövrün yek-yeganə Sultanına, Cahan Padşahına “cüğd” – “bayquş” deyə səslənmək?! “Bayquş söhbəti”nin üstünə, ondan təxminən 350 il əvvəl, Nizami də gəlmişdi, Nuşirəvan şahla əlaqədar bir əhvalatda. Amma o hara, bu hara! Orda bayquşların söhbəti hökmdara gendən-genə bir ibrət mənbəyi kimi qeyd olunurdu, burda isə, düppədüz, Sultani-Zamanın özü bayquşa tay tutulurdu.

Qulağına çat(dırıl)an kimi Sultanın qeyzdən titrəyən dodaqlarının arasından mütləq bu vahiməli hayqırtı çıxmalıydı: “Dərhal kəlləsi gedə! Tez boynu vurula!..”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020