Gözəl hekayələr ustası, gözəl nasir Şahmar Hüseynov dünyasını dəyişəndən sonra onun haqqında isti-isti yazıb böyük ixtisarla çap elətdirdiyim “Uşaq arabasına qoşulan fil” essemi yazıçının yetmiş illiyi ərəfəsində bütöv şəkildə oxuculara təqdim etmək istədim.
Tanıdığım adamlar bu dünyadan köçüb gedəndə hardasa özümü suçlu, günahkar bilmişəm. O ki qaldı sənin xəbərini eşidəndə, Şahmar, həmişə səni özümdən sağlam, güclü bildiyim halda mən nə edə bilərdim axı. Bu da adətə çevrilmiş acı bir həqiqətdir, adamlar öləndən, ancaq öləndən sonra onların qədri bilinir, barəsində yana-yana danışırlar.
Harda, haçan tanış olduq, son kərə harda, haçan ayrıldıq, yadımda deyil.
Yenicə evlənmişdi, nəinki macal tapıb köçə bilmədiyi yeni evi, heç indiyəcən kirayəşin yaşadığı o alçaq tavanlı, darısqal, yöndəmsiz evə də əl gəzdirib sahmana sala bilməmişdi. Deyirdi, hər məhəlləsində yaşadığım Bakı şəhərini mənim kimi tanıyan olmaz. Evləncək ev yiyəsi bir “sürpriz” olaraq “evdən çıx” demişdi. Gözlənilmədən gəlib bir gecəliyə bizdə qaldılar. Nə çay verə bildim, nə çörək. Bəlkə bizi bir-birimizə yaxınlaşdıran, doğmalaşdıran həm də o günlərin imkansızlığıydı.
Bir dəfə çalışdığım “Qobustan” toplusuna onunla bağlı yazı yazmalıydım. İşlədiyi Kukla Teatrına getmişdim. Yeni tamaşa hazırlayırdılar. Məşq qurtaranacan baxdım. İlk saatacan o, səhnədə gur-gur guruldadı, mənə elə gəlirdi aydın, şaqraq səsindən səhnənin sarı, ipək pərdələri titrəyir. Elə o vaxt onun sonsuz gücünü, enerjisini duydum. Nədənsə, o vaxt mənə elə gəldi o, tükənməz gücünü gen-bol, saymazyana xərcləyir.
Məşqin başlanğıcında əlindəki gəlinciyi gördüm, ildırım şaqqıltısı kimi gur səsini eşitcək xəyalımda bir mənzərə canlandı, nəhəng bir fil ona qoşulmuş balaca oyuncaq arabacığı arxasınca çəkib aparırdı.
Ayrı-ayrı vaxtlarda Şahmarı Kukla Teatrının səhnəsində görəndə, yaxud səhnə arxasında gur səsini eşidəndə nədənsə həmişə bu mənzərə xəyalımda canlanırdı.
Məşq qurtarcaq yanıma gəldi. Gülə-gülə, həm də elə bil məni gözlətdiyinə görə günahkarcasına – Darıxmadın ki? – soruşdu. Mən – yox – deyib sözümə əlavə elədim, - belə işləməyə dözmək olar? O, yenə gülə-gülə “öyrəşmişəm, dana” söylədi. İkinci sualım bu oldu: “Niyə başqa teatrda işələməyə cəhd eləmirsən?” Qabaqca çox səmimi şəkildə, özü də Gəncə ləhcəsində (ömrü boyu öz ləhcələrində danışdı – A.A.) – Noluf ki, işləyiriy də… dedi. Birdən ciddiləşib tez-tez sözünə davam elədi. – Elə bilirsən burda işləməyimdən sıxılıb eləyirəm. And olsun Allaha, lazım gəlsə, fəhləlik də eləyərəm, gedib gəmidə yük də daşıyaram. İnan, buna görə heç vaxt utanıb eləmərəm. Başqa şeylərdən adamın gözü kölgəli olmasın gərək, qardaş…
Bu sözləri bəlkə ata-anamdan, orta məktəb müəllimlərimdən (!) də dönə-dönə eşitmişdim. Ancaq Şahmar deyəndən sonra bu sözlər biryolluq yadımda qaldı. Uzun illər, elə indinin özündə də onun böyük ürəklə, vicdanla söylədiyi bu sözlərinə söykənmişəm. Çünki ona bərk inanırdım.
