Varlının qızları kasıba gedə - Ağa Laçınlının şeirləri

Varlının qızları kasıba gedə - Ağa Laçınlının şeirləri
5 may 2020
# 21:00

Bu gün mərhum şair Ağa Laçınlının doğum günüdür. Kulis.az bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir.

Ümid

Durmuşam buludlar qaynaşan yerdə,
Döyür alaçalpo üzümə mənim.
Qışda qurşağıma qar çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim...

1962-ci il

Mənim gecələrim

Mənim gecələrim hər gecə oyaq,
Mənim gecələrim gözləri açıq.
Mənim gecələrim özündən dümağ,
Gündüzə qarışıq, Günə bulaşıq.
Bir tut ağacıyam – tərəcəm masa,
Silkinib tökürəm bütün xarımı.
Şeir yazmayanda –
mən heç olmasa
Üstünü örtürəm balalarımın.

1970-ci il

Belə dəb düşə

İnsan tez götürə insan ərkini,
Heç kimsə dönməyə qorxulu devə.
Ağıllı dəlini, gözəl çirkini,
Ağgün qaragünü bəyənib sevə.

Hamı gözəlləşə çiçəklər kimi,
Qar çiçək bitirə, qış da yaz ola.
Hamıya tuş gələ könül həkimi,
Ağrı qərib düşə, nisgil azala.

Boyalar birləşə, kinlər silinə,
Nə yollar ayrıla, nə də göz dola.
Axa sevinc çayı yanğı gölünə,
Qəbirin özünə qəbir qazıla.

İnsan can qurtara yaman yalandan,
Alın yazıları yaxşı yazıla.
Dilək asılmaya dünya malından,
Duyğu satılmaya sarı qızıla.

Varlının qızları kasıba gedə,
Atalı oğlanlar yetim qız ala.
Belə bir dəb düşə bütün ölkədə,
Nə ara pozula,
nə söz yozula.

Belə bir dəb düşə,
hamı bölüşə; –
Dünyanın yazığı bəlkə azala.
Bu qaragünlüsü,
dağ-düyünlüsü,
ürəyi qazığı bəlkə azala...

1979-cu il

Barışmaram

Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!

Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram!

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!

8 aprel. 1982-ci il


Pəncərədən baxasan

Pəncərədən baxasan o qarışıq şəhərə,
Boylanasan arabir avtobusdan, qatardan.
Xəyalını bələyib qızılgülə, şəkərə,
Düşməyəsən maraqdan, düşməyəsən tutardan.

Göz qoyasan göylərdən bic bulvarın toruna,
Anmayasan bardakı barabanlı kefi də.
Görməyəsən göy qoca necə qıyır varına
Bir özünü satmışı hövkələrkən kafedə.

O həyasız küçəylə getməyəsən yanaşı,
Cınqırıqlı qapı da çımxırıqlı gəlindi.
Qaytaranda dəhlizdən səni böyük bir naşı
Biləsən ki, düşmənin bombolomboş əlindi.

Aralıdan süzəsən evlərin ağ büstünü,
Axı duzlu duzaq da uzaqdan ağ görünür.
Bir yoxsulun başından havalanan tüstünü
Yozasan ki, buxardı – dəmkeşlərdən kürünür.

Dalanlardan tez dönüb dayanasan daldada,
Dalamaya qəlbini od küləyin yalmanı.
Hövsələni tovlayıb him-cim ilə aldada
Dükanların bəzəyi, bəzəklərin yalanı.

Ürəyində saf qala olan tanış-bilişin,
Xəyalının şan balı qarışmaya zəhərə.
Nə tamahın düşə heç, nə bir yönün, bir işin, –
Pəncərədən baxasan o qarışıq şəhərə...

1982-ci il

Ömürlük qonasan

Ömürlük qonasan bu ölməzliyə,
Bu köhlən dağları gündə minəsən.
Dumanın qanadı səni gizləyə,
Gülün xırmanında gülə dönəsən.

Gələsən ilk yazın ilıq çağında,
Görəsən gözəllər boynunu burub.
Gümüşü göllərin süd işığında
Çimişə səninlə qızılı qürub.

Ya da geyinəsən yay axşamını,
Gün dağa dırmaşa, kölgə alçala.
Aşasan o külək aşırımını,
Ağac qol götürə, budaq əl çala.

Payızın kəfəni sapsarı küləş,
Ürəyin yanırsa mələ ki, mələ.
Elə qıy çəkəsən – o batan günəş
Qəbir qapısından qayıdıb gələ.

Gəzirsən... atının başını burax,
Duruluq çiləmiş çillə ayazı.
Qarın göbəyində buğlanan bulaq
Düzüb yaxasına yaşıl qotazı.

Görürsən dünyanın düzümü necə,
Üz-üzə dayanıb quzeylə güney.
Ağlaya-ağlaya gülər indicə
Çayın dodağında çalınan o ney.

Hər isti-soyuğa alışmaq asan,
Ömürlük sevəsən umub-küsəni.
Sən doğma torpağı əziz tutasan,
Torpaq ürəyində yaşada səni.

1985-ci il

Ölmərəm

Ölüm, məni nə beləcə hərlərsən, –
Mən bir ömrü sürməyincə ölmərəm.
Öz anama, öz Tanrıma borcum var,
Aldığımı verməyincə ölmərəm.

Nə istərsən can ağacım quruya,
Arız olub nə girmisən araya?
Sən öləsən, il kərpicli saraya
Yüz neçəni hörməyincə ölmərəm.

Qarı düşmən, bu nə qorxu kinosu,
Neçəyədi bu möhlətin kilosu?
Dəhrələyib dərd bitirən kol-kosu,
Sərgiliyə sərməyincə ölmərəm.

Nə dilərsən soluxuban sozalım,
Axı niyə çarpaz dağla yazılım?
Əkdiyimi biçməyincə, a zalım,
Səpdiyimi dərməyincə ölmərəm.

Qoca quldur, məni azca qarala,
İnanmıram inam sapı qırıla.
Tufan qopa, iki dünya bir ola,
Gözləncimi görməyincə ölmərəm.

Könüllərdi mənim evim-eşiyim,
Könül olsun axırıncı beşiyim.
Qorxuram ki, qəbirdə də üşüyüm,
Ürəklərə girməyincə ölmərəm.

1987-ci il

Lənkəranda Şəkər Aslan küçəsi

Yenə gəlsin Moskvaya bir uçaq,
Dərsdən qaçaq, dərd oynadaq, iş açaq;
Cana doyub on addımlıq küsüdən,
Yenə gəlsin canı-dildən barışaq, –
Lənkəranda Şəkər Aslan küçəsi.
Yenə Ağa şalvarını geyinsin,
Yenə qalıb yer içində deyinsin;
Mən kinoya öz köhnəmdə gedirkən,
Yenə yatıb acığını soyutsun, –
Lənkəranda Şəkər Aslan küçəsi.
Yenə sözü göz yaşında işarsın,
Duyğusunu doğma yurda düşürsün;
Lumu ətri əmizdirən misradan
Mis dodaqda şəkərbura bişirsin, –
Lənkəranda Şəkər Aslan küçəsi.
Yenə araq çığnağında çay içsin,
Yenə kefli atmacaya ilişsin;
Anasına yaylıq seçmək yerində
Gülümsünüb yenə mənə genəşsin, –
Lənkəranda Şəkər Aslan küçəsi.
Çaxmar gözlər yenə ona ox atsın,
Yenə cibdən talış şəkli çıxartsın;
Yenə cinlər qınağından qırpınıb,
Qar qızına bir hololo oxutsun, –
Lənkəranda Şəkər Aslan küçəsi.
Məndən qaçsın, yenə mənsiz dözməsin,
Yaxşılığı ağ yaddaşa gözəsin;
Hər gələnə umu-küsü şəlləyib,
Yenə hər gün dost salamı gözləsin, –
Lənkəranda Şəkər Aslan küçəsi.

1995-ci il


Son evdə

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi gaplaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

Nə gələn, nə gedən, nə bir səs-səmir,
dünyadan böyükmüş yoxluq ölkəsi.
Əsmir üstümüzdə, ta çoxdan əsmir
ovulan yarpağın ölü kölgəsi.

Bu qara sarayda heç kim savaşmır,
heç kim də qarğımır andı pozana.
Ancaq nədəndisə uçub yovuşmur
bu külüm külünə, tozum tozuna.

Damır göz camına bu yorğan qumu,
ta qolun uzanmır dadlı çimdiyə.
Qonub damımıza o qoşa qumru
nəsə qur-qurlaşır dimdik-dimdiyə.

Öpüşün, ötüşün, sevgi qulları,
ağ yalan sizi də yalqız qoyacaq.
Özüm çox oynadım bu oyunları,
yerini yandırdı mən adlı ocaq.

Ölməzdim and içən sözündə dursa,
mən qoltuq verdiyim yadı qorudu.
Ürəklər imana güzgü tutmursa
tükənməz heç harda bu dedi-qodu...

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi ağlaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

2001-ci il

223-cü otaq

Məmməd İsmayıla

Bu sənin bu yerdə iş otağındı,
Bu sənin evindi Çanaqqalada.
Könlüm bu qapıya necə sığındı
Mən Çanaqqalada qonaq qalanda.

Hər kəs tay-tuşuyla caıyıldı, cayıl,
Hər kəs duyanıyla yaxşıdı, yaxşı.
Dedim uçub gələ Məmməd İsmayıl,
Açıla gecənin bu key qırışı.

Özüm quş olardım dost çağıranda,
Dadardım sirdaşın yediyi qəmdən.
At sürüb səninlə dağ cığırında
Yarışmaq, sınaşmaq keçir könlümdən.

Budur, yalqızlığım belimi əyib,
Qardaşı görməmiş mən necə gedim?
Gözümün yaşını açar eləyib
Bu bağlı odana girmək istədim.

Açılır qarşında ürək bükməsi,
Evində olmayan sürgündü, sürgün.
Pislərin qanandan qorxub-ürkməsi
Perik düşənləri çoxaldır hər gün.

Qardaş, qadan alım, darıxma burda,
Hələ xalqımız da fağırlıq edir.
Saymazlar əlində qalan bir yurda
Sanballı adamlar ağırlıq edir.

Düzgün düzlərdədi, şeytan göylərdə,
Çoxunun çoxundan çoxdu acımız.
Şerə dad gətirən bu göynəmlər də
Alın yazımızdı, alın yazımız.

Sevgim sevgindədi, ağrım ağrında,
Biz də bal çəkirik ağulu güldən.
At sürüb səninlə dağ cığırında
Yarışmaq, sınaşmaq keçir könlümdən.

Çanaqqala. 23 avqust. 2005-ci il

# 8193 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #