Habil Əliyevin qızı: “Ən ağır günündə evimizə bir musiqiçi də gəlmədi” – Müsahibə

Habil Əliyevin qızı: “Ən ağır günündə evimizə bir musiqiçi də gəlmədi” – Müsahibə
27 mart 2022
# 21:00

Kulis.az “Atamın xatirəsi” layihəsindən əfsanəvi kaman ustası, Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva ilə müsahibəni təqdim edir.

- Vəfa xanım, səhv etmirəmsə, siz Habil müəllimin ikinci övladısınız?

- Biz üç bacı, bir qardaşıq. Rəvan bizim sonbeşiyimizdir. Mən isə dediyiniz kimi, ortancıl qızam. Üç bacı üçümüz də həkimik.

- İncəsənətə həvəsiniz olmayıb?

- İncəsənət sahəsinə həvəsi bizə uşaqlıqdan aşılamadılar. Rəhmətlik atam bu məsələdə bir az ciddi idi. Bir çox incəsənət adamı var ki, onların övladları da valideynlərinin yolunu davam etdirir. Acaq atamın arzusu qızlarını həkim görmək idi. Çünki özü həkim olmaq istəmişdi, ola bilməmişdi. Bizim içimizdə bircə qardaşım incəsənət yolunu seçdi. Rəvanın istedadlı olmasına rəğmən atam onun seçimindən də narazı idi. Deyirdi, incəsənət çətin sahədir, orda baş çıxarmaq olmur.

- Habil Əliyev necə ata idi?

- Atam haqqında danışmaq çox çətindir. Evdə bizə qarşı çox tələbkardı. Elə uşaqlıqdan biz onu ciddi bir adam kimi tanıdıq. Evə gələndə hamımız öz otağımıza çəkilərdik, hər tərəfə sakitlik çökərdi. Bununla yanaşı onun gözəl qəlbi, rəhmdilliyi də vardı. Anam özü də sərt qadın olduğu üçün bizi çox qoruyub. Daim anamızın nəzarətində olmuşuq. Atam bizə nəzarət edə bilmirdi, çünki ilin doqquz ayını çöldə-bayırda olurdu. İl ərzində üst-üstə qoysaq, atamızı üç ay görürdük. Yəni biz ondan çəkinərdik, ürəyimizdən keçəni belə rahatlıqla deyə bilməzdik.

Gallery

- Acıqlananda sizi vururdu?

- Yox, heç vaxt o, bizə əl qaldırmayıb. Biz ondan heç kobud söz də eşitmədik. Amma çox zəhmli adamıydı. Onun bir baxışı bizə bəs edərdi. Son dövrlər xəstə yatanda heç birimizə əziyyət vermədi. Bir ay yataqda oldu, biz bu müddət ərzində onun başının üstündən çəkilmədik. Mən atamın gözlərinin rəngini o, canını tapşıranda gördüm. Ovaxta qədər bilmirdim ki, mənim atamın gözlərinin rəngi qonurdu. Çünki biz heç vaxt onunla danışanda gözünə baxa bilmirdik. Onunla göz-gözə baxıb söhbət etmək çox çətin idi. Zəhmli idi, amma həm də uşaq kimi kövrək idi. Onunla oturub nə barədəsə danışanda bir də görərdin uşaq kimi ağlayır.

- Onu nə kövrəldə bilərdi, nəyə ağlamışdı?

- Çox olub. Misal üçün, mən işimlə əlaqədar, ailəmlə birgə on beş il xaricdə həkim kimi fəaliyyət göstərdim. Ordan atama hər dəfə zəng vuranda onunla danışa bilmirdim. Hər dəfə ağlayırdı, danışa bilmirdi. Anam deyirdi, atan sənin səsini eşidən kimi kövrəlir. Sonralar mən bildim ki, “Qərib quşlar” adlı mahnını televizordan, radiodan eşidən kimi atam hönkürtü çəkib ağlayırmış. Deyirmiş, mənim də övladım qəribçilikdədir. Ancaq ümumən kasıb, yetim adam görəndə, haqqında nə isə eşidəndə kövrələrdi. Allaha yalvarırdı ki, həmin adamlar kasıbçılıqdan, çətinlikdən xilas olsunlar.

- Özünün də çətin, ağır uşaqlıq, yeniyetməlik illəri olub. Heç o dövrləri xatırlayırdı?

- Əlbəttə. Öz uşaqlığından bizə o qədər danışırdı ki, biz onun yaşadıqlarının çoxunu bilirdik. Bilirsiniz, o, bizə o qədər yaxşı örnək olub, indinin özündə də məni tanıyanlar, bilənlər, rəhbərlik etdiyim kollektivdəki insanlar həmişə deyirlər, Vəfa xanım, siz çox sadəsiniz. Bu sadəlik mənə atamdan gəlir. Atam həmişə bizə deyirdi ki, mən eşidəm, biləm ki, siz nə vaxtsa, biz filankəsin qızıyıd deyərək fəxrlə kiminləsə kobud hərəkət etmisiniz, sizinlə heç zaman danışmaram. Harda işləyirsiniz işləyin, öz adınızı özünüz doğruldun. Amma onda da sadə olun, insanlara yuxarıdan aşağı baxmayın.

Biz neçə illər ərzində bir dəfə də olsun ondan “mən” sözü eşitmədik. Heç vaxt özü barəsində “mən korifeyəm, sənətkaram” sözünü demədi. Əksinə, həmişə özündən narazı idi. Həmişə deyirdi ki, istədiyimi tapa bilmədim, yarada bilmədim.

Gallery

- Habil Əliyevin adı yəqin, sizin hamınızın həyatında açar rolu oynayıb…

- Sözsüz. O, bizim arxamız idi. Ailə, uşaq olan yerdə bilirsiniz ki, problemlər də olur. İnanırsınız, hərdən gəlirdim atamgilə problemlərimi ona danışırdım, mənimlə elə söhbət edirdi, onlardan çıxanda quş kimi yüngül olurdum. Atam o qədər gözəl təskinlik verir, insanı rahatlayırdı ki, biz problemlərimizi unudurduq. Bunu tək bizə qarşı etmirdi. Bütün qohum-əqrəba ilə belə davranırdı. Qohumlarımızdan kimin nə dərdi-səri olurdusa atamın yanına gəlirdi. Atam da xoşlamırdı, adından istifadə edib, harasa, kiməsə zəng vursun. Bunu edəndə də elə edirdi ki, sanki kiçik bir insan edir, Habil Əliyev yox.

- Vəfa xanım, səhv etmirəmsə, sizin Hollandiyadan qayıtmağınıza səbəb də atanız olub.

- Bilirsiniz, mən gəlib-gedirdim. Son dəfə gələndə gördüm o, xeyli yaşlanıb, xəstədir. Onda hər dəfə düşünürdüm ki, atama nə isə olsa, mən onun yanında olmasam, bunu ömrümün sonuna qədər özümə bağışlamayacam. Ailəmlə məsləhətləşdim, dedim, mən qayıdıram vətənə, siz qalın burda. Çünki övlad kimi istəyirdim atamın qalan ömrünü onun yanında olum. Yoldaşımla biz gəldik, uşaqlar orda qaldı. İl yarım mən atamın yanında yaşadım.

- Onun xəstəliyinə görə qayıtmağınızın fərqində oldu?

- Əlbəttə, özü bildi. Ona dedim, ata, mən artıq burda qala bilmirəm. Gəlməzdən əvvəl onda icazə də aldım. Dedi, ay qızım, gəl, mənim bir əskiyim var, o da sənsən. O, çox övladcanlı ata idi. Övladları üçün yanardı. Atam dünyanın qırxdan çox ölkəsində olmuşdu, ordan qayıdanda dolu çamadanlarla qayıdardı. Hamıya hər şey alardı, amma özünə bir cüt corab da almazdı.

- Qayıdandan sonrakı on beş ili necə kompensasiya etdiniz?

- Çox çətin oldu. Mən xaricdə yaşasam da, ildə iki dəfə məzuniyyət götürüb bura gəlirdim. Bir ay, on beş gün qalırdım. Amma gedəndə ağlaya-ağlaya gedirdim.

- Atanız rəhmətə gedəndən sonra həmişəlik Bakıda qaldınız. Belə deyək, onun xəstəliyi həm də sizin sonrakı taleyinizə təsir etdi?

- Bəli. Mən bura qayıdandan sonra dedim ki, daha qayıtmayacam. Vətən doğurdan da gözəldir. İnsan bunu qəribçilikdə yaşadığı vaxt dərindən hiss edir. Mən hər halı ilə vətəni qəbul etməyə hazır idim, yetər ki, bura qayıdım. Vətənin nə demək olduğunu orda yaşadığım illərdə çox gözəl anladım.

Gallery

- Habil müəllim evdə məclis qurmağı, dost-tanışla bir yerə yığışmağı xoşlayırdı?

- Yox, elə şeyləri sevmirdi. Bizdə belə məclislər olmayıb, görməmişəm. Atamın incəsənət adamları ilə yaxınlığı, dostluğu çöldə-bayırda, evdən kənarda olub. Ailə içinə heç zaman incəsənət adamlarından gətirməyib. O, özü bu halı sevmirdi, buna da heç zaman imkan vermədi. Nə qədər, biz üç qız uşağı o evdə yaşadıq, heç zaman evimizdə incəsənət adamlarını görmədik. Hətta qadınları belə.

- Özü necə, dostlarının evinə qonaq gedirdi?

- Getməzdi. Sizə deyim, atam çox çöl-bayır adamı deyildi. Konsert, qastrollar olanda harasa gedirdi. Misal üçün, qırx gün gedib Parisdə qastrolda qalardı. Amma işini bitirəndın sonra evdə olardı. Bizi də öz sahəsindən olan adamlardan heç kimlə tanış eləmədi. Bizi də heç kim tanımırdı.

- Sizin sənət, ailə seçiminizdə nə qədər rol oynamışdı?

- Sənət seçimində təbii ki, rolu oldu. Çünki həmişə bizə bunu aşılayırdı, deyirdi, mən həkim olmaq istəyirdim, amma müharibə və kasıblıq imkan vermədi. Siz qız uşaqlarısınız, həkim olun, mənim arzularımı reallaşdırın. İndi fikirləşirəm, nə yaxşı, onun dediklərinə əməl etdik. Qardaşım hüquqşünas oldu. Bir ara musiqiyə meyl etdi, amma sonra gördü, onun məşğul ola biləcəyi sahə deyil. Atam da həmişə bunu ona deyirdi. Atamın Rəvana münasibəti tamam başqa idi. Amma övladlarının arasında heç vaxt fərq qoymadı. Hərəmizin öz yeri vardı, hərəmizi bir cür dindirirdi. Mən uşaq vaxtı atam xaricə gedəndə mənə ordan məktub yazardı, hamısını da mənim oğlan qızım başlığı ilə başlayırdı. Oğlan kim baxırdı mənə. Çünki mənə tapşırdığı işlərin hamısını yarıdardım.

- Habil müəllimin neçə kamançası vardı?

- Mən evimizdə üçünü görmüşdüm.

- Alətlərinə münasibəti necə idi?

- Bizim hamımızdan çox alətlərini sevirdi. Həmişə deyirdi, kamança mənim ilk övladımdı, siz sonra gəlmisiniz. Kamança olmasaydı, mən sizi böyüdüb, yetişdirə bilməzdim. Yəni onun üçün kamança hər şeydən əvvəl gəlirdi. Ümumiyyətlə, sənətini çox sevirdi. Siz inanırsınız, bəzən biz uşaqlarımızla atamgilə gələndə o, evdə olsa belə, üzünü görmədən geri qayıdırdıq. Anam deyirdi, atanız məşğuldur, konserti var, hazırlaşır. Onun otağına ancaq çay və təmizlənmiş külqabı daxil olardı. Öz üzərində çox çalışırdı, amma ölən günə qədər özündən narazı qaldı. Ona nə qədər çox hörmət qoyulsa da, heç vaxt özünə sənətkar kimi, kaman ustadı kimi baxmadı.

Gallery

- Siqaret çox çəkirdi.

- Çox. Bunun nəticəsi də xəstəliyi oldu. Amma dövlətimiz ona qarşı son gününə qədər böyük qayğı ilə yanaşdı. Xaricdən belə dəfələrlə həkimlər, mütəxəssislər gətirildi. Sadəcə olaraq, artıq bədənin resursları tükənmişdi. Qocalmışdı, yaş da öz işini görmüşdü. Onun ölüm diaqnozu ağciyər və ürək çatışmazlığı oldu. Atam on üç yaşından siqaret çəkməyə başlamışdı. Əgər o, siqaret çəkməsəydi, indi bəlkə də yaşayardı. Çünki onun ürəyi sağlam idi. Amma ağciyərdəki problemlər ona yaşamağa imkan vermirdi. Ona deyəndə ki, siqaret çəkmə, deyirdi, mənə dəyməyin, vaxtım çatanda onsuz da gedəcəm.

İnanırsınız, elə bir gün yoxdur ki, o, yada düşməsin. Bizi onu xatırlamayaq, doluxsunub kədərlənməyək.

- Vəfa xanım, Habil müəllim sənətkarlığının fərqində idi?

- O, bilirdi ki, kamana yenilik gətirən ifaçı olub. Amma bu barədə heç vaxt danışmazdı. Biz ona deyəndə ki, sənin haqqında gözəl sözlər deyirlər, gülümsəyib deyirdi, ay qızım, mən neyləmişəm e, bircə bu kamançadı də. Ona verilən fəxri adlardan da heç vaxt xəbəri olmazdı. Elə sonuncu dəfə “Şöhrət” ordenini almasının xəbərini əmim oğlu bizə demişdi. Biz bu xəbəri atama deyəndə atam çox sakit şəkildə qarşıladı. Dedi, bu vaxta qədər çox adlar almışam, çox böyük insanların qəbulunda olmuşam, “Şöhrət” ordenini ersələr də sağ olsunlar, verməsələr də! Yəni bu orden ona verilməsəydi belə qüssələnməzdi. Belə məsələlərdə çox rahat adam idi. Sözsüz, ona verilən dəyər onun ömrünü uzadırdı, sevindirirdi. Amma yanaşması sadə idi.

- Bildiyim qədəri ilə Habil müəllim musiqi cameəsində olsa da söz-söhbətdən uzaq adam olub.

- Sevmirdi elə şeyləri. Kimsə nə isə deyəndə də sözləri elə bil cibində hazır saxlayıb, dərhal yerində həmin adamların cavabını verib. Baməzəliyi də vardı. Bizim ailədə atama bu barədə ən çox bənzəyən qardaşımdı. İndi hərdən Rəvan danışanda elə bilirəm, atam danışır.

- Kimləri dinləyir, kimləri sənətkar hesab edirdi?

- Xan Şuşinskidən tutmuş Fatma Mehrəliyevaya, Şövkət Ələkərovaya, Rübabə Muradovaya qədər hamısını dinləyirdi. Onlar atamın idealları idi. Onlardan sonra kimlərə qulaq asaydı? İncəsənətin taleyi ilə bağlı çox həyəcan keçirirdi.

Gallery

- Bildiyimə görə, Röyanın ifasını da çox sevib.

- Elədir. Həmişə deyirdi, Röyanın səs diapazonu azdı, amma ürəyi çox gözəldir. Onun oxuduğu mahnılar adama toxunur. Musiqini insana gözəl çatdırır. Atam üçün səsdən də çox ürək vacib idi. Çünki özü də kamanı ürəyi ilə ifa edirdi.

- Nəyi sevmirdi?

- Yalanı. Bizim evimizdə heç kim yalan danışmağı bacarmır. Atamdan keçib bu bizə. O, yalan danışmağı, kiməsə kəf gəlməyi, yaltaqlanmağı xoşlamazdı. Heç kəsdən çəkinməyən, sözü üzə deyən adam idi. Bəzən jurnalistlər atamdan müsahibə götürəndə anam ona deyirdi ki, ay Habil, bir az danışığına diqqət elə, dediyin sözü başqa cür təqdim edə bilərlər və s. Atam deyirdi, mənə nə edəcəklər axı, kamançamı əlimdən alacaqlar?

- Vəfa xanım, atanızla ananız sevib ailə qurmuşdular?

- Atam anamı çox sevib, anam ona getmək istəmirmiş. Anam atamla tanış olanda on yeddi yaşı olub. O, deyib ki, mən hələ oxuyacam. Atam da deyib, onda nişanlanaq, universitetə qəbul ol, sonra evlənək. Elə də ediblər. Universiteti sona qədər oxuyub bitirdi, amma atam onu bircə gün də işləməyə qoymadı. Çox qısqanc olub. O, ölən gününə qədər anamı qısqandı. Onun son günlərində biz gecəni səhərə qədər bacımla onun başının üstündə keşik çəkdik. Atam gözünü açıb otağa göz gəzdirirdi. Sonra bizi əli ilə itələyib pıçıldayırdı ki, siz gedin, Şərqiyyə gəlsin. Anam da bəzən elə olurdu, gəlib gedəni qarşılayırdı. Amma anam biləndə ki, atam onu axtarır, dərhal gəlirdi. Hətta onda, atamın ən ağır günündə belə bizim evimizə bir muisiqiçi belə gəlmədi. Çünki onun xasiyyətini bilirdilər. Bircə Babək Niftəliyev və Ehtiram Hüseynov gəlmişdi, son günlərində. Onlar da onun öz övladları kimiydilər. Anamı çox qısqanırdı, ona görə də hətta xəstə olanda belə sevmirdi ki, evinə kənar adamlar gəlsin.

O, bizimlə bağlı da həmişə anama arxayın olardı. Həmişə ona deyirdi ki, mən il uzunu çöllərdə oluram, qızların tərbiyəsini sənə tapşırmışam. Bir dəfə bizim hansımızınsa işi ilə əlaqədar olaraq universitetə getmişdi. Orda atama demişdilər ki, sizə halal olsun, belə qızlar böyütmüsünüz. O da cavab vermişdi ki, başqa cür olmaları mümkün deyildi. Vallah biz ailə həyatı qurandan sonra bir az ağ günə çıxdıq (gülür). Atam anama bizimlə bağlı o qədər ciddi tapşırıqlar verirdi ki, indiyə qədər anam bu vərdişini unutmur. Bu gün mənim 62 yaşım var, ancaq bir də görürsən ki, anam ya geyimimlə, ya makyajımla bağlı irad tutur, göstəriş verir. Bu nəzarət məsələsi artıq onda illərlə formalaşıb.

- Atanızla bağlı heç vaxt unutmadığınız hansı xatirə var?

- Atamı heç vaxt unutmuram. Onun özü mənim üçün başdan-ayağa xatirə idi. Biz anamızdan çox atamıza bağlı idik. Dərdimizi, sözümüzü ona daha rahat deyə bilirdik. Nə isə istəyəndə, anam bizə acıqlanırdı, atam deyirdi, acıqlanma, qoy sözlərini desinlər. Bunu da biz ailə qurandan sonra edə bildik. Ümumiyyətlə, biz ailə qurandan sonra atamın münasibəti bizə qarşı çox dəyişdi. Ailəmizdən gəlib ona şikayət etməyi heç sevməzdi, bizə bu barədə üz verməzdi. Bir dərdimiz olsa, onu həll edərdi, amma ailəmizdən qopmağımıza, ata evinə meyl etməyimizə imkan verməzdi. İndi bir çətinliyim olanda, onu həll edə bilməyəndə fikirləşirəm ki, atam sağ olsaydı, belə olmazdı. Bu gün mənə ən çox təsir edən anamın təkliyidir. Hərdən fikirləşirəm ki, kaş eyni gündə dünyalarını dəyişəydilər.

- Ananız yəqin, çox darıxar…

- Çox darıxır. Biz onu tək qoymuruq, yanında həmişə adam olur, gündə bir neçə dəfə baş çəkirik. Amma yenə də darıxır. Atam sağ olanda anam heç vaxt “gəlin, gəlin” deyib bizi narahat etməzdi. Nə zaman gedirdiksə, görürdük ikisi də mətbəxdə oturub çay içirlər. Atam həmişə orda oturardı, anam da onun gözünün qarşısında fırlanardı. Həmişə deyirdim, ay papa, bu boyda otaqlarınız var, heç vaxt o otaqlardan istifadə etmirsiniz. Zarafatla deyirdi ki, istəyirəm, o otaqları kirayəyə verəm. Sonra da deyirdi, mənə dəyməyin, mətbəxdə mənə rahatdır.

- Habil müəllimin özünün çox sevdiyi ifası olub?

- Mən sizə bir məqam deyim. Ömrünün son günlərində artıq səsi batmışdı. Çətin danışırdı, anlaya bilmirdik. Televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilirdi. Atamın ifasında “Zabul segah”ı verirdilər. Atam onda öz çalğısına baxdı, gözündən yaş axdı, anama tərəf əyilib pıçıltıyla dedi: “Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq.” Biz ilk dəfə atamdan özü haqqında elə söz deməsini eşitdik. Elə o əhvalatdan iki gün sonra dünyasını dəyişdi.

Gallery

- Xəstəliyinin fərqində idi?

- Canı ağrıyırdı. Elə tez-tez deyirdi ki, axı mənə nə oldu? Gül kimi yaşayırdım, siqaretimi çəkirdim, çayımı içirdim. Yatağa düşəndən, xəstəxanalara, Türkiyəyə gedib gələndən sonra çox fikir edirdi. Amma biz bilirdik ki, artıq tibbi baxımdan nə isə etmək mümkünsüzdür.

- Sizin həkim olmağınız soyuqqanlılıq baxımından çətin günlərdə sizə kömək etdi?

- Həkimlər soyuqqanlı olur, amma mən atama qarşı soyuqqanlı ola bilmədim. Onun xəstəlik dövrünü hamımız çox ağır yaşadıq. Ona bir iynə, bir sistem vurulanda baxa bilmirdim, yaşadığı ağrıları heç cür qəbul edə bilmirdim. Atam elə çox xəstə yatmadı. Avqustun 3-də yatağa düşdü, sentyabrın 8-də keçindi. Bizim heç birimizə əziyyət vermədi. Dövlətimiz onun üçün çox yüksək şərait yaratdı. Bizim evimizdə atam üçün xəstəxana şəraiti yaradılmışdı. Çünki atam son günlərini yaşadığını bilirdi, ona görə də bizə demişdi ki, məni xəstəxanaya aparmayın. Biz də onun dediyi kimi etdik. Fikirləşdik ki, son nəfəsini evinin divarları arasında versin.

- Son gününü necə xatırlayırsınız?

- Çox ağır. Xəstəxanadan evə gələndən on gün sonra dünyasını dəyişdi. Mən xaricdə işlədiyim xəstəxanada bəzən bir gecədə iki, üç insan həyatını itirirdi. Orda ağır ölümlər görmüşdüm deyə, soyuqqanlı olmuşdum. Həmişə öz-özümə fikirləşirdim ki, görəsən mənim ailəmdə belə hal olsa necə olaram? Amma atamın ölümünü çox ağır yaşadım. Son dörd-beş gündə artıq atamın dili batdı. Biz onun dediklərini anlaya bilmirdik. Çox çətinlik çəkirdik. Amma siz inanırsınız ki, o anda da siqaret istəyirdi. Biz onda onu başa düşmürdük. Öləndən sonra yadımıza düşdü, anladıq ki, çəkmək istəyirmiş. Son anda anamı çağırdı dedi, mənə halallıq ver. Biz də ona halallıq verdik. Həqiqətən də o, hər şeyin ən yaxşısına layiq ata olmuşdu.

- Yuxunuza girir?

- Rəhmətə gedəndən sonra uzun müddət yuxuma girmirdi. Ya da ötəri görürdüm, səhər oyananda unudurdum. Amma bu yaxınlarda gördüm. Adına Quran da oxutdurdum. Gördüm, yeni bir evə yığışmışıq. Mən elə ora-bura qaçıram, əlləşirəm, iş görürəm. Atam isə mənə deyir ki, ay bala, bəsdir, sonra edərsən, düş gəl, mən getdim. Bu sözlərdən sonra gedir. Ayaq səslərini də eşidirəm. Pəncərədən baxıram, görürəm, maşınında oturub bizi gözləyir. Mən qayıdıb yenə işlərimi görürəm, yır-yığış edirəm. Qayıdıb ikinci dəfə baxanda görürəm, artıq atam həyətdə yoxdur, çıxıb gedib. Bu yuxunu bir neçə nəfərə danışdım, dedilər, atan səni özü ilə aparmağa qıymayıb, fikirləşib ki, hələ görüləsi işlərin çoxdur.

Foto: İlkin Nəbiyev

# 44206 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

14:00 23 aprel 2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı  keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

13:30 23 aprel 2024
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

13:00 23 aprel 2024
"Prodüserlərin yüksəlişi" təliminin  iştirakçiları layihələrini təqdim etdilər

"Prodüserlərin yüksəlişi" təliminin iştirakçiları layihələrini təqdim etdilər

12:30 23 aprel 2024
# # #