Bir gün Kukla Teatrının artistləri ilə onların avtobuslarına minib Mərdəkana getdik. Balaca yaşlı məktəblilərə tamaşa göstərirdilər. Qalmaqalı, hay-küyü görəndə “Şahmarın işinə-gücünə bax, bu uşaqların qarşısında ciddi, həm də ürəkdən oynamaqmı olar?” - düşündüm. Tamaşa başlandı, uşaqların gülüş-qəhqəhələri üfürülmüş şarlar kimi gah birdən göyə yüksəlir, gah da sifətləri heyrət içində donuxub qalırdı. Bu vəziyyət dəfələrlə təkrar oldu. Tamaşa qurtarcaq yanıma gəldi, başını azca sağ çiyninə sarı əyib gülə-gülə – Elə bilmə bunlar uşaqdı, vallah, Azər, hər şeyi başa düşürlər, böyüklər kimi. Bir dəyqə gözlə, çıxıb gedirik – deyib tələsik məndən aralandı.
Sonralar ayrı-ayrı tamaşalarda uşaqların sevincinin, üzlərindəki ayrı-ayrı ifadələrin dönə-dönə şahidi oldum. İyirmi ilə yaxın o, Kukla Teatrında namusla çalışdı. Hər dəfə gedib onu soruşanda teatrın qapıçısından tutmuş, artist, rejissor, inzibati işçilərinəcən qarşılaşdığım hər bir adam mənə son dərəcə qayğı və nəzakətlə yanaşırdı. Bilirdim ki, mənimlə mədəni rəftarın, bu xoş münasibətlərin hamısı Şahmarla bağlıdır.
Dönə-dönə deyərdi, uşaqlarını gətir tamaşaya baxsınlar. Deyirdi, bilet-zad alma, qabaq sırada neçə yer istəyirsən, saxlayım. Bir dəfə dərdləşib ürəyimizi bir-birimizə boşaldıb evə qayıdırdıq. – Bir dəqiqə – deyib şirniyyat mağazasına girdi, iki plitka şokolad aldı, gətirib mənə uzatdı – Apar uşaqlara – dedi. Götürmək istəməyəndə iri gözlərini gözümə dikib bir an donuxub qaldı. – Ə qardaş, böyük şey deyil, apar hərəsinə birini ver, de Şahmar əmin göndərib.
Mən şokoladları uşaqlara verəndə onların üzündəki sevinc indi də yadımdadır. Bəlkə də o şokoladlara görəydi, uşaqlar hər dəfə televizorun ekranında onu görəndə sevinə-sevinə, ucadan – Ata, Şahmar əmi! Şahmar əmi! – qışqırırdılar.
İndi boynuma alıram, quruca bir adam idim. Zənbil götürüb bazara getməyi də, evimizin xırda-para qayğısını öhdəmə götürməyi də, nisbətən ailəcanlı olmağı da, az-çox adamlara yovuşmağı, qaynayıb-qarışmağı da ondan öyrənmişdim. Hər dəfə onunla dərdləşib evə qayıdanda yolüstü aldığı göy-göyərtini, meyvəni, qatıq şüşəsini alıb qəzetə bükdüyü torbasını çıxarıb içinə yığardı. Həmişə də deyərdi – Sən mənim canım, nə lazımdı sənə də alım, var dana, güjüm çatar, qastroldan qayıtmışıq.
Çox vaxt oğlu Ayxanı da özüylə işə gətirərdi. Deyərdi, Elmiranın məşqi var. Onda Ayxan hələ oxumurdu, “gündə bir buğda boya” böyüyən vaxtıydı. Bir dəfə dəniz qırağı bulvarda oturub söhbət edirdik. Ayxan tez-tez gəlib atasından on beş qəpiklik alıb avtomat oyuncaqlarının yanına qaçaraq “atəş açır”, əlüstü yenə qayıdıb gəlirdi. Bəlkə səkkiz, on dəfə beləcə gedib qayıtdı. Sonuncu dəfə oturmuş vəziyyətdə qəpikləri cibindən çətinliklə çıxartdı, içərisindən axırıncı on beş qəpikliyi qısa, yoğun barmaqlarıyla ayırıb götürdü, oğluna uzadanda elə bil ürəyimdən keçən “uşağı niyə belə pis öyrədirsən” - fikrimi gözlərimdən oxudu, səmimi və gülə-gülə – Uşaqdı dana, qoy ürəyini qısırtmasın. İstəyirəm gözütox böyüsün – dedi. Onun həssaslığı, insanın içini görə bilməsi bütün hekayələrində beləcə duyulur.
Bəzən o, mənim iş yerimə gələr, bəzən də işin qurtarmasına yaxın mən “Kukla teatrı”na gedərdim. Elmiranı avtobusacan ötürərdik. Bulvar boyunca dönə-dönə o başa, bu başa gəzişərdik, hər şey barəsində danışardıq, bəzən dost-doğma adamların gileyini bir-birimizə edərdik. Sonra yazı-pozu məsələsinə keçərdik. Çapdan çıxmış yeganə “Elçilik” kitabındakı və innən belə çap üzü görəcək bir çox hekayələrinin mövzusunu dənizin qırağındaca mənə danışar, fikrimi bilmək istərdi. Öz də deyərdi, heç kimlə yazı barədə söhbət eləmirəm. Hekayələri barədə dediyim fikirlərimi diqqətlə dinləsə də, sonda öz bildiyi kimi işlərdi yazılarını. Bir mövzunu danışandan sonra aylar, illər keçərdi, cümləbəcümlə, söbəsöz işləyərdi həmin hekayəsini, yalnız özü razı qalanda ortalığa çıxarardı. Çap olunmuş hekayələri uğurla qarşılansa da, həmişə deyərdi, daha uşaq deyilik, ciddi yazmaq lazımdı. Yazı ki, oxucunu sehirləmədi, o yazı deyil. “Qoyun göz”lərini geniş açaraq bu sözləri elə ehtirasla deyirdi, sanki gözlər od-alovun içindən çıxıb gəlirdi. Bir də deyirdi, elə vaxt olur, dörd-beş dəfə hekayənin üzünü köçürürəm, üç dörd söz düzəldəndə belə mənə ləzzət veirir.
Bir yol soruşdum, niyə iri həcmli bir şey yazmırsan? Dedi, istədiyim səviyyədə hekayələr yaza bilsəm, mənə ayrı şey lazım deyil. Eyni vaxtda bir neçə hekayə işləyər və bunları uzun müddətə tamamlayardı. Sadə, səmimi və gözəl hekayələrini oxuyanda oxucuya elə gəlir bir gecəyə, bir nəfəsə yazılıb. Ancaq nədənsə nə tələsir, nə də gec-gec çap olunmağına narahat olurdu. Bəlkə içində narahat da olurdu, tələsirdi də, ancaq bunu heç vaxt bildirməzdi. Bu da onun çox qürurlu və iddiasızlığından irəli gəlirdi.
Bir dəfə ona verdiyim yazımı özümə qaytaranda dedi:
- Bilirsən, dünya onsuz da dərdlə, kədərlə doludu. Məncə yazının içində bir işıq da olmalıdı, sonu bir ümidlə bitməlidi…
Axır vaxtlar içməyi də, siqaret çəkməyi də tərgitmişdi, ona xüsusi yaraşıq verən qulaqlarını örtmüş uzun, gümüşü saçlarını dibindən qırxdırmışdı, deyirdi, ciddi işləmək lazımdı, daha nə qədər vaxtımız qalıb ki?.. (Rəhmətə gedəndən sonra bu sözləri dönə-dönə gündəliyinə yazdığını da oxudum.)
Keçən yay görüşəndə - Gəlib evinizi də təbrik edə bilməmişəm… - deyəndə sözümü kəsdi, - Qoy bir ora-burasını düzəldim, içinə yığışanda bütün dostları çağırajam – dedi.
Zarafatla – Çox deyirdin ev yox, buyur, bu da səninçün ev. Düzdü, əlli yaşa yaxın aldın…hər halda aldın, di başla yaz bir hekayə, povest, romanlarını…
Bic-bic qımışdı, anladım ki, nəsə duzlu-məzəli bir söz deyəcək, çox səmimiyyətlə – Vallah qardaş, ev-zad bəhanəymiş, deyəsən ən gözəl əsərlərimi elə indi qaldığım o doğma daxmamda yazmışam. İnnən belə evi yox…
Qanımın qaralığını görəndə həmişə mənə ürək-dirək verib ovundurmağa çalışırdın.
