writer1

Cavanşir Yusifli

Məqalə sayı

62
clock11:27 calendar-gray 12 Oktyabr 2020 view-gray677 dəfə oxunub
view-gray677 dəfə oxunub

Döyüşlərlə Vətən yenidən yaradılır

Kulis.az tənqidçi Cavanşir Yusiflinin “Formanın müqəddəs sirri - gözləmək” essesini təqdim edir.

Vətən müharibəsində insanın bütün hisləri bir nöqtəyə cəmlənir, xüsusən övladını cəbhəyə yola salan insanların. Ədəbi mətnlərdə bunun min bir nümunəsi var, özü də necə: mətndə hər şey hislərin dərinliyini ifadə etmək, poetizmdən qaça-qaça ən dərin poetik mənzərə yaratmaq, metaforalardan qaça-qaça ərazinin bu formul və ifadələrdən aşıb-daşması...

Başqa bir ayrıntı da var: bədii mətndə elə bir struktur, elə bir ifadə tərzi önə çıxır ki, insanın ən mərhəm hisləri, ən ümidsiz gözləntisi, ən qəddar arzusu, ən uzaqdakı hədəfi... bir-birinə maksimum şəkildə yaxınlaşır, qarışır və insanı yaşaya bilməyəcəyi gələcəyin də qonağı edir.

Gözləntidən yazılan mətnlər dəhşətli hislərdən yoğrulur və onların enerjisini bir qəlibə doldurub bir hədəf nişan alınarsa hər şey bəlkə də kökündən sarsılar, yerlə yeksan olar...

Bu tipli bədii mətnlərdə baxıb görürsən ki, hər şey çox gözəl və zərifdir, incə və birbaşa ürəkdən gələn duyğulardır, daha heç bir vaxt bu qədər dəqiq və gözəl ifadələr tapmaq mümkün olmazdı, ancaq... bu gözəl və dəqiq ifadələrin arxa planı göz yaşı, hicran, çəkilməz dərdlərlə doludur.

Bu gözəl, ürəkləri ovsunlayan ifadələrin arxa planında analar var, cəbhədə atılan güllələr onların yol çəkən gözlərinə dəyir (Bəxtiyar Vahabzadə) ... Ən çətini, ən dəhşətlisi budur: atılan güllələri görüb, onları özünə tərəf çəkib gözləmək, qayıdacağına inanmaq, hifz etmək...

Yəni, arxa cəbhə təkcə bir qrup insan, cəbhə üçün hansısa vacib fəaliyyətlərin həyata keçirilməsi deyil təkcə, həm də gecə-gündüz demədən, ağlına başqa bir şey gətirmədən ümidsizcəsinə gözləməkdir. Bomba üstündə ev tikib yaşamaqdı (Əli Kərim, “Bomba üstündə ev”), coğrafiya müəlliminin şəhadət barmağıdır (yenə Əli Kərim).

Müharibə şeirlərində pafos və plakatçılıqdan qaçmağın spesifik yolu var: sevgidən yazmaq, mənzərənin, prosesin ən qəliz, ən böhranlı məqamında sevgiyə “qaçmaq”. Ələkbər Salahzadənin müharibəylə bağlı mükəmməl mətnləri var, poemalarının birində həmin məqam, təsvirin böhranlı məqamında sevgiyə dönüş... sevginin də ən munis, bəlkə də hiss edib yaza bilmədiyin çalarlarını üzə çıxarır. Bir oğlanın qolunda // Bir qız çiçəkləyirdi... Özü də bu tipli məqamlar poetik sistemin özəlliklərinə də təsir edir, onun məxsusi formada görünməsini şərtləndirir. Sevgiyə (pıçıltıya, - çünki ümidlə, ümidsizcəsinə gözləyən adam nə qədər çətin olsa da səsini içinə salır, pıçıltıyla danışdığının, danışanda səsinin çıxmadığının fərqində belə olmur-!) dönüş mətndə intonasiya və ritmin sakit axarda ifadəsini təsbit edir.

Əhməd Cəmilin “Can nənə, bir nağı de” şeirini alın, intonasiya ən aşağı reyestrdən gəlir, elə bir təəssürat yaradılır ki, uşaq bu sözləri sanki öz ürəyində deyir, qarşı tərəfin eşidib cavab verməsi də son dərəcə şərti xarakter daşıyır. Yaxud tribun şair hesab edilən Xəlil Rzanın səs-küylü şeirlərində elə məqamlar var ki, pıçıltı tonundan da aşağıdır: Sən mənə bir ovuc gül toxumu ver // Səpim bu dünyanın hər tərəfinə... Yaxud, on dördüncü əsr yıxılıb-durur, yapışır şairin ətəklkərindən... O cür ağır, dözülməz gərginliyi bu şəkildə sakit, pıçıltı tonunda ifadə etməyin özü də sərhəd zonasında yerləşən sözlərin köməyi ilə gerçəkləşir.

