news-inner
clock12:10 calendar-gray 25 İyun 2020 view-gray1704 dəfə oxunub
view-gray1704 dəfə oxunub

Professora alver öyrədən dəmiryığan - Səfər Alışarlıdan yeni hekayə...

Kulis.az yazıçı Səfər Alışarlının yeni yazdığı “Format” hekayəsini təqdim edir.

Elə bil kimsə çıxışda sözün qulağına pıçıldayırdı ki, adamları inandırmasın, ayrı iş görsün: getsin, məsələn, balıq tutmağa, muğam oxumağa, ya elə şəhidləri dəfn eləsə, yetər, əlavə heç nə lazım deyil. Bu, professorun xoşuna gəlmirdi, auditoriyadakı mobil telefonlar və monitorlar da tum kimi çırtdanmış sözlərin qabığı ilə dolu idi.

Şənbə idi, söz də işləmirdi, professor da. Onların əvəzinə sanki metroda gizlənərək davamlı küləklərin tozanağı altından sağ-salamat çıxmış parlaq yaz günəşi işləyirdi. Göyüzünün dərinliyindən yola çıxmağa hazırlaşan yeganə ağ bulud topası dəstəbaşının tərpənməsini gözləyirdi. Yellənməkdən bezmiş ağaclar, nəhayət, toxtayıb durmuşdular, quşlar oxuyurdu.

Təkadamlıq naharın hansısa məqamında havalanmış professor açıq qapıdan balkona uçmuşdu və məhəccərin üstünə qonub siqaret çəkirdi. Bütün canı ilə hiss edirdi ki, qaratoyuqlar, sərçələr, sığırçınlar kimi cikkildəmək, qanad çalıb ucalıqlardan yeri-göyü seyr etmək istəyir. Bu həvəsini bitməkdə olan ikinci gəncliyinin şıltaqlıqlarından sayan professor onun tezliklə keçib gedəcəyini bildiyinə görə həmin anlarda özü ilə səmimi olmağa, hətta emosiyalarını bir qədər cilovlamamağa çalışırdı.

– Ayə, belə havada adam evdəmi oturar?! – qanrılıb açıq qapıdan arvadı Pərvanəyə səslənirdi. – Necə çıxıb getmədik bir tərəfə! –Aşağıda özü üçün nəsə qadın möcüzəsi yaradan Pərvanə eşitmirdi.

Balkondan görünən mənzərə Mars çölü olmasa da, gödək, sakit küçə, ağaclar, qəsəbə evlərinin rəngbərəng damları bu günəşli yaz şənbəsində adamın baş götürüb öz içindən çıxması və quşlara qoşulub cikkildəməsi üçün kifayət edirdi. Günəşin aşağılarda tərpətdiyi yaşamaq eşqi hər yarpağın şax duruşunda, uzaqlardan sevgi etirafı kimi gələn hər səsin şən cingiltisində duyulurdu.

İçdiyi iki qədəh arağın, günəşin, yazın və quşların havasına dingildəyib qurtarandan sonra professoru yenə sözün halsızlığı və nə vaxtlarsa böyük olmuş ölkənin indiki durumu narahat etməyə başladı. Bunun məhz belə olacağını əvvəlcədən bilirdi. Əzab-əziyyətlərlə dolu bütöv bir ömrün həşəm olub qurtardığı yerdə üç metrlik balkona sığan xoşbəxtlik anı necə qurtarmaya bilərdi?! Məhəccərə dirsəklənmiş professor bununla bağlı öz səylərini bir neçə istiqamətdə daha da gücləndirməyi vacib saydı. Müəllim demişdi: “Ürəyin elm və həqiqət naminə istədiyini göydə Allah, yerdə sevgili-canan gözləyir”.

Dəmiryığanın arabası hələ tinin arxasından, küçəyə girməmiş danqıldayır. Deyərsən, bəlkə 11-ci qırmızı ordu gəlir. Küçəyə cəmi ikicə darvazanın açıldığını hər kəs görür, ancaq qatıqsatandan tutmuş dəmiryığana qədər hamısı iyirmi darvazalıq qışqırır. İki darvaza lazımsız dəmirlərini çoxdan verib, ancaq qaqaşlar hər gün zəhmli hökm və az qala söyüş intonasiyası ilə car çəkməkdə davam edirlər:

– Dəmir alıram! Dəm-mı-ırr! Dəm-mmı-ırrr! – Sanki deyir: dəmir də belə-belə olsun, siz də, elə mən özüm də!

Professor yuxarıdan baxa-baxa fikirləşirdi ki, dəmiryığan bundan sonra əlli il də beləcə dəmir toplamaqla məşğul olsa, nə sözün işləmədiyini fikirləşəcək, nə də formatın yararsızlığından narahat olacaq. Bununla belə, o asudəliyi professor özü üçün arzulamadı: bu dünyada dəmir yığmağa hər kəsin öz arabası, qışqırmağa öz sözü var. Ancaq necə də olsa, professor dəmiryığanla söhbətə ehtiyac duydu. Bəlkə də bu elə quş kimi cikkildəməyin bir havası idi yenidən qayıtmaq istəyirdi.

– Ayə, kimdir sənin müdirin?

Professor dəmiryığandan soruşdu. Üçtəkərli arabasının üstündə bir dənə çürük vedrə, bir dənə də əyri boru qırığı aparan cavan oğlan dayanmağa bəhanə axtarırmış kimi tez danqıltını kəsdi və başını yuxarı qaldırıb:

– Bəli-i-i? – dedi. Səs o qədər yorğun və üzgün idi ki, onun nəinki dəmir, heç kağız da tapa biləcəyinə ümid yox idi.

– Deyirəm, kimdir müdirin?– professor ani olaraq arabanın dəmirlə dolu olacağı halda bu müqəvvanın onu sexə qədər necə, hansı güclə itələyəcəyini fikirləşib soruşdu.

– Cəlal müəllimdi, – oğlan dedi.

Professor siqaretinə qullab vurub tüstünü atmosferə azacıq kəm qaytarmaqla maddənin itməməsi qanununu xatırladı və dedi:

– Cəlal müəllimə deyərsən ki, bu formatda perspektivimiz yoxdur!

Onbeşlik boru kimi nazik oğlana, çox güman ki, bütün ömrü boyu heç kim belə maraqlı tapşırıq verməmişdi. Ona görə bu tapşırıq, bu ünsiyyət və diqqət qara dəmirin içindən gözlənilmədən çıxan əlvan metal parçası kimi cavanı bir az hərəkətləndirdi. O, başını aşağı salıb yığdıqlarına baxa-baxa susdu və nəhayət, mənalı tərzdə mızıldandı:

– Cəlal müəllim o işlərə baxmır.

Kaş Cəlal müəllim dəmir yığmaq zülmünə yox, elə o işlərə baxaydı!

– Bəs nə işinə baxır? – professor dirəşdi.

– Zibilxanaya baxır... Klubun dalındakına.

– Sən de, – professor yaz günəşinin ölü dirildən xumarı ilə dolu balkonda o başa, daha yaxına getdi. – Bəlkə o, çarə tapa.

11-ci qırmızı ordu qarşısındakı bütün qalaları boş görüb yerindən tərpəndi.

– Dəmir alıram! Dəm-mm-ıı-rrrr!

Professorun heyfi gəldi yaz günəşinin oynaq, həlim işığına. Gödək küçənin bir hissəsini sanki kölgə basıb quzeyi artırdı, özünün də quşlara qarışıb cikkildəmək həvəsi yox oldu. Ona elə gəldi ki, bu sözlərlə oğlanın fikrini işindən tamamilə yayındırıb bugünkü uğurunu azdırdı və o, bütün günü küçələri hədər gəzib dəmir tapa bilməyəcək. Allah bilir, bəlkə Cəlal buna görə onu danlayacaq.

Professorun cikkildəmək həvəsindən əvvəlki fikrində belə parlaq günəşin, belə uca səmanın altında yaşayan adamların hamısı yaşıl ağaclar kimi şux və təravətli olmalıydı. Əgər format uğurlu olsaydı, bu gənc hər gün buralarda qışqırmazdı, yarısı çürümüş vedrəni dəmir saymazdı, qonşu hasarının hündürlüyünü beş metrə qaldırıb balkonun qarşısını Çin səddilə kəsməzdi, axşam-sabah bu küçədən keçən adamlar telefonda bir-birini acılamaz, söyməzdi.

Professor çağırdı:

– Ayə, dəmirçi! Bura gəl! Gəl! Yuxarı qalx!
– Dəmir var? – oğlan dönüb azacıq dirçəltdiyi səslə soruşdu.
–Var, dəmir də var.

Arabasını asfaltın qırağındakı kolların içinə itələyib əyri addımlarla darvazaya tərəf gəldi. Arabasız yerişiylə o, professora çəpər arasından ot qırpmaq üçün sürüdən çıxan buynuzsuz toğlunu xatırlatdı. Professor gedib onu həyətdə qarşıladı, Pərvanəyə tapşırdı ki, yuxarıda stola əl gəzdirsin.

Pərvanə üzünə yaxdığı yaşılı qatığı barmağı ilə yüngülcə sıyırıb başına dəsmal dolaya-dolaya mətbəxə getdi, dəmirçi hamamda onun yerinə keçib güzgünün qarşısındakı kiçik qablara, şüşə flakonlara, pasta və qutulara, maqqaş və fırçalara maraqla baxa-baxa əllərini sabunla yudu, ancaq onların paslı rəngi dəyişmədi. Süd işıqlı hamamın böyük güzgüsündə alnına yapışmış kəkilini Pərvanənin yumşaq balışlı darağı ilə arxadan irəli daradı və qara köynəyinin əzik boyunluğunu da düzəldəndən sonra oğlanın eyni açıldı. Professorun üzünə gülümsünüb belə dedi:

– Həyat gözəldir, qardaşım!
– Nə? – professor cavanda həyat əlamətinin belə tez dirçəlişinə təəccüblənən kimi oldu.
– Bir kino var, orada elə deyirlər.
– Kinoda ola bilər, – professor onu pilləkənlərə tərəf apardı.

Stol arxasına oturmazdan əvvəl dəmirçi yaxınlaşıb balkona, oradan isə bayaq özünün durduğu yerə, kolluğa itələdiyi arabaya baxıb gülümsünməyinə davam etdi. Balkondan baxmaq onun xoşuna gəldi. Ancaq otağın genişliyi, stolun və televizor ekranının böyüklüyü, küncdən iki tərəfə axan divanın və yerdəki ağımtıl, inciçiçəyi dolu xalçanın təmizliyi dəmirçiyə balkondan da xoş təsir bağışladı və Allah bilir, bəlkə də təəssüflə fikirləşdi ki, onun belə evi, rəngli daş döşənmiş balkonu yoxdur. Bunlar o yana, evi də olsa, heç zaman onun divarında belə gözəl xanımın oyma naxışlı, qızılı çərçivədə portreti olmayacaq.

– Çox qəşəng eviniz var, – oğlan ağsaqqal ədası ilə deyib əyləşdi.

Professor düşündü ki, ev-eşiyin, hətta qadınların da gözəlliyi adama gənclikdə cəlbedici görünür. Sonra dünya adamın gözündə tədricən dəyişməyə başlayır, adam sanki onların hamısının nədən, necə düzəldildiyini çox aydın görür və marağı itir. Onlardan ayrılmağı bacaran adam üzülüşdükcə özünü yüngülləşmiş hiss edir və daim öz həyatının əvvəli ilə axırı arasında çabalayır ki, dairəni mümkün qədər dəqiq və yumşaqlıqla qapaya bilsin. Təəssüf ki, çoxları buna nail ola bilmir, səhvlərindən və xəstəliklərindən çələng bağlayıb özü ilə o dünyaya aparır. Professor düşündüklərini qonağa demədi. Onu sözə yox, sadəcə yeməyə dəvət eləmişdi. Hesab etdi ki, format söhbəti öz gözlənilməzliyi ilə bu gənc dəmiryığanın nəinki bugününə, sabahına, bütün ömür marafonuna kifayət edəcək qədər qəribədir. Məsələn, o özü belə gənc vaxtı iştirakçısı olduğu bir söhbəti unutmamışdı. Xörək gəlincə dəmiryığana onu danışdı.

– Nə vaxtsa texnikumun ikinci kursunda oxuyurdum, səndən də cavanıydım. Getdim həyətdəki dəlləyə başımı qırxdırmağa, birdən elektrotexnika müəllimimiz girdi içəri. Dəllək məşğul idi, biz gözləyirdik. Müəllim mənə belə bir sual verdi: “Əgər bizim nəhəng bir maşınımız olsa, biz onunla Yer kürəsinin bu üzündən o biri üzünə bir deşik aça bilsək və ora, məsələn, bu bərbərin kreslosunu atsaq, o hara gedər?” Mən dedim, yəqin deşikdən aşağı düşüb harasa gedər. Müəllimim izah elədi: “Düşər, ancaq heç yerə də getməz. Kreslo deşikdən çıxıb aşağı yuvarlanar, eyni sürətlə də yuxarı qayıdıb deşikdən çıxar və yavaş-yavaş azalan sürətlə bunu təkrar-təkrar edəndən sonra gəlib düz deşiyin ortasında havadan asılı vəziyyətdə dayanar”.

Pərvanə xanım böyük tavanı gətirib stolun üstünə qoyanda başını tam qaldırmağa cürət etməyən dəmiryığan hiss etdi ki, bu, odur. Divardakı qızılı çərçivədən baxan və otağa girən hər kəsə gülümsər, iri gözləri ilə “O-ooo!” eləyib şıltaqlıqla təəccüblənən gənc xanım!

Xanım tavanı və təmiz qab-qaşığı ağ süfrənin genişliyində rahatlıqla yerləşdirib tez də otağı tərk etdi. Taxta pilləkənlərlə onun aşağı qaçan yüngül addımlarının pırıltısı vida marşı kimi eşidildi.

– Ye, – professor onun boşqabına xörək çəkdi, sonra da qədəhlərə araq süzdü. – Adın nədir?
– Həmid, – dəmiryığan dedi və kompotdan bir qurtum içib iştaha ilə yeməyə başladı.
– Mən də professor Kazımovam.
– Nə olan şeydi o format, professor?
– Təhsilin varmı?
– Doqquz sinif.
– Sənə necə izah edim ki, aydın olsun?

Həmid qızardılmış kartofla kotlet tikəsinin dalınca ağzına doldurduğu pomidor-xiyar salatını həvəslə çeynəyə-çeynəyə şənləşmiş baxışları ilə professorun təmiz qırxılmış ətli yanaqlarından başlayaraq geniş qövslə otaq boyu divardakı portretədək sığalladı. O, professora diribaş göründü, kim bilir, bəlkə də nə vaxtsa istədiklərini əldə edəcəkdi. Böyük şəhər küçəsinin adətən iki cür adam – uğurlu və uğursuz yırtıcılar yetişdirdiyini professor bilirdi. Ümumi hesabla götürəndə, o da özünü şəhər küçələrinin bəxti gətirmiş yetirmələrindən sayırdı. Ancaq bununla heç zaman öyünmürdü. Çünki ən böyük həqiqət ondan ibarət idi ki, küçə adamı doğma ailəsinin ağuşundan kənarda saxlayıb istər-istəməz sərtləşdirir.

– Yaxşı, götür vuraq, sonra mən sənə formatı izah eləməyə çalışaram, – professor dedi.

Vurdular. Həmid gözünü yumub içdi və çəngəl batırdığı pomidor diliminin turşusunu iki dəfə boşqabının üstündə fırlayıb yaz günəşinin tezbazar qarsaladığı ağzına qoydu.

– Əla araqdı, professor! – təriflədi.
– Hə, format elə budur da, Həmid... Yaxşı araq və pis araq. Ölkə, quruluş da o cürdür.

Həmidin başı yeməyə qarışmışdı. Dünya, quruluş-filan vecinə deyildi: blinçiki qatığa basıb ağzına qoyurdu, ardınca təzə xiyar, duzlu pomidor, reyhan, keşniş, şüyüd – əlinə keçəni ora ötürürdü. Elə bil küçələrdən yığdığı dəmir-dümürü qara metalın əriyib qaynadığı qıpqırmızı qazana tökürdü.

Həmid dəmirdə olan pulun heç yerdə olmadığını professora izah etməklə gələcək planlarına Şorgöldə batmış estakadanın çıxarılmasının daxil olduğunu dedi. O hesab edirdi ki, bircə həmin dəmirləri çıxarıb satmaqla bütün həyatının formatını dəyişə bilər. Professor bu şəhəri, onun adamlarını, hətta göllərini və dəmirlərini də yaxşı tanıyırdı, hamısını küçələrdə görmüşdü. Bilirdi ki, bu cür yetimi ətraf qəsəbə kanalizasiyalarının açıldığı o Şorgöldən nəinki dəmir çıxarmağa, heç bircə dənə balıq da tutmağa qoymazlar. Doğrusu, ona həm də elə gəlirdi ki, haldan düşmüş bu köhnə dəmirlərin ərintisindən alınan yeni dəmirin möhkəmlik əmsalı kimi ondan çıxan pulun da bərəkəti şübhəlidir.

– Professor, qızındı? – portretə daha gözünün qırağı ilə gizli yox, aşkar rəğbətlə baxan Həmid soruşdu. – Maşallah, Allah saxlasın!

Professor gözlərini süzdürüb soyuq baxışlarını Həmidin üzündən keçirdi:
– Kompotunu iç, Həmid, – dedi. – Araq bəlkə bəsdir? Sonra keflənərsən, Cəlal səni ofisə buraxmaz.
– Cəlal müəllim özü bu vaxtlar hazır olur, – Həmid boğazına bir çırtıq vurub qədəhini götürdü.

Professor Həmidə neçə il əvvəl hamamdan söküb çıxardığı suqızdıran samovar-borunu dəmiryığanın necə almaq istədiyini danışdı. Dedi ki, dəmiryığan borunun en-uzununu ölçüb, bir ucunu tərəzisinin qarmağına ilişdirdi, yarıyacan yerdən qaldırdı və kalkulyatorunu xeyli tıklayandan sonra “8 manat!” dedi.

– Dedim, ayə, mən bunu bazardan yüz əlli manata aldığım heç bir il deyil. Satmıram, qoyacam, bax, ora, küçədəki söyüdün altına, axşam gəlib oğurlayarsan.
– Alış-veriş də bir işdi, professor, – Həmid yekə-yekə dedi. – Onu gərək bacarasan. Alverdə əsas məsələ bilirsən nədi?!
– Nədi? – professor maraqlandı.
– Alverdə əsas məsələ axır sözü əvvəldə deməməkdi, – Həmid barmağını qaldırıb professorun gözlərinə baxdı.

Yeyib-içmiş Həmidin kefi kökəlmişdi. Bəlkə də indi özünü göldən estakada dəmirlərinin hamısını çıxarmış kimi hiss edirdi. Professor fikirləşdi ki, gənclikdə arzu adama həyat eşqi verirsə, qocalıqda o, sərt reallıqlarla toqquşduqca adamın olub-qalan enerjisini də sümürür. Onun elə gənclik arzuları vardı ki, onlar həyatın gövşəyində getmişdi, elələri də vardı ki, çin olanda sevinməyə artıq həvəs qalmamışdı. Elə bil təzə, amma dəbdən düşmüş bir kostyumu gətirib bağışlamışdılar ki, onu heç qarderobdan da asmağa hacət yox idi. Bunları nəinki Həmidə danışmaq, öz-özünə xatırlamaq belə ağır idi. Həmidi dəmir maraqlandırırdı.

– “Biz dəmiri imkan mərhələsindən vücud aləminə nazil etdik. Onda insanlar üçün möhkəm qüvvə və başqa mənfəətlər var”, – professor tərtəmiz fıstıq pillələlərin üstünə corabsız, kirli ayaqlarının şəklini yapışdıran Həmidin ardınca aşağı düşəndə dedi.

Həmid heç nə başa düşmədi, ya da fikri ayrı yerdə olduğundan deyiləni eşitmədi.

– Bax orada, döşəmənin altında, bir “Ceyran” sobası var, – professor bir anlığa aşağıdakı otağın qapısı ağzında dayanıb dedi. – Başqa vaxt gələrsən, divanı çəkərik bəri, girib çıxardarsan.
– Bəlkə indi? – Həmid altdan yuxarı baxdı. – Bu gün yaman kasadlıqdı, professor.
– Yox, sonra, sonra!

Alkoqolun təsirini yoxlamaq üçün professorun öz test üsulları vardı. Nəticədən asılı olaraq üç şeyi etmək və ya etməmək olardı: telefonla danışmaq, kompüterin qarşısına keçmək və geyinib harasa getmək. Pilləkənləri qalxa-qalxa özünü müayinədən keçirdi və bu qərara gəldi ki, deyilənləri edə bilər. Günəşli yaz gününün xoş təsiri altında yeyib-içmək ayrı şeydir!

Pərvanə stolu yığışdırıb mətbəxə daşıyırdı. Yaxdığı rəngin üstündən başına keçirdiyi sellofan papaq və əynindəki ağ xələt onu əməliyyata hazırlaşan ciddi, bir az da əsəbi həkimə oxşadırdı. Portretdə isə o, başqa cür idi, əməliyyatı, ağrını öz sevincindən ayrı tutmağı bacaran aspirant idi, şıltaqcasına: “O-ooo!” eləyib təəccüblənirdi. Professor portreti sevirdi və hərdən otaqda tək qalanda qarşısında dayanıb fırçanın müxtəlif rəngli yağlı boya yaxmalarına baxırdı, otağın müxtəlif yerlərindən ona diqqət yetirib gözəlliyi bir neçə rakursdan özü üçün həvəslə təsdiq edirdi. İndi portretə baxmadı, balkona getdi.

Professora elə gəldi ki, bayaq dəmiryığanı çağırmaqla balkondan seyr etdiyi mənzərədə bəzi təəssüratları yarımçıq qalıb. Ondan da başqa professor balkona çıxdı ki, öz testini mənzərə üzərində bir daha dəqiqləşdirsin. Çıxdı və çıxan kimi də gördü ki, Həmid əl-qolunu ölçə-ölçə, yanında bir ucaboy oğlanla əks istiqamətdən gəlir. Professor balkonda gözlədi. Sonra gələnlərin xahişi ilə aşağı düşməli oldu.

– Professor, bu mənim şərikimdi, – Həmid yanındakı oğlanı təqdim etdi. – Maşın düşüb, bir azdan çıxacaq rayona. Xahiş eləyirəm, mümkünsə, o sobanı ver aparsın anasına. Maşın həmişə olmur...

– Ayə, soba döşəmənin altındadı, – professor dedi. – Onun üçün divanı çəkmək lazımdı, nə bilim ora girmək... O da ağır şeydi...

– Hamısını özüm eləyəcəm. Narahat olma.

Çoxdan tərpədilməyən divanın altını toz basmışdı, tiftik topaları zirzəminin qapağının aralarına dolmuşdu, qapağın altında hörümçəklər tor toxumuşdu. Həmid süpürgə ilə hörümçək torunu götürəndən sonra siçan dalınca sıçrayan pişik kimi aşağıdakı qaranlığa atıldı.

– Sol tərəfə bax, orada olmalıdı, – professor onu yönəltdi. Sonra da Pərvanəni çağırdı ki, divan yerinə çəkilməmiş gəlib döşəmənin tozunu silsin.

– Xanım, sənə qurban olum, ver mən silim, – oğlan irəli yeriyib taxtanı Pərvanənin əlindən az qala güclə aldı və dərhal da lakı bozarmamış parketi silməyə başladı.

Həmid sobanı, ardınca da toz basmış boruları verdikcə oğlan alıb onları həyətə apardı. Qapağı qoyub divanı yerinə itələyəndən sonra oğlan yenə Pərvanəyə müraciətlə:

– Xanım, sənə qurban olum, bir stəkan su olarmı? – dedi.

–Yox! Olmaz! – professor yeriyib oğlanla üzbəüz durdu. – Gedib evində öz arvadına qurban olarsan, başa düşdünmü?! İndi çıxın bayıra. Heç sobanı da vermirəm!

Həyətdə Həmid çox dil tökdü, çox yalvardı, ancaq professor dediyindən dönmədi və onları itələyib küçəyə çıxardı. Pul təklifini isə eşitmək belə istəmədi.

– Üç-dörd gündən sonra çıxarıb qoyacam ora, söyüdün altına, – dəmiryığanları birdəfəlik başından eləmək üçün dedi.

Gənclər gedəndən sonra professor format haqqında bir daha düşündü. Ona elə gəldi ki, titullarına, elmi-pedaqoji stajına baxmayaraq, ən adi məsələlərdə belə bilmədiyi, daha doğrusu, vaxtilə küçənin öyrətdiklərindən unutduğu çox şeylər var.

news-inner-user

16494 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Rejissorumuzun filmi Moskva festivalının əsas proqramında
18:57 21 Sentyabr 2020
Notr-Dam kilsəsinin muzeyi işə başladı
18:34 21 Sentyabr 2020
Ayağı kəsilmiş sevgilisini tərk edən Ceyran – Sara İbrahimin hekayəsi
17:48 21 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
17:19 21 Sentyabr 2020
Yeni Ceyms Bond kim olacaq?
16:24 21 Sentyabr 2020
Polisi maarifləndirmək lazımdır – Yazarlar şortik qadağasından danışdılar
15:42 21 Sentyabr 2020
Karyerasına atası son qoydu, dostları nankor çıxdı... – Kinomuzun Sərvərindən maraqlı faktlar
15:02 21 Sentyabr 2020
Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
14:18 21 Sentyabr 2020
Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020