Ötən yay aldığım zərbədən başımın gicəllənməsindən danışanda. sən də ürəyinin ağrısından gileyləndin. Elə bildim, mənə təsəlli vermək üçün bunları deyirsən. Ürəyimdə sənə acığım da tutudu, sənin ağrımağını istəyərəmmi, bundan mənə təsəllimi olar, məni beləmi tanıyırsan” - düşündüm, hardan biləydim axı, elə bilirdim sap-sağlam, top kimisən. Darıxdığımı, ruhdan düşüdyümü görəndə deyərdin uşaqları da götür, gəlin bizə…
“Yaxşı, yaxşı” - deyə-deyə bircə dəfə nə siz gələ bildiniz, nə də biz.
İkinci dəfədi qapınıza gəlmişəm. Bu nə qələbəlikdir? Yoxsa Ayxanamı toy edirsən? İçəri girə bilmirəm. Çöldə kişilər ayaqüstə başlarını aşağı salıb kədərli-kədərli susurlar. Evnizidən qadınların ağlaşma səsi gəlir. İçəri girib sonuncu dəfə sənə baxa bilmirəm barı. Əkrəm Əylisli, Natiq Səfərov, Tofiq Abdin, Saday Budaqlı, Maarif Soltan və mən bayırda bir qıraqda səpələnərək bir birimizdən aralı çaşqınlıq vəziyyətində dayanmışdıq. Nədənsə bir-birimizə yaxınlaşa bilmirdik. Əkrəm Əylisli nəsə deyirdi, elə bil sözlər sapından qırılıb tökülən muncuqlar kimi dağılırdı, mən heç nə anlaya bilmirdim. Mənə elə gəlirdi, Əkrəm bu vida günündə ağlamalıydı, ancaq o, nəsə deyirdi; acı-acı, kinayə ilə gülümsünürdü. “Yəqin ölümün vaxtsız gəlişənə, amansızlığına, bəlkə də min illər bundan öncə olduğu kimi dünyada at oynadıb, yenə də cövlan edən haqsızlığa rişxəndlə gülümsünürdü” - düşünürdüm.
Onun cənazəsi qaldırılanda dostları kimi mən də çiynimi tabutun altına verdim. Çənəmin əsməməsi üçün dişlərimi bir-birinə sıxmışdım. Tabutu maşına qoyub (“Kukla Teatrı”nın maşınına) yola saldıq. Həmin gün yazıçı dostlarının heç biri Gəncəyə gedə bilmədi. Evimizə qayıtcaq çarpayının üstünə sərilib hönkürüb ağladım. Belə hönkürtüylə ağladığımı ilk dəfə görən həyat yoldaşım, beş-altı yaşda olan uşaqlarımız çaşaraq özlərini itirmişdilər…
Bu günəcən, bu saat, bu anacan Şahmarı çox, lap çox istəməyimin səbəbini bilmirəm, gözəl yazıçı olduğuna və ədəbiyyat aləmində avtoritet sayılan adamların onun yazıları barəsində yüksək fikirdə olmalarına, artıq ədəbi aləmdə yeni-yeni tanınmasına görəydimi, bu boyda Bakı şəhərində mənə zəng edən, bəzən iş yerinə gəlib məni axtarıb-aradığına görəydimi, bilmirəm. Yanıma gələndə, yaxud zəng edib mənimlə görüşmək istəyəndə elə bilirdim iş yoldaşlarım mənə qibtə edir, bu anlar içimdə bir qürur duyğusu oyanırdı. Əlimdəki ən vacib işimi yarımçıq qoyub onunla görüşməyə tələsirdim. “Məni axtarıb-araması bəlkə də onu çox istədiyimi duyduğundandı” düşünürdüm. Qabaqca “Azərbaycan”, “Ulduz”, “Yunost”, “Novıy Mir”, “Drujba Narodov” jurnallarının son nömrələrində çap olunan hekayə, povest, romanlardan söz salırdı. Sonra… Sonra hansısa hekayəsində işlədəcəyi bir detalı söyləyib üzümə baxardı. – Elə bilirsən mən hamıynan yazılarım barədə söhbət edirəm?” - deyərdi, bu vaxt mən lap çox sevinərdim.
Şahmarla mən nə toylarda olmuşuq, nə keflərdə (bircə yol “Novbahar” restoranının kafesində ayaqüstə yüngülvari yeyib içmişdik) Görüşüb söhbətləşdiyimiz, dərdləşdiyimiz yer – çayxanalar, dəniz qırağı, bir də Bakının küçələriydi…
Qələmdaşlarımla bayırda dayanıb çənəmi bir-birinə sıxanda da, çiynimi onun tabutunın altına verəndə də Lev Tolstoyun “İvan İliçin ölümü” hekayəsində olmuş İvan İliçi, sağ qaldıqlarına sevinən dostlarını xatırlayaraq özümün sağ qaldığıma utanır, xəcalət çəkirdim. Elə bilirdim Şahmarın vaxtsız ölümünə bir az da mən səbəb olmuşam. Mənim keçirtdiyim duyğunun gerçəkliyinə, reallığına oxucunun inanmayacağına narahat olmuram. O anlar keçirdiyim hisslərimi sadəcə sözə çevirirəm.
Ölümündən neçə illər qabaq küsüşmüşdük. Məndən “Karamazov qardaşları” kitabını oxumağa almışdı. Aylar, illər ötsə də qaytarmırdı, bir oyun, bir qurğu düzəldib onun Hindistan səfərindən gətirdiyi (dəyərli firuzə daşını) sata bilmədiyindən – müştəri var, ver mən satım – deyib ondan aldım. Günlər ötəndən sonra müştərinin istəmədiyini bildirəndə qaytar deyəndə mən – Kitabı gətir sonra – dedim. Kitabı geri aldım. Bu oyun onun incə qəlbinə necə toxundusa, bir ilə yaxın məndən gen gəzdi. Günlərin bir günü bir neçə tay-tuşla küçədə onunla qarşılaşdıqda yaxınlaşıb məni dindirdi. Həmin an necə sevindim!
Hamı bir yana, səni bir az da mən öldürdüm əziz dost. Bir kitabı sənə qıymadığım bəs deyil, səninlə barışmaqdan yana ürəyim getsə də qürurumun, təkəbbürümün ucbatından sənə yaxınlaşa bilmədim. Axırda böyüklük göstərib sən mənə salam verdin.
O matəm günü ovçu gözləri kimi gözlərim Vidadi Məməmdovu axtarırdı, osa gəlib çıxmırdı. Bir Allah bilir Şahmar son nəfəsinəcən Vidadinin yolunu nə qədər gözləmişdi, bir özü bilirdi. Mənimsə bildiyim bu idi ki, Bakı şəhərində Şahmar üçün Vidadi Məmmədov hamıdan, hamıdan əziz, istəkli idi. Mənim Şahmara qısqandığım bir adam vardısa, o da Vidadiydi. Araları sərinləşən vaxtlar belə Şahmarla küçə, bulvarboyu dolaşıb şirin-şirin danışdığımız vaxt Vidadi şair-yazıçı, jurnalist dəstəsi ilə qarşımıza çıxsaydı, etika qaydalarının fərqinə varmadan “Şahmar, getdik” - desəydi, Şahmar maraqlı söhbətimizi yarımçıq qalmağından, mənim qəlbimə toxunacağının fərqinə varmadan gülə-gülə (bu an Şahmar düz eləmədiyini özü də bilirdi) həm də günahkarcasına – Bağışla Azər, mən getdim – deyib nəsə tapdığından sevinən uşaqtəkin məndən ayrılıb uzaqlaşırdı. Şahmar mənə bu “amansızlığı” bir neçə dəfə eləmişdi. Son vaxtlar Vidadiylə aralarındakı soyuqluq məni sevindirirdi, ancaq onun istənilən vaxt gəlib Şahmarı “əlimdən alacağı” narahatçılığı məni tərk etmirdi.
Şahmarın hekayələrini çap edib ədəbi aləmdə tanıdan o vaxtlar “Azərbaycan” jurnalının redaktoru işləyən gözəl yazıçımız Əkrəm Əylisli oldu. Qısa müdədtdə Şahmar çoxunun diqqətini çəkdi. “Ulduz” jurnalında, “Ədəbiyyat və İncəsənət” qəzetində çap olundu. Şahmar şöhrətin dadını duymağa başladı. Necə də xoşbəxt idi o çağlar, ilahi. Arada məni də unutmağa başlamışdı.
Elə o vaxtlar, günlərin bir günü bulvarda Əkrəm Əylisli ilə Vidadi Məməmdovun arasında ciddi mübahisə olur. Bu dartışmada yaşıdlarımızın ustad sandığı, bir sayaq Şahmara əbədi qəyyumlaq edən Əkrəm Əylisliyə yox, mübahisədə kimsəsiz, gücsüz qalan Vidadiyə qəhmər çıxır. Bu məqamda, bu məsələdə Şahmar düzmü edir, vicdanlamı edir, bilmirəm. Ancaq onu bilirəm, qüruruna, insanlığına, həssaslığına görə bu anda Şahmar tanıdığım adamların hamısından yüksəkdə dayanır. Bu Şahmarın həmin qüruru, əyilməzliyi, sınmazlığı, ədalətli olmağı idi ki, yaşadığımız mühitdə bütün haqsızlıqlarla birləşib illər boyu anbaan, günbəgün damcı-damcı, onu öldürürdü.
Bəzən sənətkar öz sənəti, öz yazıçı taleyi naminə vicdanını, qürurunu da qurban verir. Ancaq burada Şahmar qürurunu, vicdanını bütün gələcək karyerasından üstün tutdu. Düzmü etdi, bilmirəm. Beləliklə Şahmarın ayağı “Azərbaycan” jurnalından kəsildi. Bir, yoxsa iki ilmi ötəndən sonra “Sahil” restolranının yanında çayçıda söhbət edəndə o sevinə-sevinə – Əkrəmi gördüm, vallah özgə oğuldu, dedi niyə görünmürsən, yazı gətir dedi – söylədi. Ancaq Şahmar yenə də “Azərbaycan” jurnalına getmədi. Bəlkə də elə o vaxtdan içkiyə qurşanmışdı. Yanılmıramsa, iki iləcən möhkəm içdi.
Bir yol yenə də “Sahil” restoranının yanındakı çayçıda görüşdük. Dedi, içkiyə nöqtə qoymuşam. Əkrəm Əylislidən söz düşəndə – Küçədə aralıdan gördü məni, başım üstümdə dayanmırdı, onun gözlərindən acı təəssüf oxudum. Fikirləşdik, “batdı, getdi Şahmar…” Birdən, Şahmarın səsi necə yumşaldı, necə əriyib həzinləşdi. Bir az da utana-utana – Azər, bilirsən necə istəyirdi məni… Bir dəfə qayıtdı ki, Şahmarın hekayələrində elə yerlər var mən yaza bilmərəm. Vallah Azər, Əkrəmnən yoxdu. Ə, elə bilmə məni təriflədiyinə görə deyirəm. O səviyyədə yaza bilən başqa yazıçı belə deməyi özünə sığışdıra bilərmi? Axı mən kiməmki; Vallah, böyük ürəyi var Əkrəmin…
Mənə elə gəlirdi ki, Əkrəm Əylislinin onun yazısı haqqında söylədiyi fikir, Şahmar üçün ən dəyərli mükafatdan da əziz idi. Sənin mənə söylədiyin bu fikri açdığıma görə bağışla, Şahmar. Əkrəm Əylisli hardan biləydi Şahmar onu çox, çox-çox istəyir, küssədə, yolunu jurnala salmasa da, onu bir az da öldurən Əkrəmə olan xiffətiymiş…
“Kukla teatr”ının pəncərələri mavi pərdəli “Kuban” avtobusuna onun tabutunu ehmalca qoyub Gəncəyə yola saldıq. Qəribəsi bu idi, Vidadi Şahmarın öldüyünü bilsə də gəlib çıxmırdı ki, çıxmırdı. Bu dünyanın bütün haqsızlığından, bicliyindən, hiyləsindən, riyakarlığından, yalanından yuxarıda dayanan Vidadi Məmmədov! Bu yalan dünyadan hayıfmı, intiqammı aldığınmıydı? Saatbasaat, günbəgün özünü öldürdüyüntəkin çoxları kimi bir az da, bəlkə də hamıdan çox Şahmarı sən də öldürürdün, ay insafsız. Ancaq Şahmarın üçündə Elçibəy, Kamil Vəli, Tofiq Abdin, Oktay, sən, mən… Gəncəyə yığışıb gedəndə həmişə olduğu kimi məzəli, atmacalı, güclü yumorlu söz-söhbətlə hamını güldürsən də gözlərində kədərlə birgə günah sezilirdi.
Sonralar “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında işlədiyin şöbənin otağında məni adamlardan ayırıb küncə çəkdin – Azər, bilirsən nəyə təsəlli tapır, sevinirəm, beş mindən (Vidadi futbol oyunları ilə bağlı verdiyi proqnozlara görə beş min manat udmuşdu) mənə qalan Ayxana (Şahmarın oğlu) bir dəst kostyum almağım oldu – qulağıma pıçıldayanda səsindən, baxışından sanki bir vaxt dostuna qarşı elədiyi biganəliyinin, saymazlığının günahanı yuduğunu mənə bildirirdi. Şahmarın yaxını, doğma adamı kimi bilib Vidadinin yaxınlaşıb belə deməsinə gizli-gizli sevindim…
Bu dünyanın açılmaz sirləri kimi o da mənə qaranlıq qalacaq ki, ili tamam olmamış Vidadini çəkib yanına aparan Şahmarınmı istəyiydimi, yoxsa Vidadinin bizlərə görünən sonuncu qəribəliyimi? – yenə də heç kimin bacarmadığı, cəsarəti çatmadığı bir iş gördü, dünyadan bezdiyindənmi, usandığındanmı, yoxsa Şahmar üçün darıxdığındanmı baş götürüb onun dalınca getdi.
Əkrəm Əylisli jurnaldan gedəndən sonra Şahmar “Azərbaycan”, “Ulduz” jurnallarına, “Ədəbiyyat və İncəsənət” qəzetinə hekayələr versə də, sözləşiblərmiş kimi nəsr bölmələrinin müdirlərimi, redaktorlarımı illərlə Şahmarın gözəl hekayələrini çap eləmədilər. İnsafən deyin görüm, o vaxtlar çap elədiyiniz hekayələr, povestlər, romanlar bədii silqətcə, sənətkarlıq baxımından Şahmarın yazılarından çoxmu yuxarı idi? Bir az da siz öldürdünüz Şahmarı, saymazlığınız, göz yummağınızla, yoldaş tənqidçilər. Çünki, deputat deyildi, vəzifəsi, səlahiyyəti yox idi. Həm də ədəbiyyatda “böyük problemləri” qələmə almağı qarşısına qoymurdu, aktual mövzulara girişmişdi.
Çexovun “Altı nömərli palat”, “Rotşildin skripkası”, “Zəhərlənmə”, İvan Buninin “San-Fransiskolu cənab”, Heminqueyin “Makonberin uzun sürəmyən xoşbəxtliyi, “Qoca və dəniz”. Mirzə Cəlilin “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatı” əsərlərində olduğu kimi Şahmar da ancaq insan taleyindən yazırdı. Bu dahilərlə Şahmarın adını yanaşı çəkməyim heç kimi qıcıqlandırmasın. Mövzunu seçmək, insanın dərin qatlarına enmək baxımından, bizdən üzdə olsa da, hər adamın görə bilmədiyi münasibəti işıqlandırmaq, göstərmək baxımından Şahmarı görkəmli sənətkarlarla birgə xatırladım.
Şahmarın hekayələrindəki adi adamlar (obrazlar) ilk baxışda adama çox sadə görünür. Müəyyən bir məqamda birdən-birə onlar öz ağlı, həssaslığı, xeyirxahlığı, humanistliyi və yaxud bicliyi, həm də mürəkkəbliyi, sonsuzluğu ilə oxcunu heyrətləndirir. “Gündə bir buğda boyu” hekayəsində beş yaşlı Rəşid kimi. Əlvan boyalarla cızılmış (qələmə alınmış) Rəşid obrazı (Şahmar bu obrazın beş yaşlı öz oğlu Ayxanın prototipi olduğunu mənə söyləmişdi) yetkin və bitkin insanda olan həssaslıq, duyumu, heysiyyatı özündə ehtiva edir. Yaxud “Kefcil Məhəmməd” hekayəsində Kubra xala obrazı. Balaca qızına bir onluq verib bir kilo qənd almaq üçün mağazaya göndərir. Pulun qalığını gətirmədiyini görəndə Kubra xala qızın götürüb başıalovlu mağazaya gəlir. – Qadan alım, ay Məhəmməd, başına dönüm sənin, bayaq bu partlamışa on manat verdim ki, get bir kilo qənd al, gətir. Qəndi gətirib, amma pul yoxdu. Deyirəm, əlbət sən özün verməyibsən ki, uşaqdı, yolda itirib eliyər - deyib mağazaçı Məhəməmdi dilə tutmaq, boynuna qoymaq istəyir ki, Məhəmməd çaşıb, tələsib birdən “yox, məndə deyil, qalığını qaytardım” - deməsin. Yazıçı həm də doqquz manat itdiyinin kim üçün dəryada damla, kim üçünsə faciə olduğunu sənətkarlıqla ifadə edib.
Tabutun evinizdən çıxana yaxın damınızın üstündən üç gombul pişik boğuşa-boğuşa yombalanaraq əcayib səslər çıxarıb bir-birini qovurdu. Çöl qapınızın üstündən keçib yerə atılaraq qaçıb getdilər. Çox güman ki, qəm-qüssə içində bu səhnəyə baxanlardan gülməyi tutanlar, gülməyini gizlədənlər də oldu. Kiminsə gülməsinin nə sənə toxunacağı var, nə də sən belə şeylərdən inciyib alınansan. Bu da dünyanın bir iş-iştəyi, bir mənzərəsidi. Ancaq elə bilirdim o an sən bu yumoristik, gülməli məzxərəyə baxırsan, iri qıyğacı və tənəli baxışlarını gördüm, dibindən qırxılmış başını bulayırdın, səsini eşitdim, pişiklərə – əjlaflar, heç yeridi? – deyib bir mənə baxdın. Sorğulu baxışında danlaq, təbəssüm, yumor qarışıq anlaşılmaz bir ifadə vardı.
Dodaqlarım əsir, hıçqırığımı udmağa, başımı aşağı əyib üzümü gizlətəmyə çalışıram, göz yaşlarım axır, axır… Bu da dünyanın dözülməz haqsızlıqlarından biri. Sən, ancaq sən yanımda olsaydın, sənin özün məni ovundursaydın, bu dözülməz dərddən, ağır yükdən azca təsəlli tapa bilərdim, Şahmar.
Ayxanla hələ məktəbə getməyən oğlun Həsən səni Gəncədə qoyub kor-peşman Bakıya qayıdacaqlar. Axtarıb onları tapacam. Ancaq bilmirəm, bilmirəm üzlərinə necə baxacam, onlarla necə danışacam. Sən mənim yerimdə olsaydın, ürək-dirək verməyi, ovundurmağı yaxşı bacarardım, bilirəm. Məni göynədən xatirələrindən başqa bir də ömrümün sonunacan dönə-dönə qayıdıb oxuyacağım səmimi, zərif hisslərlə, çox incə mətləblərlə dolu gözəl hekayələrin qaldı. Sən demə, “Yaza bilməyəcəyim məktub”un yaşaya bilməyəcəyin günlərin, illərin yazısıymış, qardaş.
Bu şəhərdə bir inandığım adam vardı, telefonda səsini eşitcək üzüm gülərdi, əlimdəki işimi yarımçıq qoyub görüşünə gedərdim, gəzişərdik, dərdləşərdik, ayrılanda ürəyimdəki üzüntü, sıxıntı yüngülləşərdi, ürəkli olardım, yenidən inamla yaşamağa başlardım, hərdənbir dənizin qırağında mənimlə gəzişən o adamdan, onun qayğı və arzularından nə iş yoldaşlarının, nə hər gün qarşılaşdığı qonşularının, nə ata-anasının, qardaşlarının xəbəri vardı, nə də qayğısız, xoşbəxt balalarının.
Hər dəfə əl tutub ayrılardıq, altı-yeddi addım aralanandan sonra bilirdim mütləq dönüb geri baxacaqsan və əlini yuxarı qaldırıb güləcəksən. Bu da sənin “darıxma, hər şey yaxşı olacaq” deməyin idi. Hər şey beləmi yaxşı olurmuş, Şahmar. Sənin ömrünlə bağlı yazı bəs niyə belə ağrılı, qüssəli və acı bitdi.