Sözlərin sərhəd zonasında yerləşməsi oxuduqca yaranan təsvir və görüntünün kardinal şəkildə dəyişməsinə səbəb olur, bədii mətndə aralarında heç bir birbaşa semantik bağı olmayan sözlərin yanaşı durması halı intensivləşir, ilğımla real səhnələr qarşısı alınmadan bir-birinin içindən keçir və bir-birilərinə nüfuz edir, misralar arası cazibə sahəsi konkret hadisənin çərçivəsini dağıdaraq onu həm olmuş, həm də gələcəkdə baş verəcək hadisə kimi göstərir. Ona görə bu tipli bədii mətnlərdə sevinclə göz yaşı çiyin-çiyinə nəfəs alır, bir-birinə arxa durub möcüzə gözləntisinə köklənir. Həyatın əvvəli ilə sonu, xəzəllə yarpağın yaşılı, qışın donducucu soyuğu ilə (“Buz heykəl”) yaz yağışı bir gözə çəkilir, bir gözdən tökülür, eyni bir ürəkdə yuva qurub orda bütün dərdi-sevinci, alt qatda qövr edən nisgilləri üzə çıxarır.

Yol çəkən gözlər yolları çəkib gətirir, bədii mətndə Ə.Nəvainin dediyi “ilahidən gizlin mənaya malik sözlərin” sırası sıxlaşır, daha doğrusu, bu sözlərin yaratdığı cazibə sahəsi hər şeyi yaradılan mistik auraya tabe edir, bədii mətn sonsuzluğa açılan sonsuzluq effekti doğurur. Şeirdə gizlin mənaların gerçəkləşməsi janrlarası münasibətlərə də təsir edir, uzun şeirin nəsr mətni kimi, təhkiyə modusunda oxunmasını şərtləndirir.

Nəticədə şeir həm bir damcı suyun içindəki əsrarəngiz dünyanı əks etdirir, insanın içində yeni mənalar doğurmaqla bu ənginliyə yetməyin mümkünsüzlüyünü ifadə edir, həm də bu çərçivədən kənara çıxaraq dünya və gerçəklik haqqında düşüncələrimizin sınırlarını genişlənirən təhkiyə mətni kimi oxunur. Əhməd Cəmilin şeiri buna əyani misal ola bilər. Misraların içiylə pafos deyil, hərəkətin (əhvalatın təkanverici qüvvəsinin) özü axır, bu sakitlik, axarın pıçıltı modusuna köklənməsi yerə, göyə sığmayan gərginliyi tam olaraq ötürməyə xidmət edir. Bu tipli poetik mətnlərdə bəzən yenə də Ə.Nəvainin adını çəkdiyi «ilahidən gizlin mənaya malik sözlərin» bütün gerçəkliyi və dünyanı lazımsız bir şey kimi kənara tullayaraq onu təzədən yapmaq ehtirası və qüdərəti ilə rastlaşırsan...

Şabadın meşəsi... daşa dönmüşəm... Daşdır başım üstdə qəmlənən at da. Atın göz yaşından kürəklərim nəm Torpaq tüstülənir sinəmin altda. Min ildir kəhərdən yıxılmışam mən, O gün bir gözəldən qızlar küsdülər. Dağlarda kəndimiz...Bir parça vətən... Doğma ocaqlardan uçan tüstülər.. Məstan Günər bu şeirin də daxil olduğu “Şabadın sətirləri” silsiləsində bir başqa cür oxunur, şeirə çəkilən təsvirlər eyni zamanda metaforik və realdan real ovqat doğurur – adama elə gəlir ki, uğrunda döyüşdükləri torpağı vətən qılmaq istəyən insanların qanının çiləndiyi «Qantökülən», «İgidölən» yer adları həmin qanlı döyüşlə bərabər doğulub, onun içindən çıxaraq simvollaşıb, bədii mətnin içində təzə olsa da min illərin nəfəsini yaşadır. Döyüşə-döyüşə ağlayan insanların elə bu ovqatla bayrağı torpaqlamaları, köksünə xəncər sancılan bir uşağın bayatı çağırması .. həmin ruhun dilə gəlməsi, öz-özünü yaratması, şerə dönməsi, şer yazmasıdır... Məhz bu məqamda adi məntiqlə izaha çətin yatan sözlər, kəlmələr doğulur, bu kəlmələr sirrini insana vermədən onu heyrətləndirmək istəyir (ilahidən gizlin mənaya malik sözlər...): dedim göz yaşımı qolumdan açdım..., ilk dəfə köksümdə qızılgül olan yarama baxanda xoşum gəlirdi... Sonra: Düşmüş üzü üstə bir igid əsgər, Tarixlər dəyişir, illər dolanır. Üstümdə sakitcə ağlayır kəhər, Seyrək buludlardan ay damcılanır...

Torpaq uğrunda gedən döyüşlərdə əslində VƏTƏN özü yenidən yaradılır, ucsuz-bucaqsız ərazinin ən son, heç bir dəqiq cihazın altında görünməyən mənalarıyla birgə, bir yerdə mətnləşir, onu tam şəkildə oxuyub ruhuna köçürmək üçün insan da yenidən doğulmalı, özünü yenidən qurub-yaratmalıdır. Bu proses uzun, ağrılı və qaçılmaz bir prosesdir, hər şeyi, ən kiçik mənanı belə yenidən yaratmalı olduğun məqamda ruhuna əkilən müqəddəs toxumlar həmin o xəncərin saplandığı yerdən çıxan bayatının ucsuz-bucaqsız ənginliyini, səni millətə bağlayan tellərin ehtizaza gəlib titrəməsini göstərir. Torpaq uğrunda gedən döyüşlərin ən çətin, ən məşəqqətli məqamlarında ələ keçib ayaqlar altına salınmaması üçün bayrağın torpaqlanması yenə də tək sənə aid olan bayatının hər cür çirkinlik və rəzalətdən qorunması anlamına gəlir. “Şabadın sətirləri” Tovuzda doğulmuş, ömrünün son günlərini də o torpaqda keçirən bir şairin xəyal dünyasından süzülən şeirlərdən ibarətdir, yəni bu şeirlərdəki “hadisələr” əslində vətən tarixində real olaraq baş verməmişdir, ancaq o silsiləni bir nöqtədə birləşdirən həqiqət Azərbaycan tarixinin ən real, onu ən mükəmməl formada ifadə edə bilən həqiqətdir; Aprel döyüşlərində o torpaqda gedən döyüşlər zamanı bu silsilə istər-istəməz yadıma düşdü, xüsusən bu misralar: Düşmüş üzü üstə bir igid əsgər// Tarixlər dəyişir, illər dolanır// Üstümdə sakitcə ağlayır kəhər// Seyrək buludlardan ay damcılayır...

Bu sətirlər bəlkə də sinəsinə xəncər saplanmış uşağın oxuduğu bayatının bir versiyasıdır, müasir variantıdır. Sinəsindən vurulub üzü üstə düşən əsgərin üstündə kəhər atın göz yaşları aydan gəlir, göylərin ən son qatından damcılayır.

Yəni, bu Vətən müharibəsi tarix boyu azərbaycanlıların qatıldığı digər savaşlardan əsaslı şəkildə fərqlənməklə məhz bu torpaq uğrunda qanını axıdan insanın onunla bütünləşməsi anlamını daşıyır. Nə olur-olsun, bu proseslərin hamısı yollara dikilən gözlərin içindən keçir, atılan hər bir düşmən gülləsi onlara dəyir, şəhid olan hər bir igidin yarasında açan qızılgülün torpağı olur, bri damcı suya dönüb onu sulayır, çəkilməyən dərdləri içinə yığıb vətən oğullarını hər cür bəladan hifz etməyə çalışır.

Bu savaşda nəhayət bizim həyatımız, varlığımız, bununla bağlı hər şey bir məna qazanmağa başladı. Yeni, yalnız bizə aid olan, yalnız bizim hərf və hecalardan düzəlmiş sözlərin mənası, “mən” sözünün “öz”lə əvəzləndiyi bir yer, məkan, milyonların yığışdığı bir qəlb – Azərbaycan!

“Ədəbiyyat qəzeti”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
18:09 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020
Qarabağa savaşa gələn Anna Akopyana bir-iki məsləhət
13:03 27 Oktyabr 2020
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
12:10 27 Oktyabr 2020
Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı
11:30 27 Oktyabr 2020
Dostum koronavirusa necə yoluxdu? - Ayxan Ayvaz yazır
10:49 27 Oktyabr 2020
Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
10:20 27 Oktyabr 2020
Şeytanın saçından bərk yapış - Yeni hekayə
09:00 27 Oktyabr 2020
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020
Tanınmış rejissorun kitabı ilk dəfə Azərbaycan dilində
16:11 26 Oktyabr 2020