“Cibgir”in arxasındakı ucaboylu, sarışın qadın

“Cibgir”in arxasındakı ucaboylu, sarışın qadın
22 noyabr 2012
# 08:30

....bir park düşünün
gəzilmiş,
keçilib gedilmiş,
skamyasız...

Qismət


Film izləyəndə həm də personajların fonundakı, arxa plandakı adamlara, təsvirlərə, predmetlərə diqqət kəsilirəm. Bəzən onlar mənə əsas qəhrəmanlardan, rejissorun təklif etdiyi situasiyalardan daha maraqlı gəlir. Bəzən isə arxa fona o qədər aludə oluram ki, ön plan, dialoqlar diqqətimdən yayınır. Buna görə də yenidən filmin konsantrə ola bilmədiyim hissəsinə qayıdası oluram.

Kadrın arxa planından bir anlıq sivişib keçən adamların adları titrlərdə yazılmır, onlar xatırlanmırlar. Halbuki, bu naməlum insanlar kinoya hərəkətlilik gətirir, onu həyata yaxınlaşdırır, təbiiləşdirir.

Məsələn, teatr tamaşalarında arxa fonda gəzişən və ya hərəkətsiz qalan personajlar da aktyorlardır. Yəqin, bu teatrallığa şərtilik hissini verdiyinə görə də teatra biganəyəm.

Kinoda arxa fonlar isə çox hallarda sənədlidir, adi hallarda nəzərdən qaçırdığımız, əhəmiyyət vermədiyimiz gerçəklikdir. Burda təsadüfi adamlar ya yoldan keçən hansısa canlı lentə alınır, yaxud anında nəsə baş verir və o an əbədiləşir.

Bəzən əhəmiyyət vermədiyimiz şeylər, insan tipləri kinoların arxa fonlarında diqqət çəkir, sanki mahiyyətini dəyişir, onlar filmdə nəsə başqa, fərqli anlam daşıyır. Ona görə kinonu teatrdan özümə daha yaxın, doğma hiss edirəm.

Arxa fondakı detallar, tanımadığımız insanlar olmasaydı filmlərin kinematoqrafikliyinə xələl gələrdi. Kinoda əsl həyat arxa fonlarda yaşanır. Və bu, bizim həyatımızdır.

Məsələn, Bressonun “Cibgir”ində qəhrəman metrodan çıxarkən arxadan gələn, yanından keçən adamlar, xüsusən, zövqlə geyinmiş, ucaboylu sarışın qadın, Antonioninin “Alatoranlıq” filmində uşaq arabasıyla keçən ana, Marsel Karnenin “Dumanlar limanı”nda Jan Qabenin fonunda yük arabası sürən orta yaşlı kişi, Billi Uaylderin “Sanset Bulvarı”nda pavilyonda ştativ daşıyan o adam...və onlar heç vaxt xatırlanmayacaq.

Biz bilməyəcəyik: kim idilər, həyatları necə olub, harada dəfn ediliblər, onlardan kimsə hələ də yaşayırmı, necə insan olublar, bəxtləri gətiribmi, uşaqları vardımı, nələri seviblər və s.

Bəs o yerlər necə, olduğu kimi dururmu, yoxsa rekonstruksiya edilib, ya bəlkə ümumiyyətlə, yer üzündən siliniblər.

Arxa fonlar, planlar adamı həm də dəhşətli fanilik hissinə gömür. Hər belə kadr həyatın keçici olduğunu amansızca xatırladır...

# 2658 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

14:01 21 may 2026
“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

13:26 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər