news-inner
clock12:11 calendar-gray 17 Sentyabr 2020 view-gray15500 dəfə oxunub
view-gray15500 dəfə oxunub

İçkili olduğu üçün arvadı evə buraxmadı, avtobusda öldü – Kinomuzun Lal Hüseyninin faciəvi həyatı

Kulis.az aktyor Kamil Məhərrəmov haqqında maraqlı faktları təqdim edir.

Kamil Fərman oğlu Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya gəlib. Ailədə üç uşaq olublar - iki qardaş, bir bacı. Kamilin atası Şamaxıda məşhur dərzilərdən biri olub. Ancaq ailənin bütün qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür.

Gallery

Bakıda böyüyür, yeniyetməlik yaşına çatır. Uşaqlıqdan sevdiyi işlə məşğul olmaq üçün Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir. Bu uşağın hədsiz marağı Lütfi Məmmədbəyovun diqqətini çəkir, onun istedadlı olduğunu hiss edir. Məsləhət görür ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək üçün Energetika Texnikumuna qəbul olunur.

***

Lakin günlərin birində sənədlərini hazırlayıb İncəsənət İnstitutuna verir. İmtahanlardan uğurla keçir və qəbul olunur. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi oldu, bacısı isə tibb bacısı.

Gallery

Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda Teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Bundan sonranı xanımı danışacaq. Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla hələ uşaqkən tanış olub.

***

O zaman Mahirə 11-ci sinifdə oxuyurdu. Kamilgilin eyvanı Mahirənin oxuduğu məktəbə baxırdı. Hər gün zəng vurulanda Kamil məktəbə gedib sevdiyi qıza göz qoyur. Bir-birini sevərək ailə qururlar və Sumqayıtda yaşamağa başlayırlar. Bu evlilik və Bakıdan Sumqayıta köçmə Kamili Bakıdakı içki məclislərindən də müvəqqəti olaraq xilas edir.

Gallery

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 46 bədii filmə çəkilib. Üstəgəl “Mozalan” süjetləri. Bir kadr hamıya yaxşı tanışdır: Kamil Məhərrəmov uzunqulağın belində, radio qucağında xarici musiqi dinləyə-dinləyə gedir.

***

Fazil Salayev, Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov... Kamil Məhərrəmov onlarla eyni məktəbin yetirməsidir. “Yol əhvalatı”ndakı Paşa, “Evlənmək istəyirəm”dəki Lal Hüseyn kimi xırda, amma xarakterik obrazları çox gözəl oynayıb. Lakin heç bir fəxri adı olmayıb.

Gallery

Teatrda Kamil Məhərrəmovun yaxşı rolları olur, kinoya da çəkilir. İki övladı vardı. Tezliklə onlara Sumqayıtda ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov aludə olduğu içkidən ayrıla bilmir. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı.

***

Rejissor Cahangir Mehdiyevin iki filmində xarakterik obrazlar yaradıb. Cahangir müəllim deyir ki, çox gözəl aktyor idi, amma içməyinin dərdindən oynamalı olduğu rollar əlindən çıxırdı: “Mən onu çəkilişlərdən əvvəl bir neçə dəfə qaçmağa məcbur etmişəm ki, ayılsın, qaçıb, ləhləyə-ləhləyə üzümə baxıb, görmüşəm, özünə gəlib, kadrı çəkmişəm”.

Gallery

Kinostudiyada hər gün çəkilişdə, dublyajda olurdu. Orda aldığını elə yerindəcə içkiyə verib “dostları” ilə bir küncə çəkilir, içir, sonra da rejissorun qəzəbinə tuş gəlib qovulurdu. Bu vaxta qədər xəstə ana da dünyasını dəyişmişdi, ata da. Qardaşı ilə bacısı isə onu nə qədər dilə tuturdularsa xeyri olmurdu.

***

Mahirə xanım müsahibələrinin birində deyir: “Etiraf edim ki, bəzən qapını üzünə açmırdım ki, bəlkə bundan bir dərs götürə, özünə gələ, ata içkini. Heç nəyin xeyri olmadı. Qapını ona açmayıb səhərə qədər yatağımda ağladığım vaxtlar olub. Onunla birgə Sumqayıt Teatrına gələnlərin hamısı fəxri ad almışdılar, ona vermirdilər. Kinoya da çəkilirdi, qonorarından razı qalmırdı”.

Gallery

Teatrda da rejissorlar artıq ona rol vermək istəmirdilər. Bəzən premyeraya içkili gəlib tamaşanı məhv edirdi. Aktyor həmkarları deyirlər, birdən üz-gözünü təraş edirdi, yuyunurdu, ayıq başla gəlirdi işinin başına. Həmkarları deyirdi, həmişə belə olsan nə olar? Heç nə demirdi. Səhər görürdün yenə tökülüb-itir.

***

Bir gün yenə o qədər içir ki, ayaq üstdə dura bilmir. Səhər evdən çıxanda da xanımı “içsən, evə gəlmə” - deyir. 1993-cü ilin soyuq oktyabrı idi. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Bəlkə, qəsdən oyanmayıb. Sürücü də avtobusun qapısını açıq qoyub çıxır gedir evinə ki, nə vaxt oyansa çıxa bilsin. Səhər gəlib görürlər, üzü üstə necə yatmışdısa, elə də oturacaqda quruyub qalıb.

news-inner-user

16557 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020
Qarabağa həsr olunan klip çəkildi - Video
15:50 28 Sentyabr 2020
Ceylanın yeni filmi nədən bəhs edir? – Detallar
14:57 28 Sentyabr 2020
"Vəziyyət həqiqətən ciddidir" - Yazıçılar hərbi əməliyyatlardan danışdı
14:04 28 Sentyabr 2020
Cəbrayıla gedən yol
13:03 28 Sentyabr 2020
Fred Asifin Ala Yaquba hirslənməsi, bomba səsindən ürəyi partlayan 3 yaşlı İlkin... - Ağdamda bir gün
12:06 28 Sentyabr 2020
Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib
11:21 28 Sentyabr 2020
Görürəm ki, qəhrəmansan – Günün şeiri
10:40 28 Sentyabr 2020
Xalq yazıçısı: “Yazıçılar Birliyindən çıxmaq lazımdır” – Müsahibə
08:58 28 Sentyabr 2020
Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020