Öz evi olmayan komandirimiz bizə ev tikirdi – Şəhid generalın əsgəri yazır...

Öz evi olmayan komandirimiz bizə ev tikirdi – Şəhid generalın əsgəri yazır...
18 iyul 2020
# 13:30

Kulis.az şəhid general Polad Həşimovun əsgəri Nicat Həşimzadənin komandiri ilə bağlı xatirələrini təqdim edir.

Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqından istifadə etmişdi. Həm də yeni gəlmişdi məzuniyyətdən. Xəbər komandirə çatanda tapşırıq verdi ki, əsgəri yanıma gətirin.

Dialoqu olduğu kimi yazıram:

- Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə növbədən kənar 10 günlük məzuniyyət verilir sənə.

Kövrələn əsgər yoldaşımız deyir:
- Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.

-Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən. (Gülümsəyir) Əsgər, pulun varmı?

-Bəli, cənab polkovnik.
-Göstər.

Əsgərin cibindən 80 manat çıxır
-Düzünü de, əsgər yoldaşların kömək edib hə?

-Bəli, cənab polkovnik.
-Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına. Get hazırlaş, sabahı gözlə.

Səhər əsgəri komandirin otağına gətirirlər:
-Pulu qaytardınmı?
-Bəli, cənab komandir.
-Gedə bilərsən, aşağıda səni gözləyən maşın var.
-Taksi əsgəri düz evinə aparır. Sürücü əsgərə konvert verir:
-Komandir tapşırdı ki, ancaq evdə açsın.

Evdə zərf açılır, kağızda yazılıb:
"Təbrik edirəm, əsgər, ata olmusan."

Və konvertin içində 170 manat vardı.
Belə böyük şəxsiyyət idi Polad Həşimov.

***

- Əsgər Həşimzadə!
Qaçıram, son üç addım qalmış nizamnamə qaydalarına əməl edirəm:

- Cənab polkovnik, əsgər Həşimzadə əmrinizlə gəlmişdir.
"Azad” komandası verir.

- Rahat ol , Həşimzadə... Həşimzadə, sən mədəni, ağıllı adama oxşayırsan. Niyə ali təhsilin yoxdur.
- Cənab polkovnik, xidmətdən sonra təhsil alacam.

Dərin düşüncəyə dalır. Bir az fasilədən sonra deyir:
- Səfillərdəki Yepiskopa oxşayırsan, əsgər. Oxu, Həşimzadə, bakalavr, magistr, doktorantura, hamısını oxu. Müharibə təkcə silahla yox, həm də beyinlə aparılır. Beynini Vətən üçün işlət.

Gedə bilərsən.

Hərbi nizamnamə qaydalarına uyğun formada uzaqlaşıram. Polkovnik Polad Həşimovun səsi gəlir.

Dayan, Həşimzadə, kitelini çıxart. Kəməri açıb kiteli çıxarıram. Taqorun "Fəlakət" romanı yerə düşür. Kəmərin altında gizlətmişdim kitabı.

Gülümsədi. Kitabını götür, get, oxu, amma qarovul saatında oxuma. Gedə bilərsən.

Dəhşətli məqam o idi ki, hərbi hissə komandirimiz məni birinci dəfə görürdü. Görüş də təsadüfi alınmışdı.

***

Şəhid generalımızın gözəl nitqi, qısa, dəqiq, konkret danışığı vardı.

Cəmi bircə dəfə qarovulda olanda kitab oxumuşdum.

Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik-leytenant bizi danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi:

- Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. Sözünüz varsa mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40 litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik!

***

Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.

# 11022 dəfə oxunub

Oxşar xəbərlər

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

12:20 19 yanvar 2026
İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər